Soyqırıma yol açan xəyanətlər

 

Millətimizin taleyinə yazılan amansızlığın bəlkə də ən birincisi onun ermənilərlə qonşuluqda yaşaması, öz ərazisində, öz torpağında bu namərdlərə yer verməsidir. Məşhur tarixçi V.L.Veliçko yazırdı: "Ermənilər haqqında çox-çox qədimlərdən pis bir fikir yaranıb və şübhəsiz, bu, əsassız deyildir. Ona görə ki, əsas olmasaydı, bütöv bir xalq haqqında həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi". Məhz belə bir mənfur təbiətə malik olan ermənilər həmişə xalqımıza, millətimizə qarşı müxtəlif soyqırımlar, terror aktları, repressiyalar həyata keçiriblər.

Xocalı fəlakəti də məhz Ermənistanın türk millətinə qarşı yeritdiyi soyqırımı siyasətinin tərkib hissəsidir. Bu faciə zamanı şəhid olmuş, əsir və girov düşmüş, qətlə yetirilmiş insanların rəqəmlə ifadə olunmuş siyahısına baxanda adamın varlığından gizilti keçir. Lentə köçürülmüş məqamları sadəcə seyr etmək də mümkün deyildir. Çünki tükürpədici "mənzərələr" adamın varlığına vahimə gətirir. İnsan adlanan bəşər övladı bu dərəcədə qəddarlığı necə bacarır? Təbiətdə yaşayan heyvanlar belə, öz cinsinə qarşı amansız olmurlar. Bu səbəbdən də bəşər tarixində heç bir xeyirxah əməlin yiyəsi olmayan ermənilər haqqında pis fikirlər mövcuddur.

Gözəl Qarabağımızın dilbər guşələrindən biri olan Xocalı ötən əsrin əvvəllərində də dəfələrlə erməni daşnakları tərəfindən yandırılıb, viran edilib. Amma sonuncu soyqırımının nəticələri daha ağlagəlməz, daha dəhşətli olub. Neçə illərdir ki, biz bu fəlakətin ağrı-acıları ilə nəfəs alır, onun başvermə səbəblərini araşdırır, müəmmalar qarşısında çırpınır və bir sualın cavabını axtarırıq. Bu fəlakət baş verməyə bilərdimi?

Bəllidir ki, ermənilər bütün zamanlarda millətimizə diş qıcırdanda bu başıbəlalı Xocalı coğrafi mövqeyinə görə əsas hədəflərdən birinə çevrilib. 1988-ci ildə Xocalının da başı üstünü fəlakət almışdı. Amma həmin il ermənilər bunu törətməyə cəsarət edə bilmədilər. Birinci ona görə ki, Xocalı xocalılılar tərəfindən inamla qorunurdu.

İkinci də, daşnaklar içimizdəki satqınların sifətlərinə hələ tam bələd deyildilər. Bu, o zamanlar idi ki, yerli əhalini silahlandırmaq əvəzinə əlindəki, ovucundakı ov tüfənglərini də alırdılar. Xocalıya qədər ermənilər millətimizin gözünü qorxutmaq üçün bir sıra ağır əməliyyatları həyata keçirdilər. Məsələn, 1988-ci ilin fevralında ermənilərin indi dillərinin əzbəri olan Sumqayıt hadisəsini törətdilər. 1989-cu ilin payızında Qərbi Azərbaycandan 300 minə yaxın soydaşımızı minbir işgəncə ilə qovdular. Respublikamızın ovaxtkı rəhbərləri, başda Vəzirov olmaqla, bu binəsib soydaşlarımıza qarşı son dərəcədə biganə və soyuq münasibət göstərdilər. Dağ şəraitində yaşamış insanların Dağlıq Qarabağda məskunlaşmasına imkan vermədilər. Oraya üz tutanları da Dağlıq Qarabağdan çıxardılar.

1990-cı ilin yanvarında sovet ordusunun köməyi ilə paytaxtımızda faciə törədildi. Dinc əhali qətlə yetirildi, Bakı gülləbaran edildi. Vəzirov milləti qan içində qoyub qaçdı. Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov tökülən qanları ayaqlayaraq Moskvaya getdi, qayıdanda da heç nə olmayıbmış kimi ən yüksək kresloda əyləşdi. Belə insanların yadına millət, vətən düşməzdi. Onları maraqlandıran ancaq və ancaq öz ətrafları və can atdıqları hakimiyyət, kreslo davası idi. Azərbaycan torpaqları isə ermənilər tərəfindən kənd-kənd, rayon-rayon işğal edilirdi. Bu yerdə yadıma bir əhvalat düşür. Bir kişi Əzrayılla dostluq edirmiş. Bir gün ondan xahiş edir ki, bilirəm, nə vaxtsa canımı alacaqsan, amma məni xəbərdar et, sonra. Əzrayıl da ona söz verir. Vaxt ötür, əvvəlcə bir qonşu, sonra o biri qonşu rəhmətə gedir. Qəfildən Əzrayıl kişinin başının üstünü kəsdirir: "Canını almağa gəlmişəm". "Bəs niyə məni xəbərdar etmədin?" - deyə kişi gileylə soruşur. Əzrayıl gülür: "Nə qəribə adamsan, yan-yörəndəki qonşuların hamısı vəfat etdi, bəs bunlar xəbərdarlıq deyildi?"

Niyə xatırladım bu hadisəni? Xocalıdan öncə, məhz fevral ayında onun ətrafında olan kəndlər ermənilər tərəfindən dağıdılır, yandırılır, külü sovrulurdu. Cəmilli, Meşəli, Quşçular, Qaradağlı... kimi kəndlər yandırıldı, əhalisi qətlə yetirildi. O zaman bu bölgədə olan müxbirlər yazırdılar, qəzetlərə informasiyalar ötürürdülər: Xocalı təhlükə qarşısındadır. Nəhayət, bu şəhərin uzun sürən mühasirəsi, yollarının bağlanması niyə bir kimsəni ayıltmadı? Niyə ölkə rəhbəri bu şəhərin müdafiəsini təşkil etmədi, niyə bu insanların harayı eşidilməz oldu? Bax bu sualların cavabları o zaman əməli şəkildə həyata keçirilsəydi, əlbəttə, Xocalı soyqırımı baş verməyə bilərdi. Amma təəssüf ki, bu soyqırımının elə dəhşətlə həyata keçirilməsində rəhbər mövqedə olanların xəyanəti özü yol açdı.

Faciədən xeyli əvvəl Azərbaycan televiziyasının müxbiri Qulu Məhərrəmli Xocalıda olarkən Milli Ordunun burada yerləşdirilmiş 15-20 nəfərinin komandiri, baş leytenant Aqil Quliyevlə görüşüb. Aqil Quliyev cəbhədə baş verən uğursuzluqların səbəblərindən danışaraq respublika prezidenti Ayaz Mütəllibovun göstərdiyi laqeyd və biganə münasibətə öz hiddətini bildirib. "Əgər tezliklə əncam çəkilməsə, baş verə biləcək fəlakətin miqyasını sözlə ifadə etmək çətin olacaq" - deyib. Təəssüf ki, o zaman teleşirkətin rəhbərliyində əyləşənlər də Ayaz Mütəllibova xidmət göstərən dinsiz, imansız, duyğusuzlar idi. Onlar həmin çıxışın ekranda getməsinə icazə vermədilər. Faciə baş verəndən çox sonra 1994-cü ildə biz ilk dəfə o kadrı ekranda gördük. Artıq nə Xocalı var idi, nə də eks-prezident Ayaz Mütəllibov Azərbaycanda idi. Bu haqlı ittihamların sahibi Aqil Quliyev də qəhrəmancasına həlak olmuşdu. Xocalıda göstərdiyi igidliyə görə Aqil Quliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. İndi Şəhidlər xiyabanında uyuyan Əlif Hacıyev, Tofiq Hüseynov, İnqilab İsmayılov, Hikmət Nəzərli də Aqil Quliyev kimi vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirərək Xocalı uğrunda həlak olmuşlar. Onlar da məhz ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adını qazanmışlar.

Qarabağın aran elləri Ağdamdan keçərək hər yay Xocalıya, Şuşaya üz tutardılar. İndi Şuşada ermənilər yaşayır, Xocalı bayquşlar yuvasına çevrilib. Min illik qədim yaşayış yerlərimiz erməni tapdağı altında əzab çəkir. Amma bu yaraların qaysaq tutacağına, nə vaxtsa sağalacağına inanırıq.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-22 fevral.-S.3.