Bakıda "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının

 (2004-2008-ci illər)" icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

 

İqtisadi inkişaf naziri Şahin Mustafayevin çıxışı

 

- Möhtərəm cənab Prezident!

- Hörmətli konfrans iştirakçıları!

- Xanımlar və cənablar!

Müstəqilliyimizin ilk illərində bir tərəfdən, hakimiyyətdaxili çəkişmələr və ölkədə baş alıb gedən siyasiiqtisadi xaos, digər tərəfdən, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımızın didərgin düşməsi sosial-iqtisadi siyasi vəziyyəti ümidsiz dərəcədə ağırlaşdıraraq, ölkədə böhran yaratmışdı. Yalnız xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin apardığı siyasət, həyata keçirdiyi irimiqyaslı islahatlar ölkənin böhran vəziyyətindən çıxmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına yol açdı. Bu siyasətin davamı olaraq, 2003-cü ildə prezident seçkiləri zamanı cənab İlham Əliyev Azərbaycanın gələcək inkişafını regionların müəyyən edəcəyini, bölgələrdə güclü insan potensialının olduğunuiqtisadi potensialın da yaradılacağını bəyan edərək, regionların inkişafının sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının başlıca hədəflərindən biri kimi müəyyənləşdirmişdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını təsdiq etmişdir. Eyni zamanda, ölkə başçısı son beş ildə Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 17 sərəncam imzalamışdır.

Bölgələrdə yaşayan vətəndaşların arzu və istəklərini, onların qayğılarını əhatə edən Dövlət Proqramının təsdiq edilməsi ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü ötən beş ildə bariz təsdiqini tapmış, bütün rayonların siması köklü şəkildə dəyişmiş, paytaxta və digər iri şəhərlərə kütləvi axın səngiyərək əks-proses başlamış, regionlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artmışdır. Bu gün hər bir ailə, hər bir vətəndaş Dövlət Proqramının real nəticələrini öz gündəlik həyatında hiss edir.

Ötən beş ildə ölkə başçısı regionların bütün rayonlarını əhatə etməklə 127 səfər etmiş, o cümlədən 6 dəfə naxçıvan muxtar respublikasında olmuş, yerlərdə görülən işlərlə, xalqımızın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, ölkəmizin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etmişdir.

Bu müddət ərzində ölkənin, həmçinin regionların inkişafında böyük rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələr başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlanmış və beləliklə, Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilmişdir. Proqram qəbul edildikdən sonra regional inkişaf iqtisadi siyasətin əsas hədəfinə çevrilmiş, dövlət orqanlarında regionlara diqqət və dövlət büdcəsindən maliyyələşdirilən proqramlarda regionların xüsusi çəkisi ildən-ilə artmışdır.

Dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil etmişdir. Bu isə ümumi investisiyaların 83 faizidir. Ümumilikdə, son beş il ərzində regionlara 6,8 milyard manat həcmində dövlət investisiyaları qoyulmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq, mühərrik yağları, buğda, toxum və gübrəyə görə subsidiyaların verilməsi, texnika, gübrə və toxum təchizatının yaxşıladırılması üçün dövlət büdcəsindən vəsaitin ayrılması və vergi güzəştlərinin tətbiqi nəticəsində son beş ildə məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artmışdır. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə beş ildə regionlarda 1000 kilometrdən çox magistral yollar çəkilmiş və ya əsaslı təmir edilmiş, 600 kilometr respublika əhəmiyyətli və 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü təmir edilmişdir.

Son beş ildə Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilmişdir, Lənkəranda yeni dəniz limanının tikinitisi davam etdirilir. Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Şirvan şəhərində, Dəvəçi, QubaFüzuli rayonlarında stansiyaların tikintisi davam etdirilir. Naxçıvan Muxtar Respublikası uzun fasilədən sonra, Lerik və Yardımlı rayonları, Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə təbii qazla təmin edilmişdir. Ümumilikdə, son beş ildə regionlarda 1600 kilometrədək yeni qaz xətləri çəkilərək, ölkədə qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırılmışdır. Regionlarda rabitə infrastrukturunun, sukanalizasiya sistemlərinin, istilik təchizatının yaxşılaşdırılması məqsədi ilə 632 avtomat telefon stansiyası, 610 yeni poçt binası, 75 qazanxana tikilib istifadəyə verilmiş, 72 qazanxana əsaslı təmir olunmuş, 720 kilometr yeni su, 210 kilometr kanalizasiya xətləri çəkilmiş, 23 su anbarı tikilmiş, 214 artezian quyusu qazılmışdır.

Hörmətli konfrans iştirakçıları!

Reallıq bundan ibarətdir ki, Dövlət Proqramının qəbulundan sonra bütün bölgələrdə yeni müəssisələr yaradılmış, quruculuq və abadlıq işləri uğurla davam etdirilmişdir. Bu gün burada təşkil olunmuş sərgi bunu əyani şəkildə bir daha göstərir. Belə ki, son beş ildə bütün regionları əhatə etməklə, 27 min 500 yeni müəssisə və 766 mindən çox yeni yeri açılmışdır. Bu müəssisələrin 40 faizi, yerlərinin isə 80 faizi regionların payına düşür.

Ötən beş il ərzində dövlət əsaslı vəsait qoyuluşu, Heydər Əliyev Fondunun dəstəyi və digər mənbələr hesabına 1300-ü regionlarda olmaqla, 1600 məktəb binası inşa edilmişdir.

Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrin inkişafına göstərdiyi dəstək proqramın icrasına önəmli töhfəsini vermişdir. Təkcə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ən müasir avadanlıqla, informasiya texnologiyaları ilə təmin olunmuş 238 məktəb inşa edilmişya yenidən qurulmuşdur.

Regionlarda səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi və idmanın inkişafı məqsədi ilə son beş ildə 16 yeni xəstəxana, 42 ambulatoriya-poliklinika, 42 özəl tibb müəssisəsi, 8 diaqnostika mərkəzi, 19 feldşer məntəqəsi, 18 olimpiya-idman kompleksi tikilib istifadəyə verilmişdir. 15 olimpiya-idman kompleksinin və 9 diaqnostika mərkəzinin tikintisi davam etdirilir.

Son beş ildə əlillər və şəhid ailələri üçün 33 yaşayış binası və əlillər üçün 7 bərpa mərkəzi tikilib istifadəyə verilmişdir. Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı daim diqqət mərkəzində olmuş, bu məqsədlə Dövlət Neft Fondundan 464 milyon manatdan çox vəsait xərclənməklə 54 yeni qəsəbə salınmış, 15 mindən çox ev tikilmişdir. 2007-ci ilin dekabr ayında sonuncu çadır şəhərciyi, ümumiyyətlə isə 12 çadır şəhərciyi ləğv edilmişdir.

Ötən beş ildə görülmüş işlər Prezidentimizin xalq qarşısında verdiyi bəyanatlara sadiqliyini, yürütdüyü siyasətin mükəmməl və reallığa uyğun olduğunu bir daha sübuta yetirmişdir.

Ölkə iqtisadiyyatında, həmçinin regionların həyatında mühüm rolu olan sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti yaradılmışdır. Beş il ərzində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılmış, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir. Bu layihələrin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür.

Dövlət Proqramının icrası ilə bağlı regionlarda həyata keçirilən layihələrin maliyyələşdirilməsinə beynəlxalq maliyyə qurumlarından 2,2 milyard dollar məbləğində kredit cəlb edilmişdir.

Hörmətli konfrans iştirakçıları!

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tam, vaxtında və keyfiyyətlə icra olunması cənab Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi prioritetlərin elmi əsaslara söykəndiyini və respublikanın potensialı ilə uzlaşdığını göstərir və möhtərəm Prezidentin qətiyyəti, yorulmaz fəaliyyəti və gündəlik diqqəti sayəsində mümkün olmuşdur. Dövlət Proqramının uğurlu icrası ilə yanaşı, makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bir sözlə, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl sosial-iqtisadi siyasət nəticəsində beş il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı 2,6 dəfə artmış və bu göstəriciyə görə Azərbaycan dünyada lider ölkə olmuşdur.

Beş ildə sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumu daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, bu sahəyə yönəldilən investisiyalar 6,2 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə, orta aylıq əməkhaqqı 2,7 dəfə, pensiyaların orta aylıq məbləği 4 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 13,2 faizə enmişdir. Təsadüfi deyil ki, aparılan islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş və 2008-ci ildə Dünya Bankı Azərbaycanı ən islahatçı ölkə elan etmişdir.

Proqramın uğurlu icrasını və son beş ildə bütün sahələrdə əldə olunmuş nailiyyətləri real qiymətləndirən və məramı xalqımıza layiqli xidmət olan cənab İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə 2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramı hazırlanmışdır. Qlobal iqtisadi böhran vəziyyətinə baxmayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrin infrastrukturkommunal xidmətlərlə təminat səviyyəsinin və xalqın rifah halının daha yüksəldilməsi yeni proqramın əsas səbəbləri kimi müəyyən edilmişdir.

Bu hədəflərə çatmaq üçün makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixrac yönümlü məhsul istehsalının artırılması başlıca vəzifə kimi qarşıya qoyulmuşdur.

Prezident cənab İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət, onun qısa müddət ərzində ölkəni böyük sıçrayışla inkişaf etdirmək bacarığı və Azərbaycanda son dövrdə yaradılmış iqtisadi potensial yeni proqramın da tamuğurla icra olunması üçün əsaslı zəmin yaratmışdır.

Diqqətinizə görə minnətdaram.

 

 

Azərbaycan.-2009.-24 fevral.-S.2-3.