Milli Məclisin yaz sessiyası başladı

 

Sessiyanın açılışı münasibəti ilə deputatları təbrik edən spiker Oqtay Əsədov qanunvericilik fəaliyyətində onlara uğurlar arzuladı. Bu sessiyada Milli Məclisi çox gərgin iş qrafiki gözləyir - deyən Oqtay Əsədovun sözlərinə görə, bir sıra vacib qanun layihələri parlamentin müzakirəsinə çıxarılacaqdır. Eyni zamanda Milli Məclisdə Azərbaycan Respublikası hökumətinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatı dinləniləcəkdir. Bundan başqa dövlət büdcəsi haqqında məsələnin də Milli Məclisin müzakirəsinə çıxarılması nəzərdə tutulur.

Milli Məclisin qərarı ilə 2009-cu il martın 18-də Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ölkədə referendum keçiriləcəyini deyən spiker Oqtay Əsədov deputatları bu məsələdə fəal olmağa çağırdı.

Milli Məclisin Sədri əmin olduğunu bildirdi ki, parlamentin 2009-cu il yaz sessiyasında qəbul edəcəyi qanunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi böyük quruculuq işlərinə yüksək töhfə verəcəkdir.

Spiker Oqtay Əsədov daha sonra bildirdi ki, Milli Məclisin bir çox deputatı Rusiyanın Ermənistana 800 milyon dollar həcmində silah-sursat verməsi ilə bağlı məsələnin iclasın gündəliyinə salınması barədə müraciət edib. Bu məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi öz iradlarını Rusiya Xarici İşlər Nazirliyinə bildirib. Eyni zamanda iki ölkənin müdafiə nazirləri arasında da söhbət aparılıb. "Hesab edirəm ki, bu məsələ Milli Məclisin də diqqət mərkəzində olmalıdır" - deyən Oqtay Əsədov bununla bağlı öncə Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvlərinin Rusiyaya ezam olunmalarını və deputatlarımızın rusiyalı həmkarları ilə söhbətlərindən sonra məsələnin Milli Məclisin gündəliyinə salınmasını təklif etdi.

İclasda deputatlar cari məsələlərlə bağlı fikirlərini bölüşdülər. Deputat Zahid Oruc referendumla bağlı imzatoplama kampaniyasında guya müxalifətə əngəllər yaradılması ilə bağlı səslənən fikirlərə münasibət bildirərək dedi ki, imzatoplama kampaniyasında uğur qazanmayan müxalifətin müxtəlif bəhanələr ortaya atacağı gözlənilən idi.

Milli Məclisə yaz sessiyasında səmərəli fəaliyyət arzulayan deputat, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov öncə "Gənclər günü" münasibətilə gəncləri təbrik etdi. Əli Əhmədov da referendumla bağlı müxalifətin çıxışlarına münasibət bildirərək dedi ki, bütün bunlar sadəcə müxalifətin referenduma qarşı apardığı təbliğatın bir hissəsidir.

Deputat Siyavuş Novruzov isə dedi ki, kim imza toplaya bilmirsə bu, onun öz problemidir. Deputat başqa bir məsələyə də münasibət bildirdi. Onun fikrincə, televiziya kanallarında xarici dillərlə bağlı qoyulan qadağa türk dilinə şamil edilməməlidir.

İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın qış sessiyasının yekunları barədə məlumat verdi. Bildirdi ki, ölkəmiz uzun illərdir AŞ-da çox aktiv və konstruktiv fəaliyyət göstərir, üzərinə götürdüyü öhdəliklərin hamısını vaxtında və ləyaqətlə yerinə yetirir. AŞ-da heç kim deyə bilməz ki, Azərbaycan öz öhdəliklərini yerinə yetirməklə bağlı problemlər yaradır. Hazırda alternativ xidmətlə bağlı qanun layihəsi AŞ ekspertləri ilə birgə işlənilir. Komissiya sədrinin sözlərinə görə, Azərbaycan öz tərəfindən AŞ ilə münasibətləri yüksək səviyyədə təşkil etməklə, məsuliyyətini dərk etməklə yanaşı bu təşkilatdan da eyni münasibət gözləyir. Amma təəssüf ki, ölkəmiz tamamilə başqa, heç bir normal məntiqə uyğun olmayan münasibəti görür.

AŞ PA-nın yanvar sessiyasında Ermənistan məsələsinin də müzakirə olunduğunu deyən Səməd Seyidov bildirdi ki, bu müzakirələrdə həmişə himayə altında olan Ermənistanın heç olmasa tənqid ediləcəyi gözlənilirdi. Amma müzakirələrdə Ermənistanda prezident seçkiləri zamanı baş verənlərə obyektiv münasibət bildirilmədi. Səməd Seyidovun sözlərinə görə, inkişaf edən Azərbaycanın uğurlarını, Ermənistanın isə mənfi cəhətlərini görməməklə bu ölkələri eyniləşdirmək olmaz. Bu, ikili standart və beynəlxalq təşkilatın düzgün olmayan mövqeyidir. Azərbaycanda keçirilmiş son seçkilər bütün dünyada demokratik meyarlara uyğun seçki kimi qiymətləndirildi. Bu şəkildə qiymətləndirilən bir ölkə niyə siyasi məhbusların olduğu, azad mətbuatın boğulduğu, insanların qətlə yetirildiyi, qeyri-hökumət təşkilatlarına təzyiqlərin edildiyi ölkələrlə bir sıraya qoyulur. Bu, Azərbaycana qarşı qeyri-obyektiv münasibətdir. AŞ süni şəkildə Azərbaycanla Ermənistanı eyniləşdirmək siyasəti aparır. Azərbaycanda siyasi məhbus olmadığı halda bu məsələni yenidən gündəmə gətirmək fikrinə düşüblər. Ermənistanda insanların siyasi baxışlarına görə həbsxanaya salınmasını görməyə-görməyə Azərbaycanda guya insan haqlarının pozulduğu iddia olunur və bununla bağlı məruzəçinin təyin olunmasına cəhd göstərilir.

Səməd Seyidovun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti bu məsələlərlə bağlı Azərbaycan Prezidentinin və Milli Məclisin mövqeyini AŞ-ya çatdıraraq bildirib ki, belə bir proses Azərbaycanla bağlı olsa ölkəmiz bu təşkilatla münasibətini dəyişdirəcək. Azərbaycanı süni şəkildə cəzalandırmaq, ona Ermənistanla eyni prizmadan baxmaq qeyri-obyektiv bir mövqedir.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq "Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il yaz sessiyasının qanunvericilik işləri planı haqqında" Milli Məclisin qərar layihəsi müzakirə edildi. Müzakirələrdən sonra qərar layihəsi təsdiq edildi.

Fasilədən sonra Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin İntizam komissiyasının və Hesablayıcı komissiyanın yenidən təşkil edilməsi haqqında qərar layihəsi barədə məlumat verdi. Deputatlar hər iki sənədin lehinə səs verdilər.

Milli Məclisin daimi komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında parlamentin qərar layihəsi də müzakirə olundu. Deputat Çingiz Rauf oğlu Əsədullayev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvlüyündən azad edilərək İqtisadi siyasət daimi komissiyasının sədr müavini seçildi.

Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova "İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara nəzərdə tutulan əlavə və dəyişikliklər barədə məlumat verdi. Komissiya sədri bildirdi ki, "İmmiqrasiya haqqında" qanun 1998-ci ilin dekabrın 22-də qəbul edilmişdir. Ötən dövr ərzində bu sahədə bir sıra işlər aparılmışdır. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafına adekvat olaraq qanunvericilikdə zəruri dəyişikliklərin edilməsi vacibdir. R.Aslanova qeyd etdi ki, son illər Azərbaycana bir sıra əcnəbi ölkələrdən miqrantlar daxil olur. Onun bildirdiyinə görə, ölkəmizdə 54 min əcnəbi qeydə alınmışdır ki, onların da bir çoxu Cənubi-Şərqi Asiyadandır. Qanuna əlavə edilməsi bu sahədə müəyyən tənzimlənmənin aparılmasına kömək edə bilər.

Deputatlar qeyri-qanuni miqrasiyanın qarşısının alınması, bu sahədə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsi barədə fikirlər səsləndirdilər. Qanunlara edilən əlavə və dəyişikliklər müsbət qiymətləndirildi.

"Arıçılıq haqqında" qanun layihəsini ikinci oxunuşda parlamentin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov təqdim etdi. Bildirdi ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra 27 maddədə 81 dəyişiklik edilmiş, 7 maddəyə isə yeni müddəalar əlavə olunmuşdur. Arıçılıq sahəsində mütəxəssis hazırlanması məsələsi də layihədə öz əksini tapmışdır. Komissiya sədrinin sözlərinə görə, bu qanun ölkəmizdə arıçılığın təşkilinin hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, bu sahədə münasibətləri tənzimləyəcəkdir.

Deputat Eldar Quliyev arıçılıq təsərrüfatlarının hüquq və vəzifələrindən ətraflı danışdı. Bildirdi ki, arıçılıq təsərrüfatları hüquqi və fiziki şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradıla bilər. Qanunun əhəmiyyətindən danışan deputat həmkarlarını bu layihəyə üçüncü oxunuşda da səs verməyə çağırdı.

"Ölkədə istehsal edilən arıçılıq məhsulları satışa çıxarılarkən qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada sertifikatlaşdırılacaqdır" - deyən deputat Miri Qənbərov arıçılıq məhsullarının standartlaşdırılması ilə bağlı sənəddə müvafiq müddəanın olmasını müsbət qiymətləndirdi. Deputat Elton Məmmədov qanun layihəsinin birinci oxunuşdan sonra xeyli təkmilləşdirildiyini və deputatların konstruktiv təkliflərinin nəzərə alındığını bildirdi.

Deputatlar qanun layihəsini fəsil-fəsil səsə qoydular və ikinci oxunuşda qəbul etdilər. Sonra təkliflər də nəzərə alınmaqla qanun layihəsi üçüncü oxunuşda da səsə qoyularaq qəbul edildi.

Milli Məclisin Sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" qanun layihəsini (ikinci oxunuş) müzakirəyə təqdim etdi. Bildirdi ki, birinci oxunuşdan sonra qanun layihəsinə dair deputatlar tərəfindən verilən təkliflər öyrənilmişdir. Qanun layihəsində müvafiq dəqiqləşdirmələr aparılmışdır. Bu qanun Azərbaycan Respublikasının hüdudlarından, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən kənarda həyata keçirilən neft-qaz əməliyyatları ilə əlaqədar Azərbaycan Respublikasında ixrac məqsədli neft-qaz fəaliyyəti üçün xüsusi iqtisadi rejimin yaradılmasının və tətbiqinin əsaslarını müəyyən edəcək, bu sahədə dövlət, hüquqi və fiziki şəxslər arasında yaranan münasibətləri tənzimləyəcəkdir. Qanun podratçıların və subpodratçıların ixrac məqsədli neft-qaz fəaliyyətinə tətbiq edilir.

Deputatlar qanun layihəsinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini və sənədin üçüncü oxunuşda da qəbulunu məqsədəuyğun saydılar.

Təkliflər də nəzərə alınmaqla qanun layihəsi əvvəlcə maddə-maddə səsə qoyularaq ikinci oxunuşda qəbul edildi. Sonra deputatlar üçüncü oxunuşda da qanun layihəsini səsverməyə çıxarıb müsbət münasibət bildirdilər.

 

 

Azərbaycan.-2009.-3 fevral.-S.2-3.