Heydər ƏLİYEV: "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir"

 

Xocalı yarası qəlbimizi həmişə sızladacaq

 

Prezident Heydər Əliyevin çıxışı

 

1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzun müharibənin tərkib hissəsidir. Amma bu faciə özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir. 13 il bundan əvvəl Xocalıda 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir və girov düşdü, 56 nəfər xüsusi qəddarlıqla öldürüldü. Şəhərin özü isə talan edildi və dağıdıldı.

Amma Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi, əvvələn, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi ağır nəticələr verdi.

Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulamışdır.

Azərbaycan xalqı çoxəsrlik tarixində, öz həyat yolunda böyük qələbələr çalmış, yüksək zirvələrə qalxmış, dünya mədəniyyətini zənginləşdirmişdir. Müsəlman aləmi dünya mədəniyyətinə Qurani-Kərim kimi müqəddəs bir kitab bəxş etmişdir. Azərbaycan xalqı çoxəsrlik tarixində böyük bəlalarla da rastlaşmış, müxtəlif mərhələlərdə faciələr də baş vermişdir. Həmin faciələrdən biri də erməni qəsbkarlarının, işğalçılarının xalqımıza qarşı altı ildən bəri davam edən təcavüzüdür və bu təcavüz nəticəsində torpaqlarımızın parçalanması, bir qisminin əldən getməsi, vətəndaşlarımızın həlak olması, qan tökülmədir. Amma bu ümumi bəlanın içərisində Xocalı faciəsi ən dəhşətlisidir, bizim üçün ən ağır yaradır.

Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. Soyqırımı da dünyanın bir çox yerlərində baş veribdir. Azərbaycana qarşı Ermənistan qəsbkarları, təcavüzkarları tərəfindən edilən soyqırımı bunların ən dəhşətlilərindən biridir. Uzun müddət, demək olar ki, XX əsr ərzində Azərbaycan xalqına, millətinə qarşı Ermənistan təcavüzkarları tərəfindən olunan soyqırımları xalqımıza böyük yaralar vurmuşdur. Onların arasında ən böyük, ən ağır yaralardan biri Xocalı soyqırımıdır, altı il davam edən müharibədir.

Müharibəni erməni təcavüzkarları başlayıblar. Azərbaycan xalqı öz torpaqlarını qoruyur. Şübhəsiz ki, müharibədə qan da tökülür, şəhidlər də verilir, böyük əzab-əziyyətlər də çəkirik. Ancaq 3 il bundan əvvəl xocalılılara, dinc əhaliyə qarşı, qadına, uşağa, qocaya, xəstəyə qarşı qəsbkarlar tərəfindən vəhşicəsinə aparılmış hərbi əməliyyat, soyqırımı altı illik müharibənin ən dəhşətli mərhələsidir və ən ağır, qara səhifəsidir.

Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir.

Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir.

Altı ildən artıq gedən müharibədə biz çox şəhidlər vermişik. Bir də qeyd edirəm ki, Xocalı şəhidləri də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi yolunda şəhid olmuş vətəndaşlarımızdır. Bu gün biz burada onların xatirəsini qeyd edirik, onların ruhu qarşısında baş əyirik, onlara dua edirik. Mən bütün Azərbaycan xalqı adından, Azərbaycan dövləti adından bu matəm günündə xalqımıza bu faciəli hadisə münasibətilə bir daha başsağlığı verirəm. Xocalıda şəhid olanların ailələrinə, qohum-əqrəbalarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Xocalı şəhidlərinin ailələrinə səbir versin, Allah bütün xalqımıza səbir versin ki, biz bütün bu bəlalardan qurtaraq, müstəqil Azərbaycanın tam müstəqilliyini, ərazi bütövlüyünü təmin edək, müstəqil Azərbaycanı əbədi olaraq yaşadaq. Xocalı faciəsi bizim dərdimizdir, kədərimiz, qəmimizdir. Ancaq eyni zamanda Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yolu, şanlı, uğurlu yoldur. Keçmişdə də bizim yolumuzda çətinliklər olub. Çətinliklər bu gün də var. Ancaq heç bir şey Azərbaycan xalqının iradəsini sındırmayıb və sındırmayacaqdır. Biz belə hadisələrdən onu götürməliyik ki, daha da cəsur olmalıyıq, daha da mətin, daha da bir olmalıyıq. Dərk etməliyik ki, biz özümüz öz taleyimizin sahibi olduğumuz kimi, özümüz də öz taleyimizi, öz müstəqilliyimizi qorumalı, Allahın bizə buyurduğu yolla gedərək öz yolumuzu açmalı və bu yolla irəliləməliyik.

Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq eyni zamanda başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, o qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə ümidlə baxmalı, ümidlə yaşamalıyıq. Mən tam əminəm ki, Azərbaycan xalqı bu ağır mərhələdən də keçəcəkdir. Çətinliklər təkcə müharibə, torpaqlarımızın işğal edilməsi, qaçqınlarımızın ağır vəziyyətdə olması ilə bağlı deyil. İndi xalqımız keçid dövründə yaşayır. Sosial-iqtisadi böhran içərisindəyik. İnsanların həyatında, yaşayışında çətinliklər həddindən artıq çoxdur. Ancaq bizim xalqımız əsrlər boyu belə çətin mərhələlərə dözüb, onlardan keçib və ona görə də min illərlə yaşayıb, bundan sonra da min illərlə yaşayacaqdır.

Biz öz inamımızı itirməməliyik, məsləkimizdən, tutduğumuz yoldan çəkinməməliyik. Tutduğumuz bu yol Azərbaycanın müstəqilliyidir, milli azadlığıdır, müstəqil Azərbaycanın müstəqil dövlət kimi əbədi olmasıdır. Tutduğumuz yol bizim mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, dinimizə, dilimizə, tariximizə sədaqətimizdir. Bunlara nə qədər sadiq olsaq, bugünkü ağır şəraitin səbəblərini bir o qədər dərk edəcək, bir-birimizə əl tutacağıq, kömək edəcəyik, erməni qəsbkarlarının qarşısını da alacağıq. Torpaqlarımızı da azad edəcəyik və xalqımızı, respublikamızı bu böhran vəziyyətindən də çıxaracağıq.

Mən əminəm ki, tutduğumuz yol şərəfli, doğru yoldur, xalqımızın mənafeyini təmin edən yoldur. Biz bu yol ilə də gedəcəyik. Azərbaycanın müstəqil dövləti xalqımızın birliyinə əmindir, onun mətanətinə inanır və bu birliyimiz, mətanətimiz, dəyanətimiz, dözümlülüyümüz bizi bu ağır vəziyyətdən çıxaracaqdır.

Mən Xocalı şəhidlərinə bir daha Allahdan rəhmət diləyirəm. Sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan dövləti xalqımızın hüquqlarının qorunmasında, torpaqlarımızın, ərazilərimizin qorunmasında möhkəm duracaq və Azərbaycan xalqını bu bəlalardan çıxaracaqdır.

 

"Təzəpir" məscidi

 

25 fevral 1995-ci il

 

Xocalı soyqırımının ildönümləri ilə əlaqədar ümummilli liderin xalqa müraciətləri

 

1992-ci il fevral ayının 26-da Ermənistan silahlı birləşmələri imperiyapərəst qüvvələrin bilavasitə iştirakı və havadarlığı ilə Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş Xocalı soyqırımını törətdilər. Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisi dişinədək müasir hərbi texnika ilə silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qaldı. Yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta süədəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetirildilər, girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşməli oldular. Yeddi minlik əhalisi olan bütöv bir şəhər yerlə yeksan edildi.

O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir.

Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır.

Xalqımızı əmin etmək istəyirəm ki, bu qan yerdə qalmayacaq, Xocalı soyqırımında müqəssir olan hər kəs öz cinayətkar əməlinə və milli xəyanətinə görə xalq qarşısında cavab verməli olacaqdır. Bunu bizdən şəhidlərimizin narahat ruhları tələb edir.

Bu milli hüzn günündə xalqımıza başsağlığı verir, bütün şəhidlərimizə, Xocalının günahsız qurbanlarına Tanrıdan rəhmət diləyirəm. Mərd Azərbaycan xalqını, həmişə olduğu kimi, dərd qarşısında əyilməməyə, dövlət müstəqilliyimizin əbədiliyi naminə daha mətin və mübariz olmağa çağırıram. Biz milli-mənəvi bütövlüyümüzlə, Azərbaycan dövlətçiliyi ətrafında sarsılmaz birliyimizlə haqqın və ədalətin təntənəsinə nail olacağıq.

 

25 fevral 1997-ci il

 

****

Xalqımızın tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımından altı il keçir. Erməni silahlı qüvvələri uzun sürən mühasirədən sonra 26 fevral 1992-ci ildə xaricdəki havadarlarının hərbi yardımı ilə Xocalı şəhərini yerlə yeksan etdi. Köməksiz mülki əhali amansızlıqla qətlə yetirildi. Hətta südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Yüzlərlə adam əsir götürülərək dəhşətli işgəncələrə və görünməmiş təhqirlərə məruz qaldı. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə tayı-bərabəri olmayan vəhşilik aktı, insanlığa qarşı tarixi bir cinayətdir.

Bir qrup erməni millətçi-separatçı qüvvələrin 1988-ci ildə Dağlıq Qarabağda başladığı avantürist hərəkət təkcə Xocalı soyqırımına deyil, eyni zamanda Azərbaycan və erməni xalqları arasında on ildən artıq davam edən qanlı münaqişəyə, Qafqaz bölgəsində etnik konfliktlərə və digər ağır nəticələrə gətirib çıxarmışdır. İndi beynəlxalq ictimaiyyət separatist hərəkətlərin təkcə Azərbaycan üçün, bütün dünya üçün böyük təhlükə olduğunu anlayır və buna qarşı ciddi etiraz səsini qaldırır. Hazırda beynəlxalq və regional tədbirlərdə bu hərəkətlər pislənir və müvafiq siyasi-hüquqi qiymətini alır.

Nahaq qan yerdə qalmır. Xocalı müsibətinin də beynəlxalq aləmdə öz qiymətini alacağı və günahkarların gec-tez öz layiqli cəzalarına çatmağı labüddür.

Soyqırımının baş verməsinə şərait yaradan əsas səbəblərdən biri respublika daxilində gedən hakimiyyət mübarizəsi idi. O zamankı rəhbərlərin siyasi səbatsızlığı, ümummilli mənafelərə zidd mövqeyi, xəyanəti, vəzifə hərisliyi, siyasi qruplar və başıpozuq silahlı qüvvələr arasında gedən çəkişmələr Azərbaycanı bir çox ağır faciələrə, o cümlədən Xocalı müsibətinə gətirib çıxardı.

Bu gün ölkəmizin hər yerində Xocalının günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyib, Tanrıdan onlara rəhmət diləyir və bütün xalqımıza başsağlığı verirəm.

Dünyada ən ağır müharibənin də sonu olur. Haqq-ədalət əvvəl-axır irticaya və şərə qalib gəlir. Xalqımızı əmin etmək istəyirəm ki, biz sülhsevər dövlət kimi sülh yolu ilə beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə torpaqlarımızın düşmən tapdağından tam azad edilməsinə nail olacağıq. Bütün qaçqınlar öz doğma ocaqlarına qayıdacaq, ərazi bütövlüyümüz bərpa ediləcəkdir. Azərbaycan xalqının qüdrəti və iradəsi ilə qarşımıza qoyduğumuz bütün ali məqsədlərə nail olacağıq.

 

23 fevral 1998-ci il

 

***

Bəşər tarixinə öz vəhşiliyinə və cəza üsullarının ağlasığmaz qəddarlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımının törədilməsindən yeddi il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsində Ermənistan hərbi birləşmələri keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın köməyi və bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etmiş, günahsız dinc əhaliyə, o cümlədən uşaqlara, qocalara, qadınlara divan tutmuş, misli görünməmiş vəhşilik aksiyası həyata keçirmişdir. Erməni millətçilərinin və onların havadarlarının insanlıqla bir araya sığmayan mürtəce mahiyyəti Xocalı soyqırımında bütün çılpaqlığı ilə üzə çıxır.

Xocalı faciəsinin baş verməsində Azərbaycanın o vaxtkı rəhbərliyi, hakimiyyət orqanları da məsuliyyət daşıyırlar. Uzun müddət mühasirədə qalan Xocalının əhalisi şəhəri mərdliklə qorusa da, hər bir vətəndaşın müdafiəsini təmin etməyə borclu olan respublika rəhbərliyi faciənin baş verməsi dövründə tam fəaliyyətsizlik və xalqın əleyhinə biganəlik göstərərək nəinki şəhərin müdafiəçilərinə kömək göstərmədi, hətta dinc əhalini mühasirədən çıxarmaq imkanlarından da lazımınca istifadə etmədi. Bu, azmış kimi, o vaxtkı rəhbərlik erməni qəsbkarlarının ağır cinayətinin nəticələrini ört-basdır etməyə, xalqdan və dünya ictimaiyyətindən gizlətməyə cəhd göstərdi. Xocalı hadisələrinin baş verməsində respublikada o dövrdə hökm sürən siyasi hərc-mərclik və hakimiyyət uğrunda gedən mübarizə də öz mənfi rolunu oynadı. Ən acınacaqlısı odur ki, sonralar da Xocalı faktoru erməni terrorçularının vəhşi əməllərinin mahiyyətini ifşa etmək istiqamətində deyil, siyasi çəkişmələrdə istifadə olundu.

Əslində Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkarlıq siyasəti Xocalı soyqırımının törədilməsi ilə bitmədi. Təxminən beş il bundan əvvəl atəşkəs haqqında razılığa əsasən hərbi əməliyyatlar dayandırılsa da, müharibənin nəticələri aradan qaldırılmamışdır. Mötəbər beynəlxalq qurumların və Azərbaycan Respublikasının bütün səylərinə baxmayaraq, münaqişənin dinc yolla həlli uğrunda atılan addımlar lazımi səmərəsini verməmişdir. Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımız azad edilməmişdir, bu torpaqlardan didərgin düşmüş bir milyondan artıq azərbaycanlı, o cümlədən Xocalı qaçqınları öz dədə-baba yurdlarına qayıtmaq həsrəti ilə qaçqın düşərgələrində ağır şəraitdə yaşayırlar.

Bu gün şəhidlərimizin ruhu işğal olunmuş torpaqlarımızın düşmən tapdağından təmizlənməsi, qaçqın və köçkün soydaşlarımızın öz yurdlarına qayıtması uğrunda mübarizədə hər birimizi daha sıx birlik və əzmkarlıq göstərməyə səsləyir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan dövləti xalqımızın bu müqəddəs amallarının gerçəkləşməsi yolunda var qüvvəsini sərf edəcək, soydaşlarımıza qarşı törədilmiş qanlı cinayətlərin, o cümlədən Xocalı faciəsinin bütün günahkarlarının lazımınca cəzalandırılması üçün hər tədbiri görəcəkdir.

 

25 fevral 1999-cu il

 

***

Tarixə insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi düşmüş Xocalı soyqırımının törədilməsindən səkkiz il keçir. 1992-ci ilin o qanlı fevral gecəsində ən müasir texnika ilə silahlanmış Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi və bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan edərək yüzlərlə köməksiz, günahsız dinc əhaliyə divan tutmuş, uşaqlara, qadınlara və qocalara belə aman verməmişlər.

XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılılara ağır mənəvi zərbə olmuşdur. Ancaq xocalılılar hətta genosid günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş və bu şəhərin ölməzlik tarixini yaratmışlar.

Xocalı faciəsinin baş verməsində Azərbaycanın o vaxtkı rəhbərliyi, hakimiyyət orqanları böyük məsuliyyət daşıyırlar. Uzun müddət mühasirə şəraitində, güclü düşmənlə üzbəüz, mərdliklə vuruşan yerli əhalidən fərqli olaraq, hər bir vətəndaşın müdafiəsini təmin etməyə borclu olan respublika rəhbərliyi o zaman tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik göstərmiş, əsas diqqəti hakimiyyət uğrunda mübarizəyə yönəltmişdir. Ən acınacaqlısı odur ki, sonralar da Xocalı hadisələrindən erməni terrorçularının vəhşi əməllərinin mahiyyətini ifşa etmək istiqamətində deyil, siyasi çəkişmələrdə istifadə olunmuşdur.

Xocalıda misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş dinc əhalinin qırğınının dünyanın hər hansı guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı həqiqətləri, ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan müharibəsinin bütün məşəqqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.

Heç şübhə yoxdur ki, Azərbaycan dövlətinin bütün sülhsevər addımları, təşəbbüsləri, xüsusilə son illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı məqsədyönlü siyasət işğal edilmiş torpaqlarımızın azad olunmasına, dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasına, soydaşlarımızın, o cümlədən qəhrəman xocalılıların öz doğma yurduna qayıdacağına böyük ümid verir.

İnanıram ki, bu gün xalqımız müstəqil Azərbaycan dövlətində daha da mətinləşib və dövlətimizin müstəqilliyini qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda yenilməz mübarizə aparmaq əzmindədir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan dövləti xalqımızın bu müqəddəs amallarının gerçəkləşməsi yolunda var qüvvəsini sərf edəcək, soydaşlarımıza qarşı törədilmiş qanlı cinayətlərin, o cümlədən Xocalı faciəsinin bütün günahkarlarının lazımınca cəzalandırılması üçün bütün tədbirləri görəcəkdir.

 

 

25 fevral 2000-ci il

 

Azərbaycan.-2009.-25 fevral.-S.7.