Azərbaycan aqrar elminin mərkəzi

 

Universitet ötən illər ərzində böyük inkişaf yolu keçmiş, elmi-tədqiqat işləri sahəsində yaddaqalan uğurlar qazanmış, yüksək səviyyəli aqrar mütəxəssis hazırlığında mühüm rol oynamışdır. Alimlərimiz bitkiçilikdə yeni məhsuldar toxum və cinslərin yaradılmasında misilsiz xidmətlər göstərmişlər.

Ulu öndər Heydər Əliyev kənd təsərrüfatı istehsalının artırılmasında aqrar elminin rolunu həmişə xüsusi vurğulamışdır. ADAU-nun 50 illik yubiley mərasimində təhsil müəssisəsinə "Şərəf nişanı" ordeni təqdim edən respublika rəhbəri hələ o zaman universiteti (Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu) aqrar elminin mərkəzi adlandırmışdır. Ümummilli liderin bu kəlamı alimlərimizin yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilmişdir. Çox fərəhli və qürur doğuran faktdır ki, indi aqrar sahədə çalışan elmlər doktoru və namizədlərinin 60 faizi məhz bu universitetin yetirmələridir.

Azərbaycan aqrar elminin inkişafında böyük xidmətləri olmuş akademiklərdən Y.Məmmədəliyev, H.Əliyev, İ.Mustafayev, V.Tutayuk, F.Məlikov, Ə.Quliyev, M.Musayev, V.Hacıyev, M.Qəniyev, A.Ağabəyli, S.Məmmədova, M.Sadıqov, professorlardan N.Nuriyev, M.Axundzadə, M.Məmmədəliyev, C.Axundov, C.Əliyev, N.Hüseynov, C.Ələkbərov, R.Səttarzadə, R.Mehdiyev, R.Qədimov və başqaları respublika, eləcə də dünya elminə böyük töhfələr vermişlər. Onların rəhbərliyi altında bitkiçiliyin bütün sahələrində yüksək məhsuldar toxum, meyvə və tərəvəz, bostan və yem bitkiləri, müxtəlif pomidor və üzüm növləri yaradılmış, şəkər çuğunduru, ətlik və yunluq istiqamətli qoyun cinsləri, camış, zebu, quş, arı, at cinsləri yetişdirilmişdir.

Heydər Əliyev ideyalarının və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirir. Ölkə başçısının Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının təsdiqi ilə bağlı imzaladığı sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Həmin proqramın uğurla həyata keçirilməsində universitet kollektivinin də üzərinə böyük məsuliyyət düşür.

Hazırda təhsil ocağında 26 elmlər doktoru və professorun rəhbərliyi ilə 250 nəfərdən çox elmlər namizədi tərəfindən 4 istiqamətdə 6 problem, 12 mövzu üzrə aqrar sahəni hərtərəfli əhatə edən elmi-tədqiqat işləri aparılır.

Tanınmış alimlərin rəhbərliyi ilə beş problem - torpağın münbitliyinin artırılması, qorunması və meliorasiyası; kənd təsərrüfatı bitkilərinin becərilməsi, istehsalı, emalı və saxlanılması; kənd təsərrüfatı heyvanlarının genefondunun toplanması və tətbiqi əsasında yeni cinslərin yaradılması, damazlıq işlərinin təşkili, məhsuldarlığın artırılması texnologiyası; bitkiçilikdə və heyvandarlıqda ekoloji cəhətdən təmiz məhsul istehsalını təmin edən təkmilləşdirilmiş texnika və elektrotexniki vasitələrin işlənməsi; aqrar sahədə sahibkarlığın inkişafının istifadə və idarə mexanizminin problemləri və menecment üzrə araşdırmalar aparılır.

Universitetdə 9 adda elmi iş dövlət qeydiyyatından keçmiş xüsusi əhəmiyyət kəsb edən tədqiqatlar kimi qiymətləndirilə bilər. Təhsil ocağında elmi nəticələrin istehsalatda tətbiq olunmasını nəzərdə tutan 5 sahə - Azərbaycanın qərb regionunda bioloji cəhətdən kənd təsərrüfatının inkişaf etdirilməsinə sistemli yanaşma, kənd təsərrüfatı prinsiplərinin işlənib hazırlanması; meyvə-tərəvəz bitkilərindən ibarət genefondun yaradılması və yerli şərait üçün becərmə texnologiyasının işlənməsi; müxtəlif dənli, taxıl və paxlalı bitkilərin perspektiv məhsuldar şəraitdə onların toxumçuluğunun təşkili; Azərbaycan şəraitində qoyun-quzu arasında geniş yayılmış infeksion xəstəliklərin öyrənilməsi və onlara qarşı mübarizə tədbirlərinin hazırlanması; alternativ enerjidən kənd təsərrüfatında istifadə olunması üzrə elmi laboratoriya fəaliyyətdədir. Bu laboratoriyada dəqiq ölçü cihazları ilə torpağın fiziki, kimyəvi və texniki xassələri, meyvə-tərəvəz və subtropik bitkilərin genefondunun saxlanması ilə yeni növlərin yetişdirilməsi, müxtəlif dənli, buğda, arpa, çovdar, qarğıdalı və texniki bitkilərin kolleksiyalarının yaradılması, qoyunlarda bir çox xəstəliyin müalicəsi üçün müxtəlif vasitələrdən istifadə edilməsi, kənd təsərrüfatında enerjiyə tələbatın ödənilməsi və bəndlərdən elektrik, külək və günəş enerjilərinin alınıb tətbiq olunması məsələləri öz həllini tapır.

Alimlərin apardığı tədqiqat işlərinin nəticələri yerli, o cümlədən xarici ölkələrin jurnal və toplularında öz əksini tapmışdır. İndiyə qədər yüzlərlə ixtira və patent alınmış və onlar ən vacib problemlərə - yeni texnologiyalarla üzümün və digər kənd təsərrüfatı bitkilərinin becərilməsinə, bostan bitkiləri, meyvələrin emalı və saxlanılmasına; kənd təsərrüfatında torpağın becərilməsi, pambıq çiyidinin lifsizləşdirilməsi, yemlərin hazırlanması və paylanmasına, sağım aparatlarının təkmilləşdirilməsinə, Naftalan neftinin həm heyvanların müalicəsində, həm də məhsuldarlığının artırılmasında oynadığı rola, yeni cins qoyunların yaradılması məsələlərinə həsr olunmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2004-cü ildə Fransada kənd təsərrüfatı elminin inkişafındakı fəaliyyətinə görə universitet (akademiya) "Napoleon" qızıl medalına, rektor isə xüsusi mükafata layiq görülmüşdür.

ADAU-da hər il tədqiqat işlərinin yekunlarına dair elmi konfrans keçirilir, tələbə və aspirantlarımız respublika miqyasında və xarici ölkələrdə təşkil olunan elmi məclislərdə fəal iştirak edirlər. Universitetin beynəlxalq elmi əməkdaşlıq əlaqələri də ilbəil genişlənir. Vaxtaşırı qardaş Türkiyə Cümhuriyyətinin universitetləri ilə birlikdə simpoziumlar keçirilir, İran İslam Respublikasının alimləri ilə birgə layihələr üzərində işləyirlər. Universitetimizdə təşkil olunan sonuncu konfransda 70 nəfərə yaxın iranlı alim iştirak etmişdir. Alimlərimizin böyük bir dəstəsi Tehran, Təbriz universitetlərində keçirilən beynəlxalq simpoziumlarda aktual mövzularda dəyərli çıxışlar etmişlər.

ADAU-nun professor-müəllim heyəti xarici ölkələr üçün ixtisaslı mütəxəssis və elmi kadrların hazırlanması işində də böyük səy göstərir. Onların müdafiə edib elmi dərəcə almalarında xüsusi rol oynayırlar. Son 10 il ərzində İran İslam Respublikasının 5 nəfər mütəxəssisi doktor adına layiq görülmüşdür. Yetirməmiz doktor Kərim Kazemengahın tədqiqat işi beynəlxalq müsabiqədə ikinci yeri tutmuşdur.

Universitetdə alman proqramı əsasında mütəxəssis hazırlığına ciddi diqqət yetirilir. Hər il magistrlər, o cümlədən 10 nəfər master dərəcəsi almaq üçün Almaniyaya göndərilir. Təhsil almaq və elmi-tədqiqat işləri aparmaq məqsədilə bir neçə nəfər Çinə, Yaponiyaya ezam olunur.

Universitetdə aspirantura, dissertantura və doktorantura şöbəsi fəaliyyət göstərir. Hazırda elm və təhsil müəssisəsində 20 nəfər əyani aspirant, 80 nəfər dissertant və doktorant var. Burada dissertasiya işlərinin müdafiəsi üçün 6 ixtisas üzrə müdafiə şurası fəaliyyət göstərir. 5 il ərzində universitetdə 32 nəfər dissertasiya müdafiə etmiş, 24 nəfər elmlər namizədi, 8 nəfər doktorluq dərəcəsi almışdır. Təhsil ocağında elmi-tədqiqat işlərinin istehsalata tətbiqini reallaşdıran elmi-texniki şura da mövcuddur.

Universitetin nəzdindəki nəşriyyat şöbəsində müxtəlif dərsliklər, dərs vəsaitləri və elmi toplular nəşr olunur. Yalnız 2008-ci ildə 40 çap vərəqində elmi əsərlər toplusu, 36 adda kitab, 300 məqalə, 50 tezis, 15 avtoreferat çapdan çıxmışdır.

Hazırda ADAU-da 80 illik yubileyə hazırlıqla bağlı ciddi işlər aparılır. Universitetin tədris binaları böyük tikinti obyektlərini xatırladır. Auditoriyalarda, laboratoriyalarda, kabinetlərdə, otaqlarda əsaslı təmir və bərpa işləri görülür, 20 ildən çox işləməyən istilik sistemi yenidən qurulur. Alimlərin tədqiqat obyekti olan 80 hektarlıq tədris-təcrübə sahəsi tamamilə təmizlənmiş, kafedralar arasında bölünmüşdür. 63 hektarlıq sahədə dendroloji park, botanika bağı, meyvə, üzüm bağları salınır. Universitetin müəllimləri müəyyən müddətə müxtəlif ölkə və şəhərlərə - Türkiyə, Almaniya, Moskva, Minsk, Sankt-Peterburq, Ankara, İstanbul, ABŞ və digər yerlərə ezam olunur, qayıtdıqdan sonra əldə etdikləri yenilikləri tədrisdə və elmi-tədqiqat işlərində tətbiq edirlər.

ADAU son vaxtlar xarici ölkələrlə birgə layihələrdə iştirak edir, sifarişli işlərin aparılması ilə əlaqədar müqavilələr bağlayır. Bu ilin fevral ayında universitetin 2 alimi Serbiya Respublikasının "Krmno bilge" institutunun yonca toxumunun yerli şəraitə uyğunlaşdırılması məqsədilə "Azərbaycan şəraitində suvarılan torpaqlarda yonca toxumu istehsalı" mövzusunda layihə işləri aparılmasına dair müqavilə imzalamışdır. Bundan əlavə, Almaniyanın "Klass" və "Nokia" şirkətləri ilə də əməkdaşlıq əlaqələri yaradılıb. Universitetin alimləri Qazax, Ağstafa və başqa rayonlarda olmuş, Gürcüstan, Hollandiya, İsveçrə və Norveç alimləri ilə görüşlər keçirmiş, kənd təsərrüfatının inkişafı, onun aktual problemləri ilə bağlı məruzələr oxumuş, "Bayer" və "Brofarma" şirkətləri ilə birlikdə heyvandarlıq və quşçuluqda parazitlərə qarşı aparılan tədbirlərlə əlaqədar söhbətlərdə iştirak etmiş, öz təkliflərini vermişlər. Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının və ABŞ-ın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Bitkilərin Molekulyar Genetikası Universitetinin (Alabama şəhəri) professoru Çanapotna Parakasın geni dəyişdirilmiş bitkilərin ümumdünya əhəmiyyəti barədə mühazirə və seminarları dinlənilmişdi.

May ayının 14-16-da "Kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması problemləri: müasir vəziyyət, beynəlxalq təcrübə və yeni aqrar təhsil modeli" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmiş, burada 15-dən çox ölkənin alimləri iştirak etmişdir. Konfransda dəyərli müqavilələr bağlanılmışdır.

Təhsil müəssisəsinə yeni rəhbərlik təyin olunduqdan sonra burada ab-hava xeyli dəyişmiş, professor-müəllim heyətinin əlvali-ruhiyyəsi yüksəlmiş və işgüzarlığı artmışdır.

Əminik ki, universitetin 80 illik yubileyini alimlərimiz yüksək səviyyədə, yeni töhfələrlə qarşılayacaq, ixtisaslı kadr hazırlığında, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasında, alınan nəticələrin təsərrüfatlara tətbiqində nailiyyətlər qazanacaq, respublikamızın beynəlxalq miqyasda tanınmasında öz səylərini əsirgəməyəcəklər.

 

 

Xalid QURBANOV,

Azərbaycan Dövlət Aqrar Universitetinin elm və

texnika üzrə prorektoru,

Beynəlxalq Aqrar Təhsil Akademiyasının həqiqi

üzvü, texnika elmləri doktoru, professor

 

Azərbaycan.- 2009.- 3 iyul.- S. 7.