Rafael MARTİNETTİ: Azərbaycan Güləş Federasiyası qısa müddətdə beynəlxalq aləmdə böyük uğurlar qazanmış yeganə idman təşkilatıdır

 

Beynəlxalq Güləş Assosiasiyaları Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri" turnirinin finalı ərəfəsində mətbuat konfransı keçirmişdir.

FİLA-nın başçısı bildirmişdir ki, Qran-pri yarışlarının finalı statusuna görə dünya və Avropa çempionatlarından sonra üçüncü yerdədir. Dünyanın aparıcı atletlərinin bu turnirə marağı ilbəil artır. Üstəlik, Qran-pri yarışlarında iştirak reytinq xalları toplamaq üçün əlavə imkandır.

R.Martinetti Azərbaycan Güləş Federasiyasının fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, "o, qısa müddətdə beynəlxalq aləmdə böyük uğurlar qazanmış yeganə idman təşkilatıdır". Sərbəst güləşçilərin dünya kuboku yarışlarında, Avropa çempionatında qələbəsi, Azərbaycan güləşçilərinin Tbilisidə keçirilən gənclər arasında qitə birinciliyində 12 medal qazanmaları bunu təsdiq edir.

Qonaq Pekin Olimpiadasının finalçısı Rövşən Bayromovu (55 kq) ötən mövsümün ən yaxşı güləşçisi saymış FİLA-nın bu qərarı ilə bağlı vəziyyətə aydınlıq gətirərək demişdir ki, ən güclü güləşçi bir deyil, bir neçə yarışın yekunlarına əsasən müəyyən olunmalıdır. Azərbaycan güləşçisi ötən mövsümdə Avropa çempionatında, Qran-pri yarışlarında qalib gəlmiş, Pekin Olimpiadasının gümüş mükafatçısı olmuşdur. Beynəlxalq Federasiya məhz Rövşəni ilin ən yaxşı güləşçisi seçməklə düzgün qərar qəbul etmişdir.

FİLA-nın prezidenti hər gəlişində Azərbaycan paytaxtının simasında müsbət dəyişikliklərin şahidi olduğunu vurğulayaraq demişdir ki, zənnimcə, bir neçə ildən sonra Bakı dünyanın ən gözəl şəhərlərindən biri olacaqdır.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev demişdir ki, komandada rəqabət ilbəil artır. İndiki turnir sentyabrda Danimarkada keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək milli komandanın son tərkibinin müəyyənləşdirilməsində həlledici olacaqdır.

FİLA-nın başçısı mətbuat konfransından sonra Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoymuş, ulu öndərin xatirəsini ehtiramla anmışdır.

Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül qoymuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 17 iyul.- S. 3.