"Azərbaycanda internet medianın tənzimlənməsi" mövzusunda konfrans keçirilir

 

Avropa Şurasının Bakı ofisi və Milli Televiziya və Radio Şurası "Azərbaycanda internet medianın tənzimlənməsi" mövzusunda konfrans keçirirlər. Tədbirdə bu medianın cəmiyyətin həyatındakı rolu və əhəmiyyəti müzakirə edilir.

Konfransda vurğulanmışdır ki, internet medianın digər KİV-ləri geridə qoyması Azərbaycanda da hiss edilməkdədir. Bu sahənin inkişafı müsbət tərəfləri ilə yanaşı, mənfi çalarlar da yaradır.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ə.Həsənov konfransda çıxış edərək demişdir: "Bugünkü cəmiyyətin həyatını internetsiz təsəvvür etmək qeyri-mümkündür. İnternet cəmiyyətin bütün sahələrinə müdaxilə etmişdir. İnternet media, sözün yaxşı mənasında, dünya informasiya məkanına meydan oxuyur. Heç bir sərhəd bilməyən internet media dövlətlər, xalqlar üçün bəzən problemlər də yaradır. Cəmiyyətlər həm internetsiz keçinə bilmir, həm də internetin tənzimlənməməsi, internetin özü üçün ayrıca bir struktur olması, ayrıca bir fəaliyyət norması düşünməsi və bu normaların cəmiyyətin heç bir normalarına uyğunlaşmaması müəyyən problemlər yaratmaqdadır. Ona görə də bu gün internet tək Azərbaycanın, Azərbaycan ictimaiyyətinin deyil, bütün dünyanın problemidir".

AŞ-nin Bakıdakı nümayəndəsi Veronika Kotek bildirmişdir ki, Avropa özü də internet mediada yaranan problemləri həll etməyə çalışır.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov internetin inkişafı və təkmilləşdirilməsi istiqamətində hökumətin gördüyü işlərdən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycanın bütün bölgələrinə optik kabellər çəkilmişdir. Hətta ən ucqar yerlərdə belə internetdən rahat istifadə etmək olur. Blokadada olan Naxçıvana belə İran və Türkiyə ərazilərindən rabitə kabellərinin çatdırılması prosesi yekunlaşmışdır.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli internetin kütləvi hal aldığını, ona görə də yarana biləcək bütün problemlərə hazır olmağın vacibliyini vurğulamışdır.

Müzakirələrdə qeyd edilmişdir ki, Azərbaycan bu sahədə dünyanın aparıcı dövlətlərinin təcrübəsindən bəhrələnməlidir.

Konfrans iyunun 5-də öz işini davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-5 iyun.-S.2.