Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yazıçı-alim Rudolf İvanovla görüşmüşdür

 

İyulun 3-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva rusiyalı tanınmış tədqiqatçı alim və yazıçı, professor Rudolf İvanov və onun xanımı Yekaterina ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva Azərbaycanın görkəmli hərbçiləri haqqında kitabları ilə məşhur olan yazıçı və onun xanımı ilə xatirə şəkli çəkdirmişdir.

Heydər Əliyev Fondunda yazıçını görməyə şad olduğunu deyən Mehriban xanım Əliyeva Azərbaycan Prezidentinin sərəncamı ilə "Dostluq" ordeninə layiq görülməsi münasibətilə qonağı təbrik etmişdir.

Yazıçının yaradıcılığının ölkəmizdə diqqətlə izlənildiyini qeyd edən Mehriban xanım Azərbaycan tarixini obyektiv araşdırdığına və bu mövzudakı sanballı əsərlərinə görə professor Rudolf İvanova təşəkkür etmişdir. Mehriban xanım bildirmişdir ki, yazıçının yaradıcılığı, eyni zamanda, Azərbaycan və Rusiya arasında mədəni əlaqələrə töhfədir.

Heydər Əliyev Fondunun prezidenti yazıçıya yaradıcılığında yeni uğurlar arzulamışdır.

Səmimi qəbula görə təşəkkür edən yazıçı Rudolf İvanov yaradıcılığına göstərilən diqqətə görə minnətdarlıq etmişdir. O, Prezident İlham Əliyevin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmasını yaradıcılığına verilən böyük qiymət kimi qəbul etdiyini demişdir.

Yaradıcılığı haqqında məlumat verən yazıçı əsərlərinin nəşrinə göstərdiyi köməyə görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirmişdir.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.- 4 iyul.- S. 4.