Ümummilli lider Heydər Əliyevin həyat fəlsəfəsi və peşəkarlıq məktəbi milli təhlükəsizlik orqanlarının fəaliyyətinin əsas prinsipləridir

 

Azərbaycanı XX yüzilliyin sonlarında düşdüyü xaos və anarxiyadan çıxarıb harmoniya və nizam məcrasına salan, ölkədə ictimai-siyasi sabitliyi təmin edən, XXI yüzillikdə dünyanın sivil dövlətləri ilə yanaşı addımladan dahi siyasətçi, ümummilli lider Heydər Əliyev əmək fəaliyyətinə təhlükəsizlik orqanlarında başladı və leytenantdan generala, əməliyyat müvəkkilindən sədr vəzifəsinə qədər yüksəldi. Heydər Əliyevin sədr vəzifəsinə gəlişi ilə hər şeydən əvvəl, Azərbaycan SSR DTK-nın rəhbərliyində səriştəli, təcrübəli və peşəkar əks-kəşfiyyatçı, təhlükəsizlik sisteminin iş mexanizminə bələd olan, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli-mənəvi irsinə, amallarına sadiq və onun mənafelərinin təminatçısı olan azərbaycanlı dayanırdı. Milli kökə və yaddaşa bağlı bir şəxs kimi o, 1950-ci illərdən başladığı azərbaycanlılaşdırma prosesini səlahiyyətləri çərçivəsində daha da inkişaf etdirdi. Məhz onun səyi nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı xeyli artırıldı. Bununla da azərbaycanlılaşmanın əsası qoyuldu.

Azərbaycan xüsusi xidmət orqanlarında milliyyətcə azərbaycanlı olan kadrların yerləşdirilməsi prosesi Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olanda da davam etdi. Belə ki, 1981-82-ci illərdə, yəni Moskvaya - Sov. İKP MK Siyasi Bürosuna getmə ərəfəsində belə o, milliləşməyə xüsusi fikir verirdi. Heydər Əliyev Azərbaycanın vilayət, şəhər, rayonlarından siyasi və işgüzar keyfiyyətlərinə görə seçilən gənclərin DTK-ya yerləşdirilməsi məqsədilə Azərbaycan təhlükəsizlik orqanlarının rəhbərliyinə göstəriş verirdi ki, onlarla azərbaycanlı DTK-ya işə götürülsün və əməliyyat işinin sirlərinə dərindən yiyələnmək üçün SSRİ DTK-nın ali məktəblərinə göndərilsin.

Xüsusilə vurğulanmalıdır ki, Heydər Əliyev siyasətində milliləşmə sadəcə azərbaycanlılaşdırma deyil. Dahi öndər öz çıxışlarında azərbaycanlılaşdırma ilə milliləşdirmənin sədlərini və sərhədlərini də dəqiq müəyyənləşdirmişdir. Azərbaycanlılaşdırmanın mahiyyətində statistika, quru rəqəm, kəmiyyət, milliləşmənin ideya-siyasi fəlsəfi kökündə isə milli təfəkkür, milli şüur, milli düşüncə, milli əxlaq, milli xarakter, milli genetik kod, milli mənəvi sərvət, müstəqil ana torpaq və nəhayət, AZƏRBAYCANÇILIQ məfkurəsi dayanır. Heydər Əliyev "Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir" deyərkən əslində milliliyin kriteriyalarını göstərir və onun mənəvi coğrafi hüdudlarını müəyyənləşdirirdi.

Ulu öndər 1997-ci ildə təhlükəsizlik orqanlarının əməkdaşları ilə görüşündə bildirirdi ki, sovetlər dönəmində bəlkə də Kənd Təsərrüfatı Nazirliyində milliləşməyə o qədər ehtiyac yox idi, amma dövlət təhlükəsizlik orqanlarında bu çox vacib məsələ idi. İmperiyanın mövcudluğu dövründə milliləşmənin nə qədər çətin olduğunu görən Heydər Əliyev bu xüsusda deyirdi: "DTK-da işləyərkən çox şey görmüşdüm. Moskvanın təktərəfli türk millətlərini əsarətdə saxlamaq siyasəti olduğunun ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də, həyatda buna imkan yox idi. Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Moskvaya qarşı çıxmağım, toqquşmağım mümkün deyildi.

Yavaş-yavaş mən də xalqımın, doğma millətimin milli hisslərini, milli şüurunu oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli oyanışını, silkinməyini reallaşdırmaq arzusunda idim. Bu işləri Moskvaya hiss etdirmədən, onu narahat etmədən, onu ayıq və oyaq salmadan görmək istəyirdim".

Ümummilli lider Heydər Əliyev göstərirdi ki, tarixi şəxsiyyətlərin yalnız milli yaddaşda və ya ümumtürk dünyasında yaşarlığı ilə kifayətlənmək olmaz. Onu milli yaddaşdan bəşəri yaddaşa ötürmək lazımdır: "Bizim milli mədəniyyətimiz, elmimiz çox zəngindir. Biz Nizamidən, Fizulidən danışarkən onları tək şair kimi deyil, böyük filosof kimi, dünyaya, dünya mədəniyyətinə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq". Görkəmli dövlət xadimi Heydər Əliyevin fəlsəfi-siyasi baxışlar sisteminə görə milli özünüdərk özgə, yad, qeyri-milli olanları inkar etmədən, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri mənimsətməkdən, yaymaqdan və yaşatmaqdan ibarətdir.

Göründüyü kimi, Heydər Əliyev milli maraqların həyata keçirilməsində və təmin olunmasında hissə, emosiyalara deyil, ağıla, intellektə, müdrikliyə, diplomatiyaya üstünlük verir. Milli şüuru oyatmağı önə çəkir. Çünki yaddaş və genetik kod itəndə və ya zədələnəndə mənəvi əxlaqi dəyər və sərvət də, dövlətçilik də şübhə altına alınır. Dövlətçilik ənənələri tarixin sınağından zədəsiz və fəsadsız çıxanda tarixə sədaqətini yenidən ifadə edir, yaddan gələn Kirovabadı Gəncəyə, Jdanovu Beyləqana, Qutqaşeni Qəbələyə, İliçi Şərura, Əli Bayramlını Şirvana, Xanları Göygölə - öz ilkin adına və ünvanına qaytarır, şübhəsiz ki, bütün bunlar özünün təsdiq və təsbitini yalnız müstəqillikdə tapır. Tarixi təcrübə də göstərdi ki, ədəbi-mədəni irsi, milli təfəkkürü və milli ruhu müdafiə, eyni zamanda mühafizə etməyin ən yaxşı forması müstəqil milli dövlətdir. Elə Heydər Əliyev də əvəzsiz xidmətlərinin zirvə məqamına xalqın, millətin milli maraqlarına xidmət edən dövlət quruculuğunda, dövlətçilikdə və milli müstəqillikdə çatır.

1993-cü ildən başlayaraq ölkədə dövlət quruculuğunun möhkəmləndirilməsi, sosial-psixoloji tənəzzülün və siyasi gərginliyin tədricən aradan qaldırılması, geniş demokratik-hüquqi dövlət quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi. Heydər Əliyev yalnız dövlətin hərbi, siyasi, ekoloji, iqtisadi, informasiya təhlükəsizliyini təmin etməklə kifayətlənmədi, eyni zamanda tarixi dövlətçilik ənənələrinin bərpası və onun inkişafı işini paralel apardı və beləliklə də, Azərbaycanın bütöv təhlükəsizlik sistemini yaratdı. Möhtərəm Prezidentimiz İlham Əliyev öz növbəsində Heydər Əliyevin çoxillik siyasi təcrübəsinin məhsulu olan bu sistemi "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunları, "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası" və sair bu kimi vacib hüquqi-normativ aktlarla daha da inkişaf etdirdi və zənginləşdirdi.

Ümummilli lider Heydər Əliyev təhlükəsizlik orqanlarının əməkdaşlarının qarşısında mühüm tələblər qoyurdu və bu tələblər ulu öndərin dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində özünə qarşı qoyduğu tələblərlə eyniyyət təşkil edirdi.

Bu tələblər hər hansı bir alimin və ya ziyalının elmi-nəzəri baxışlarının məntiqi nəticəsi deyildi, tarixin sərt sınağından çıxmış, əməli fəaliyyətdə süzgəcdən keçirilmiş, filtirasiya olunmuş dahi bir siyasətçinin, müdrik bir şəxsiyyətin yaşam tərzinin, praktik düşüncələrinin məhsulu idi. Ulu öndərin təhlükəsizlik orqanlarının qarşısında qoyduğu tövsiyələr nədən ibarətdir və ya o, təhlükəsizlik orqanlarının əməkdaşlarında hansı mənəvi keyfiyyətləri görmək istəyirdi?

Elmi araşdırmalar göstərir ki, ulu öndərimiz siyasi fəaliyyətində klassik mədəni abidələrə, adət-ənənələrə, eyni zamanda irslə-varis, köklə-zirvə arasındakı genetik, tipoloji əlaqələrə böyük önəm verirdi. Tarixi təcrübədən məlumdur ki, dünənlə bugün arasındakı əlaqə qırılanda, rabitə itəndə sabaha inam və ümid də azalır. Əks təqdirdə biz gələcəyə formalaşmış, yüzilliklərin sərt sınağından çıxmış, yaşantıların işığında deyil, kor-koranə, naşı adamlar kimi gedərik. İrslə varisin, əcdadla babanın tarixə bələdçiliyindən imtina isə bizi daim uçuruma aparar və biz tarixdən böyük itkilərlə, təkrarlanan vahid stereotiplərin vurduğu zərbələr və zədələrlə ayrılarıq. Bunlar bir daha göstərir ki, millilik amili unudulmamalı, xüsusilə dövlət quruculuğunda bəşəriyyətin əldə etdiyi nailiyyətləri mənimsəməklə yanaşı, milli mentalitetə xüsusi diqqət yetirilməlidir. Şübhəsiz ki, irs və varis əlaqələrini öyrənmədən milli əxlaqımızı yaşadıb müasir dövlətçiliyimizə tətbiq edə bilmərik. Ümummilli lider Heydər Əliyev haqlı olaraq göstərirdi ki, milli dövlət o zaman yaranır və əbədi olur ki, mentalitetə söykənir, tarixi ənənələrin üzərində bərqərar olur. Ulu öndər Heydər Əliyevin xalqın milli maraqlarının, konstitusion hüquqlarının təhlükəsizliyi keşiyində dayanan xüsusi xidmət orqanları əməkdaşlarının qarşısında qoyduğu ən ümdə tövsiyələrdən biri xalqın əsrlərlə yaratdığı və yaşatdığı sərvətlərə sədaqətlə yanaşmaq prinsipidir. O, NKVD dövründə buraxılmış səhvləri nəzərdə tutaraq deyirdi ki, 1920-1950-ci illərdə bu xalqın başına olmazın müsibətlər açılıb, görkəmli şəxsiyyətlərimiz və milli-mənəvi dəyərlərimiz məhv edilib. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tarixdən ibrət dərsi götürməli və keçmişdə buraxılmış səhvlərin bir daha təkrar olunmasına yol verməməlidirlər.

Heydər Əliyevin Azərbaycanın xüsusi xidmət orqanlarının qarşısında qoyduğu vacib tövsiyələrindən biri və birincisi "şəxsiyyətin kamilliyi" və "özünüdərki" problemi idi. Millət özünüdərk səviyyəsinə qalxa bilmədikdə, xalqın özündə kamilləşmə prosesi getmədikdə ən böyük zərbə milli müstəqilliyə dəyir. Şəxsiyyətin kamilləşməsi və özünüdərki üçün ilkin ünvan heç şübhəsiz ki, məktəb və müəllimdir. Yaddaşdan nadanlığı - qara kölgəni və ləkəni təmizləyib münbit hala salan ona kamillik - intellekt və işıq toxumu səpən də elə məktəb və müəllimdir. Həmişə və hər yerdə məktəbi və müəllimi uca tutan Heydər Əliyev təhlükəsizlik orqanlarının əməkdaşları ilə görüşündə deyirdi: "Sizin məktəbiniz var, bu məktəbin işinə fikir verməlisiniz. Çox ciddi məsələdir. Mən deyə bilərəm ki, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çox yüksək səviyyəli ali məktəbləri vardı, çox yüksək səviyyəli biliklər verirdilər. Mən özüm biliklərin əksəriyyətini həmin o ali məktəblərdə almışam. Mən Leninqradda oxuyarkən təkcə o ali məktəbin müəllimləri deyil, Leninqrad Universiteti professorlarının əksəriyyəti bizim ali məktəbdə mühazirələr oxuyurdu - həm tarixdən, həm fəlsəfədən, həm ədəbiyyatdan, həm mədəniyyətdən, həm dildən, həm coğrafiyadan, bütün başqa fənlərdən, xüsusən humanitar fənlərdən. Sizin belə məktəbiniz olmalıdır, kadrlar hazırlamalı, işləyən kadrları təkmilləşdirməlisiniz. Amma o məktəblərdə dərs verənlər də çox səviyyəli adamlar olmalıdır".

İnsanın, təbiətin və cəmiyyətin təhlükəsizliyi də bu məktəblərdəki səviyyədən, verilən təlim və tərbiyədən, bilik və bacarıqlardan, nümunəviliyə necə riayət etmək prinsiplərindən asılıdır. Sivilləşmənin, müasirləşmənin, qloballaşmanın da ilkin mənbəyi məktəb və oradakı müəllimlərin səviyyəsidir. Müəllim nə qədər yüksək biliyə, geniş erudisiyaya və təcrübəyə malik olsa, onun yetirmələri də gələcəkdə bir o qədər peşəkar olar. Ulu öndər qeyd edirdi ki, öz peşəkarlıq səviyyənizi yüksəltmək sizin vəzifəniz olmalıdır. Bu, hər bir ölkənin təhlükəsizlik orqanı üçün vacib olan amildir. Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar əhval-ruhiyyə olsun, peşəkar kadrlar və iş üslubu olsun.

Dünənlə-keçmişlə və müasir-çağdaş zaman, yəni imperiya ilə müstəqil dövlətin təhlükəsizlik orqanları arasında tarixi tipoloji müqayisələr aparan ulu öndər Heydər Əliyev bildirirdi ki: "Keçmişdə sovet NKVD-sinin ən böyük günahlarından biri o idi ki, orada işləyən adamların əksəriyyəti çox dar çərçivədə düşünən adamlar idi... Əksəriyyəti mədəniyyətdən kənar adamlar idi, ədəbiyyat, mədəniyyət nə olduğunu bilmirdi. Ədəbiyyatı, mənəviyyatı, musiqini, tarixi yaxşı bilməyən adam peşəkar təhlükəsizlik işçisi ola bilməz. Bilirsiniz, təhlükəsizlik işçisi adi işçi deyil, - bu işçi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, gərək şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz".

Göründüyü kimi, o, ünsiyyət mədəniyyətinə də təhlükəsizlik orqanlarının əsas keyfiyyətlərindən biri kimi baxır və bu mədəniyyəti, əməkdaş davranışını, etik münasibət qaydalarını inkişaf etdirməyi vacib sayırdı. Ünsiyyət mədəniyyəti nə qədər yüksək olarsa, həmin əməkdaş da bir o qədər keyfiyyətli işçi olar. Ulu öndərin təhlükəsizlik orqanları əməkdaşlarının qarşısında qoyduğu digər mühüm məqam isə milli-mənəvi dəyərləri uca tutmaq və onlara dərindən bələd olmaq idi. Heydər Əliyevin fikrincə, təhlükəsizlik orqanlarının əməkdaşının maraq dairəsi olduqca geniş olmalı, o, xalqın yaratdıqlarına və millətin mütəfəkkir şəxsiyyətlərinə - şairə, bəstəkara, yazıçıya, alimə, rəssama, hətta cəmiyyətdə ictimai yükə malik olan adi vətəndaşlara da qiymət verməyi, onlarla ünsiyyət qurmağı bacarmalıdır. Elə təhlükəsizlik orqanlarının əməkdaşlarını yüksək mədəniyyətli, həssas və zəkalı, səriştəli və peşəkar işçiyə çevirən əsas xüsusiyyətlər də bunlardır.

Heydər Əliyev intellektin, mənəvi zənginliyin növbəti mərhələsi kimi təvazökar olmağı önə çəkir. Təvazökarlığa özünü və özgəni dərk üçün ən yüksək insani keyfiyyət kimi baxırdı. Şübhəsiz ki, yüksək intellektə və təvazökarlığa malik olan insan digərlərinin də hüquqlarını qorumağı, ədalətli olmağı bacarır. O deyirdi: "Sizin ən əsas məqsədiniz ondan ibarətdir ki, heç bir vətəndaşa qarşı ədalətsiz hərəkət edilməsin. Hər bir vətəndaşın hüquqlarının qorunması bizim dövlətimizin və prezident kimi mənim vəzifəmdir. Bu vəzifənin də böyük bir hissəsini siz həyata keçirməlisiniz. İnsanların hüquqlarının qorunması, təhlükəsizliyin təmin olunması, təkcə dövlətin yox, cəmiyyətin, xalqımızın da təhlükəsizliyinin təmin edilməsi sizin vəzifənizdir".

Ümummilli lider növbəti vəzifələrdən biri kimi nizam-intizamı önə çəkir və bildirirdi: "Nizam-intizam Milli Təhlükəsizlik Nazirliyinin işinin əsasını təşkil edən amillərdən biridir. Siz hərbi qulluqdasınız. Hərbi qulluq birinci növbədə nizam-intizam üzərində qurulur. Nizam-intizam gündən-günə möhkəmlənməlidir. Milli Təhlükəsizlik Nazirliyində işləyən sıravi adam da, zabit də, rəhbər işçi də bilməlidir ki, nizamnamə, Konstitusiya, Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsi sizin üçün rəhbər və istiqamətverici sənədlərdir".

Bu tövsiyənin dərindən dərk edilməsi və hər bir əməkdaşa aşılanması fəaliyyətin düzgün təşkili, şəxsi həyat arasında münasibətlərin qurulması, subordinasiya qaydalarına riayət olunması işində vacib amillərdəndir. Xidmət və icra intizamı insanı səfərbər edir, qanunçuluğa, nizamnamə qaydalarına ciddi riayət olunmasına və bunu başqalarından da tələb etməyə çağırır.

İnsani keyfiyyətləri bütün vəzifələrdən uca tutan ulu öndər bildirirdi ki, vəzifə insana heç bir şey vermir, sadəcə olaraq, səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır. Əgər bunlar varsa, vəzifə səlahiyyətindən dövlətin mənafeyinə, özünün xeyrinə istifadə edə bilər. Yoxdursa, edə bilməyəcəkdir, insanları çolaq, şikəst edəcəkdir.

Ümummilli lider törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin əhəmiyyəti ilə yanaşı, humanizm prinsiplərindən bir addım belə geri çəkinməyin yolverilməzliyini, insan taleyinə həssas münasibətin vacibliyi amilini rəhbər tuturdu.

Və nəhayət, Heydər Əliyev etdiyi tövsiyələrin hansı böyük amallara xidmət edəcəyini də açıb göstərir və deyirdi ki, "əsas vəzifə xalqa, millətə, müstəqil Azərbaycan dövlətinə sədaqətdir. Milli Təhlükəsizlik Nazirliyinin hər bir işçisi sədaqət andı içməlidir. Ancaq bu and təkcə sözdə olmasın, qəlbdə olsun. Milli təhlükəsizlik orqanının hər bir işçisi hər dəqiqə, hər saniyə bilsin ki, andı qarşısında məsuliyyət daşıyır. O, anasına, doğma torpağına, Azərbaycan xalqına, millətinə, Azərbaycanın Konstitusiyasına and içməlidir... Vətənə, millətə, dövlətə sədaqət sizin işinizin əsas devizidir. Arzu edərdim ki, müstəqil Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin müasir nəsli və gələcək nəsli Azərbaycanın müstəqilliyini qoruyub yaşatmaq, Azərbaycanı bu ağır, böhranlı vəziyyətdən - erməni təcavüzündən çıxarmaq və bütün çətin proseslərdən çıxarmaq üçün vətənə, millətə, xalqa sədaqət hissləri ilə yaşasın.

Arzu edərdim ki, siz öz fəaliyyətinizi daim gücləndirəsiniz və Azərbaycan xalqının, dövlətinin qarşısında duran böyük, taleyüklü vəzifələrin həyata keçirilməsinin fəal iştirakçısı olasınız".

O da qeyd olunmalıdır ki, möhtərəm siyasi xadim Heydər Əliyevin ömür yolu öz xalqına, bölgədə və bütün dünyada sülhə və sabitliyə xidmətin nümunəsidir. Qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin tərəqqisi yolunda Heydər Əliyevin həyat prinsipləri həmişə ədalət, sülh, əmin-amanlıq və xalqın rifahı, dövlətin qüdrətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi olmuşdur. O səbəbdən Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı xalqımız tərəfindən daim uca tutulur.

Bu gün əsası və fəaliyyət prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun istiqamətləri müəyyənləşdirilmiş milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində Azərbaycanın milli təhlükəsizlik orqanları general-leytenant Eldar Mahmudovun rəhbərliyi ilə ön sıralarda gedir, cəmiyyətdə geniş təqdir olunan uğurlar qazanırlar.

Ümummilli lider Heydər Əliyevin peşəkarlıq irsinə, müstəqillik və dövlətçilik amallarına sonsuz sədaqət, möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın qüdrətlənməsi naminə bütün qüvvə və imkanları səfərbər etmək, sabitliyin dönməzliyini qoruyub saxlamaq və hərtərəfli təhlükəsizliyə nail olmaq ulu öndərin tövsiyələrini yerinə yetirmək, milli maraqlara xidmət etmək deməkdir.

 

 

Samir Sultanov,

MTN-in idarə rəisi, polkovnik

 

Azərbaycan.-2009.-13 fevral.-S.4.