Həm azar, həm bazar...

 

- Oğlum, şəhərdə qalıb tətilin kefini dənizdən çıxarmaqdansa bəlkə İsmayıllıya - nənənin yanına gedəsən?! Çoxdandı səni arzulayır.

- Ata, nənəmin yanına, dağda dincəlməyə onsuz da gedəcəm. Amma əvvəlcə istəyirəm dənizə də gedim. Bir də ki, narahat olma, özün də bilirsən ki, artıq üzməyi bacarıram.

- Bala, üzməyinə görə demirəm. Sözümün canı odur ki, dəniz əvvəlki dəniz deyil, suda hər cür xəstəlik var.

Bəli, elə bir zəmanədə yaşayırıq ki, bu gün valideynlər övladlarının dənizdə boğulmasından daha çox dəniz suyunda son vaxtlarda daha da çoxalmış müxtəlif mənşəli mikroblara tuş gəlməsindən qorxurlar. Düzdür, heç kim həyatını sığortalaya bilməz ki, boğulan anda gəlib onu xilas edəcəklər. Lakin bu bir həqiqətdir ki, son illərdə çimərliklərdə xilasedicilərin fəaliyyəti əhəmiyyətli dərəcədə güclənib. Onlara səsucaldandan tutmuş motorlu qayıqlara qədər ən müasir texniki avadanlıq verilib. Üstəlik, bütün çimərliklərdə dərinliyə doğru müəyyən məsafədən sonra işarələr qoyulub və həmin işarələri keçib dərinə üzənlər məcburi şəkildə geri qaytarılır. Bu mənada dənizdə boğulmaqla bağlı əvvəlki qorxu və həyəcan bir qədər səngimiş görünə bilər.

Fəqət dənizdə boğulmaq qorxusu nə qədər azalsa da, dəniz suyu vasitəsilə ağır xəstəliklərə yoluxmaq ehtimalı bir o qədər artmaqdadır. Hidrometeoroloqların proqnozlarına görə, bu il yay ötənilki mövsümlə müqayisədə daha isti keçəcək. Deməli, qızmar istilərdən sərinlənmək üçün dənizə üz tutanların sayı da çox olacaq. Bəs dəniz insanları qarşılamağa hazırdırmı? Təəssüf ki, araşdırmalarımız bu mövzu ilə bağlı çox pessimist əhvali-ruhiyyə yaradır.

 

Dəniz suyunun bakterioloji çirklənməsi normadan yüksəkdir

 

Hər il çimərlik mövsümünün başlanması ilə əlaqədar respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə dəniz suyunun çirklənmə mənbələrinin aşkar edilməsi məqsədilə geniş araşdırma işləri aparır, dəniz suyunun laboratoriya müayinələrini həyata keçirir.

Bu il də Mərkəz tərəfindən Abşeron yarımadasını əhatə edən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyətinə və dəniz suyunun keyfiyyət göstəricilərinə nəzarət, eləcə də yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirlərinin təmin edilməsi məqsədilə laborator üsullarla müayinələr aparılıb.

Müayinələr nəticəsində Mərdəkan-Şüvəlan kanalizasiya təmizləyici stansiyasında aparılan təmir-yenidənqurma işlərinin başa çatdırıldığı və dənizə axıdılan çirkab sularının tam mexaniki və bioloji təmizlənməsinin təmin edildiyi məlum olub. Yəni, Mərdəkan-Şüvəlan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma səviyyəsindədir. Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan çimərlikləri də paytaxt sakinlərini qarşılamağa tam hazırdır. Dəniz suyunun keyfiyyət göstəricilərinin normal olduğu həmin çimərliklərdə dincəlmək istəyənlərin təhlükəsizliyi, iddia edildiyinə görə, yüksək səviyyədə təmin olunub.

Amma məlum olub ki, bir sıra çimərliklərə üz tutanları istirahət və əyləncədən daha çox təhlükə gözləyir. Bəzi çimərliklərin sanitariya-mühafizə zolaqları kanalizasiya suları ilə intensiv çirklənməyə məruz qaldığından orada dəniz suyunun bakterioloji çirklənmə göstəriciləri normadan yüksəkdir. Mərkəzin Sanitar gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımovun bildirdiyinə görə, çimərliklərin təmizlənməmiş çirkab suları ilə intensiv çirklənməsi, sanitariya normaları və qaydalarının tələblərinə cavab verməməsi insanların infeksion xəstəliklərə yoluxmasına şərait yaradır.

Müayinələr zamanı Səbail rayonunun Şıx və Qaradağ rayonunun "Sahil" çimərliklərinin sanitariya-mühafizə zolaqlarına həmin ərazilərdə yerləşən yaşayış məntəqələrinin təmizlənməmiş çirkab sularının axıdılması nəticəsində dəniz suyunun intensiv çirklənməsinin hələ də davam etdiyi məlum olub.

Novxanı çimərliyinin sanitariya-mühafizə zolağına Novxanı qəsəbəsindən və dənizkənarı bağ massivindən, eləcə də Coratın yaşayış sahələrindən çirkab sularının axıdılması burada da dəniz suyunun və çimərliyin sahil ərazilərinin çirklənməsinə səbəb olub. Novxanı çimərliyində həm də mövsümə hazırlıq işləri qeyri-qənaətbəxş təşkil edilib, ərazidən tullantıların kənarlaşdırılması təmin edilməyib, çirkab sularından əmələ gəlmiş gölməçələr və bataqlıqlar, qamışlı sahələr antisanitariya vəziyyəti yaradıb.

Hövsan çimərliyində də vəziyyət acınacaqlıdır. Abşeronun cənub hissəsinin digər tərəfində yerləşən bu çimərlik əsasən Suraxanı rayonunun sakinləri arasında məşhurdur. Buradakı sanitariya- mühafizə zolağına istehsalat çirkab suları üçün nəzərdə tutulmuş "Hövsan" kanalı vasitəsilə sutka ərzində 150-200 min kubmetr istehsalat, təsərrüfat-məişət suları axıdılır. Eyni zamanda, Hövsan Aerasiya Stansiyasından layihə üzrə nəzərdə tutulmamış ərazidən çirkab sularının birbaşa sahildən dənizə axıdılması da suyun çirklənməsinə gətirib çıxarıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, yoluxucu xəstəliklərin yayılmasına rəvac verdiyini nəzərə alaraq və "Sanitariya-Epidemioloji salamatlıq haqqında" qanuna əsaslanaraq Şıx, Novxanı, Hövsan, Qaradağ rayonunun "Sahil" çimərliklərindən və bu ərazilərdə qanunsuz fəaliyyət göstərən çimərlik sahələrindən istifadə olunmasının qadağan edilməsinə dair 19 iyun 2009-cu ildə qərar verib. Həmçinin buna dair müvafiq sənədləri Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhər Baş Polis İdarəsinə göndərib. Mərkəz tabeliyində olan şöbələrə də fəaliyyəti qadağan edilmiş çimərliklər barədə geniş məlumatlandırma işlərinin aparılması barədə göstərişlər verib. Sənədlərin surəti özəl çimərliklərə və istirahət-əyləncə komplekslərinə göndərilib. Qeyd edək ki, dənizkənarı istirahət mərkəzləri həm də ərazinin təmizliyinə cavabdehdir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirdilər ki, bu günlərdə çimərliklərdə qadağalara nə dərəcədə riayət olunmasını araşdırmaq üçün monitorinqlərə başlanacaq. Qadağalara tabe olmayan özəl çimərliklər "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi"nə əsasən cərimə olunacaq. İyul ayı artıq yarı olub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin diqqətinə çatdırırıq ki, sözügedən ərazilərdə çimərliklərin fəaliyyəti hələ də dayandırılmayıb.

 

Nazirlik Mərkəzi nə məqsədlə təkzib etdi?

 

İyun ayının 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet saytında "Bakı və Sumqayıt çimərlik ərazilərindən götürülmüş nümunələr üzərində aparılan təhlillərin nəticələri" adlı yazı yerləşdirilmişdi. Maraqlıdır ki, bu yazıda respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan monitorinqin nəticələri təkzib edilir. Yazıda deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri Bakı Şəhər Sanitar Epidemioloji Stansiyasının əməkdaşları ilə birgə Bakı və Sumqayıt çimərliklərində monitorinq keçirmişlər. 2009-cu il may ayının 12-dən iyun ayının 18-dək Abşeron yarımadasında çimərlik mövsümünə hazırlıqla əlaqədar Bakı və Sumqayıt çimərliklərində ekoloji vəziyyəti öyrənmək məqsədilə keçirilən monitorinqlər zamanı çimərlik ərazilərindəki 50 nöqtədən 153 su nümunəsi götürülmüş və onların üzərində 1032 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji təhlillər aparılmışdır.

"Novxanı-Pirallahı (Novxanı bağlar sahəsinin şərq hissəsi, Pirşağı, Nardaran, Bilgəh, Buzovna, Mərdəkan-Şüvəlan) sahil zolağının modul tipli təmizləyici qurğular quraşdırılmış ərazilərində aparılmış tədqiqatların nəticələrinə görə, dəniz suyu nümunələrində təyin olunan komponentlərin miqdarı norma daxilindədir. Türkan və Novxanı bağları sahil zolağı ərazilərində mikrobioloji baxımdan zəif çirklənmə müşahidə edilmişdir. Çirklənmənin səbəbi müvafiq mənbələr üzrə Türkan yaşayış massivindən, Sumqayıtın 5 və 6-cı mikrorayon ərazilərindən, Corat, Saray qəsəbələrindən və bağ massivlərindən, Novxanı bağları istiqamətindən daxil olan təmizlənməmiş çirkab sularıdır. Əvvəllər daha çox çirklənməyə məruz qalan Novxanı-Sumqayıt sahil zolağında cari ilin iyun ayının əvvəlində ETSN tərəfindən quraşdırılaraq istifadəyə verilmiş 7 ədəd təmizləyici qurğuların fəaliyyəti hesabına, bu istiqamətdə çirkab sularının təmizlənməsi müəyyən qədər təmin olunsa da, Sumqayıt istiqamətindən böyük həcmdə axıdılan kanalizasiya suları bu əraziləri çirklənməyə məruz qoyur. Şimal küləyi əsdikdə çirklənmiş ərazilərin sahəsi daha da genişlənir", - deyə məlumatda bildirilir.

Yazıda Corat ərazisindəki "Diana", "Gəmiqaya", "Sunsit", "Səma" istirahət mərkəzlərinin qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarının norma daxilində müəyyən edildiyi diqqətə çatdırılır. Məhz bu ərazilərdə bağırsaq çöpü bakteriyalarının sayı ən az səviyyədə göstərilir. Məsələn, "Səma" istirahət mərkəzi qarşısında dəniz suyunda bağırsaq çöpü bakteriyalarının sayı 17 000 ədəd/litr göstərilir. Halbuki Sumqayıt şəhəri, 5-ci mikrorayon istiqamətindən götürülmüş dəniz suyu nümunəsində bağırsaq çöpü bakteriyalarının sayının 273 000 ədəd/litr olduğu bildirilir. Görəsən, adıçəkilən istirahət mərkəzindən cəmi 3-4 km aralıda olan Sumqayıt şəhəri, 5-ci mikrorayon istiqamətində suda bağırsaq çöpü bakteriyalarının sayı niyə bu qədər çoxdur? Orada "prestijli" "istirahət mərkəzi" yoxdur, bəlkə ona görə?

ETSN Novxanı çimərliyində, o cümlədən "Aquapark" istiqamətində, Hövsan çimərliyində dəniz suyunda fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarının norma daxilində, bağırsaq çöpü bakteriyalarının sayının isə minimal səviyyədə olduğunu müəyyən etmişdir.

Yazıda Şıx çimərliyi ərazisindəki "1001 gecə", "Ramada" istirahət mərkəzlərinin, "Delfin" hotelinin də adları çəkilir, burada dəniz suyunda bəzi kimyəvi komponentlərin az miqdarda normadan artıq müəyyən edildiyi qeyd olunur.

Göründüyü kimi, ETSN respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı monitorinqin nəticələrinə kökündən balta vurur. Görəsən nazirliyin öz araşdırmasında bütünlüklə sahil zolaqları ilə bağlı yox, sadəcə müxtəlif istirahət mərkəzləri üçün rəy verməsi nə dərəcədə əsaslıdır? Digər tərəfdən, yanaşı istirahət mərkəzlərinin birini "ideal", digərini "çirkli" hesab edən "ekspertləri" nə dərəcədə səmimi və obyektiv saymaq olar?

 

Dənizin çirki sahildəki istirahət mərkəzlərinə "hopub"

 

Suyu mikroblarla zəngin Xəzərimizin sahilindəki istirahət mərkəzlərində vəziyyət isə biabırçılıqdan başqa bir şey deyil. Deyəsən, onlara da çirkli dənizin suyu "hopub".

Şıx çimərliyində dəniz suyu başqa çimərliklərlə müqayisədə tək indi deyil, əvvəllər də təmiz olmayıb. Abşeronun Şıx çimərliyi yerləşən cənub sahilində qumluq zolağın eni və keyfiyyəti də Mərdəkan, Buzovna, Zuğulba, Bilgəh, Şüvəlan və Novxanıda yerləşən şimal zolağına baxanda xeyli pisdir. Buna baxmayaraq paytaxt əhalisi həmişə həm nəqliyyat sarıdan, həm də şəhərin mərkəzinə yaxınlığına görə əlverişli olan Şıx çimərliyinə daha çox üstünlük vermişdir.

Amma son dövrlərdə burada çimərlik üçün əlverişli olan təxminən 4 kilometr sahil zolağında dəbdəbəli istirahət mərkəzlərinin salınması və onların qeyri-qanuni şəkildə dənizin suyuna yiyələnmələri Şıx çimərliyini geniş əhali kütləsi üçün, demək olar ki, əlçatmaz edib. Bu istirahət kompleksləri və onların nəzarət etdikləri çimərliklər daha çox xarici ölkə və imkanı olan yerli vətəndaşlara hesablanıb.

Elə istirahət mərkəzlərində çimərliklərin sanitariya-mühafizə zolağının Bibiheybət, Badamdar, 20-ci Sahə ərazilərindən axıdılan çirkab suları ilə çirkləndirilməsi bir yana dursun, onların müştərilər üçün təklif etdikləri restoran, bar, diskoteka, motorlu qayıqlar və motosikllər, katamaranlar, günəş yataqları və s. xidmətlərində çox ciddi nöqsanlar mövcuddur.

Şıx çimərliyinin sahil zolağında apardığımız müşahidələr zamanı bir sıra istirahət komplekslərində, özəl çimərlik zonalarında ciddi nöqsanların şahidi olduq.

 

Min bir problemli "1001 gecə"

 

Şıx çimərliyindəki "1001 gecə" əyləncə-istirahət kompleksindəki pozuntularla buranın elə girişində qarşılaşdıq. İstirahət kompleksinin nəzarətçiləri müştəriləri içəri yalnız giriş haqqını ödədikdən sonra buraxırlar. Yaşından asılı olmayaraq hər kəs, hətta uşaqlar üçün bu qiymət 3 manat məbləğində müəyyənləşdirilib. Lakin əyləncə mərkəzinin mədaxil qəbzində həmin məbləğin 2 manat olduğu qeyd edilib. Kompleksin nəzarətçiləri müştərilərdən müəyyən olunmuş məbləğdən 1 manat artıq ödəməyi tələb edirlər. "Rəhbərlik bizə tapşırıb ki, giriş haqqı üçün hər müştəridən 3 manat alın. Əks təqdirdə heç kimi içəri buraxmayın" deyən nəzarətçi giriş haqqını aldıqdan sonra üzərində heç bir imza və ya təsdiqi olmayan mədaxil qəbzini təqdim etdi.

Yarımkəsilmiş qəbzin üzərində iş və xidmət sifarişçisinin adı, VÖEN-i, bank rekvizitləri, ünvanı və digər rekvizitləri göstərilmir. Əyləncə mərkəzində mədaxil qəbzi ilə müştəriləri başqa cür də aldadırlar. Nəzarətçilər iki müştəriyə bir qəbz təqdim edərək bunun müqabilində 6 manat pul tələb edir, həmin məbləği isə qəbzin üzərində 3 manat kimi göstərirlər. Beləliklə, toplanılan vəsaitin yarısı mənimsənilərək ciblərə axır və vergidən yayındırılır. Mədaxil qəbzinin anketlərində icraçının adı, soyadı və imzası yoxdur. Bütün bunlar əyləncə kompleksində xidmət ödəmələrinin formal olduğunu sübut edir.

"1001 gecə"də müştərilərə digər pullu xidmət növlərində də ciddi qanunsuzluqlar mövcuddur. Kafe və barda qiymətlər olduqca bahadır. Çimərliyə üz tutanların ən çox ehtiyacı olduğu sərinləşdirici içkilər müvafiq normadan 2-3 dəfə baha qiymətə satılır. Satış qiyməti 20 qəpik müəyyən edilmiş yarımlitrlik mineral suların qiyməti burada 50 qəpiyədir. 1 litrlik sərinləşdirici qazlı içkilərin qiyməti isə 2 dəfə artırılaraq 1 manata qaldırılıb. 2 dəfə baha qiymətə təklif edilən xidmət növlərinin məbləği kassa aparatlarına vurulmur, müştərilərə xidmət çekləri ödənilmir və beləliklə, kompleks burada da vergidən yayınır.

Xatırladaq ki, burada müştərilərə göstərilən xidmət haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Günəş şüasından qorunmaq üçün istifadə olunan çətirlər, habelə qum çarpayılarının hər birinin bir nəfər üçün qiyməti 4 manata qədər artırılıb. Maraqlıdır ki, ötən ildən bu yana bütün sahələrdə qiymətlərin aşağı düşdüyü bir zamanda görəsən qiymət artımı hansı məntiqdən və zərurətdən irəli gəlib?! İstirahət kompleksinin baş inzibatçısı Gündüz Rüstəmov qiymət artımını nəzarətçilərin sayının artırılması ilə əlaqələndirsə də, bu, inandırıcı dəlil deyil! Çünki nəzarətçilərin sayı artırılıbsa, deməli, kompleksin müştərilərinin də sayı artıb.

Buraya gələn müştərilər qida məhsullarının, yeməklərin qiymətinin çox baha olmasından gileylənərək bildirirlər ki, iki nəfər üçün ən ucuz nahar 45-50 manata başa gəlir. Buna görə əksər müştərilər özləri ilə gətirdikləri yeməklə nahar edirlər. Naharın qiymətinə görə də çek ödənilmir. Qiymətlərin bahalı olmasına baxmayaraq, müştərilərin rahatlığı üçün yaradılmış şərait yetərincə deyil. Belə ki, sahil zolağında kütləvi formada müşahidə etdiyimiz plastik su qabları, siqaret kötükləri, qida və məişət tullantıları antisanitariyadan xəbər verirdi.

"1001 gecə"də həm də mənəviyyatımıza sığışmayan bir səhnənin şahidi olduq. Çimərliyin "duş otağı" adlanan, fəqət bir küncdə ən primitiv və biabırçı şəraitdə düzəldilən yuyunma yerinin dörd tərəfi açıqdır. Duş qəbul edənlər, qadınlı-kişili - hamı elə çimərlik paltarındaca - hamının gözü qarşısında yuyunmaq məcburiyyətindədir. Əslində, belə olmalı deyil! Müştərilərə yüksək xidmət göstərdiyini iddia edən istirahət mərkəzi onların normal yuyunmasını da təmin etməlidir. Üstəlik, duşların yan-yörəsində antisanitariya baş alıb gedirdi, ərazi qarpız qabıqları ilə dolu idi...

Digər komplekslərlə müqayisədə təmizliyi ilə qismən fərqlənən "Crescent Beach" əyləncə-istirahət mərkəzində də giriş haqqı 3 manatdır. Müştərilər buradakı çimərlikdə xidmət haqqının digər özəl çimərliklərlə müqayisədə baha olduğunu deyirlər. İstirahət kompleksində sərinləşdirici içkilərin, yeməklərin qiyməti xüsusilə bahadır. 1 nəfər üçün 1 dəst stol-stul yerindən asılı olaraq 4-6 manat civarındadır.

"Aquapark" istirahət mərkəzi də Şıx çimərliyinin ən bahalı komplekslərindəndir. Buraya təkcə bir nəfər üçün giriş haqqı 10 manatdır. Əhalinin tələbatından istifadə edən əyləncə kompleksinin rəhbərliyi xidmət haqlarını bir neçə dəfə artırıb. Bu isə çimərliyə üz tutanların haqlı narazılığı ilə qarşılanıb. Müşahidələr zamanı yayın qızmar istisindən sərinlənmək üçün buraya üz tutanların bir qisminin narazı şəkildə digər komplekslərə üz tutduqlarının şahidi olduq. Hətta giriş qapısındakı nəzarətçilərlə mübahisə edənlər də vardı. "Aquapark" əyləncə-istirahət mərkəzinin yerləşdiyi ərazinin sahil zolağında güclü antisanitariya hökm sürür. Ətraf xeyli sayda məişət tullantıları, plastik qablarla doludur. Buranın rəhbərliyinin başı qiymətləri qaldırmağa o qədər qarışıb ki, təmizlik məsələləri yaddan çıxıb.

 

Novxanı çimərliklərində də əməlli-başlı dərəbəylikdir

 

 Novxanı çimərliyi Abşeronun şimal hissəsində yerləşir. Bir vaxtlar Bakının ən çox gedilən çimərliklərindən olmuş bu məkanda da vəziyyət ürəkaçan deyil. Halbuki qumunun keyfiyyətinə və suyunun təmizliyinə görə o, Abşeronun şimal hissəsində ən yaxşı çimərlik yerlərindən sayılır. Buradakı "Aquapark" əyləncə-istirahət mərkəzinin ətrafında, dənizin lap sahilində "Barbados", "Sahil", "Mayak", "Old Baku", "Dostlar", "Avanqard" və sair istirahət mərkəzləri yaradılıb. Əslində, bunlara istirahət mərkəzi deməyə adamın dili gəlmir. Çünki istirahət mərkəzi geniş anlayışdır və insanların rahat dincəlməsinə hesablanan müxtəlif xidmətləri özündə birləşdirir.

Amma adıçəkilən bu "istirahət mərkəzlər"i yalnız və yalnız yeməkxana xidməti göstərə bilirlər. O da ki nə gündə! Yeməklərin bişirilmə şəraiti ən minimal sanitariya normalarına belə cavab vermir. Yeməklər qumun üstündə, qamışların arasında yandırılmış ocaqlarda, harda gəldi bişirilir. Üstəlik qida növlərinin, o cümlədən ətin keyfiyyəti və mənşəyi naməlum olaraq qalır. Heç bir aidiyyəti orqan bir dəfə də gəlib bu "istirahət mərkəzləri"ndə sanitariya qaydalarına hansı səviyyədə əməl olunmasına nəzarət etmir.

Diqqəti cəlb edən başqa bir cəhət bu "istirahət mərkəzləri"nin duş, avtomobil saxlama və digər xidmətlərə görə vətəndaşlardan pul qoparmalarıdır. Elə bir yerə rast gəlmədik ki, orada duşxananın və ya ayaqyolunun üzərində qiymət yazılmasın. Hərə ağlına gələn bir qiyməti yazıb yapışdırıb. Təbii ki, xidmət əvəzinə çek ödənilmir, kassa hesablaşması aparılmır. Görəsən, aidiyyəti orqanlar hara baxırlar ki, bu qanunsuzluqları görmürlər?!

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi vətəndaşlara Novxanı çimərliyinə getməyi məsləhət görmür. Əlbəttə, biz dəniz suyunun bakterioloji çirklənməsi ilə bağlı dəqiq mülahizə yürüdə bilmərik. Bu, aidiyyəti orqanların işidir. Amma müşahidələrimizlə belə qənaətə gəldik ki, əgər Novxanıda dəniz suyu və çimərlik ərazisi bir tərəfdən Novxanı qəsəbəsindən və dəniz kənarı bağ massivindən, eləcə də Corat qəsəbəsində yerləşən yaşayış sahələrindən çirkab sularının axıdılması ilə çirklənirsə, digər tərəfdən bu "istirahət mərkəzləri"nin sayəsində çirklənir. Çimərlik ərazisini hissələrə bölərək icarəyə götürmüş "istirahət mərkəzləri"nin rəhbərləri orada təmizliyə riayət etməyə borcludurlar! Amma ərazilərdə o qədər zibilliklər var ki, ətrafı üfunət bürüyüb. Məişət tullantılarından ibarət qalaq-qalaq zibilliklərin yaranması kimsəni qətiyyən narahat etmir.

Abşeronun şimal bölgəsində tək bir rahat və təchiz edilmiş çimərlik Novxanıdakı "Aquapark" özəl çimərliyidir. Amma elə ən böyük özbaşınalıq da məhz buradadır. "Aquapark" rəhbərliyinin təyin etdiyi qiymətlər aşağı gəlirli insanlar üçün əlçatan deyil. Çimərliyə giriş 10 manatdır. Bura özünlə sərinləşdirici içki və qida gətirmək qadağandır. Rəhbərlik bunu istirahət mərkəzində sərinləşdirici içki və qidanın satışı ilə əlaqələndirir. "Aquapark"dakı qiymətlərlə tanışlıqdan sonra sərinləşdirici içkilərin və qidanın gətirilməsinə qadağa qoyulmasının əsl səbəbi məlum oldu. Belə ki, adi mağazalarda qiyməti 40-50 qəpiyə olan içkilərin qiyməti burada manatlarla hesablanır. Ayrı-ayrı qida növlərinin qiyməti isə əməlli-başlı od tutub yanır. Bir nəfərin yüngül qəlyanaltısı ən azı 20-30 manatdır.

Yuxarıda Şıx çimərliyindəki istirahət mərkəzlərinin də hərəsinin bir qiymət tətbiq etdiyini yazmışdıq. Digər tərəfdən isə ilkin təəssüratlar bu mərkəzlərin hamısının külli miqdarda vergini dövlətdən yayındırması qənaətini yaradır. Təxmini hesablamamıza görə, Novxanı "Aquapark"a yay mövsümündə üz tutan müştərilərin sayı gün ərzində minlərlə olur. Burada girişdə müştəriyə çek verilsə də, yığılan pullardan dövlətə lazımi səviyyədə verginin ödənib-ödənməməsi qaranlıq qalır. İçəridə xərclərə görə isə müştəriyə ümumiyyətlə çek təqdim olunmur. Bu o deməkdir ki, "Aquapark" vergidən əməlli-başlı yayınır. Eyni fikirləri digər istirahət mərkəzləri barədə də demək mümkündür.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ümidləri üzməməyi məsləhət görür

 

Araşdırmalarımızdan belə nəticəyə gəlinir ki, istirahət mərkəzlərinin ən böyük nöqsanı vergidən yayınma və istirahətə gələnlərə normal xidmətin göstərilməməsi, çimərliklərdəki problem isə dəniz suyunda insan orqanizmi üçün ciddi təhlükənin olmasıdır.

İnanırıq ki, istirahət mərkəzlərindəki biabırçılıq və özbaşınalıqla bağlı aidiyyəti dövlət orqanları bu yazımızdan sonra bir nəticə çıxaracaqlar.

O ki qaldı dəniz suyunun çirkab sularından təmizlənməsinə, nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Mirsalam Qəmbərovun sözlərinə görə, bu istiqamətdə tədbirlər həyata keçirilir. Mirsalam Qəmbərov bildirib ki, Sumqayıt şəhərinin bir hissəsindən, həmçinin Saray, Corat qəsəbələrinin sahil zolaqlarından dənizə axıdılan çirkab sularının təmizlənməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müəyyən tədbirlər görülür. Həmçinin, Sumqayıtda "Azərsu" tərəfindən böyük gücə malik bioloji təmizləyici qurğu tikilir. Bu qurğunun köməyi ilə 31 kilometrlik sahədə - Novxanı və Sumqayıt sahil zolaqlarındakı çirkab sularının təmizlənməsi təmin ediləcəkdir.

Hövsan, Şıx və Qaradağ rayonunun Sahil çimərliklərində dəniz suyunun tam təmizlənməməsi səbəbindən çirklənmə davam etdiyi üçün bu sahil zolaqlarında təmizləyici qurğuların quraşdırılması tələb olunur.

İstərdik ki, bütün bu deyilənlər söz yox, əməl olaraq real həyata vəsiqə qazansın. Çünki Abşeron çimərliklərinin təmiz olması birinci növbədə vətəndaşlarımızın sağlamlığına xidmət edəcək, digər tərəfdən ölkəmizdə turizmin inkişafına dəstək verəcək!

 

 

Rəşad CƏFƏRLİ,

 

Anar RASİMOĞLU

 

Azərbaycan.- 2009.- 12 iyul.- S. 5.