Konstitusiya Məhkəməsinin hakiminə "Şöhrət" ordeni təqdim edilmişdir

 

Məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ələddin Sultanov Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edilmişdir.

İyunun 3-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ali dövlət mükafatını Ələddin Sultanova təqdim etmişdir.

F.Abdullayev bildirmişdir ki, ömrünün 50 ilindən çoxunu ölkəmizdə hüquq sisteminin inkişafına həsr edən Ələddin Sultanov bu müddətdə səmərəli fəaliyyəti ilə bütöv bir hüquqşünas nəslinə örnək olmuşdur. Onun məhkəmə-hüquq sahəsində zəngin təcrübəsi vardır. Bu təcrübəni o, gənc həmkarları ilə həvəslə bölüşür. Üçüncü dərəcəli ədliyyə müşaviri Ə.Sultanovun əməyi yüksək qiymətləndirilmişdir. Dövlətimizin başçısının sərəncamları ilə 2003-cü ildə "Tərəqqi" medalı, ötən il isə ali dövlət mükafatı - "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Əməyinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıq edən Ə.Sultanov ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi müasir müstəqil Azərbaycana bundan sonra da ləyaqətlə xidmət edəcəyini vurğulamışdır.

Sonda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmənin əməkdaşlarına göstərilən böyük diqqət qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-4 iyun.-S.4.