Konstitusiya islahatı cəmiyyətin siyasi iradəsini əks etdirir

 

Hər bir dövlətdə ali hüquqi sənəd kimi ən yüksək təsir qüvvəsinə malik olan Konstitusiya ictimai münasibətləri sivil şəkildə tənzimləyən, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət və vəzifələri müəyyənləşdirən təkmil hüquqi mexanizm kimi xarakterizə edilir. Bu nöqteyi-nəzərdən cəmiyyətin inkişaf tempi, baş verən yeniliklərin pozitiv xarakteri, vətəndaşların hüquqi və siyasi düşüncə tərzinin kamilləşməsi qanunların, o cümlədən Konstitusiyanın daha da təkmilləşdirilməsini, müasirləşdirilməsini obyektiv reallıq kimi gündəliyə gətirir. Hər bir qanun kimi Konstitusiyanın da zamanın ruhu, cəmiyyətin iradəsi ilə uzlaşması, yeniliklərə adekvat reaksiya verməsi son dərəcə vacibdir.

Demokratikləşmə prosesinin sonu görünmədiyi kimi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatı ilə bağlı islahatları da konktet çərçivəyə salmaq, bu sahədə əldə edilmiş nailiyyətlərlə məhdudlaşmaq mümkün deyildir. Demokratiya sahəsində həlledici uğurlara imza atmış dövlətlərə nisbətən iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrdə insan hüquq və azadlıqlarının daha dolğun və hərtərəfli təminatı ilə bağlı olaraq zaman-zaman Konstitusiyanın təkmilləşdirilməsi zərurəti meydana çıxır. Yeni ictimai-iqtisadi formasiyaya keçidlə bağlı cəmiyyəti dövlətin iqtisadi inkişaf tempinə adekvat olaraq müəyyən pozitiv yeniliklərə hazırlamaq, iqtisadi və siyasi islahatları paralel şəkildə həyata keçirmək müəyyən vaxt tələb edir.

Sosial-iqtisadi inkişafın yüksək tempi ilə əlaqədar ictimai münasibətlərin inkişafı, liberallaşmaya xidmət edən hüquqi-siyasi islahatların sürətlənməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində daha inamlı addımların atılması, habelə Azərbaycanın Avratlantik strukturlara inteqrasiya prosesinin sürətlənməsi hələ 2002-ci ilin 24 avqustunda Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra əlavə və dəyişikliklərin edilməsi zəruriliyini meydana çıxarmışdı. O zaman Konstitusiyaya ümumxalq referendumu əsasında edilmiş prinsipial dəyişikliklər proporsional seçki sisteminin ləğvini, fövqəladə hallarda Prezident səlahiyyətlərinin Baş nazirə keçməsini, eləcə də prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu ("50+1") prinsipi ilə hesablanmasını, hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsini, habelə siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsini, alternativ hərbi xidmət növünün formalaşdırılmasını, Respublika Prokurorluğuna və Ali Məhkəməyə qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinin verilməsini, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılmasını nəzərdə tutmuşdur. Bu dəyişikliklər mahiyyət etibarilə insan və vətəndaş hüquq-azadlıqlarının konstitusion təminatını gücləndirməyə xidmət etməklə yanaşı, eyni zamanda hakimiyyət qolları arasında hüquqi tarazlığın təmin olunmasına yönəlmişdi. Məsələn, dəyişikliklərdən əvvəl 105-ci maddə Azərbaycan Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə onun səlahiyyətlərinin Milli Məclisin sədrinə keçməsini nəzərdə tuturdu. Konstitusiyaya edilmiş dəyişikliyə görə fövqəladə hallarda Prezidentin səlahiyyətlərinin Baş nazirə keçməsi hakimiyyət bölgüsü prinsipi baxımından daha məntiqəuyğun idi. Çünki həm Prezident, həm də Baş nazir icraedici hakimiyyətin nümayəndələri olduğundan birincinin hansısa səbəbdən öz vəzifəsini icra edə bilməməsi halında səlahiyyətlərin icraedici hakimiyyətin digər nümayəndəsinə verilməsi məntiqi və qanunauyğundur. Bu qanunauyğunluq həm də hakimiyyət bölgüsü haqqında nəzəriyyələrin diqtə etdiyi tələblərdən irəli gəlir. Hakimiyyətin icraedici, qanunverici və məhkəmə orqanları arasında bərabər surətdə bölünməsi prinsipinin qorunub saxlanılması demokratik dövlətin əsas atributlarından hesab olunur. Milli Məclis rəhbərinin həm qanunverici, həm də icraedici hakimiyyətin səlahiyyətlərini müvəqqəti də olsa, öz əlində cəmləşdirməsi isə istər-istəməz hakimiyyətin iki qanadı arasında tənzimləmə prosesini çətinləşdirirdi. Təsadüfi deyildir ki, həmin dəyişikliklər istər Azərbaycan cəmiyyətində, istərsə də beynəlxalq səviyyədə dəstəklənərək zamanın tələbindən irəli gələn müsbət dəyişikliklər kimi xarakterizə edilmişdir.

Konstitusiya islahatlarından ötən 7 ildə Azərbaycan bütün sahələrdə sürətli inkişaf yolu keçərək hüququ dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əhəmiyyətli uğurlara imza atmış, insan hüquq və azadlıqlarının təminatı ilə bağlı onlarca yeni konvensiya və sazişlərə qoşulmuş, məhkəmə orqanlarının müasirləşdirilməsi prosesi keyfiyyətcə yeni mərhələyə adlamış, ən başlıcası iqtisadi uğurlara paralel olaraq ictimai şüurda demokratik yeniliklərin adekvat dərkinə münbit siyasi-hüquqi mühit formalaşmışdır. Milli inkişafın hazırkı yüksək mərhələsində ölkədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət bütün çalarları ilə məhz insana, şəxsiyyətə yüksək qayğı və hörmət prinsipi üzərində qurulduğundan, Konstitusiyaya vətəndaş hüquqlarının konstitusion təminatının daha da gücləndirilməsi məqsədinə hesablanmış əlavə və dəyişikliklərin edilməsi məsələsi yenidən aktuallaşmışdır. "Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktında əksini tapmış əlavə və dəyişikliklər də məhz bu zərurətdən irəli gələrək ictimai mənafelərə və respublikamızın insan hüquqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tamamilə uyğundur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müsbət rəyi, Milli Məclisin qərarı ilə qəbul edilmiş Referendum Aktı layihəsində əksini tapmış 29 əlavə və dəyişikliyin hər biri mütərəqqi xarakteri ilə Əsas Qanunda insan və vətəndaş hüquq-azadlıqlarına əlavə təminat yaratmaq, bu sahədə mövcud bəzi qanunlara, normativ-hüquqi aktlara konstitusion status vermək məqsədi daşıyır. Bu dəyişikliklərin bir qismi Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin mahiyyətindən irəli gəlir. 12-ci maddəyə təklif olunan dəyişikliyə görə insan və vətəndaş hüquq azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" də dövlətin ali məqsədləri sırasına daxil edilir. 15-ci maddənin II hissəsinə təklif edilən dəyişikliyə görə Azərbaycan dövləti bazar münasibətləri əsasında "sosial yönümlü" iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Hər iki mühüm müddəanın Konstitusiyada əksini tapması respublikamızın ötən 14 ildə maliyyə imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi, habelə iqtisadi siyasətdə sosialyönümlü məsələlərin həllinin prioritet mahiyyət kəsb etməsidir. Dövlət yalnız insan hüquq və azadlıqlarının təminatı ilə vəzifəsini məhdudlaşdırmır, eyni zamanda hər kəsin layiqli həyat səviyyəsinin təmin olunmasını bir öhdəlik kimi üzərinə götürür.

Əsas Qanunun 17-ci maddəsində edilmiş bir sıra əlavə və dəyişikliklər də sosial mahiyyət kəsb etməklə, respublikamızda uşaq hüquqlarının qorunmasına, bu sahədə praktik olaraq həyata keçirilən dövlət siyasətinin konstitusion əsaslarının yaradılmasına xidmət edir. Bu maddəyə təklif olunan birinci əlavəyə görə dövlət valideynləri və ya qəyyumları olmayan, valideyn himayəsindən məhrum olan uşaqları öz himayəsinə götürməlidir. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək Konstitusiya ilə qadağan olunur. Nəhayət, 15 yaşına çatmamış uşaqların işə götürülməsinə qoyulan hüquqi yasaq da bütövlükdə uşaqların məktəbdən yayındırılması, onların əməyinin istismar edilməsinə qarşı mübarizənin gücləndirilməsi, cəmiyyətdə savadsızlıq meyillərinin artımının qarşısının alınması baxımından vacib əhəmiyyətə malikdir.

Referendum aktı layihəsində əksini tapmış digər əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşaraq ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə xidmət edir. Məsələn, 25-ci maddəyə (Bərabərlik hüququ) təklif olunan əlavə və dəyişiklik hamının qanun qarşısında bərabərliyi prinsipinin daha dolğun, hərtərəfli ifadəsinə etibarlı hüquqi zəmanət yaradır. Mövcud variantda göstərilir ki, "Hamı qanun və məhkəmə qarşısında bərabərdir; Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır; Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". Bu maddəyə təklif olunan birinci əlavəyə görə "Heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazların verilməsindən imtina oluna bilməz". Digər əlavədə göstərilir ki, "Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir". Azərbaycan demokratik dəyərləri prioritet kimi qəbul edən tolerant dövlət olduğundan, hər iki əlavənin Konstitusiyada əksini tapması tamamilə məntiqidir.

Konstitusiyanın 18-ci və 48-ci maddələrinə təklif olunan əlavə və dəyişikliklər vətəndaşların Konstitusiya ilə təsbit edilmiş vicdan azadlığının daha dolğun və keyfiyyətli təminatına xidmət edir. Referendum Aktı layihəsində 18-ci maddədə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərlə yanaşı, "dini cərəyanlar"ın da yayılması və təbliği qadağan edilir. Bu dəyişiklik Azərbaycanda qeyri-ənənəvi dinlərin və dini cərəyanların yayılmasına qarşı etibarlı hüquqi zəmin hazırlamaq məqsədi daşıyır. 48-ci maddəyə edilən dəyişikliyə görə "Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz". Bu da çağdaş dövrlə səsləşən vacib dəyişiklik olmaqla, respublikada dini tolerantlığın daha da gücləndirilməsinə, bu sahədə insan hüquqlarına etibarlı təminat mexanizmləri formalaşdırılmasına xidmət edir.

32-ci və 50-ci maddələrə təklif olunan əlavə və dəyişikliklər respublikamızda hər bir vətəndaşın şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına yönəlməklə, informasiyanın əldə edilməsi və yayılması baxımından müəyyən hüquqi çərçivələri müəyyənləşdirir. Son illər məhkəmələrdə ictimai-siyasi xadimlərin, dövlət məmurlarının, hətta sıravi vətəndaşların KİV-lərə qarşı mülki qaydada qaldırdığı iddiaların böyük əksəriyyəti şərəf və ləyaqətin müdafiəsi, şəxsi toxunulmazlıq hüququnun pozulması halları ilə bağlı olur. Peşə etikasına və qanunlara riayət etmək istəməyən müəyyən qəzetlər ölkədə söz və mətbuat azadlığını əsas gətirərək belə məhkəmə iddiaları ilə razılaşmaq istəmir. Halbuki hər bir vətəndaşın söz və mətbuat azadlığı Əsas Qanunda digər vətəndaşın şəxsi toxunulmazlıq hüququndan üstün norma kimi müəyyən olunmamışdır. 32-ci maddəyə edilmiş əlavə və dəyişikliklər qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxiləni qadağan edir. Eyni zamanda "Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Dövrün bir sıra reallıqları ilə səsləşən digər əlavəyə əsasən, "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz". Bu, ölkə vətəndaşlarının şəxsi toxunulmazlıq hüququna əlavə təminatlar yaradır, KİV-cəmiyyət münasibətlərinin qanuni çərçivələrini, sərhədlərini daha dəqiq müəyyən edir.

75-ci maddəyə edilən əlavə və dəyişiklik də istər siyasi və mənəvi, istərsə də hüquqi baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bu əlavəyə görə, "Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur". Azərbaycanın bayrağı, gerbi və himni onun hər bir vətəndaşı üçün müqəddəs, toxunulmazdır. Hər bir azərbaycanlı dövlət rəmzlərimizi özünün milli heysiyyəti, qüruru, fəxarət yeri sayır. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi ilə bağlı Azərbaycanın Cinayət-Prosessual Məcəlləsində hüquqi məsuliyyət müəyyən olunmuşdur. Nəzərdə tutulan əlavə isə cinayət məcəlləsində əksini tapmış bu məsələyə konstitusion status verir.

Konstitusiyanın 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) təklif edilən dəyişikliyə görə hər 40 min Azərbaycan Respublikası vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi xalqın konstitusion hüquqlarının daha səmərəli təminatına xidmət edir. Bu mühüm əlavə 40 min vətəndaşa dövlət idarəçiliyinin və cəmiyyət həyatının ayrı-ayrı sahələri üzrə qanunamüvafiq təkliflərini, istək və niyyətlərini qanun layihəsi şəklində Milli Məclisin müzakirəsinə çıxarmaq imkanı yaradır. Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalq olduğundan belə bir mühüm müddəanın Konstitusiyada əksini tapması tamamilə məntiqlidir. Mövcud variantda isə Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

Konstitusiyanın 101-ci maddəsinə təklif olunan əlavə və dəyişiklik də ümumən Azərbaycanda sosial-iqtisadi tərəqqinin yüksək səviyyəsi, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə bağlıdır. Bu maddəyə təklif edilən dəyişikliyə görə bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsinə qoyulmuş məhdudiyyət aradan qaldırılır. Xalqın siyasi irarəsi ilə tamamilə uzlaşan bu dəyişiklik mahiyyət etibarilə bir sıra dövlətlərin təcrübəsində özünü doğrultmuşdur. Xatırlatmaq lazımdır ki, 1995-ci ildə bu müddəa Konstitusiyaya daxil edilərkən Azərbaycan bir ictimai-iqtisadi formasiyadan digərinə keçid mərhələsinə yenicə adlamış, dövlətçilik təsisatları tam oturuşmamış, hakimiyyətin qeyri-konstitusion yolla ələ keçirilməsinə yönəlmiş çevriliş cəhdlərinin qarşısı yenicə alınmışdı. Ölkədə iqtisadi islahatlar yeni başlanmış, demokratikləşmə və insan hüquqlarının təminatı sahəsində ciddi nailiyyətlər əldə olunmamışdı. Bütün bunların fonunda vətəndaş cəmiyyəti institutlarının inkişafı indiki səviyyəyə çatmamış, hakimiyyət üzərində ictimai nəzarəti təmin edən təsisatlar formalaşmamışdı. 1995-ci ildən ötən 14 ildə respublikamızda çox böyük, kardinal dəyişikliklərin baş verməsi fonunda şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsi ilə bağlı müddəa əvvəlki kimi aktuallıq kəsb etmir. Çünki ölkədə seçki praktikası kifayət qədər liberallaşaraq demokratik normalara, Avropa standartlarına tam cavab verir. Azad və ədalətli seçkilərin keçirilməsinə heç bir problem yoxdur. Respublikamızın hazırkı dinamik iqtisadi tempi, ictimai münasibətlərin inkişafı, hakimiyyət üzərində ictimai nəzarətin mövcudluğu 101-ci maddədə müvafiq təshihlər etməyə imkan verir. Son nəticədə kimin prezident kürsüsünə daha layiqli namizəd olduğunu xalqın demokratik seçkilər vasitəsilə ifadə olunan iradəsi müəyyənləşdirir. Bir şəxsin iki dəfədən artıq seçkilərdə iştirak imkanına malik olması ölkənin demokratik inkişafına, yaxud da seçki prosesinin demokratikliyinə qətiyyən mənfi təsir göstərmir. Çünki həmin şəxs yalnız xalqın iradəsinin ifadəsi nəticəsində prezident kürsüsünə gələ bilər. Əgər xalq iki dəfə seçdiyi şəxsi yenə də prezident görmək istəyirsə, bu onun azad iradəsinin ifadəsidir,

Referendum Aktı layihəsində yeni redaksiyada verilmiş 101-ci maddəyə görə "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir". Şübhəsiz, müharibə şəraitində olan Azərbaycanın Konstitusiyasına belə bir mühüm əlavənin təklif edilməsi həm də 1991-1993-cü illərin bəzi acı reallıqlarına əsaslanır. Sirr deyildir ki, həmin illərdə siyasi hakimiyyət uğrunda amansız çəkişmələr son nəticədə cəbhə bölgəsində hərbi uğursuzluqlara, ərazilərimizin bir-birinin ardınca itirilməsinə gətirib çıxarırdı. Hazırda isə hərbi-siyasi və iqtisadi cəhətdən kifayət qədər güclənən və torpaqlarını istənilən yolla düşmən tapdağından azad etmək iqtidarında olan Azərbaycan eyni tarixin təkrarlanmasını qətiyyən arzulamır. Müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin hərbi əməliyyatların sonunadək uzadılması təklifi xalqın ümumi təhlükəsizliyi və milli maraqları baxımından obyektiv reallığa əsaslanır.

 

 

Səttar Mehbaliyev,

Azərbaycan Həmkarlar

İttifaqları Konfederasiyasının

sədri, Milli Məclisin deputatı

 

Azərbaycan.-2009.- 10 fevral.-S.5.