İctimai etimada əsaslanan siyasət

 

İctimai inam siyasi fəaliyyətdə hər zaman böyük uğur və nailiyyətlərə yol açan amil olaraq xalqın yüksək etimad göstərdiyi liderlə sarsılmaz mənəvi bağlılığını təmin edir. Mənsub olduğu xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmaq, milyonlarla insanın rəğbətini qazanaraq liderlik səviyyəsinə yüksəlmək isə heç də hər bir rəhbərə nəsib olmur. Yalnız hakimiyyəti millətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən və bunu əməli fəaliyyəti ilə sübuta yetirən şəxsiyyətlər milyonlarla insanın iradəsi əsasında seçkilərdə uğur qazanaraq dövlətə rəhbərlik şansı qazanırlar. Hansisa siyasi qüvvənin demokratik və şəffaf seçkilərdə uğur qazanaraq hakimiyyət olimpinə yüksəlməsi isə onun konkret zaman intervalında həyata keçirdiyi siyasətin mahiyyətindən asılı olur. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən siyasət hər zaman ictimai etimad qazanır, dəstəklənir.

 

İdarəçilikdə xalqa hesabat ənənəsi

 

Azərbaycanın taleyində yeni epoxanın başlanğıcına çevrilmiş 2008-ci ilin 15 oktyabr seçkiləri də cəmiyyətin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşdiyini, vətəndaşların düşüncə tərzində kardinal dəyişikliklərin baş verdiyini, habelə demokratik seçki mübarizəsində populizm elementlərinə, irreal vədlərə yer olmadığını bir daha təsdiqləmişdir. Bu seçkilərin tamamilə azad və ədalətli şəraitdə keçməsini təmin edən əsas amillərdən biri də hökumətin ötən beş ildə ictimai rəylə hesablaşaraq sosial məsuliyyət prinsipinə ciddiliklə əməl etməsi, hər bir vətəndaşın mənafeyinə hesablanan liberal siyasət yeritməsidir. Milli inkişafı təmin edən çevik islahatlar kursunu inamla həyata keçirən cənab İlham Əliyevin hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsini milli dövlətçilik tarixində mütərəqqi ənənəyə çevirməsi isə dövlət başçısının demokratik dəyərlərə hörmətinin, ictimai rəyə həssas münasibətinin təcəssümüdür.

İctimai rəy, bir növ, hökumətin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirməklə, müsbət və mənfi meyillərə adekvat qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq hökumətin fəaliyyəti ilə bağlı müntəzəm hesabat verməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir. Effektiv müzakirələrlə yadda qalan bu cür hesabatlar həm də konkret zaman məsafəsində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, hökumətin fəaliyyət istiqamətlərinin ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında ictimai müzakirələrin aparılması və onların həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir. Bu cür hesabatlar başqa bir cəhəti ilə də xüsusi əhəmiyyət daşıyaraq cənab İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə malik praqmatik və rasional təfəkkürlü lider olduğunu parlaq şəkildə əks etdirir.

Dövlət başçısı özünəməxsus siyasi məharətlə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olmuş, dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemini formalaşdırmış, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyətini təmin etmişdir. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu sistem respublikamızın sürətli sosial-iqtisadi tərəqqisinə, siyasi sabitliyə, vətəndaş sülhünə, insanların maddi rifah halının yaxşılaşmasına, ölkədə demokratiyanın inkişafına yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.

Xalqın siyasi iradəsi və dəstəyilə ikinci müddətə Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı dərin məzmunlu nitqi deməyə əsas verir ki, dövlət başçısı növbəti mərhələ üçün hökumət qarşısında duran məqsədlərin gerçəkləşdirilməsi üçün konkret planlara, proqramlara, çevik komandaya malikdir. Dövlət başçısının Nazirlər Kabinetinin son iclasında xüsusi vurğuladığı kimi, qazanılmış uğurların əsasında həm də Azərbaycanın bölgədə tamamilə müstəqil siyasət yeritməsi və öz maraq və mənafeyini layiqincə müdafiə etməsi amili dayanır: "Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqil siyasəti var. Bu siyasət Azərbaycanı son beş ildə böyük dərəcədə gücləndirmişdir. Bugünkü və beş il bundan əvvəlki Azərbaycan başqa-başqa ölkələrdir, demək olar. Həm iqtisadi, həm siyasi baxımdan bölgədəki rolumuzun artması - bütün bunlar Azərbaycanı çox yüksək pilləyə qaldırıb və bundan sonra da Azərbaycan xalqının iradəsi, milli maraqları, Azərbaycan dövlətinin milli maraqları, dövlətçilik prinsipləri bizim üçün əsas olacaqdır. Biz bütün sahələrdə əməkdaşlığa hazırıq, bütün ölkələrlə qarşılıqlı əsaslar üzərində, qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında bundan sonra da münasibətləri davam etdirmək fikrindəyik. Ancaq bu münasibətlər bu gün olduğu kimi, gələcəkdə də dünyada qəbul olunmuş və demokratik prinsipləri əks etdirən əsaslar üzərində qurulacaqdır".

 

Çoxvektorlu iqtisadi inkişaf xətti qlobal böhrana sipərdir

 

Bir sıra dünya ölkələrinin iqtisadiyyatının qlobal maliyyə böhranı ilə əlaqədar ciddi sarsıntı keçirməsinə rəğmən, 2008-cı ildə Azərbaycan üçün bir sıra mühüm nailiyyətlərə imza atması və makroiqtisadi sabitliyin qorunub saxlanılması dövlət rəhbərinin həyata keçirdiyi inkişaf strategiyasının uğurlu nəticəsi kimi yadda qallmışdır. Sosialyönümlü mahiyyət daşıyan bu inkişaf strategiyası iqtisadi inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun gücləndirilməsi kimi vacib məqamları özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması və milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması, sənayenin və kənd təsərrüfatının stimullaşdırılması, ərzaq təhlükəsizliyinin təmini də ötən il hökumətin iqtisadi siyasətində prioritetlik təşkil etmişdir.

Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası hökumətin qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəlilədiyini, Azərbaycan iqtisadiyyatının bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. İclasda inkişafın real təcəssümü kimi səslənən bir sıra statistik rəqəmlər respublikanın hərtərəfli inkişaf yolunda olduğunu göstərir. 2008-ci ildə respublikada ümumi daxili məhsul istehsalı 10,8 faiz təşkil etmiş, ölkənin strateji valyuta ehtiyatları 18 milyard manata yüksəlmiş, ÜDM-in adambaşına düşən həcmi ötən illə müqayisədə 36,2 faiz artaraq 4440 manata, orta aylıq əməkhaqqı 268 manata çatmış, orta aylıq pensiya 100 manata yaxın olmuşdur. Müqayisə üçün bildirək ki, 2003-cü ildə adambaşına düşən ÜDM cəmi 880, orta aylıq pensiya isə cəmi 17 dollar təşkil edirdi.

Hesabat dövründə əhalinin sərəncamında 18 milyard manatın və ya 2007-ci ilə nisbətən 42 faiz çox vəsaitin qalması, pul gəlirlərinin 36 faiz artaraq inflyasiyanı 15,4 faiz üstələməsi, əmanətlərin 32 faiz artması hökumətin hər bir fərdin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş siyasət yeritdiyini bir daha təsdiqləyir. 2003-cü il ərzində əhalinin adambaşına düşən gəlirləri inflyasiyanın səviyyəsini 11,3 faiz üstələdiyi halda, 2008-ci ildə 15,4 faiz üstələmişdir. Prezident İlham Əliyevin davamlı səylərinin nəticəsi olaraq yoxsulluğun səviyyəsinin 2003-cü ildəki 44,7 faizdən 2008-ci ildə 13,2 faizə düşməsi də hökumətin siyasətində insan amilinin prioritet məsələyə çevrildiyini göstərir. "Bizim insanlarımız nə üçün yoxsulluq şəraitində yaşamalıdır? Biz bunu aradan götürəcəyik. Beynəlxalq maliyyə qurumları ilə birlikdə icra edilən və yoxsulluğun azaldılmasına yönəldilmiş proqram 2015-ci ildə başa çatmalıdır. Şübhə etmirəm ki, biz daha qısa müddət ərzində Azərbaycanda yoxsulluğun tamamilə aradan qaldırılmasına nail olacağıq. Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır və olmayacaqdır" - deyən dövlət başçısı bu vədini reallığa çevirmək üçün ölkənin bütün potensialından səmərəli istifadə edilməsini də hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, "Mülki və siyasi hüquqlar haqqında Pakt"ına, habelə Avropa Şurasının 1961-ci il tarixli Avropa Sosial Xartiyasına qoşulmuş müstəqil dövlət kimi xalqının sosial və mədəni inkişafını özünün başlıca vəzifəsi hesab edir. Azərbaycan Konstitusiyasının 38-ci maddəsində əksini tapmış sosial təminat hüququnun reallaşdırılması da hökumətin prioritet məqsədlərindən biridir. Yəni, ölkədə yaşayan hər bir vətəndaşın dövlət qarşısında onun maddi rifah halının yaxşılaşdırılması tələbini aktuallaşdırmaq hüququ tanınır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında vurğuladığı kimi, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir.

Ümumiyyətlə, sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir. Ötən il elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrində, habelə dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışanların aylıq əməkhaqlarının orta hesabla 50 faiz, aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləğinin orta hesabla 40 faiz artırılması, minimum aylıq əməkhaqqının, əmək pensiyalarının baza hissəsinin məbləğinin 75 manata qaldırılması da bunun bariz təcəssümüdür.

Cənab İlham Əliyevin rəhbərliyi altında son beş ildə həyata keçirilən ən böyük layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının həyata keçirilməsidir. Ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılmış, "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanunu dövlət başçısı tərəfindən imzalanaraq qüvvəyə minmişdir. Hazırda 120 minə yaxın ailə və yaxud 600 minə yaxın vətəndaş dövlətin yaratdığı bu imkandan bəhrələnir.

2008-ci ildə bu və digər sosial məqsədlər üçün ayrılmış vəsaitlər 2 milyard 312 milyon manat təşkil etmiş, bu da 2007-ci illə müqayisədə 38,4 faiz və ya 642 milyon manat çox olmuşdur. Sosialyönümlü tədbirlər sisteminin davamı kimi ötən il dövlət büdcəsindən ayrılmış 145 milyon manat vəsait hesabına qaçqın və məcburi köçkünlərin müasir infrastruktura malik yeni qəsəbələrə köçürülməsi prosesi uğurla davam etdirilmiş, sonuncu çadır düşərgəsi də ləğv olunmuş, beləliklə, dövlət başçısının xalq qarşısında verdiyi daha bir vəd uğurlu həllini tapmışdır.

Nazirlər Kabinetinin son iclasında dərin məzmunlu nitq söyləyən dövlət başçısı sosialyönümlü siyasətin bundan sonra da davam etdiriləcəyini göstərməklə yanaşı, mövcud uğurların əsasında Azərbaycanın müstəqil siyasət yeritdiyini xüsusi vurğulamışdır: "Sosial sahədə 2009-cu ildə də öz siyasətimizi davam etdirəcəyik. Son beş il ərzində bu sahədə çox böyük nailiyyətlər əldə edilibdir. Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət, idman sahəsindəki nailiyyətlər haqqında qürurla danışa bilərik. Bu sahədə, sözün əsl mənasında, böyük dönüş yarandı və artıq əldə edilmiş nailiyyətlər əsasında biz növbəti illərdə də bu siyasəti davam etdirməliyik. Yəni son beş il ərzindəki uğurlar, nailiyyətlər növbəti beş il üçün də həm əsasdır, həm də örnəkdir. Son beş il ərzində müxtəlif məqamlarda bizim siyasətimizə mane olmaq istəyənlər, yaxud da daxili işlərimizə qarışmaq istəyənlər və ya hansısa formadasa siyasətimizi bəyənməyən dairələr vaxtaşırı öz səslərini qaldırmağa çalışmışlar. Bizə bəzi hallarda daha çox 4-5 il bundan əvvəl məsləhət vermək və ya yol göstərmək, ya da ki, tövsiyə etmək, yaxud göstəriş vermək cəhdləri olmuşdur. Biz bütün bunları yaxşı xatırlayırıq. Əgər biz o vaxt bu sözlərə baxsaydıq və öz yolumuzdan dönsəydik, iradə göstərməsəydik, bu gün Azərbaycanın vəziyyəti sözə baxanların vəziyyətinə yaxın ola bilərdi".

 

Regional inkişafın kompleks təməli

 

Azərbaycan Prezidenti İlham Əliyev sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin - potensial və imkanlar nəzərə alınmaqla - proporsional inkişafını 2008-ci ildə də hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş, icrası uğurla başa çatmış Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Rroqramı (2004-2008-ci illər) çərçivəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Cəmi 4-5 il əvvəl iri şəhərlərin daha sürətlə inkişaf etməsi, rayonların və kəndlərin isə tərəqqi prosesindən geridə qalması kimi neqativ tendensiya ilə üzləşmiş Azərbaycanın regional inkişaf sahəsində dinamik uğurları diqqəti daha qabarıq cəlb edir. Dövlət proqramı regional inkişafdakı kəskin fərqi aradan qaldırmaq, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olmuşdur.

Nazirlər Kabinetinin iclasında səslənən məlumatlardan bir daha bəlli olmuşdur ki, Azərbaycan Prezidentinin 2008-ci ildəki fəaliyyəti, ilk növbədə, bölgələrin inkişafına xidmət edən kompleks tədbirlərin, xüsusilə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının ardıcıl surətdə həyata keçirilməsi ilə əlamətdardır. Cənab İlham Əliyev 2008-ci ildə respublikanın əksər rayonlarına, o cümlədən Bakı kəndlərinə səfərlər etmiş, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində görülən işlərlə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir. Proqram çərçivəsində ötən il regionların inkişafına 2 milyard manat vəsatin sərf olunması da beş il əvvəl büdcəsi 1 milyard dollar civarında olan Azərbaycan üçün son dərəcə böyük göstəricidir. Bölgələrin inkişafına xidmət edən bu və digər dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində əhalinin, xüsusən də, regionlarda yaşayan əhalinin məşğulluq səviyyəsi xeyli artmış, beş il ərzində 766 min 300 yeni iş yeri açılmışdır. Bir sıra inkişaf etmiş dövlətlərdə qlobal maliyyə böhranı ilə bağlı işsizlərin sayının artmasına rəğmən, Azərbaycanda 2008-ci ildə 120 min yeni iş yerinin açılması ölkənin uğurlu siyasətinin nəticəsidir.

Hökumətin bu sahədə yeritdiyi siyasətin mühüm uğurlarından biri də son illərdə qeyri-neft sektoruna yatırılan daxili və xarici sərmayələrin həcminin əhəmiyyətli dərəcədə artmasıdır. Dövlət başçısının müvafiq fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkəti də artıq müəyyən layihələrin stimullaşdırılması və reallaşdırılması istiqamətində uğurlu nəticələrə imza atır. Şübhəsiz, dövlətin payı olan layihələrdə iştirak sərmayələrin etibarlılığı baxımından xarici investorlar üçün də cəlbedici görünür. Son 5 ildə qeyri-neft sektoruna qoyulan investisiyaların 6,2 dəfə artması, onun xüsusi çəkisinin 2003-cü ildəki 26,8 faizdən, 2008-ci ildə 69 faizə yüksəlməsi də bu reallığı təsdiqləyir. Azərbaycan İnvestisiya Şirkəti 3 illik fəaliyyəti dövründə qeyri-neft sektoruna 55 milyon manat məbləğində investisiya qoyuluşu həyata keçirmiş, daha 600 milyon manat məbləğində investisiyanın cəlb edilməsi prosesi davam etdirilir.

Regionların dinamik inkişafı sahəsində həyata keçirilən əməli tədbirlər nəticəsində özəl sektorun ÜDM-dəki xüsusi çəkisi 84,5 faizə çatmış, o cümlədən neft sektoru üzrə 7, qeyri-neft sektoru üzrə isə 15,7 faiz artım müşahidə edilmişdir. Qeyri-neft sektoruna dəstək çərçivəsində kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların və vergi güzəştlərinin verilməsi nəticəsində son 5 il ərzində kənd təsərrüfatında məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artmış, bu dövr ərzində aqrar sahədə yaradılan əlavə dəyərin də real artım səviyyəsi 25,1 faiz təşkil etmişdir.

Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Eyni zamanda, azərbaycanlı iş adamları artıq Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında öz bizneslərini qurur, fəaliyyət dairələrini ildən-ilə genişləndirirlər.

Regionların inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər sisteminin son məqsədi Azərbaycanda neftdən asılılığı minimum səviyyəyə endirmək, iqtisadiyyatın daha çox qeyri-neft sektoru hesabına inkişafını təmin etməkdir. Azərbaycanın karbohidrogen ehtiyatlarının genişmiqyaslı istismarı ilə əlaqədar olaraq neft və qaz gəlirlərinin 2008-ci ildən başlayaraq kəskin artması, habelə mövcud neft-qaz ehtiyatlarının gələcəkdə tükənmə ehtimalı, böyük həcmdə xarici valyutanın daxil olması şəraitində ölkədə bərqərar olan makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlanması ilə yanaşı, inkişafın stimullaşdırılması, iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi, neft və qaz gəlirlərinin idarə olunması belə bir strategiyanın qəbul edilməsini zərurətə çevirmişdir. Hazırda dünyanı sarsıdan qlobal böhran, habelə neftin qiymətlərinin 4 dəfəyədək aşağı düşməsi cənab İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin düzgünlüyünü bir daha təsdiqləyir. Dövlət başçısı hələ 24 noyabr 2003-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanda neft gəlirlərindən düzgün istifadəni nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Neft Fondunda toplanmış gəlirlərdən səmərəli istifadə olunmasına dövlət tərəfindən göstərilən həssas münasibətin təzahürü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli Strategiya"nın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu strategiyada vəsaitlərin qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastruktur sahələrin genişmiqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, "insan kapitalı"nın formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulmuşdur.

Nazirlər Kabinetinin iclasında Azərbaycan iqtisadiyyatının bütün sahələrdə sürətli inkişaf etdiyini və neftdən asılılığının tədricən aradan qaldırıldığını dövlət başçısı İlham Əliyev xüsusi diqqətə çəkmişdir. "Bizim uğurlarımızı bəzi bədxahlar, yaxud da ki, bizdə olan vəziyyəti yaxından bilməyən, ya da ki, hansısa paxıllıq hissləri ilə yaşayan insanlar bəzi hallarda neft amilinə bağlamaq istəyirlər. Əlbəttə ki, Azərbaycanın uğurlu neft strategiyası ölkə iqtisadiyyatının inkişafında çox böyük rol oynamışdır. Bu rol davam edir və gələcəkdə də davam edəcəkdir. Bizim enerji siyasətimiz ölkəmizə çox böyük fayda gətiribdir. Bütün uğurlarımızı ancaq neft amili ilə bağlamaq tamamilə yanlış bir yanaşmadır. Neft və qaz hasil edən ölkələr kifayət qədər çoxdur. Bizim bölgədə - Xəzər hövzəsində yerləşən ölkələrin neft-qaz potensialı Azərbaycandakından bir neçə dəfə böyükdür və hasilat da bir neçə dəfə çoxdur. Ona görə bizim uğurlarımızı ancaq neft-qaz amili ilə bağlamaq, əlbəttə ki, tamamilə qəbuledilməzdir. Bizim iqtisadi uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır, ölkənin milli maraqlarının qorunması dayanır, siyasi islahatlar, demokratik proseslər dayanır, iqtisadi islahatlar dayanır və bütün bunları görməmək mümkün deyildir" - deyən dövlət başçısı İlham Əliyev əlavə etmişdir ki, Dünya Bankının 2008-ci ilin yekunlarına görə Azərbaycanı bir nömrəli "islahatçı ölkə" elan etməsi ölkədə həyata keçirilən siyasətin düzgünlüyünü və uğurunu bir daha təsdiqləyir.

 

Dövlət investisiya qoyuluşları ildən-ilə artır

 

2008-ci ildə Azərbaycanda qeyri-neft sektorunun dinamik inkişafına şərait yaradan, özəl sektorun fəaliyyətini stimullaşdıran addımlardan biri də dövlət əsaslı investisiya qoyuluşlarının artımı hesabına qlobal infrastruktur layihələrin icrasının bütün sahələrdə uğurla davam etdirilməsidir. 2008-ci ilin ortalarından başlayaraq bir çox dövlətlərin iqtisadiyyatı qobal maliyyə böhranının mənfi təsirlərinə məruz qalsa da, Azərbaycanda ötən illərdən başlanmış iri infrastruktur layihələrinin icrasında hər hansı bir geriləmə müşahidə edilməmiş, işlər əvvəlki ahəngi ilə davam etdirilmişdir. 2008-ci ildə dövlət investisiya qoyuluşu xərclərinə dövlət büdcəsindən 4 milyard 276 milyon manat ayrılmışdır ki, bu da 2007-ci illə müqayisədə 2,2 dəfə çoxdur. Təhsil obyektlərinin tikintisi və təmirinə 214 milyon manat, səhiyyə obyektlərinin tikintisi və təmirinə 204 milyon, mədəniyyət və turizm obyektlərinin tikintisi və əsaslı təmirinə, o cümlədən tarixi, dini abidələrin bərpası və yenidən qurulmasına 171,6 milyon manat vəsait xərclənmişdir.

Ümumdünya İqtisadi Forumunun Qlobal Rəqabət İndeksinə əsasən, Azərbaycan infrastrukturun inkişafı üzrə MDB-də liderliyini qorumaqla dünya dövlətləri sırasında 60-cı yeri tutur. Cari ilin dövlət büdcəsində dövlət investisiya qoyuluşu üçün 5,6 milyard manat vəsaitin ayrılması da Azərbaycanın qlobal maliyyə böhranına rəğmən, infrastruktur islahatlarını uğurla davam etdirəcəyinə zəmanətdir. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında infrastruktur layihələrinin Azərbaycan iqtisadiyyatı üçün müstəsna əhəmiyyətini bir daha diqqətə çəkmişdir: "Azərbaycanda aparılan infrastruktur layihələrinin uğurlu icrası bu proqramın düzgünlüyünü bu gün bir daha sübut etmişdir. Çünki bütün bu dövrdə beynəlxalq maliyyə qurumları ilə bu sahədə diskussiyalar aparılmışdır və bizim bu istiqamətdə çox ciddi və fəal siyasətimiz bəzi hallarda beynəlxalq maliyyə qurumlarında müəyyən narahatlıq yaradırdı, bizə xoş niyyətlə müəyyən məsləhətlər verirdilər. Ancaq bugünkü gün və xüsusilə, inkişaf etmiş ölkələrin böhrana münasibəti və bu münasibətin təzahürü olan infrastruktur və sosial obyektlərin tikintisi niyyətləri bir daha onu göstərir ki, biz düzgün yoldaydıq".

Qlobal böhranın Azərbaycandan da tamamilə yan keçməməsi tamamilə təbiidir, çünki respublikamız beynəlxalq iqtisadi sistemə sıx inteqrasiya etmişdir. Ən optimal ssenarilərə əsasən bu böhranın yalnız 2010-cu ilin sonu, 2011-ci ilin əvvəlində başa çatacağı gözlənilir. Bu isə 2009-cu ildə böhranın ölkə iqtisadiyyatına təsirinin daha qabarıq olacağı ehtimalını istisna etmir. Bu baxımdan, Nazirlər Kabinetinin iclasında bu fikir də xüsusi vurğulandı ki, əldə olunan uğurların qorunub saxlanılması, iqtisadi müvazinətin dayanıqlılığının təmin olunması baxımından Azərbaycan 2009-cu ildə də fəal anti-böhran tədbirləri həyata keçirməli, maliyyə intizamı gücləndirilməli, lüzumsuz xərclərə yol verilməməli, uzaq gələcəyə hesablanmış layihələrin icrası təxirə salınmalı, bazarın sabitləşməsi üçün bir sıra səmərəli tədbirlər həyata keçirməli, habelə sahibkarlığın inkişafına diqqət yüksəldilməlidir. Eyni zamanda, cari ildə hökumətin əsas məqsədi xarici mənfi təsirlərin neytrallaşdırılması yolu ilə mövcud inkişaf xəttinin davam etdirilməsi əsasında böhrana girməməkdir.

Böhranla mübarizə məqsədilə həyata keçirilmiş tədbirlərin təhlili göstərir ki, xarici və daxili borcu az olan, eyni zamanda, yüksək maliyyə-valyuta ehtiyatlarına malik ölkələr böhrana daha hazırlıqlı və dayanıqlıdırlar. Məhz buna görə, həm Beynəlxalq Valyuta Fondunun, həm də dünyanın aparıcı reytinq agentliyi olan "Standart&Poors" şirkətinin qənaətlərinə görə, Azərbaycan iqtisadiyyatının böyük imkanlara malik olması və dayanıqlılığı, habelə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi siyasət respublikamızın dünya böhranının nəticələrini digər ölkələrlə müqayisədə daha asan dəf edəcəyinə zəmin yaradır. Ötən ilin dekabrında "Standart&Poors" şirkətinin Azərbaycana verdiyi reytinq də bunu təsdiqləyir.

 

Milli enerji fəlsəfəsi

 

2008-ci il Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunun artması həm də Avropa dövlətlərinin respublikamızla bu sektorda sıx əməkdaşlıq etmək marağını daha da gücləndirmişdir. 2007-ci ilin mayında Polşanın Krakov şəhərində, oktyabrında Litvanın paytaxtı Vilnüsdə, 2008-ci ilin mayında Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş enerji sammitləri Xəzərin zəngin karbohidrogen ehtiyatlarının nəqlində alternativ neft və qaz kəmərləri sisteminin yaradılması zəruriliyi ətrafında geniş fikir mübadiləsi aparılmış, bir sıra konkret nəticələr əldə olunmuşdur. Vilnüs konfransının yekunu kimi, Azərbaycan, Gürcüstan, Litva, Polşa, Ukrayna və Qazaxıstanın dövlət başçılarının 10 oktyabr 2007-ci ildə imzaladıqları birgə kommunikeyə əsasən, dövlət başçıları Xəzər neftinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına daşınması üçün milli şirkətlərin iştirakı ilə yeni konsorsiumun - Sarmatiyanın yaradılması barədə razılığa gəlmişlər. Yeni konsorsiumun əsas məqsədi Azərbaycan Respublikası, Gürcüstan, Ukrayna, Polşa respublikalarının ərazisindən keçməklə Xəzər dənizindən Avropa bazarlarına və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin reallaşdırılmasının mümkünlüyünü təhlil etməkdir. Prezidentlər həmçinin, enerji əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı niyyətlərini bəyan etmişlər.

2008-ci ilin noyabrında Bakıda keçirilmiş IV Enerji sammiti isə Odessa-Brodı-Plotsk-Qdansk marşrutunun reallaşdırılması istiqamətində səylərin daha da genişləndiyini göstərmişdir. Bu məqsədlə Sarmatiyanın - müştərək konsorsiumun təsis edilməsi də prosesin yaxın perspektivdə sürətlənəcəyinə işarədir. Sammitin yekunu kimi, Azərbaycan, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, İtaliya, Latviya, Litva, Polşa, Rumıniya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Ukrayna, İsveçrə Konfederasiyası, Estoniya, habelə Avropa Komissiyasının birgə imzaladıqları bəyannamə regionda daha bir qlobal enerji əməkdaşlığının başlandığını göstərir. Bəyannamə ilə IV Bakı enerji sammitinin iştirakçıları Avropa bazarlarına neft göndərilməsi üçün Avrasiya Neft Nəqli Dəhlizi sistemində Odessa-Brodı neft kəmərinin işə salınmasının əhəmiyyətini önə çəkmiş, karbohidrogenlərin etibarlı və təhlükəsiz nəqlinə zəruri şəraitin təmin edilməsi üçün Xəzər-Qara dəniz-Baltik Enerji Tranziti Məkanının yaradılması təşəbbüslərini dəstəkləmişlər.

Cari ilin əvvəlində Rusiya ilə Ukrayna arasında mavi yanacağın qiyməti ilə bağlı yaranmış növbəti diplomatik gərginlik Azərbaycanın bu sahədə çevik və rasional siyasət yeritdiyini bir daha təsdiqləyir. Rusiyanın "Qazprom" şirkətinin hələ 2006-cı ildən təbii qazın qiymətlərini qaldırmaqda israrlı olması nəinki MDB-nin, eyni zamanda, Avropanın bir sıra dövlətlərinin kəskin etirazı ilə qarşılansa da, Azərbaycan hökuməti ilk gündən bu məsələdə kifayət qədər təmkinli mövqe tutur. Prezident İlham Əliyev mavi yanacağın qiymətlərinin artırılmasını Rusiyanın daxili işi kimi qiymətləndirir, respublikamızın narahatlıq keçirmədiyini deyir. Eyni zamanda, Rusiya qazından imtina etməyi bacaran Azərbaycan dövlətçilik maraqları baxımından qətiyyətli mövqeyini ortaya qoymuşdur.

Nazirlər Kabinetinin iclasında dövlət başçısı İlham Əliyev Azərbaycanın dost ölkələrin enerji təhlükəsizliyində bundan sonra da mühüm rol oynayacağını xüsusi vurğulamışdır: "Biz bundan sonra da özümüz üçün dost ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllinə köməyimizi, töhfəmizi verəcəyik. Azərbaycanın milli maraqları tam şəkildə müdafiə olunur, Azərbaycan çox önəmli ölkəyə çevrilibdir, bu bölgədə enerji siyasəti baxımından Azərbaycanın əvəzolunmaz rolu vardır. İki ay bundan əvvəl Bakıda keçirilmiş enerji sammiti bunu bir daha təsdiqlədi. Aparılan müzakirələr sammitin nəticələri, qəbul edilmiş qərarlar bir daha onu göstərdi ki, bu bölgədə enerji məsələlərinin hansı istiqamətə yönəldilməsinə Azərbaycanın çox böyük təsiri vardır. Azərbaycanın mövqeyi birmənalıdır - bizim üçün ilk növbədə, milli maraqlarımız, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması əsasdır. Biz indi deyə bilərik ki, buna uğurla nail olmuşuq və növbəti illərdə enerji siyasətimiz həmişə olduğu kimi, əgər belə demək mümkündürsə, sülhməramlı olacaqdır. Biz enerji siyasətimizdən məharətlə istifadə edib daha da çox dost qazanırıq. Azərbaycanın enerji siyasəti əməkdaşlığa, dostluğa yönəldilibdir, bölgədə regional əməkdaşlığın güclənməsinə yönəldilibdir. Budur bizim yanaşmamız, bizim siyasətimiz və geniş mənada enerji fəlsəfəmiz".

 

* * *

 

Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş iclası bir daha təsdiqləyir ki, ötən il respublikamızın əldə etdiyi uğurlu nəticələrin arxasında cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, elmi əsaslara və ölkəmizin mövcud potensialına söykənən inkişaf prioritetləri dayanır. Dövlət başçısının birinci prezidentlik dövrü ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvi olmuşdur. İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən İlham Əliyev növbəti il üçün də hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini müəyyənləşdirmiş, strateji vəzifələrdən söz açmışdır. 2008-ci ildə bütün sahələrdə əldə olunmuş uğurlu nəticələr isə ölkəmizin bundan sonra da inamla inkişaf edəcəyinə etibarlı təminat yaradır.

 

 

Xalid Niyazov

 

Azərbaycan.-2009.-17 fevral.-S.11.