Rəhbərə, Xalqa, Vətənə sədaqətin ifadəsi

 

Əməli ilə sözü, əqidəsi ilə andı bir olan insanların yazdıqları əsərlər, söylədikləri fikirlər hər kəsi düşündürmək və sevilmək gücünə malikdir. Çünki qələmə alınan sətirlərin mayası qəlbin hərarətindən, insana, vətənə, torpağa məhəbbətdən və sədaqətdən yoğrulur. Bu kitablar mübaliğələrdən, məddahlıqdan uzaq olduğuna, içtimai hadisələri real mövqedən əks etdirdiyinə görə oxunurlar, sevilirlər. Həm də müəllifin şəxsiyyəti, insani keyfiyyətləri, qələmə alınan mövzunun aktuallığı hər bir kitaba dəyər gətirən şərtdir.

Bu baxımdan professor Zahid Qaralovun "Hüquq nəşriyyatı" tərəfindən yeni çapdan çıxmış "İdeologiya və mənəviyyat" kitabı öz aktuallığı ilə seçilir. Kitab tarixi şəxsiyyət, böyük ideoloq, içtimai-siyasi xadim, zəngin mənəviyyat daşıyıcısı, təmiz əxlaq nümunəsi, azərbaycançılıq etalonu ulu öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 85 illiyinə ithaf edilmişdir.

Insan cəmiyyətinin əsas dayaqlarından olan ideologiya və mənəviyyat məsələlərinin elmi-nəzəri əsasları üzərində təhlillər aparan Zahid Qaralov belə bir qənaətdədir ki, "insan təfəkkürünün məhsulu olan nə varsa, hamısı obyektiv gerçəkliyin yalnız bu və ya digər əlamətlərini müəyyən səviyyədə (düzgün, yarıdüzgün, səhv) əks etdirdiyindən, hamısının təkmilləşdirilməsinə, yeniləşdirilməsinə həmişə ehtiyac var".

Müəllif bu təkmilləşdirmə, yeniləşdirmə prosesində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı mütərəqqi ideologiya və əxlaq sisteminə daha çox üstünlük verir və Azərbaycanın dövlət siyasəti tarixində müasir dövrün tələblərini bu qədər aydın, düzgün əks etdirən bir sistemin mövcud olmadığını qeyd edir.

O, insanlara bir daha xatırladır ki, milli, maddi və ruhani mədəniyyətimizi dərindən mənimsəyən və qiymətləndirməyi bacaran Heydər Əliyevin ən dəyərli insani keyfiyyətlərindən biri onun dünyada baş verən hadisələri - iqtisadi, sosial, siyasi prosesləri daim izləməsi, dərindən təhlil etməsi, düzgün qiymətləndirməsi, həm də bu dəyərlərin daşıyıcısı və təbliğatçısı olması idi.

Müəllif ulu öndər Heydər Əliyevin milli və ümummilli bəşəri mədəniyyətlərə dərindən yiyələnməsini qeyd edərək yazır: "Onun yüksək ünsiyyət qurmaq mədəniyyəti rəhbər şəxslər üçün əsl nümunə sayıla bilər. Kimliyindən asılı olmayaraq insanları axıra qədər dinləmək, onların istəklərini dərk edib məsləhətlər vermək, yardım etmək onun gündəlik həyat norması idi. Özünə və sözünə dərin inam və hörmət bəslədiyinə görədir ki, Heydər Əliyev sözünü, fikrini dəyişməyən, onun üstündə möhkəm dayanan müdrik ziyalı idi. Belə keyfiyyətlərə malik insanlara, ziyalılara da həmişə dərin hörmətlə yanaşardı".

Zahid Qaralov ulu öndərin fəaliyyətinin mühüm cəhətlərini nəzərə çatdıraraq öz fikirlərini belə əsaslandırır ki, Heydər Əliyev dünyanın nəbzini tutaraq keçən əsrin sonlarında mükəmməl ideoloji sistem formalaşdırdı və bunun əsasında nəzəri-siyasi və əxlaq sistemi yaratdı.

Müəllif Heydər Əliyevin formalaşdırdığı ideologiya sisteminin bir neçə fundamental prinsiplərini təhlil edərək ulu öndərin ideyalarının bəşəri mahiyyətini açır, bu ideoloji sistemin yalnız Azərbaycan xalqı üçün deyil, bütün dünya xalqları, insanlar üçün gərəkli, qiymətli olduğunu bildirir və öz qənaətlərini real faktlarla əsaslandırır. Bu prinsiplərə əməl edilməsini gələcəyimiz, birliyimiz, əmin-amanlığımız, inkişafımız üçün əsas meyar hesab edir.

Xalqa inam və xalqın inamını qazanmaq Heydər Əliyevin həyatının mənası və fəaliyətinin əsası idi. Bu inam və etimad ulu öndəri dünyanın ən nadir siyasətçilərindən biri kimi tanıtdırmış, şöhrətləndirmişdir. O, xalqını və vətənini azad, xoşbəxt, firavan görmək üçün həyatını qurban verməyə hazır olan bir insan idi və bunu öz əməlləri ilə sübuta yetirdi. Xalqının taleyini öz taleyi ilə qovuşduran, azərbaycanlı olması ilə fəxr edən bu böyük insanın ən möhkəm dayağı, köməyi xalqının ona inamı, ehtimadı və onun da öz xalqına sonsuz etiramı, məhəbbəti idi.

Zahid Qaralov xalqa inam və xalqın inamını qazanmaq prinsipini öz kitabında birincilər sırasında qeyd etməklə bu inam və ehtiramın yaradılması üçün sistemli iş aparılmasını vacib hesab edir.

Müəllif millətlərarası etimad ehtiram, qarşılıqlı inam prinsipi üzərində öz fikirlərini belə şərh edir ki, Azərbaycan çoxicmalı, çoxmillətli, çoxdinli, çoxdilli və çoxmədəniyyətli birgəyaşayış məkanıdır. Belə bir məkanda azərbaycançılıq ideologiyasını önə çəkən Z.Qaralov bu ideologiyanın banisi Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirərək yazır. "Heydər Əliyev bu ideologiyanı formalaşdırana qədər Azərbaycanda etniklər güclü mərkəzdənqaçma mexanizmləri yaratmışdılar. Belə ki, ölkənin cənubunda "Talış-Muğan" respublikası, şimalında "Ləzgistan", qərbində "Qırmızı Kürdüstan" , başqa bölgələrdə "Aran" , "Car-Balakən", "Arçaq", "Çainqlo", "Bakı quberniyası" və başqa cırtdan dövlətlər yaratmaq ideyası gerçəkləşməyə başlamışdı. Azərbaycançılıq ideyası altında Heydər Əliyev özünün rəhbərliyi ilə etnik iddiaları alt-üst etdi, vahid, bölünməz, unitar quruluşlu Azərbaycan Respublikasını bərqərar etdi".

Çox düzgün qənaətdir və bu, müəlliflə bərabər bütün Azərbaycan xalqının fikridir.

Azərbaycanı parçalanmaqdan, bölüşdürülməkdən xilas edən, bütün dünya azərbaycanlılarının birliyinə çalışan və bunun təməlini qoyan ulu öndər Heydər Əliyevin ideyalarını həyata keçirmək üçün müəllif ölkənin müstəqilliyini, çoxmillətli xalqların birliyini, mənəviyyat bütövlüyünü qorumaq, inkişaf etdirmək, əbədiləşdirmək naminə azərbaycançılıq ideyasını daha da dərinləşdirməyi, həmişə diqqətdə saxlamağı, nəsildən-nəslə ötürməyi taleyüklü bir vəzifə hesab edir.

Ümumbəşəri əhəmiyyətə malik olan sosial ədalət və sosial bərabərlik Heydər Əliyevin ideoloji sistemində əsas yerlərdən birini tutur.

Zahid Qaralov Heydər Əliyevin elmi irsində mədəniyyətlərarası əlaqə prinsipinin əhəmiyyətini də xüsusi qeyd edir və bu irsin öyrənilməsini, təbliğini vacib məsələ kimi qarşıya qoyur. O göstərir ki, Heydər Əliyev istər sovetlər zamanında, istərsə Azərbaycanın suverenliyi dövründə həmişə ağıllı siyasət yeritmişdir. O, həm Şərq, həm də Qərb sivilizasiyasına bələd olduğundan, hər iki sivilizasiyanın, eləcə də müasir dövr dünya sivilizasiyasının dəyərləri əsasında formalaşmış ideoloq idi. Ona görə də onun ideoloji-siyasi sistemi bəşəriyyətin inkişafı yolundakı maneələri aşmaq üçün istifadə oluna bilən yetkin, dəyərli modeldir.

Bir-birinə zidd olan ideologiyaların hökmran olduğu dövrlərdə belə, dini və siyasi zəmində ziddiyyətlərə yer qoymamağı müəllif böyük siyasətçi Heydər Əliyevin ideologiyasının üstünlüyü adlandırır və bütün bunların cəmiyyətin həyatında mühüm rol oynadığını göstərir.

Tolerantlıq, dinlərarası qarşılıqlı münasibətlərin etik mədəniyyət əsasında qurulması, dini etiqad azadlığı Heydər Əliyevin azərbaycançılıq ideologiyasının tərkib hissələrindən biridir.

Müəllif Heydər Əliyevin ideoloji-siyasi sisteminin mühüm istiqamətlərini təhlil edib qiymətləndirərkən "bu sistem Azərbaycana və xalqımıza nə verdi?" sualını qarşıya qoyur və bu sualı belə cavablandırır. Heydər Əliyev sistemi praktikaya tətbiq olunmaqla Azərbaycanda böyük dönüş mərhələsi başladı, respublikamızı beynəlxalq birliklərdə ləyaqətlə təmsil etdi, ölkəni bütün bəlalardan qorudu və sürətli inkişaf yoluna çıxardı, dağıntıların, xarici təcavüzlərin etnik çəkişmələrin, vətəndaş müharibəsinin, ölkənin parçalanmağa məruz qoyulmasının son dərəcə mürəkkəb sonu görünməyən bir dövründə Azərbaycan xalqının mənliyini qoruyub saxlaya bildi. Azərbaycan dövlətçiliyini yaratdı, müstəqil dövlət qurdu, onun bütün təsisatlarını bərqərar etdi, onu yaşatdı və sarsılmaz müstəqil dövlət səviyyəsinə gətirdi. Azərbaycan xalqını nadanlıq dövrünə sürükləyən qüvvələrdən xilas etdi, xalqımızın mənəviyyatına açıq və gizli təcavüzün qarşısını aldı, xalqın haqqa, ədalətə, dövlət rəhbərinə inamını qaytardı, gələcəyə inam formalaşdırdı, vətəndaş müharibəsinə imkan vermədi, dünyanın ümumbəşəri dəyərlərindən istifadə edərək Azərbaycan xalqının mənəvi dəyərlərini, əxlaq normalarını zənginləşdirdi.

Zahid Qaralov ulu öndərin Azərbaycan xalqı, bəşəriyyət qarşısındakı əvəzsiz xidmətlərini xatırladaraq dahi şəxsiyyətin ideyalarının daim qalib gələcəyinə oxucunu inandırır və - Heydər Əliyev kim idi? - sualını cavablandırmaqla ümummilli liderin ölməzliyini sübuta yetirir.

Heydər Əliyevi XX əsrin canlı, real tarixi, XXI əsrdə bəşəriyyətin ümumi inkişaf yollarını aydın görən güclü ideoloq, böyük pedaqoq, psixoloq, tərbiyəçi, siyasi xadim, uzaqgörən, insanlığı bəlalardan, cəhalətdən qurtarmağa çalışan ən güclü xeyirxah insan, dağılmış nəhəng sovet imperiyasının bir güşəsində - Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurmağa qadir olan nümunəvi demokrat, səmimiliyi ilə seçilən ziyalı, vətənini, xalqını, dilini, dinini, tarixini, adət-ənənəsini ürəkdən sevən vətəndaş kimi xarakterizə edən müəllif öz qənaətlərində haqlıdır.

Zahid Qaralov həyatını sevən hər bir insana, böyüyən nəsillərə bu kitabı oxumağı, dərk etməyi, vətəni, xalqı sevməyi tövsiyə edir. Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə, xalq yolunda göstərdiyi əvəzsiz xidmətlərinə dərin hörmət, ehtiram bəsləməyi həyat normasına çevirməyi, bu böyük insanın irsini, ideyalarını, tövsiyələrini dərindən öyrənib mənimsəməyi, bir örnək kimi gələcək nəsillərə çatdırmağı vacib bilir. Çünki Heydər Əliyevin ideyaları ölməzdir, əbədidir, həmişəyaşardır, yaradıcıdır. Ölkəmizin bugünkü sürətli sosial-iqtisadi inkişafı, respublikamızın beynəlxalq aləmdə nüfuzunun, insanların maddi-rifah halının yüksəlməsi məhz Heydər Əliyev ideyalarının bəhrəsinin, hörmətli Prezident İlham Əliyev tərəfindən bu prinsiplərin ardıcıl həyata keçirilməsinin nəticəsidir.

Müəllif kitabında ümummilli liderin elmi-nəzəri irsinin təbliği ilə əlaqədar dəyərli təkliflərini verir və təşviqat sistemini müəyyən mərhələlərə ayırır. Bu mərhələlərin hər birində Heydər Əliyev elmi-nəzəri irsinin təbliği sahəsində qarşıda duran vəzifələrin ən mühüm cəhətləri, təbliğatın forma və metodları, təbliğatçının fəaliyyətinin istiqamətləndirilməsi yolları göstərilmişdir.

Zahid Qaralov ümumbəşəri mənəvi dəyərlərdən söz açarkən mənəviyyat və əxlaq sistemləri çərçivəsində İslamın tutduğu yerə mühüm əhəmiyyət verir, həm də bəşəriyyətə zidd ideologiyaların cəmiyyətə, insanlığa bəxş etdiyi bəlalardan, ziddiyyətlərdən ətraflı söz açır. Mənəvi dəyərlərin qorunmasını, sağlam insani münasibətlərin zənginləşdirilməsini müəllif dünyada sülhün, əmin-amanlığın, dostluğun, ədalətin və həqiqətin bərqərar edilməsinin başlıca amili hesab edir.

"İdeologiya və mənəviyyat" kitabı dəqiq müşahidələrə, faktlara, zəngin materiallara əsaslanaraq qələmə alınmışdır. Əsər böyük zəhmətin hesabına başa gəlsə də, aşıladığı fikirlərə, ideyalara, çox dəyərli əxlaqi, mənəvi mülahizələrə, nəsihətamiz tövsiyələrə görə qiymətlidir və Zahid Qaralovun yeni bir uğuru sayılmalıdır.

Oxucular tərəfindən böyük maraq və səmimiyyətlə qarşılanan üçcildlik "Tərbiyə" kitabının davamı kimi qələmə alınan "İdeologiya və mənəviyyat" əsəri cəmiyyətimizin bütün zümrələri - siyasətçilər, alimlər, müəllimlər, tələbələr, ziyalılar, hər bir insan üçün çox qiymətli bir vasitə, Əliyevşünaslıq elminə yeni bir töhfədir. Bəşəriyyəti haqqa, ədalətə, həqiqətə, mənəvi zənginliyə səsləyən, öz əməli ilə şəxsiyyətini əbədiləşdirən insanların adını ucaltmağa, ehtiramla xatırlamağa xidmət edən bir əsərdir. Yaşından, təhsilindən, irqindən, milliyətindən, dini əqidəsindən, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq hər bir kəs, müəllifin dediyi kimi, bu kitabdakı ideyalardan, tarixi faktlardan bəhrələnə bilər.

"İdeologiya və mənəviyyat" kitabında əksini tapan mənəvi dəyərlərdən çox danışmaq olar. Ancaq bir məqalədə bunu əhatə etmək çətindir. Əsəri oxuduqda dönə-dönə düşünür, yüksək səviyyəli belə bir kitabın nəşr olunmasına sevinir və o qənaətə gəlirik ki, bu kitab professor Zahid Qaralovun ulu öndər Heydər Əliyevə, onun ölməz elmi-nəzəri irsinə, öz vətəninə, xalqına sonsuz sədaqətinin, insanlığa, dilimizə, dinimizə, tariximizə, mənəvi dəyərlərimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbətinin tükənməz ifadəsidir.

 

 

Tahir Rzayev,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2009.-8 fevral.-S.2.