Konstitusiyaya əlavə və dəyişikliklər xalqın mənafeyinə əsaslanır

 

Tarix boyu konstitusiya hər bir xalqın sabit və davamlı inkişaf yolunu beynəlxalq hüquq normaları əsasında formalaşdıran ali sənəd olmaqla yanaşı, ayrı-ayrı dövlətlərin siyasi sistemini müəyyənləşdirmiş ümumbəşəri demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına münasibətini özündə ehtiva etmişdir. Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru müstəqillik idealına qovuşduqdan sonra dövlətçiliyin mühüm atributu olan milli Konstitusiyanı referendum yolu ilə qəbul etmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, eləcə də insan hüquq və azadlıqlarının prioritetliyini özü üçün tam yəqinləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən əsas qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir.

 

Ulu öndərin "şah əsəri"

 

Ümumbəşəri demokratik dəyərlərə əsaslanan Azərbaycan Konstitusiyası respublikanın gələcək inkişaf prioritetlərini dəqiq şəkildə müəyyənləşdirmiş, mütərəqqi prinsiplər əsasında addımlamasına real zəmin yaratmışdır. Konstitusiyada Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq başlıca məqsədlər kimi irəli sürülmüşdür. Xalqın iradəsinin ifadəçisi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, bəşəri dəyərlərə sadiqlik göstərərək bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyəti təcəssüm olunmuşdur. Xalqın tarixi gələcəyi, tərəqqisi və inkişafı üçün böyük əhəmiyyət kəsb edən bu fundamental sənədin hazırlanmasında ulu öndər Heydər Əliyevin xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 10-da keçirilmiş iclasında dərin məzmunlu nitq söyləyən Heydər Əliyev demişdir: "Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz Azərbaycanın bugünü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış konstitusiyadır. Konstitusiya layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır".

Azərbaycan Respublikası Konstitusiyasını əvvəlki əsas qanunlardan fərqləndirən mühüm xüsusiyyətlərdən biri də onun sadəcə olaraq konkret niyyətləri ifadə edən bəyannamə deyil, ayrı-ayrı vətəndaşların, bütövlükdə, dövlətin və cəmiyyətin qanuni maraqlarının və mənafelərinin real təminatına imkan verən Əsas Qanun olmasındadır. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyanın 48 maddəsinin və yaxud üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ümummilli lider Heydər Əliyevin yüksək daxili demokratizmini, insanpərvərliyini bir daha təsdiqləyir. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquqi islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Əsas Qanunda insan hüquq və azadlıqlarına geniş yer verilməsi həm də Azərbaycan dövlətinin demokratik ənənələrə, insan hüquqları ideyasına əməl etmək, vətəndaş cəmiyyətinə qovuşmaq niyyətinin ifadəsinə çevrilmişdir.

 

İnsan hüquqlarına etibarlı təminat mexanizmi

 

Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunmuşdur. Konstitusiya bu deklorativ norma ilə kifayətlənməyərək, başqa bir maddədə insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoymuşdur.

Əsas Qanunun birinci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyanın 4-cü maddəsində vurğulanır ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa, heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. 6-cı maddədə göstərilir ki, Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Həmin maddənin 2-ci bəndində hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayət kimi xarakterizə olunmuşdur. Bu müddəalar ölkədə hakimiyyətin xalqa məxsus olduğunu və demokratiyanın respublikanın yeganə inkişaf strategiyası kimi qəbul edildiyini göstərir.

Hüquqi dövlətin mühüm prinsipi kimi çıxış edən hakimiyyət bölgüsü, Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin III hissəsində birbaşa göstərişlə təsbit olunmuşdur. Konstitusiyada qanunverici, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri, hüquq və vəzifələri dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarının qorunması məsələsinin dövlətin prioritet vəzifələrindən biri olduğunu təsbit etmişdir. Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 24-cü maddəninin 1-ci bəndində isə qeyd olunur ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları var. Azərbaycan dövləti ölkə ərazisində yaşayan bütün vətəndaşların toxunulmazlıq hüququnu tanıyır və bu hüququn qorunmasına təminat verir. Təbii ki, bu azadlıqlar sərhədsiz deyildir - həmin maddənin 2-ci bəndində bildirilir ki, hüquq və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də özündə ehtiva edir. Yəni, hər bir vətəndaşın hüquq və azadlıqları digər vətəndaşın hüquq və azadlıqlarının başladığı yerdə qurtarır. Heç bir şəxsin öz toxunulmazlıq hüququndan istifadə edərək digərlərinin hüquqlarını pozmasına yol verilmir.

Əsas Qanuna görə, hər bir şəxsin öz hüquqlarını və azadlıqlarını qanunla qadağan olunmayan vasitələrlə müdafiə etmək hüququ var və bununla bərabər, dövlət özü də bu hüquq və azadlıqların qorunmasına real təminat verir. Yəni, Azərbaycan dövləti bütün vətəndaşlara münasibətdə məhz bu prinsipdən çıxış edir. Bu hüquq və azadlıqların əhatə dairəsi olduqca genişdir. İnsan hüquq və azadlıqları anlayışı yaşamaq hüququ, əmək hüququ, istirahət hüququ, tətil hüququ, sosial təminat hüququ, təhlükəsizlik hüququ, mənzil toxunulmazlığı hüququ, təhsil hüququ, milli mənsubiyyət hüququ, fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ və başqalarını əhatə edir.

Şəxsi toxunulmazlıq hüququ Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquqlarından biri kimi əksini tapmışdır. 32-ci maddədə qeyd olunur ki, hər kəsin şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var və qanunla nəzərdə tutulmayan hallardan başqa, heç bir vətəndaşın həyatına müdaxilə edilə bilməz. Əsas Qanuna görə öz razılığı olmadan heç kəsin şəxsi həyatı haqqında məlumat toplanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu müddəa insanların şəxsi toxunulmazlıq hüququnun ən vacib elementlərindən biridir. Azərbaycan dövləti bütün vətəndaşların bu hüququnun qorunmasına təminat verir və onların şəxsi həyatına müdaxilənin yolverilməz olduğunu bəyan edir.

Sosial təminat hüququ da Əsas Qanunda vacib insan hüquqlarından biri kimi qeyd olunmuşdur. 38-ci maddədə göstərilir ki, hər kəsin sosial təminat hüququ var və ehtiyacı olanlara yardım etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur. Azərbaycan dövləti bütün vətəndaşların sosial hüquqlarının qounmasını da özünün ali vəzifələrindən biri kimi qiymətləndirir. 38-ci maddənin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Ümumilikdə, Konstitusiyada əksini tapmış bu və digər müddəalar onun demokratikliyini, ümumbəşəri dəyərlərə, beynəlxalq konvensiyalara tam cavab verdiyini bir daha təsdiqləyir.

 

Zamanla səsləşən islahat

 

Hüquq cəmiyyətin iradəsinin sanksiyalaşdırılmış forması olduğundan, ictimai həyatın ən müxtəlif sahələrində özünü göstərən yeniliklər onun xarakterində təkmilləşmə və müasirləşməni obyektiv zərurət kimi ortaya çıxarır. Eləcə də iqtisadi inkişaf tempinə adekvat olaraq insanların demokratik-siyasi şüurunda baş verən kardinal dəyişikliklər cəmiyyətin hüquqi bazasının əsasını, istinad mənbəyini təşkil edən Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsinə obyektiv tələbat yaradır. Bu baxımdan, Azərbaycan Konstitusiyasına hələ 2002-ci ilin 24 avqustunda ümumxalq referendumu əsasında edilmiş bir sıra əlavə və dəyişikliklər cəmiyyətin sosial sifarişindən, ictimai münasibətlər sisteminin xarakterindən irəli gəlirdi. 2000-ci ildən Azərbaycan Respublikasının beynəlxalq birliyə inteqrasiyasının güclənməsi, habelə hüquqi-siyasi sahələrdə əhəmiyyətli dəyişikliklərin baş verməsi cəmiyyətin fundamental hüquqi əsasını təşkil edən Konstitusiyanın özünün də təkmilləşdirilməsini aktual məsələyə çevirmişdi. Əgər Əsas Qanuna dəyişiklik tarixi zərurətdən, ictimai tələbatdan irəli gəlməklə proqressiv nəticələrə imkan yaradırsa, yalnız onun sabitliyini və dəyişilməzliyini əsas gətirərək qanunvericilik islahatlarından imtina etmək heç bir halda mütərəqqi addım kimi qiymətləndirilə bilməz.

24 avqust 2002-ci il tarixli referendumda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendum aktına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilmişdir. Əsas qanuna təklif olunan prinsipial dəyişikliklər proporsional seçki sisteminin ləğvini, fövqəladə hallarda prezident səlahiyyətlərinin baş nazirə keçməsini, eləcə də prezident seçkilərinin nəticələrinin səs çoxluğu - "50+1" prinsipi ilə hesablanmasını nəzərdə tuturdu. Eyni zamanda, konstitusiya islahatları hökumətin Milli Məclis qarşısında hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, alternativ hərbi xidmət növünün formalaşdırılması və Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malik olması, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması kimi vacib məsələləri əhatə edirdi. Bu və digər dəyişikliklər cəmiyyətin inkişafından doğan, Konstitusiyanın, qanunların, bütövlükdə, hüquq sisteminin təkmilləşdirilməsinə, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsinə və insan hüquqlarının daha səmərəli müdafiə edilməsinə xidmət etmiş, Əsas Qanunun çox mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsinə səbəb olmuşdur.

Referendum nəticəsi kimi, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutunun təşkili və fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar Konstitusiyada əksini tapmışdır. Konstitusiyada ilk dəfə olaraq hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət vermək hüququ təsbit olunmuşdur.

 

Konstitusiya islahatlarının keyfiyyətcə yeni mərhələsi

 

Demokratiya sonu və son imkanları görünməyən mütərəqqi, sivil, dünyəvi inkişaf yoludur. Demokratik quruluşun başlıca cəhətləri dövlətin hüquqla bağlılığından, dövlət hakimiyyətinin hüquqla məhdudlaşdırılması və ona tabe etdirilməsindən, vətəndaşların dövlət orqanlarının hər hansı mümkün özbaşınalıqlarından səmərəli müdafiəsinin təşkili ilə bağlıdır. İnsana, onun hüquq və azadlıqlarına hörmətlə yanaşma, vətəndaşlarının müdafiəsinin təmini hər bir demokratik dövlətin mühüm vəzifələrindən biridir. Bu da, öz növbəsində, insan və vətəndaşın əsas hüquqları və azadlıqları, habelə onların real təminatları sisteminin təkmilləşdirilməsinə və səmərəli fəaliyyət göstərməsinə şərait yaradır.

Müasir nəzəriyyələr birmənalı təsdiqləyir ki, hər bir dövlətdə demokratikləşmə prosesinin uğurla həyata keçirilməsi üçün ilk növbədə, insan azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biri də fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin təşəkkülü, xüsusi mülkiyyət formasının genişlənməsi, orta sahibkarlar sinfinin mövqelərinin möhkəmlənməsidir. Eyni zamanda, bu mühüm iqtisadi faktorların inkişafı üçün ümumi daxili məhsulun müəyyən bir səviyyəyə yüksəlməsi vacib məsələlərdən biri hesab olunur. Tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin son beşillik fəaliyyəti ölkədə demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirmiş, cəmiyyətdə demokratik norma və prinsiplərin daha düzgün qavranılmasına, habelə siyasi-hüquqi liberallaşmaya xidmət edən islahatların aparılmasına əlverişli imkanlar açmışdır.

Belə bir mühüm mərhələdə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı 2009-cu il martın 18-də təyin edilmiş referendum aktı da tamamilə təbii və məntiqəuyğun olub, ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir. Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirir. Referendum aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır. Konstitusiyaya təklif edilən 29 əlavə və dəyişikliyin əksəriyyəti insan hüquq və azadlıqları ilə bağlıdır və bu da Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən siyasətin insanpərvər və humanist səciyyə daşıdığını göstərir.

Cəmiyyət üçün aktual olan bir sıra prinsipial əhəmiyyətli müddəalar üzərində apardığımız təhlillər bunu bir daha təsdiqləyir. Konstitusiyanın 12-ci, 15-ci, 17-ci maddələrinə təklif edilən əlavə və dəyişikliklər daha çox Azərbaycanın üstünlük verdiyi sosial-liberalizm xəttinin xarakterindən, dövlətin sosial yönümlü siyasətinin daha dolğun, hərtərəfli təmini, habelə uşaq hüquqlarının qorunması istəyindən irəli gəlir. Məsələn, 12-ci maddəyə təklif olunan dəyişikliyə görə, insan və vətəndaş hüquqları və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi" də dövlətin ali məqsədi kimi təsdiq edilir. 15-ci maddənin II hissəsinə təklif edilən dəyişikliyə görə, Azərbaycan dövləti bazar münasibətləri əsasında "sosial yönümlü" iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

17-ci maddəyə təklif olunan əlavə və dəyişikliklər isə respublikamızın hazırkı iqtisadi inkişaf mərhələsində uşaq hüquqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmaq, uşaq əməyinin istismarı hallarına qarşı mübarizəni daha da gücləndirmək məqsədi güdür. Hazırkı variantda uşaq hüquqları ilə bağlı yalnız o göstərilir ki, "Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir". Bu müddəa bütün sahələrdə sürətlə inkişaf etmiş Azərbaycanda uşaq hüquqlarınun müdafiəsi baxımından yetərli sayıla bilməzdi. 17-ci maddəyə edilən 2 mühüm əlavənin mahiyyətinə nəzər saldıqda bu reallıq bir daha təsdiqini tapır. Birinci əlavədə qeyd olunur ki, "Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadırlar". İkinci əlavəyə görə, "Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır". Hər iki müddəa Azərbaycanda uşaq hüquqlarının qorunmasında dövlətin məsuliyyətini daha da artırır, bu sahədə möhkəm hüquqi baza yaradır.

Konstitusiyanın 32-ci maddəsinə (Şəxsi toxunulmazlıq hüququ) təklif edilən dəyişiklik isə mahiyyətcə hər bir vətəndaşın şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına, bu sahədə prinsiplərin daha da dəqiqləşdirilməsinə xidmət edir. Bu maddəyə edilən dəyişiklik daha çox kütləvi informasiya vasitələri ilə cəmiyyət, habelə dövlət məmurları arasında münasibətlərin sivil, qanunauyğun məcrada tənzimlənməsi, ciddi jurnalistikanın nüfuzuna xələl gətirən "reket qəzetlər"ə qarşı qanun çərçivəsində mübarizənin gücləndirilməsi baxımından da, son dərəcə aktualdır. Son 10 ildə respublikada kütləvi informasiya vasitələrinin fəaliyyətinin müstəqilliyi, azad sözün tam bərqərar olması istiqamətində prinsipial addımlar atılmış, senzura ləğv olunmuş, mətbuata hərtərəfli dövlət qayğısı göstərilmişdir. Buna baxmayaraq, jurnalisti peşə etikası normalarına və qanunlara hörmətsiz yanaşan, ölkədəki liberal-demokratik mühitdən sui-istifadəyə yol verən bir sıra "reket qəzetlər", o cümlədən ifrat siyasiləşmiş bəzi müxalifət qəzetləri insanların şərəf və ləyaqətinə toxunan materiallar dərc edirlər. Ayrı-ayrı ziyalılar, ictimai-siyasi xadimlər, xüsusən də, dövlət məmurlarının barəsində həqiqətə uyğun olmayan və ya qeyri-qanuni şəkildə toplanan məlumatlar, gizli video və foto çəkilişlər, səs yazıları da müntəzəm olaraq şantajla məşğul olan həmin qəzetlərdə özünə yer tapır. 32-ci maddədə nəzərdə tutulan dəyişikliyə görə, qanunla müəyyənləşdirilən hallardan başqa, şəxsi və "ailə həyatına" müdaxilə etmək qadağandır. Digər mühüm əlavəyə görə, "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz". 32-ci maddəyə təklif edilən başqa bir prinsipial əlavə bundan ibarətdir ki, "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını tələb etmək hüququ vardır".

Konstitusiyanın 50-ci maddəsinə təklif edilən əlavə də mahiyyət etibarilə kütləvi informasiya vasitələri sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmişdir. Həmin maddənin III hissəsində yer alan əlavəyə görə, "Hər kəsin hüquqlarını pozan və ya mənafeyinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir." Məlumdur ki, insanların şərəf və ləyaqətinə toxunan, həqiqətə uyğun olmayan məlumatlar dərc edən bəzi qəzetlər zərərçəkmiş şəxsin təkzib vermək, yaxud barəsində səslənən ittihamı cavablandırmaq hüququnu kobud şəkildə pozurlar. Bu baxımdan, hər bir vətəndaşın barəsində KİV-də yayılmış həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatı təkzib etmək hüququnun konstitusion əsaslarının yaradılması son dərəcə mühüm yenilik kimi qeyd olunmalıdır.

Son beş ildə Azərbaycanda həyata keçirilən hüquqi islahatların mühüm istiqamətlərindən biri də məhz məhkəmə orqanlarının müstəqilliyinin təmin olunması, ədalət mühakiməsinin daha səmərəli, şəffaf mexanizmlər əsasında həyata keçirilməsidir. Bu da təsadüfi deyildir - dövlət başçısı İlham Əliyev ölkədə qanunçuluğun, hüquq qaydalarının təminatı baxımından məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini son dərəcə vacib sayır. Konstitusiyaya əlavə və dəyişikliklərin bir qisminin məhkəmələrlə əlaqəli olması da məhz bu məqsədlərə xidmət edir. 67-ci və 129-cu maddələrə təklif edilən əlavələr əhəmiyyətinə görə digərlərindən heç də geri qalmır. 67-ci maddəyə (Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları) təklif edilən prinsipial dəyişikliyə görə "cinayət törədilməsində ittiham edilənlər" ifadəsi "təqsirləndirilənlər" sözü ilə əvəz edilmişdir. 67-ci maddəyə edilən digər prinsipial əhəmiyyətli əlavəyə görə, "Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dindirilməlidir". Bu əlavə ilə məhkəmələrdə hər bir təqsirləndirilən şəxsin son söz deməsinin konstitusion əsası yaradılır.

 

Xalqın siyasi iradəsi daha üstündür

 

Konstitusiyanın 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) təklif edilən dəyişikliyə görə, hər 40 min Azərbaycan Respublikası vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi xalqın konstitusion hüquqlarının daha səmərəli təminatına və daha da genişləndirilməsinə xidmət edir. Bu mühüm əlavə 40 min vətəndaşa dövlət idarəçiliyinin və cəmiyyət həyatının ayrı-ayrı sahələri üzrə qanunamüvafiq təkliflərini, istək və niyyətlərini qanun layihəsi şəklində Milli Məclisin müzakirəsinə çıxarmaq imkanı yaradır. Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalq olduğundan belə bir mühüm müddəanın Konstitusiyada əksini tapması tamamilə məntiqlidir. Mövcud variantda isə Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

Konstitusiyanın 101-ci maddəsinin V hissəsinə edilən əlavə və dəyişikliklər də mahiyyətcə demokratik norma və prinsiplərlə tamamilə uzlaşmaqla, respublikamızın hazırkı inkişaf tempi ilə səsləşir. Müəyyən qüvvələr bu maddə ətrafında ajiotaj yaratmaqla Konstitusiyaya əlavə və dəyişikliklərin mahiyyətini konyunktur maraqlar müstəvisindən şərh etməyə, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət edən bu yeniliklərin mahiyyətini təhrif etməyə, bir sözlə, ictimaiyyəti çaşdırmağa çalışırlar. 101-ci maddədə nəzərdə tutulan əlavə və dəyişikliklər də respublikamızın sosial-iqtisadi, demokratik inkişafından irəli gəlir. Nəzərə almaq lazımdır ki, Konstitusiyamız qəbul edilərkən dövlətin sütunları hələ kifayət qədər möhkəm deyildi, insan hüquq və azadlıqlarının təminatı sahəsində müəyyən çatışmazlıqlar mövcud idi, iqtisadi, siyasi, hüquqi islahatlara start verilməmişdi. Həmin vaxt cəmiyyətdə kommunizm ideologiyasının təsiri, totalitar düşüncə elementləri özünü daha qabarıq büruzə verirdi. O zaman 101-ci maddənin Konstitusiyada nəzərdə tutulması, yəni, bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsi qarşısında müəyyənləşdirilən konstitusion baryer tamamilə məntiqəuyğun olub dövrün reallıqları ilə şərtlənirdi. Lakin ötən müddətdə Azərbaycanda elə siyasi-hüquqi, demokratik sistem formalaşmışdır ki, bu maddənin Konstitusiyada olub-olmaması elə də mühüm əhəmiyyət kəsb etmir. Ölkədə formalaşan yetkin siyasi düşüncə budur ki, hakimiyyətin yeganə mənbəyi xalqdır. Yalnız xalqın siyasi iradəsi ilə baş tutan demokratik, azad, şəffaf seçkilərdə deputat seçilmiş şəxs Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Bu baxımdan, hər hansı şəxsin iki dəfədən artıq prezidentliyə namizədliyini irəli sürməsi respublikada demokratik proseslərin mahiyyətinə heç bir təsir göstərmir. Son nəticədə kimin prezident seçiləcəyini xalq müəyyənləşdirir. Eyni zamanda, hazırda Azərbaycan insan hüquq və azadlıqlarının aliliyini, demokratikləşmə proseslərinin davamlı olaraq aparılmasını beynəlxalq birlik qarşısında mühüm öhdəlik kimi götürmüşdür. Respublikamızda çoxpartiyalı siyasi sistem formalaşmış, vətəndaş cəmiyyəti təsisatlarının, mətbuatın fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Demokratik proseslərin qaçılmazlığı siyasi hakimiyyət tərəfindən də birmənalı qəbul edilir. Hakimiyyət üzərində ictimai nəzarət mexanizmlərinin möhkəmlənməsi fonunda 101-ci maddənin 5-ci hissəsində nəzərdə tutulan əlavə və dəyişiklik heç bir tərəddüd doğurmur. Azərbaycanda cəmiyyətin siyasi və hüquqi təsisatlarının hazırkı inkişaf səviyyəsi, xalqın siyasi dünyagörüşü və seçim mədəniyyəti Konstitusiyada belə bir dəyişikliyin edilməsinə əlverişli imkan yaradır.

101-ci maddənin V hissəsinə təklif olunan dəyişikliyə görə, "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir". Şübhəsiz, müharibə şəraitində olan Azərbaycanın Konstitusiyasına belə bir mühüm əlavənin təklif edilməsi həm də 1991-1993-cü illərin bəzi acı reallıqlarına əsaslanır. Sirr deyildir ki, həmin illərdə siyasi hakimiyyət uğrunda amansız çəkişmələr, konyunktur xarakterli siyasi oyunlar son nəticədə cəbhə bölgəsində hərbi uğursuzluqlara, ərazilərimizin bir-birinin ardınca itirilməsinə gətirib çıxarırdı. Hazırda isə hərbi-siyasi və iqtisadi cəhətdən kifayət qədər güclənən və torpaqlarını istənilən yolla düşmən tapdağından azad etmək iqtidarında olan Azərbaycan eyni tarixin təkrarlanmasını qətiyyən arzulamır. Bu baxımdan, müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin hərbi əməliyyatların sonunadək uzadılması təklifi xalqın ümumi təhlükəsizliyi və milli maraqları baxımından obyektiv reallığa əsaslanır.

Ümumilikdə, "Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı demokratik xarakteri, insan hüquq və azadlıqlarına maksimum təminat yaratması ilə cəmiyyət tərəfindən də ciddiliklə dəstəklənir. Respublikanın gələcək inkişaf yoluna biganə olmayan bütün vətəndaşların bu referendumda fəal iştirak edəcəyi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edən əlavə və dəyişiklikləri birmənalı dəstəkləyəcəyi isə şübhəsizdir.

 

 

Abel Məhərrəmov

Bakı Dövlət Universitetinin rektoru,

akademik, Milli Məclisin deputatı

 

 

Azərbaycan.-2009.-17 fevral.-S.7.