Səhiyyə işçiləri ulu öndərin xatirəsini yad etmişlər

 

Şəki mərkəzi rayon xəstəxanasında ümummilli liderin vəfatının altıncı ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan səhiyyəsi" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

Rayonun səhiyyə işçiləri Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə tər çiçəklər düzdükdən, xatirəsini ehtiramla yad etdikdən sonra parkın ərazisində yerləşən Heydər Əliyev muzeyinə baş çəkmiş, ümummilli liderin həyat fəaliyyətini özündə əks etdirən zəngin ekspozisiya ilə yaxından tanış olmuşlar.

Mərkəzi rayon xəstəxanasının yeni istifadəyə verilmiş konfrans zalında keçirilən tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransı giriş sözü ilə açan şəhər icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zərinə Cavadova bildirmişdir ki, bir neçə gündən sonra xalqımız böyük tarixi şəxsiyyət, hələ sağlığında ikən milyonların qəlbində özünə əbədi abidə ucaltmış dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümünü qeyd edəcəkdir. Azərbaycanın hər yerində olduğu kimi, Şəkidə də xalqımızın böyük oğlunun xatirəsi daim uca tutulur. Ulu öndərin vəfatının altıncı ildönümü ilə əlaqədar dekabrın 1-dən 10-dək rayonda xatirə günlərinin keçirildiyini xatırladan Z.Cavadova təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda silsilə tədbirlərin təşkil olunduğunu, unudulmaz şəxsiyyətin ölməz xatirəsinin ehtiramla yad edildiyini söyləmişdir.

Məruzə və çıxışlarda bildirilmişdir ki, dahi şəxsiyyətin dövlətçiliyimizin qorunması və möhkəmlənməsinə, Azərbaycanın iqtisadi tərəqqisinə gətirib çıxarmış siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bütün sahələrlə yanaşı, səhiyyənin inkişafına da dövlətimiz tərəfindən xüsusi diqqət qayğı göstərilir. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədi ilə səhiyyə müəssisələrinin maddi-texniki bazası ildən-ilə yaxşılaşdırılır, yeni müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar inşa edilir. Qeyd olunmuşdur ki, təkcə 2009-cu ildə rayonun Turan qəsəbəsi və Cəfərabad kəndində yeni həkim məntəqələri tikilib istifadəyə verilmiş, səhiyyə müəssisələrində əsaslı və cari təmir işləri aparılmışdır. Hazırda Şəki şəhərində 2008-ci ilin sentyabrında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan mərkəzi rayon xəstəxanasının 100 çarpayılıq yeni korpusunun tikintisi davam etdirilir.

Tədbirin sonunda ulu öndərə həsr olunmuş "Əbədiyyət" filmi nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.- 2009.- 8dekabr.- S. 4.