Kiyevdə nüfuzlu jurnalın Azərbaycana həsr edilmiş növbəti nömrəsi çapdan çıxmışdır

 

Ukrayna paytaxtında "İmage.ua" adlı nüfuzlu və populyar beynəlxalq işgüzar jurnalın növbəti nömrəsi çapdan çıxmışdır. Jurnalın 30 səhifəlik böyük bir bölməsi Azərbaycana həsr edilmişdir. "Odlar yurdu" adlanan bu bölmədə toplanmış məqalələrin məzmunu haqqında təsəvvür əldə etmək üçün onların sərlövhələrini xatırlatmaq kifayətdir: "Dostluq və əməkdaşlıq yolu ilə", "Heydər Əliyev Fondu xoşməramlı insanları birləşdirir", "Aviasiya etibarlı əllərdə olanda", "Qara Qarayev. Qəlbən azərbaycanlı olan dünya şöhrətli sənətkar", "Melodiya mənim məhəbbətimdir"...

Birinci materialda Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev Azərbaycan və Ukrayna arasında ənənəvi dostluq münasibətləri, hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin və Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın səyləri sayəsində bu münasibətlərin daha da inkişaf etməsi barədə söhbət açır, dövlət başçılarının qarşılıqlı səfərlərinin tarixi əhəmiyyətini vurğulayır. Bununla əlaqədar, azərbaycanlı diplomat dövlətimizin başçısı İlham Əliyevin aşağıdakı sözlərini sitat gətirir: "Çox sevindirici haldır ki, ölkələrimiz müstəqil, suveren dövlətlər kimi inkişaf etdiyi dövrdə bizim dostluq münasibətlərimiz möhkəmlənir, fəal siyasi dialoq aparılır".

"Heydər Əliyev Fondu xoşməramlı insanları birləşdirir. Xeyirxah işlərdə təcəssüm olunmuş əbədi xatirə" məqaləsinə ön sözdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində çox böyük rolu, onun bütün dünyada tanınmış nüfuzlu siyasi xadim olması, görkəmli yazıçı Çingiz Aytmatovun Heydər Əliyevi "müasir demokratik Avrasiyanın yeni tarixinin memarı" adlandırması vurğulanır və Heydər Əliyev XX əsrin siyasi lideri kimi təqdim edilir.

Bu materialda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi qeyd edilir.

"Azərbaycanda aviasiya elminin və təhsilinin banisi" yarımsərlövhəli "Aviasiya etibarlı əllərdə olanda" məqaləsi görkəmli alim, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin 75 illiyinə həsr edilmişdir.

"Qara Qarayev. Qəlbən azərbaycanlı olan dünya şöhrətli sənətkar" və "Melodiya mənim məhəbbətimdir" sərlövhəli materiallarda jurnalın oxucularına Azərbaycan və dünya mədəniyyətinin korifeyləri, müasir dövrün böyük musiqiçiləri Qara Qarayevin və Müslüm Maqomayevin həyat və yaradıcılığı barədə məlumat verilir.

Nəşrin Azərbaycana həsr edilmiş bölməsindəki bütün materiallar AzərTAc-ın təqdim etdiyi fotoşəkillərlə zəngin illüstrasiya edilmişdir.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2009.- 31 iyul.- S. 6.