Tolerant ölkənin mərkəzi şəhəri

 

 İSESKO-nun dəstəyi ilə 2009-cu ildə Bakı islam mədəniyyətinin paytaxtı elan olunduqdan sonra il boyunca bu mərasim müxtəlif tədbirlərlə qeyd edildi. Mədəniyyət ilinin proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil olundu.

Beynəlxalq muğam festivalı, Mərakeş, Qətər və İordaniya mədəniyyət günləri, Şərq-Qərb beynəlxalq kino festivalı, Şərq-Qərb rəqs festivalı, milli kitabxana direktorlarının II konfransı, İslam mətbəxi I beynəlxalq kulinariya festivalı, Bakı beynəlxalq sərgi yarmarkası, "Şərq və Qərb: orta mənəvi dəyərlər. Elmi-mədəni əlaqələr" mövzusunda beynəlxalq İbn Ərəbi simpoziumu və başqa tədbirlər keçirildi.

Çox möhtəşəm və xüsusi əhəmiyyətə malik beynəlxalq tədbirlərə ev sahibliyi edən paytaxtımız elmi və mədəni potensialını nümayiş etdirməklə yanaşı, həm də qədim tarixi və mədəni əlaqələri ilə öyünən xalqımızın bir çox millətlərə örnək olası qonaqpərvərliyini də böyük ürək açıqlığı ilə ortaya qoydu. Təbii ki, Bakının islam mədəniyyətinin paytaxtı statusunu qazanması onun əbədiyaşarlığını daha da əyaniləşdirdi.

Ötən ilin oktyabrında "Gülüstan" sarayında İslam Kofransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı işə başladı. Dünyanın 45-dən çox ölkəsindən, eləcə də İSESKO, İPSİKA, Avropa Şurası, TÜRKSOY və digər beynəlxalq təşkilatlardan konfransa 200-dən çox iştirakçı qatıldı. Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrikdə deyilirdi: "2009-cu il üçün Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsi müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizin zəngin tarixi və mədəniyyətinə verilən yüksək qiymətdir. Bu il ərzində gerçəkləşən tədbirlər İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhfələr vermiş, bir daha Azərbaycanın böyük İslam mədəniyyətinin formalaşmasında tutduğu mövqeyi diqqətə çatdırır".

Konfransda islam mədəniyyətinin aktual məsələlərinə dair ətraflı müzakirələr aparıldı. Ölkələrimiz və xalqlarımız arasında mədəni əməkdaşlığın yeni inkişaf yolları müəyyən edildi. Tədbirdə səsləndirilən mühüm fikirlərdən biri də budur: "Azərbaycan özünün maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox layihələri həyata keçirir. Lakin 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş torpaqlarımızda islam mədəniyyətinə aid bütün nümunələr, o cümlədən məscidlər və abidələr dağıdılmışdır. Məruz qaldığımız bu təcavüzlə bağlı olaraq daim İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən Azərbaycanın haqq işinin dəstəklənməsi ölkəmizdə həmişə təqdirlə qarşılanmışdır. Həmin konfransda irəli sürülən bir təşəbbüs də yadda qaldı: 2011-ci ildə ölkəmizdə "Ümumdünya mədəniyyətlərarası dialoq forumu" keçirilsin. Bizim üçün fərəhli və yaddaqalan, qürur doğuran bir qiymətdir ki, İSESKO-nun baş direktoru Əbdüləziz Tuveyciri qətiyyətlə bildirdi ki, Bakı artıq "dialoq paytaxtıdır".

Bizim üçün xoş və yaddaqalan tarixi bir məqamdır ki, Naxçıvan şəhərinin 2018-ci ildə islam mədəniyyətinin paytaxtı seçilməsi qərara alındı.

Azərbaycan həmişə mədəniyyətlərarası dialoq, turizm, incəsənət, mədəniyyət, irs və digər istiqamətlərdə regional və beynəlxalq layihələrin həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış edir. Bu sahədə bir sıra problemlərin həllində də Azərbaycan nümunə göstərir.

Payızda (2-3 oktyabr 2009) Naxçıvan şəhərində türkdilli dövlət başçılarının IX sammiti də keçirildi. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev dedi: "Əminəm ki, zirvə görüşünün nəticəsi gözəl olacaq... Bizi müştərək tarix və tarixi mədəni köklər birləşdirir... Mədəniyyətimiz bir-birinə çox bağlı olduğuna görə humanitar sahədə əməkdaşlıq daha da sürətlə inkişaf etməlidir. Bu sahədə TÜRKSOY təşkilatının fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm... Dünyada türk xalqları çoxdur və türkdilli xalqlar arasında dostluq, qardaşlıq çox vacibdir. Çünki bu, ölkələrimizi də gücləndirəcəkdir".

Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı həyata keçirilən tədbirlər sırasında yaddaqalan mühüm hadisələrdən biri də TÜRKSOY Daimi Şurasının XVI toplantısı oldu. Mərasimdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki yeniliyi tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sentyabr ayında aşıq sənəti və Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və bununla bağlı 2010-cu ildə Parisdə YUNESKO-nun qərargahında TÜRKSOY tərəfindən Novruz bayramının təntənəli qeyd olunacağı xəbəri hamını sevindirdi.

Toplantı günlərində şəhərin rəsm qalereyalarında, muzeylərində, konsert salonlarında bu təntənənin əks-sədası duyulurdu. Muzey Mərkəzində türkdilli ölkələrin rəssamlarının əsərlərindən ibarət sərgilər təşkil edildi, filarmoniyada aşıqların konserti oldu.

Bakıda keçirilən Şəhriyar poeziya günləri, "İslam dünyasında qadın: ənənəvi dəyərlər və müasirlik", "İslamda mədəniyyət və gözəllik amili" adlı konfranslar, Xaqani Şirvaniyə həsr olunmuş milli seminar, "İslam üst geyimləri Viktoriya və Albert muzeyində" adlı sərgi, Azərbaycan milli musiqiçilərinin qala konserti, Səttar Bəhlulzadənin 100 illik yubileyi, Nəsiminin yaradıcılığına həsr olunmuş II beynəlxalq konfrans və digər tədbirlər mədəniyyət ilinin parlaq səhifələrinə çevrildi.

Paytaxtda "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilən beynəlxalq konfrans da ölkələr arasında məzmunlu siyasi dialoq və qarşılıqlı iqtisadi fəaliyyət qurmaq baxımından çox səmərəli oldu. Bu beynəlxalq tədbirdə təkcə islam ölkələrindən deyil, Rusiya Federasiyasından, İtaliyadan, Belarusdan, Yunanıstandan, Litvadan, Gürcüstandan və digər ünvanlardan gəlmiş qonaqlar iştirak edirdilər. Həqiqətən də, Bakı sülh və tərəqqi şəhəridir. Burada həmişə insanların dostluq və qardaşlıq şəraitində yaşaması üçün ənənə mövcud olub. İslam Kofransı Təşkilatının Baş katibi Ekmələddin İhsanoğluya məxsus fikirdir: "Bakı təkcə Qafqazın deyil, bütün dünyanın mədəniyyət ocağıdır. Burada həqiqətən müxtəlif sivilizasiyalar qovuşaraq sürətli temp və ahənglə bəşər mədəniyyətinin və yeni münasibətlərin formalaşmasına xidmət edir". Dinlərarası dialoqun gücləndirilməsində Azərbaycanın öz rolu var. Ona görə də birgə səylər nəticəsində həm köhnə ənənələr qorunur, həm də əməkdaşlığın müasir formaları yaranır. Bizim coğrafi mövqeyimiz elədir ki, sivilizasiyalara verdiyimiz önəm taleyüklüdür. Əsrlər boyu Bakıda müxtəlif xalqların nümayəndələri yaşayıb. Ölkə başçısı İlham Əliyev həmin beynəlxalq konfransda çox məzmunlu nitqi ilə yaddaşlara iz saldı. Xüsusilə də bir fikri hamımızın qürurunu artırdı: "Bu il Bakı şəhəri islam mədəniyyətinin paytaxtı elan edilmişdir. Bu, bizim üçün böyük şərəfdir. Mən ümid edirəm ki, gələcək illərdə Bakı eyni zamanda Avropa mədəniyyətinin paytaxtı elan ediləcəkdir". Bu müdrik proqnozun ilhamlandığı mənbə isə Azərbaycan mühiti - sivilizasiyaların qovuşmasında nəinki körpü, əslində paytaxt rolu oynayan Bakının bugünkü durumudur. İl ərzində paytaxtda keçirilən müxtəlif tədbirlər şəhərimizin şöhrətini daha da artırdı.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 30 dekabr.- S. 6.