Güləş üzrə beynəlxalq "Qızıl Qran-pri" turnirinin final mərhələsi başa çatmışdır

 

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq "Qızıl Qran-pri" turnirinin final mərhələsi başa çatmışdır. Yarışın sonuncu günü 18 ölkənin sərbəst güləş üzrə 119 idmançısı mübarizə aparmışdır.

Azərbaycanın idman şərəfini bu yarışda Namiq Sevdimov, Ceyhun Əliyev, Abil İbrahimov, Arif Zamanov və Mahmud Maqomedov (55 kiloqram), Zəlimxan Hüseynov, Etimad Qurbanov, Xaybulla Şaalov, Cəlal Süleymanov, Ramin Ələkbərov və Rövşən İsmayılov (60 kiloqram), Cəbrayıl Həsənov, Xaqan Süleymanov, İman Mirzəyev, Ruslan Dibirqayev, Emin Əzizov, Elmir Qəmbərov və David Suynuxyanov (66 kiloqram), Çamsulvara Çamsulvarayev, Elnur Əliyev, Aqil Quliyev, Əşrəf Əliyev (74 kiloqram), Novruz Temrezov, Şərif Şərifov, Hacı Əlixanov, İlham Abidov (84 kiloqram), Xetaq Qazyumov, Toxtar Temrezov (96 kiloqram), Əli İsayev və Maksim Proxorov (120 kiloqram) qorumuşlar.

Dünya çempionu Namiq Sevdimov həlledici görüşdə yaponiyalı İnaba Yasuhiroya qalib gələrək, sərbəst güləşçilər arasında ilk qızıl medalı qazanmışdır.

Avropa çempionu və Dünya kubokunun sahibi Zəlimxan Hüseynov (60 kq) isə final görüşündə gürcüstanlı Malkaz Kurdianini məğlub edərək, komandamıza ikinci qızıl medalı qazandırmışdır.

Xaqan Süleymanov finalda ukraynalı Andrey Stadnikin müqavimətini qıra bilməmiş və gümüş medalla kifayətlənmişdir.

Yığmamızın digər üzvü, 2009-cu ilin Avropa çempionu və Dünya kubokunun sahibi Əli İsayev isə qızıl mükafat uğrunda mübarizədə ABŞ güləşçisi Tervel Dlaqnevə uduzmuşdur.

Pekin Olimpiadasının bürünc mükafatçısı, 2009-cu il Dünya kubokunun digər sahibi və 2009-cu il Avropa çempionu Xetaq Qazyumov bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Belduq Qavaşelişviliyə qalib gəlmişdir.

Yığma komandamızın üzvlərindən Çamsulvara Çamsulvarayev, Aqil Quliyev və Şərif Şərifov da bürünc medallar qazanmışlar.

Azərbaycan Güləş Federasiyası "Qızıl Qran-pri" turnirində qalib gəlmiş güləşçilərə 10000, gümüş medalçılara 5000, üçüncü yeri tutanlara isə 2000 ABŞ dolları məbləğində mükafat təqdim etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 iyul.- S. 6.