Eksponatlar tarixdən xəbər verir

 

Şərur güc-əzəmət, bolluq-bərəkət rəmzi olan ulu məkandır. Sinəsində Arpaçayının çağlayıb Xan Araza qovuşduğu bu qədim diyar Dədə Qorqud əli, Babək vətəni, əkinçilər, biçincilər yurdudur. Əzəldən qonaqlı-qaralı, açıq süfrəli, halal çörəkli olub bu yurdun evi, ocağı. Ağrıdan Naxçıvanadək olan müqəddəs məkanın hər qarışı bir tarixdir. Bu tarixin daş kitabələrini vərəqlədikcə ulu keçmişimizin, əcdadlarımızın yaşayışı, həyat tərzi, məişəti, əkinçilik mədəniyyəti, toy-düyünü, adət-ənənəsi göz önündə canlanır.

Bu möhtəşəm məkanın hər daşı, hər qayası əsrlərlə təbiətin şıltaqlıqlarına sinə gərib, çiskin bahar yağışı ilə yuyulub, qızmar yay günəşi ilə rəngdən-rəngə düşüb, sərt şaxta-boranla üz-üzə dayanıb, əcdadlarımıza ilk və son sığınacaq olub, qəlpələnə-qəlpələnə əl çapacağına, baltalara, qaşovlara, iti uclulara, sürtgəclərə dönüb. Daş heykəllərə çevrilə-çevrilə müqəddəsləşib, üst-üstə qalaqlanaraq qalalaşıb, sinəsi pardaqlanaraq, naxışlanaraq incilənib, kitabələşib, əcdadımızın nağıllı dünyasını bağrına basaraq ululaşıb bu çaqıl daşlar, Qaratəpə, Oğlanqala, Qızqala, Narınqala, Dəhnə, Kültəpə igidlər, ərənlər məskəni olub. Bu torpağın oğulları dəfələrlə yadelli işğalçılara mərdliklə sinə gərib, bu elin hər qarış torpağını göz bəbəyi kimi qoruyub. Əzəmətli, bol nemətli, barlı-bərəkətli, qonaqlı-qaralı Şərurun keçmişi öyünəkli, bugünü möhtəşəmli, gələcəyi vüqarlı bir diyardır.

Şərurun mərkəzində əzəmətli bir bina ucalır. Milli üslubda tikilmiş, gözoxşayan ornamentlərlə bəzədilmiş binada rayon Tarix-Diyarşünaslıq Muzeyi yerləşir. Binaya daxil olduqda sanki özünü nağıllar aləmində hiss edirsən. Əlindəki demisinə qullab vurub fikrə dalan Dədə Qorqud timsallı pirani qocanın tunc heykəli ilə qarşılaşan hər kəs sanki xəyala dalır, keçmişə səyahətə çıxır. Min bir gecə nağıllarındakı illüstrasiyalara, dahi Nizaminin "Sirlər xəzinəsi", ulu Füzulinin "Leyli və Məcnun", "Fərhad və Şirin" poemalarındakı qəhrəmanlıq, sevgi və məhəbbət səhnələrini əks etdirən rəngarəng, nəfis şəkildə işlənmiş tablolara baxdıqca heyrətlənməyə bilmirsən.

Binanın tavanındakı beş guşənin hər biri xalqımızın qəhrəman oğullarına igidlik dastanından söhbət açır. Yağlı boya ilə çəkilmiş rəngli tablolarda əlində Misri qılınc tutub nərə çəkən xalq qəhrəmanı Koroğlunun, aynalısını çiyninə salıb Boz atını çapan Qaçaq Nəbinin, Azərbaycan torpaqlarının birliyi, bütövlüyü naminə canından belə keçməyə hazır olan şair təbiətli qəhrəman oğlumuz Şah İsmayıl Xətainin, yadellilərə qarşı mübarizədə mərdliklə həlak olan hürufi Babəkin, erməni daşnaklarına qan udduran Vedibasarın mərd oğlu Abbasqulu bəy Şadlinskinin məğrur simaları ilə qarşılaşdıqca haqlı olaraq xalqımızın mərdliyi qarşısında baş əyir, onların igidliyi ilə qürurlanıb fəxr edirsən.

1978-ci ildə ictimai əsaslarla fəaliyyətə başlayan muzeyimiz 1980-ci ildən ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə rəsmi dövlət müəssisəsinə çevrilmişdir. 30 ilə yaxın tarixi olan muzey indi qabaqcıl mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərir. Bu müddət ərzində muzeyə 7 minə yaxın nadir eksponat toplanmışdır. Muzeydə 2 şöbə və 13 bölmə fəaliyyət göstərir. "Təbiətşünaslıq", "Arxeologiya", "Etnoqrafiya", "Numizamatika", "Şəhidlər", "Böyük Vətən müharibəsi", "Azərbaycan, ana Vətən", "Heydər Əliyev-86", "Mədəniyyət və incəsənət", "Qırmızı tabur", "Alimlər", "Şairlər" bölmələrində 4 minə yaxın eksponat nümayiş etdirilir. Muzeydə saxlanılan və nümayiş etdirilən eksponatların demək olar ki, əksəriyyəti Şərur ərazisindən toplanıb gətirilmişdir. Eramızdan əvvəl III-II minilliklərə aid gil qab hissələri, saxsı qablar, daş büt və keramik bəzək nümunələri, bilərzik, tunc balta, xəncər, nizə ucluqları və s. əşyalar nadir incilərdir. Tamaşaçı eksponatlarla tanış olduqca Azərbaycanın, doğma Naxçıvanın və Şərurun tarixinə, mədəniyyətinə, sənətkarlıq ənənələrinə yaxından bələd olur.

Orta əsr Azərbaycan mədəniyyəti xalçaçılıq sənəti ilə daha çox yadda qalır. Xalqımızın doğma və sevimli sənətinin qədim Şərurda da özünəməxsus inkişaf yolları olub. Muzeydəki kilim, xalça nümunələri bu sənətin tarixindən söz açır. Bərbəzəkli farmaşlar, xurcunlar, heybələr bu təsəvvürü daha da zənginləşdirir. Qadın bəzək əşyaları xalqın mənəvi yaddaşının mühüm bir amilidir. Orta əsrlərdən başlamış XIX əsrə kimi muzeydə nümayiş etdirilən müxtəlif qadın bəzək əşyaları - boyunbağılar, gözmuncuqları, sırğalar, kəmərlər, qolbaqlar və s. əşyalar daha çox diqqəti cəlb edir. Əmək alətləri olan xış, cüt, kotan, vəl, mərəndi və s. keçmiş əkinçiliyin parlaq nümunələridir. Bu təsərrüfat alətləri qədim əkinçilik mədəniyyəti barədə geniş təsəvvür yaradır.

Tamaşaçılar mədəniyyət bölməmizi də maraqla seyr edirlər. Burada şərurlu mərhum Aşıq Nabatın sazı, qədim ney, zurna, tulum, tütək və s. musiqi alətləri nümayiş etdirilir.

Rayonumuzdakı məşhur "Nurani" yallı kollektivinin Almaniya, Polşa, Çexoslovakiya və başqa ölkələrdəki çıxışlarını, qastrol səfərlərini əks etdirən fotoşəkillər, albomlar, fəxri fərmanlar, prizlər və digər sənədlər də bölmənin dəyərli eksponatlarındandır. Həmçinin, sovet dönəmində rayon mədəniyyət şöbəsinin layiq görüldüyü ümumittifaq və respublika keçici "Qırmızı bayraq"ları da bu guşəni bəzəyir. Muzeyin ikinci mərtəbəsindəki zəngin bir guşə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuşdur. 2002-ci ildə ulu öndərin Naxçıvana səfəri zamanı Şərur torpağında olmasına dair fotomateriallar böyük bir ekspozisiya təşkil edir.

Muzeydəki "Böyük Vətən müharibəsi" və "Şəhidlər" bölməsində qəhrəman Şərur övladlarının müharibədə göstərdikləri igidliklər vasitəsilə əks etdirilir. Bura gələnlər Azərbaycanın Milli Qəhrəmanları Məhərrəm Seyidova, Səyavuş Həsənova, Kərim Kərimova həsr olunmuş guşələr, stendlər qarşısında saatlarla ayaq saxlayır, onların xatirəsini yad edir, şücaətləri önündə baş əyirlər. Məktəbli gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində bu guşənin xüsusilə böyük rolu var. "Alimlər", "Şairlər" bölmələrində rayonumuzdan olan elm adamlarının, şair və yazıçıların portretləri, fotoşəkilləri və əsərləri nümayiş etdirilir.

Muzeyimiz həmişə qonaqlı-qaralı olur. Təkcə rayonumuzdan deyil, respublikamızın digər yerlərindən, MDB məkanından, Türkiyə, İran, Amerika, İngiltərə, Fransa, Şimali və Cənubi Koreya ölkələrindən də gələn qonaqlar muzeydə xalqımızın tarixi keçmişi ilə yaxından tanış olub, xoş təəssüratlarını bildirirlər. Şərur şəhərindəki 1 və 2 saylı Yengicə, Çərçiboğan, Cəlilkənd, Çomaxtur kənd məktəblərinin, Şərur Türk Liseyinin, rayondakı uşaq bağçalarının müəllim-şagird kollektivləri də vaxtaşırı muzeyimizə gəlir, müxtəlif tədbirlərdə fəal iştirak edirlər.

Muzeyin əməkdaşlarından fond mühafizi Zərifə Əliyeva, bələdçi Aygün Heydərova, elmi işçi, nəzarətçi Zəhra Nəcəfova və başqaları muzeylə bağlı tamaşaçılara maraqlı məlumatlar verir, rayonumuzun tarixi keçmişini əks etdirən materiallar və eksponatlarla onları yaxından tanış edirlər.

Muxtar respublika rəhbərliyinin diqqət və qayğısı sayəsində yaxın vaxtlarda muzeyimizdə restavrasiya işlərinin aparılması üçün əsaslı təmirə başlanacaqdır. Bütün bunları dərin minnətdarlıq hissi ilə qarşılayır, gələcək işimizin geniş fəaliyyət proqramı kimi qəbul edirik.

 

 

Mirhüseyn SEYİDOV,

Şərur Tarix-Diyarşünaslıq

Muzeyinin direktoru

 

Azərbaycan.- 2009.- 18 iyul.- S. 4.