Vətəndaş maraqlarını ifadə edən Konstitusiya islahatları

 

Demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin siyasi-hüquqi strukturu, ictimai münasibətlər sistemi ümumxalq iradəsi əsasında müəyyənləşən, habelə beynəlxalq hüquq normaları ilə uzlaşan fundamental təməl prinsiplərinə söykənir. Hüquqi dövlətin mahiyyəti isə cəmiyyətin əsas qanunu, bazisi qismində çıxış edən Konstitusiyanın ümumbəşəri demokratik dəyərlərə nə dərəcədə uyğun olub-olmaması ilə şərtlənir. Konstitusiya dedikdə məhz dövlətin konstitusion quruluşunun əsaslarını, insan və vətəndaşın hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas əlamətlərini, milli dövlət quruculuğunu, qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının sistemini, onların təşkili və fəaliyyət prinsiplərini, yerli özünüidarəçiliyin əsaslarınıı təsbit edən fundamental hüquqi akt başa düşülür.

Hüquqi dövlət quruculuğu yolunda uğurla irəliləyən, Avropa məkanına inteqrasiya kursunu inamla həyata keçirən Azərbaycanda da Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan, insan, dövlət və cəmiyyət münasibətlərinin əsaslarını nizamlayan hüquq normaları sistemidir. Azərbaycan Konstitusiyası nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyi ifadə edən Əsas Qanun olmaqla insan və vətəndaşın hüquq və azadlıqlarını, hakimiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, xalqın özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası qismində çıxış edir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Bu Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Xalqın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu və parlaq təntənəsinin əksi olan Konstitusiya milli iradəni ifadə edərək dövlətin fəaliyyətinin əsas istiqamətlərini, demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyənləşdirmişdir.

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının preampulasında dövlətin müstəqilliyinin və suverenliyinin qorunması, hüquqi, demokratik quruluşa təminat vermək, hüquqi dövlət qurmaq, insan hüquqlarının təminatlı müdafiəsinə, vətəndaş cəmiyyətinə nail olmaq kimi mühüm vəzifələr əsas niyyət kimi bəyan edilir. Əsas Qanunda Azərbaycanın demokratik yolla inkişafının qaçılmaz olduğunu nəzərdə tutan şərt ali hakimiyyətin xalqa məxsus olmasının birmənalı şəkildə təsbit edilməsidir. Eyni zamanda, Konstitusiyada göstərilir ki, öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyənləşdirmək Azərbaycan xalqının suveren hüququdur.

Konstitusiyada əksini tapmış mühüm məsələlərdən biri də xalqın hüquq və mənafeləri ilə bağlı bütün məsələlərin referendum yolu ilə həllinin nəzərdə tutulmasıdır. Konkret olaraq 3-cü maddədə göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu və ona dəyişikliklər edilməsi, habelə Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələləri yalnız ümumxalq referendumu yolu ilə həll oluna bilər.

İnkişaf etmiş dövlətlərin də təcrübəsi göstərir ki, Konstitusiya ali qanun kimi uzunmüddətli qüvvədə olması nəzərdə tutulan, məzmun sabitliyi ilə səciyyələnən əsas normativ-hüquqi aktdır. Bununla belə, Konstitusiyanın ümumxalq referendumu ilə qəbul olunması və sabitliyi onun daimi dəyişməzliyi anlamına da gəlmir. Konstitusiya qəbul olunduğu andan onun tənzimləmə predmetini təşkil edən içtimai münasibətlərin inkişafı, sosial, iqtisadi və siyasi şəraitin xarakterində pozitiv dəyişikliklərin bas verməsi Əsas Qanuna müvafiq dəyişiklik və əlavələri zərurətə çevirir. Azərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsinin təmin olunması, ölkədə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, Azərbaycan Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı yeni müddəaların Azərbaycan Konstitusiyasında təsbit edilməsi məqsədilə hələ 24 avqust 2002-ci il tarixində ümumxalq referendumunun keçirilməsi də məhz dövrün reallıqları ilə şərtlənmişdir. Son dərəcə mütərəqqi xarakter daşıyan bu əlavə və dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmini məqsədinə xidmət etmiş, demokratikləşmə prosesinə yeni nəfəs vermişdir.

Həmin tarixi referendumdan ötən müddətdə Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımların atılması, respublikanın bütün sahələrdə dinamik inkişaf etməsi, dövlətin iqtisadi siyasətində sosialyönümlü məsələlərin prioritetinə çevrilməsi, habelə insan hüquq və azadlıqlarının maksimum müdafiəsinə xidmət edən təkmil qanunverici bazanın formalaşması Konstitusiyaya zamanın tələbi ilə səsləşən bir sıra əlavə və dəyişikliklərin edilməsini də zərurətə çevirmişdir. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum aktının parlamentdə qəbulu təşəbbüsii ilə çıxış etməsi də məhz bu reallıqdan irəli gəlmişlir. Təklif olunan mütərəqqi dəyişikliklər Milli Məclis tərəfindən də dəstəklənmişdir. Konstitusiya Məhkəməsinin hüquqi rəyi, Milli Məclisin qərarı ilə ümumxalq referendumuna çıxarılmış əlavə və dəyişikliklər mahiyyətcə Əsas Qanunun daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq-azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, liberallığı, demokratik səciyyə daşıması ilə seçilir.

Konstitusiyaya təklif olunan 29 əlavə və dəyişikliklərin mühüm bir qismi Azərbaycan dövlətinin insan və şəxsiyyət amilini yüksək tutaraq yeritdiyi sosialyönümlü siyasət strategiyasının daha dolğun, hərtərəfli ifadəsinə, vətəndaşların bu sahədə hüquq və səlahiyyətlərinin genişləndirilməsinə, hökumətin sosial məsulyyətinin artırılınasına xidmət edir. Məsələn, mövcud variantda Konstitusiyanın 2-ci maddəsində qeyd olunur ki, "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir". Referendum aktı layihəsində bu maddəyə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" formasında mühüm dəyişikliyin edilməsi nəzərdə tutulur.

Bazar iqtisadiyyatı yolu ilə inamla irəliləməsinə rəğmən, Azərbaycan dövlətinin yeritdiyi siyasətin ana axarında sosialyönümlü məsələlərin prioritet təşkil etdiyi, "sosial dövlət" modelinə doğru inamlı addımların atıldığı Əsas Qanunun 15-ci maddəsinə təklif olunan dəyişiklik fonunda bir daha real təsdiqini tapır. Hazırkı variantda həmin maddənin II bəndində qeyd olunur ki, "Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Təklif olunan referendum aktı layihəsində bu bəndin "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafina şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir" formasında qəbulu haqlı olaraq daha məqsədəuyğun bilinir.

17-ci maddəyə (Ailə, uşaqlar və dövlət) təklif olunan əlavələr də özünün humanist və insanpərvər mahiyyəti ilə diqqəti cəlb edir. Mövcud variantda dövlətin bu sahədə üzərinə düşən vəzifələr müəyyən mənada ümumi şəkildə əksini tapmış, yeni dövrün bir sıra reallıqları Əsas Qanunun yurisdiksiyasından kənarda qalmışdır. 17-ci maddəyə təklif olunan birinci mühüm əlavəyə görə "Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadırlar". Bu əlavə müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş uşaqların dövlətin hərtərəfli qayğısı ilə himayə olunmasına daha etibarlı, ciddi təminat yaradır, aidiyyəti hökumət qurumlarının bu sahədə məsuliyyətini artırır. İkinci əlavəyə görə, "Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır". Belə bir müddəanın Əsas Qanunda konkret səkildə təsbit olunması uşaq hüquqlarının dövlət tərəfindən daha etibarlı müdafiəsinə xidmət etməklə bu sahədə beynəlxalq konvensiya və sazişlərin də tələblərinə tam cavab verir. Təklif olunan üçüncü mühüm əlavədə göstərilir ki, "15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər". Uşaq əməyinin respublikada getdikcə geniş yayıldığı, uşaqların fiziki istismara məruz qaldığı hazırkı şəraitdə belə bir müddəanın Konstitusiyaya birmənalı təsbit olunması son dərəcə təqdirəlayiq haldır. Bununla uşaqların hər cür istismara məruz qalmasına qarşı etibarlı sipər yaradıla bilər.

Konstitusiyaya əlavə və dəyişikliklərin digər qismi isə respublikamızın hazırkı inkişaf tempinə adekvat olaraq insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə xidmət edir. 25-ci maddəyə (Bərabərlik hüququ) təklif olunan əlavələr də hamının qanun qarşısında bərabərliyi prinsipinin daha dolğun, hərtərəfli ifadəsinə etibarlı hüquqi zəmanət yaradır. Mövcud varianta görə "Hamı qanun və məhkəmə qarşısında bərabərdir; Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır; Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Bu maddəyə təklif olunan birinci mütərəqqi əlavəyə görə "Heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazlarm verilməsindən imtina oluna bilməz". Eləcə də digər əlavədə göstərilir ki, "Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət organları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir". Azərbaycan demokratik dəyərlərin inkişafında prioritet kimi qəbul edilən tolerant dövlət olduğundan, hər iki əlavənin Konstitusiyada əksini tapması tamamilə məntiqidir.

Əsas Qanunun 32-ci maddəsində (Şəxsi toxunulmazlıq hüququ) təklif olunan əlavə və dəyişikliklər də mahiyyətcə yaşadığımız dövrün reallıqları ilə şərtlənir. Həmin maddənin ikinci bəndində nəzərdə tutulmuş dəyişikliyə görə "Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ya ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır". Üçüncü bəndə edilən əlavəyə görə "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz". Beşinci əlavəyə görə isə "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır". Bu əlavə və dəyişikliklər hər bir şəxsin toxunulmazlıq hüququnun daha etibarlı təminatına xidmət etməklə yanaşı, bir sıra sferalarda, o cümlədən kütləvi informasiya vasitələri sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, "vətəndaş-KİV", "məmur-KİV" münasibətlərinin sivil məcrada tənzimlənməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Demokratiya sonu və son imkanları görünməyən mütərəqqi inkişaf yoludur. Fəqət, demokratik normaların da qanunların tənzimlədiyi çərçivədən kənara çıxması qeyri-mümkündür. Məşhur ifadə ilə desək, insan hüquq və azadlıqları sərhədsiz deyildir - birinin hüquqları digərinin hüquqları başlanan anda bitir. Konstitusiyanın 71-ci maddəsinin (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) ikinci bəndinə təklif olunan dəyişikliyə görə "Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır". Eyni zamanda bu maddəyə edilmiş digər mühüm dəyişikliklərə görə "Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və hər kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz; Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər".

Hər bir demokratik dövlətin başlıca vəzifələrindən biri də ictimai rəylə hesablaşmaq, habelə cəmiyyətin qərarların qəbulu prosesinə təsir imkanlarını artırmaqdır. Bu baxımdan hakimiyyətin mənbəyi olan xalqın bu və digər prinsipial qanunların qəbulu prosesində birbaşa iştirakının təmini də vacib məsələlərdən biri kimi qarşıda durur. Referendum aktı layihəsində Konstitusiyanın 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) təklif olunan dəyişiklik də bu baxımdan vacıb əhəmiyyət kəsb edir. Həmin dəyişikliyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə yanaşı, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına da Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Konstitusiyanın 101-ci maddəsinə təklif edilən əlavə və dəyişikliklər də aktiv seçki hüququ olan hər bir vətəndaşın hüquqlarının daha etibarlı təminatına xidmət edir. Referendum aktı layihəsində mühüm dəyişikliklərdən biri də bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır.

Bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindan təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər də bu baxımdan Azərbaycanda demokratik, hüquqi islahatları daha da dərinləşdirmək, insan hüquq və azadlıqlarının etibarlı təminat mexanizmləri formalaşdırmaq niyyətinə xidmət edir.

 

 

İlham Məmmədzadə,

Fəlsəfə, Sosiologiya

və Hüquq İnstitutunun

direktoru

 

 

Azərbaycan.-2009.-7 fevral.-S.5.