Orden təqdim edildi

 

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 30 iyun tarixli sərəncamı ilə Rudolf Nikolayeviç İvanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilmişdir.

İyulun 3-də Prezidentin tapşırığı ilə Baş nazirin müavini Elçin Əfəndiyev "Dostluq" ordenini rusiyalı tədqiqatçı, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının üzvü, professor Rudolf İvanova təqdim etmişdir.

Tanınmış tədqiqatçı alimi dövlətimizin yüksək mükafatına layiq görülməsi münasibətilə təbrik edən Baş nazirin müavini, Rudolf İvanovun Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində xidmətlərini bir daha xatırlatmışdır. Qeyd etmişdir ki, indiyədək onun nəşr etdirdiyi 30 kitab arasında bizim diyarımıza, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə həsr olunmuş tədqiqat əsərləri mühüm yer tutur. Onlardan biri də rusiyalı alimin çoxillik gərgin tədqiqatlarının bəhrəsi olan əfsanəvi azərbaycanlı general, çar ordusunun qəhrəman sərkərdələrindən sayılan, kornetdən general rütbəsinədək yüksəlmiş və Əlahəzrət İmperatorun General-Yavəri adına layiq görülmüş Hüseynxan Naxçıvanskinin həyat və döyüş yolundan bəhs edən "Əlahəzrətin general-yavəri" tarixi monoqrafiyasıdır.

Bir neçə il əvvəl həmin monoqrafiyanın Bakıda təqdimat mərasiminin keçirildiyini deyən E.Əfəndiyev Rudolf İvanovun öz qələmi ilə daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində xalqımızın haqq işini müdafiə etdiyini, erməni millətçilərinin iç üzünü açan tarixi faktlar ortaya qoyduğunu minnətdarlıq hissi ilə qeyd etmişdir.

Yüksək dövlət mükafatı ilə təltif olunduğuna görə təşəkkürünü bildirən R.İvanov Azərbaycanı və onun mərd, mübariz və qədirbilən xalqını ürəkdən sevdiyini bildirmiş, Bakı Hərbi Dəniz Məktəbində həyata vəsiqə aldığını minnətdarlıq hissi ilə xatırlamış, yenidən Bakıda olmasından son dərəcə məmnun qaldığını dönə-dönə vurğulamışdır. Rusiyalı tədqiqatçı "Dostluq" ordeni ilə təltif olunması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını eşitdiyi günü ömrünün ən xoşbəxt anı hesab etdiyini söyləmiş, əməyinə verilən qiymətə görə dövlətimizin başçısına minnətdarlığını çatdırmağı xahiş etmişdir.

Baş nazirin müavini Elçin Əfəndiyev Rudolf İvanovun "Dostluq" ordeni ilə təltif olunması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamının mətnini oxumuş, yüksək mükafatı qonağa təqdim etmiş, ona uzun ömür, cansağlığı, elmi fəaliyyətində yeni uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 4.