"Qolos Rossii" radiostansiyası Azərbaycan Radio Yaradıcılığı Birliyi Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyinə həsr edilmiş uzunmüddətli layihəsinin həyata keçirilməsinə başlayır

 

Rusiyanın "Qolos Rossii" Dövlət Radio Verilişləri Şirkəti Azərbaycan Radio Yaradıcılığı Birliyi ilə birlikdə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin 40 illiyinə həsr edilmiş radio layihəsini həyata keçirməyə başlayır.

Azərbaycan Radio Yaradıcılığı Birliyi bu əlamətdar yubiley münasibətilə "Qolos Rossii" Dövlət Radio Verilişləri Şirkəti və Rusiyanın digər aparıcı radiostansiyaları üçün Azərbaycanın simasını kökündən dəyişmiş ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş silsilə reportajlar hazırlayacaqdır. "Qolos Rossii" radiostansiyasının efirində 1969-cu ildə Sov.İKP MK-nın katibi olmuş, Azərbaycan KP MK-nın məşhur iyul plenumunda iştirak etmiş İ.V.Kapitonovun arxivindəki geniş dinləyici kütləsinə məlum olmayan materiallardan istifadə edilməklə hazırlanmış məxsusi radioreportajlar səslənəcəkdir.

"Qolos Rossii" üçün Heydər Əliyevə həsr edilmiş silsilə radio verilişlərinin hazırlanmasında Sov.İKP MK arxivlərindən götürülmüş materiallardan, habelə rusiyalı analitiklərin Heydər Əliyevin XX əsrin 60-80-ci illərində fəaliyyətinə həsr edilmiş kitablarından və digər materiallardan istifadə ediləcəkdir.

Ən nüfuzlu üç beynəlxalq radio şirkətindən biri olan "Qolos Rossii" radiostansiyası qısa və orta dalğalarda, FM diapazonunda, peyk kanalları və mobil telefon şəbəkəsi vasitəsilə rus dilində və 38 xarici dildə gündə 146 saat veriliş yayır. Onun 340 proqramında həyatın müxtəlif sahələrinə aid informasiya təqdim olunur. "Qolos Rossii" 2004-cü ildən Azərbaycanla fəal əməkdaşlıq edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 16 iyul.- S. 1.