Ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilmişdir

 

İyulun 18-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009/2010-cu tədris ili üçün ölkəmizin ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirmişdir.

Hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) də qəbul imtahanı olmuşdur.

Bu il IV qrup üzrə 16 min 260 abituriyent ərizə vermişdir. Onlardan 14778 nəfəri Azərbaycan bölməsinin, 1482 nəfəri isə rus bölməsinin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 100 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Qəbul imtahanında abituriyentlər 3 saat müddətində müvafiq fənlər üzrə suallara cavab vermişlər.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizasına başlanmışdır. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları və nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcəkdir. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənə biləcəklər.

IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 22-dən 29-dək qabiliyyət imtahanı verməlidirlər. Bu imtahanı müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. İmtahandan keçməyən abituriyentlərin nəticələri IV ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək üçün qoyulan tələbləri ödəyərsə, onlar həmin ixtisasları seçə bilərlər.

Müsabiqədə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan edildikdən sonra TQDK tərəfindən təyin olunacaq vaxtda elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 iyul.- S. 3.