Praqmatik liderlik nümunəsi

 

Müstəqil Azərbaycanın bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edərək bütövlükdə Cənubi Qafqaz regionunda mühüm rolu və mövqeyi ilə seçilən lokomotiv dövlətə çevrilməsi heç də yalnız respublikanın zəngin təbii sərvətləri, intellektual resursları ilə şərtlənmir. Analoji tərəqqi yolu keçmiş əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu zəngin maddi-intellektual potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, hər bir fərdin maraq və mənafeyinə cavab verən milli siyasət strategiyasının həyata keçirilməsi lider amili ilə bilavasitə bağlıdır. 2003-cü ilin oktyabrından Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyevin dünya diplomatiyasının reallıqlarına nəzərən həyata keçirdiyi çevik siyasət Azərbaycanı qısa müddətdə bölgədə ən sürətli inkişaf yolunda olan, xalqının maraq və mənafeyini layiqincə təmin edən, qlobal arenada cərəyan edən proseslərə həlledici təsir imkanları olan dövlətə çevrilməsini təmin etmişdir.

İçveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun (Davos Forumu) gedişi Azərbaycanın regionda həlledici rola və imkanlara malik olduğunu bir daha təsdiqləməklə yanaşı, ölkəyə uğurla rəhbərlik edən cənab İlham Əliyevin Avropa siyasətində seçilən liderlərdən birinə çevrildiyini təsdiqləyir. Dövlət başçısının qızgın müzakirə və debatlarla yadda qalan forum çərçivəsində keçirilən bütün mühüm tədbirlərə dəvət alması, əsas məruzəçilərdən biri kimi region və Avropa miqyasında baş verən proseslərə münasibətini açıqlaması onun yüksək diplomatik keyfiyyətlərini nümayiş etdirir. Azərbaycan Prezidentinin diskussiya xarakterli debatlarda qlobal məsələlərlə bağlı ortaya qoyduğu praqmatik, qətiyyətli və müdrik yanaşma dünyanın işgüzar və siyasi dairələrinin respublikamıza marağının yüksəldilməsi baxımından da təqdirəlayiqdir. Davos müzakirələri Cənubi Qafqazda sülh, sabitlik və qarşılıqlı-faydalı əməkdaşlıq təşəbbüsü ilə çıxış edən Prezident İlham Əliyevin müasir təfəkkürlü, rasional düşüncəli lider olduğunu, onun regionda yeritdiyi siyasətin Avropa geosiyasi arealında rəğbətlə qarşılandığını göstərir.

Üç gün davam edən Davos Forumunda enerji təhlükəsizliyi ilə bağlı aparılan əsas müzakirələrdə Azərbaycanın bu sahədəki müstəsna rolunun önə çəkilməsi də Prezident İlham Əliyevin bu sahədə yeritdiyi uğurlu siyasətə əsaslanır. İstər Macarıstanın paytaxtı Budapeşt şəhərində Nabukko layihəsi ilə bağlı keçirilən enerji sammitində, istərsə də bundan sonra baş tutan Davos Forumunda bir daha təsdiqləndi ki, bəzi Qərb dövlətləri Xəzər hövzəsinə çıxış imkanı əldə etmək və neft idxalında alternativ imkanlar qazanmaqla birqütblü enerji asılılığından azad olmaq niyyətindədirlər. Bu prosesdə əsas söz sahiblərindən biri də enerji sahəsində sivil əməkdaşlığın genişləndirilməsi tərəfdarı kimi çıxış edən, zəngin karbohidrogen ehtiyatlarını hansısa dövlətə qarşı siyasi alətə çevirməyən Azərbaycandır.

Şərqlə Qərbi birləşdirən neft, qaz və nəqliyyat-kommunikasiya layihələrinin mərkəzinə çevrilmiş Azərbaycan bu gün nəinki problemlərinin həllinə çalışır, eyni zamanda Avrasiya məkanında subregional inteqrasiyanın, enerji təhlükəsizliyinin mühüm təminatçısı qismində çıxış edir. Aparıcı Qərb dövlətləri Azərbaycanın iştirakı olmadan Xəzər hövzəsi regionunda hər hansı transmilli layihənin gerçəkləşdirilməsini mümkünsüz sayır, respublikamızın mövqeyi ilə hesablaşırlar. Avropanın xam neft və təbii qazla təminatında əsas söz sahiblərindən birinə çevrilməkdə olan respublikamızın bu coğrafi arealda cərəyan edən siyasi proseslərə də təsir imkanları getdikcə artır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşə bilməz.

Davos Forumunda "Enerji Outlook-2009" mövzusunda, eləcə də "Böyük oyun təkrarlanır" devizi altında keçirilən xüsusi iclasda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra regional və beynəlxalq məsələlərə dair, habelə enerji təhlükəsizliyi ilə bağlı sualları cavablandırmış, respublikamızın neft-qaz kəmərlərinin şaxələndirilməsi sahəsində yeritdiyi siyasətdən söz açmışdır. Dövlət başçısının xüsusi vurğuladığı kimi, Azərbaycan enerji təhlükəsizliyi sahəsində həm istehsalçı, həm də istehlakçı dövlətlərin münasibətlərinin qarşılıqlı anlaşmaya və sivil, bərabərhüquqlu əməkdaşlığa əsaslanmasının tərəfdarıdır. Respublikamız dünya neft bazarındakı qiymətlərin tənzimlənməsi məsələsində istehsalçı dövlətlərlə həmrəylik nümayiş etdirir. "Biz də müxtəlif vasitələrlə qiymətin tarazlaşdırılmasına və enerji təhlükəsizliyində öz rolumuzu oynamağa çalışırıq. Hər iki məsələ bir-biri ilə əlaqəlidir və vacibdir. 5-6 il bundan əvvəl enerji təhlükəsizliyi məsələləri heç müzakirə edilmirdi. İndi isə bu, nəinki istehlakçılar, o cümlədən hasilatçılar üçün böyük bir problemə çevrilibdir. Hasilatçı ölkə kimi Azərbaycan öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün dünya bazarlarına müxtəlif çıxış marşrutlarının olmasında maraqlıdır. Hesab edirəm ki, neft hasil edən ölkələrin birgə səyləri, eləcə də enerji siyasətinin bütün iştirakçıları - hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı anlaşma hamımız üçün daha yaxşı şərait yaradacaqdır" - deyə dövlət başçısı vurğulamışdır.

Forumda Nabukko layihəsi ilə bağlı aparılan müzakirələr zamanı Azərbaycanın bu qaz kəmərinin reallaşmasında potensial istehsalçı və tranzit imkanlara malik dövlətlərdən biri olduğu xüsusi vurğulanmışdır. Dövlət başçısı İlham Əliyev bu məsələ ilə bağlı suala cavabında demişdir ki, Azərbaycan potensial bazarlara çıxış imkanları əldə etməyə çalışır. Hazırda respublikamız karbohidrogen ehtiyatlarının nəqlini 7 neft və qaz kəməri ilə həyata keçirməklə, qonşu Türkiyə və Gürcüstana, o cümlədən Yunanıstana qaz idxal edir. İtaliya və Bolqarıstan da Azərbaycanın mavi yanacağını idxal etmək niyyətini bəyan etmişdir. Nabukko layihəsinin gerçəkləşməsi isə Avropanın bir çox dövlətlərinin üzləşdiyi enerji təhlükəsizliyi probleminin kompleks həlli, alternativ enerji təchizatı şəbəkəsinin formalaşdırılması baxımından vacib əhəmiyyət kəsb edir. Bu baxımdan cənab İlham Əliyev Nabukko layihəsinə kommersiya maraqları prizmasından yanaşılmasını da düzgün saymamış, onun enerji təhlükəsizliyi fonunda strateji əhəmiyyətinə diqqət çəkmişdir: "Biz neftin qiyməti təxminən 30 dollar olan vaxtda Bakı-Tbilisi-Ceyhan neft kəmərini tikdik. O zaman Azərbaycanın gündəlik neft hasilatı 200 min barelə bərabər idi. Biz gündəlik həcmi 1 milyon barel olan boru kəmərinə sərmayə qoymağa başladıq. Bu səbəbdən hesab edirəm ki, Nabukko ölkələri və bu layihəni dəstəkləyən təşkilatlar daha cəsarətli olmalı, onlar bu layihəyə təkcə gəlir mənbəyi kimi baxmalı deyillər. Bu, enerji təhlükəsizliyidir. Enerji təhlükəsizliyi ümumi təhlükəsizliyə və uzunmüddətli müstəqilliyə aparır. Bu səbəbdən hesab edirəm ki, daha güclü siyasi iradə, daha aydın maliyyə dəstəyi olmalıdır. Azərbaycan kimi ölkələr həm tranzit, həm də təchizatçı ölkə rolunu oynayaraq bu layihəyə dəstək vermək üçün əlindən gələni etməyə hazırdır".

Azərbaycanın son illər uğurla həyata keçirdiyi enerji diplomatiyası regionun davamlı və sabit inkişafına xidmət edir. Bu siyasət həm də bütövlükdə Avropa regionunda qarşılıqlı anlaşmaya və etimada əsaslanan əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlmişdir. Respublikamız malik olduğu enerji ehtiyatlarının nəqlində spekulyativ yanaşmalara yol verməməklə yanaşı, qiymətlərin süni şəkildə şişirdilməsi, bu məsələdən siyasi təzyiq və təhdid vasitəsi kimi istifadə olunması cəhdlərini qəbul etmir. "Şübhəsiz ki, biz öz enerji ehtiyatlarımıza ilk növbədə milli maraqlar və davamlı inkişaf nöqteyi-nəzərindən baxırıq. Eyni zamanda biz bu ehtiyatlardan əməkdaşlığı daha da gücləndirmək və bu sahədə bizdən asılı olan dostlarımıza və ölkələrə dəstək məqsədilə istifadə etməyə çalışırıq. Bu halda o ölkələr nəzərdə tutulur ki, hazırda onlar qazın bazar qiymətləri ilə ayaqlaşa bilmir. Biz realist olmalıyıq. Bu səbəbdən də ədalətli qiymət və uzunmüddətli maraqlar arasında tarazlığı tapmaq çox vacibdir. Düşünürəm ki, bu yaxınlarda baş verənlərin müxtəlif səbəbləri ola bilər. Lakin əsas fərq yanaşmadadır. Əgər siz öz enerji ehtiyatlarınız vasitəsilə daha çox şey əldə etməyə və ya ərazinizdən istifadə edərək, daha ucuz qiymət əldə etməyə çalışırsınızsa, onda bu cür böhranlar qaçılmazdır" - deyən dövlət başçısı İlham Əliyev əlavə etmişdir ki, enerji ehtiyatlarından münaqişə və ya ayrı-seçkilik aləti kimi deyil, dostluq aləti kimi istifadə olunmalıdır.

Davos Forumu çərçivəsində dövlət başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqe isə təcavüzkar tərəfin ifşası baxımından əhəmiyyətlidir. Cənab İlham Əliyev demişdir ki, Azərbaycan Cənubi Qafqazda sürətlə inkişaf edən dövlətə çevrildiyi halda, Ermənistan özünü regionda həyata keçirilən strateji əhəmiyyətli layihələrdən kənarda saxlayır, beləliklə, həm də gələcək inkişafını sual altında qoyur. Təcavüzkar dövlət həm də regionda daha geniş əməkdaşlıq imkanlarına mane olmağa çalışır. Halbuki münaqişənin həllinin uzanmasına, region dövlətləri ilə münasibətlərin gərginliyinə görə ən böyuk zərbə məhz Ermənistana dəyib. Azərbaycan Türkiyə və Gürcüstanla müxtəlif iqtisadi layihələr həyata keçirməklə, Ermənistanı faktiki olaraq üç strateji müttəfiqin əhatəsində - təcrid vəziyyətində yaşamaq gerçəkliyi ilə üz-üzə qoyub. Təcavüzkarlıq siyasətindən əl çəkməyən Ermənistan bu səhv siyasətin nəticəsi olaraq özünü Cənubi Qafqazda gerçəkləşən bütün strateji layihələrdən kənarda saxlayıb. Region dövlətləri sıx şəkildə iqtisadi inteqrasiya proseslərində fəal iştirak etsələr də, Ermənistan faktiki olaraq bu imkandan məhrum olub, davamlı inkişaf perspektivini itirərək xarici borcların və yardımların ümidinə qalıb. Üstəlik, işğalçı dövlətin xarici borcları getdikcə artır, sosial-iqtisadi tənəzzül baş alıb gedir, əhalinin sosial vəziyyəti ağır olaraq qalır. Rusiyaya olan borclarını ödəmək iqtidarında olmayan Ermənistan bu ölkənin "for-post"una çevrilərək bütün strateji əhəmiyyətli müəssisələrini itirir. "Əfsuslar ki, bu illər ərzində danışıqlar münaqişənin həllinə gətirib çıxarmayıbdır. Bu proses nə sülhlə, nə də beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnibdir. Təbii ki, belə bir şəraitdə istər enerji, istərsə də nəqletmə sahəsində heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Əgər xəritəyə baxsanız görərsiniz ki, karbohidrogen ehtiyatlarının Qərbə çıxarılmasının ən qısa yolu Ermənistan ərazisindən keçir. Lakin bu, yalnız xəritədə belədir. Amma, torpağın üzərində dayananda görürsünüz ki, əslində, bu, uzun yolla gedir. Nə qədər ki, bizim torpaqlarımız işğal altındadır, bu əməkdaşlıq mümkün deyildir. Hesab edirəm ki, bizim mövqeyimiz başadüşüləndir" - deyə dövlət başçısı İlham Əliyev forumda vurğulamışdır.

Davos Forumu ümumilikdə göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün təkcə regionda deyil, bütövlükdə Avropa siyasət meydanında qəbul olunan liderlərdəndir. Dövlət başçısı hər addımda milli maraqları önə çəkməklə yanaşı, digər dövlətlərlə səmərəli əməkdaşlığa, qarşılıqlı anlaşmaya yönələn siyasət yeridir. Bu siyasət isə respublikamızın Avropa məkanında tərəfdaşlarının sayının artmasını, habelə nüfuz və mövqelərinin möhkəmlənməsini təmin edir.

 

 

Samir Elmanoğlu

 

Azərbaycan.-2009.-6 fevral.-S.1.