Azərbaycanın iqtisadi dəstəyi və sosial layihələri Gürcüstanın inkişafının ən mühüm təminatçısıdır

 

Bütün əsas parametrlər üzrə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın xarici siyasətində mühüm prioritet istiqamətlərdən biri də istər qonşu, istərsə də uzaq xarici ölkələrlə qarşılıqlı maraqlar əsasında münasibətlərin inkişaf etdirilməsidir. Ölkəmizin zəngin enerji qaynaqlarına malik olması, geostrateji mövqeyi və digər sahələrdəki potensialı isə öz növbəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasına və onların bu məsələyə xüsusi önəm verməsinə səbəb olmaqdadır. Bu, istər regional, istərsə də regiondan kənarda yerləşən dövlətlərə eyni dərəcədə şamil edilir.

Lakin o da faktdır ki, Azərbaycanın enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasnda qonşu dövlətlər həm də tranzit rolunu oynadığından ölkəmizlə əməkdaşlıq onlara daha geniş miqyasda fayda verməkdədir. Bu mənada regional dövlətlər Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirirlər. Azərbaycanın da həmin ölkələrlə qarşılıqlı maraq və mehriban qonşuluq siyasəti əsasında əlaqələr qurması son nəticədə regionda strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksələn münasibətlərin formalaşmasına təkan verməkdədir.

Cənubi Qafqazda buna misal olaraq Azərbaycan-Gürcüstan əlaqələrini göstərmək mümkündür. Bu gün iki ölkə arasında dinamik inkişaf edən əməkdaşlıq nəticəsində demək olar ki, bütün məsələlərdə mövqelər üst-üstə düşür. Bu məqamla bağlı Prezident İlham Əliyev bildirib: "Gürcüstan-Azərbaycan münasibətlərinin bölgədə çox böyük əhəmiyyəti vardır. Dostluq və qardaşlıq əlaqələrimizin inkişafı həm xalqlarımız üçün, ölkələrimiz üçün vacibdir, həm də bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün böyük əhəmiyyət daşıyır".

İki ölkə arasında münasibətlərin belə dinamik inkişafı fonunda hazırda Azərbaycan Gürcüstanın ən böyük iqtisadi tərəfdaşı hesab olunur. Bunun əyani göstəricilərindən olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri Gürcüstana hər il böyük məbləğdə vəsait qazandırır. Lakin iqtisadi sahədə iki ölkə arasında əməkdaşlıq təkcə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri ilə məhdudlaşmır. Azərbaycan bu gün Gürcüstana ən çox investisiya yatıran dövlətlərdəndir. Son illər xarici investisiya yatırımı sahəsində Azərbaycanın diqqət yetirdiyi əsas ölkələr sırasında Gürcüstan və Türkiyə mühüm yer tutur. Enerji məhsullarının tranzitinin davamlılığını tam təmin etmək, eyni zamanda bundan da gəlir götürmək üçün Gürcüstan və Türkiyənin xarici investisiya sahəsində əsas ölkələr olaraq seçilməsi Azərbaycanın uğurlu enerji strategiyasının tərkib hissəsi sayıla bilər. Bu ölkələrə investisiya yatırımı əsas etibarilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) vasitəsilə həyata keçirilməkdədir və bu proses davam edir.

Azərbaycanın Gürcüstana böyük həcmdə investisiya yatırmasının əsası 2006-cı ilin sonlarından qoyulub. Həmin vaxt ARDNŞ Gürcüstandakı "Kulevi" terminalını alıb. Ötən il mayın 16-da ARDNŞ "Kulevi" neft terminalının rəsmi açılışını edib. Terminalın ilkin gücü 10 milyon tondur, gələcəkdə isə bu rəqəm 20 milyon tonadək artacaq. 2008-ci il aprelin 25-də isə Dövlət Neft Şirkəti tərəfindən təsis olunmuş "SOCAR Energy Georgia" şirkəti Gürcüstanda "SOCAR" brendi altında ilk yanacaqdoldurma məntəqəsini açıb. Hazırda Gürcüstan ərazisində "SOCAR" brendi altında 20-dən çox yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. 2010-cu ilədək onların sayı 35-i ötməlidir. Eyni zamanda, Gürcüstanda pərakəndə neft məhsulları satışı bazarının 75 faizi Azərbaycanın nəzarətindədir.

2008-ci il noyabrın 14-də isə Azərbaycan və Gürcüstan hökumətləri arasında bu ildən başlayaraq beş il ərzində Azərbaycan qazının Gürcüstana nəqli ilə bağlı memorandum imzalanıb. Memorandumun şərtlərinə görə, ARDNŞ Gürcüstanın qaz resurslarının paylanması üzərində nəzarət hüququ əldə edib. Gürcüstan Prezidentinin 2008-ci il 26 may tarixli qərarı ilə ARDNŞ bu ölkənin 22 rayonunun qazpaylaşdırıcı şəbəkəsinin distribütorluğunu heç bir vəsait ödəmədən əldə edib. Ötən il dekabrın 26-da isə bununla bağlı olaraq müvafiq müqavilə imzalanıb. Müqaviləyə əsasən, ARDNŞ üç il ərzində Gürcüstanın qazpaylama şəbəkəsinə 40 milyon dollar məbləğində sərmayə qoyacaq. Bütün bunlar şirkətin 2011-ci ilədək Gürcüstanın qaz satışı bazarında öz payını 85 faizə çatdırmasına imkan verəcək.

Gürcüstanın enerji ilə təminatında da əsas rol məhz Azərbaycana məxsusdur. Qeyd edilən fakt mayın 20-21-də ölkəmizdə səfərdə olmuş Gürcüstan Prezidenti Mixeil Saakaşvili tərəfindən də etiraf olunub. Gürcüstan Prezidenti Bakıda aparılmış danışıqlardan məmnun olduğunu bildirərək, neft-qaz və energetika sahəsində əməkdaşlığa dair, o cümlədən Gürcüstan ərazisində qaz anbarları tikilməsi barədə razılaşma əldə edildiyini yüksək qiymətləndirib. Onun sözlərinə görə, həmin anbarlar ölkəsinin təbii qaz ilə təchizatına çoxillik təminat verəcək. Mixeil Saakaşvili qış dövründə qaz verilməsində fasilələr yaranmadığına görə Azərbaycana təşəkkür edib, Azərbaycanı Gürcüstanın ən yaxın dostu adlandırıb. Bununla bağlı Prezident İlham Əliyevlə görüşündə Mixeil Saakaşvili deyib: "Gürcüstan Azərbaycan ilə qaz təchizatı haqqında beş illik müqavilə imzalamışdır. Bu isə o deməkdir ki, gələn beş il ərzində gürcü xalqı elektrik enerjisini və digər enerji daşıyıcılarını Azərbaycandan alacaqdır".

Cari il ərzində Azərbaycan Gürcüstana 452 milyon kubmetr qaz ixrac edəcək. Əlavə qaz ixracına ehtiyac yaranacağı təqdirdə, Gürcüstana yenə də qaz ixrac olunması nəzərdə tutulur. Onu da bildirək ki, indiyə qədər təkcə ARDNŞ tərəfindən Gürcüstan iqtisadiyyatına yatırılan investisiyanın həcmi yarım milyard dollara çatmaqdadır. Bundan əlavə, elektrik enerjisilə əlaqədar Gürcüstana qoyulan yatırımların daha da çoxalacağı, bu ölkədə digər strateji obyektlərin alınması və ya tikilməsi gözlənilir. Həmçinin ARDNŞ-nin törəmə şirkəti olan "SOCAR Energy Georgia" Gürcüstanda yaşayan soydaşlarımıza humanitar sahədə böyük dəstək verir. Məsələn, tələbələrə təqaüd verilir, tibb sahəsində aztəminatlı insanlara yardım edilir, Kvemo-Kartlidə bəzi yollar, məktəblər təmir olunur, kurslar açılır. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi önəm kəsb edir.

Azərbaycan Gürcüstanın təkcə enerji infrastrukturuna investisiya yatırmır. Rəsmi Bakı həm də qonşu ölkənin nəqliyyat sektoruna investisiya qoyuluşunu davam etdirməkdədir. Bu məqsədlə Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi layihəsində Gürcüstanın payının maliyyələşdirilməsi məqsədilə bu ölkəyə məxsus "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1 faizlə 25 illiyə) 200 milyon dollar məbləğində kredit ayırıb. Həmin vəsait hesabına Gürcüstan ərazisində 29 kilometr uzunluğunda yeni yol, Türkiyə ilə sərhədə qədər dəyişmə məntəqəsi tikilməkdədir, köhnə dəmiryolu xəttinin rekonstruksiyası həyata keçirilməkdədir.

Layihənin ümumi dəyəri 600 milyon dollardan çoxdur. Sözügedən dəmiryolu xətti istifadəyə verildikdən sonra isə bu, Azərbaycanın dünya bazarlarına daha çox məhsul çıxarmasına imkan verəcək. Dəmir yolu ilə daşınma xərcləri nisbətən az olduğundan Bakı-Tbilisi-Qarsla Azərbaycana idxal olunan məhsulların qiyməti də ucuz olacaq. Bakı-Tbilisi-Qars marşrutuna Çin, Qazaxıstan və bir sıra başqa xarici dövlətlər də xüsusi maraq göstərdiyindən onun tranzit əhəmiyyəti daha da artır və perspektivdə bu, Azərbaycanın və Gürcüstanın təkcə tranzit haqlarından milyonlarla dollar vəsait qazanması deməkdir. Bu mənada Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın investisiya yönəltməsi və sözügedən xəttin Gürcüstan ərazisində inşa olunan hissəsinin Azərbaycan şirkəti tərəfindən həyata keçirilməsi xüsusi əhəmiyyətə malik məqam kimi qiymətləndirilir.

Nəqliyyat sferasında Azərbaycan və Gürcüstan arasında münasibətlərin inkişafının yeni həlqələrindən biri də Bakı-Batumi hava reysinin açılmasıdır. Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda Batumidə başlanılacaq böyük inşaat layihəsinin icrasında da Azərbaycan investisiyası əsas rol oynayacaq. İqtisadi sahədə Gürcüstan üçün Azərbaycanın əhəmiyyətini artıran məqamlardan biri bu gün ölkəmizin bir sıra gürcü məhsulları, xüsusən də, mineral sular və limonad içkiləri üçün əsas satış bazarlarından birini təşkil etməsidir. Xüsusən də, Rusiya və Gürcüstan münasibətlərində yaranan müəyyən problemlər Gürcüstan məhsullarının daha geniş həcmdə Azərbaycana gəlməsinə səbəb olmaqdadır.

Siyasi sahədə də Azərbaycan Gürcüstana böyük dəstək verir və bu ölkənin ərazi bütövlüyünü tanıyır. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü məsələsində rəsmi Bakı birmənalı şəkildə Tbilisinin mövqeyini dəstəkləyir. Prezidenti İlham Əliyev bu məqamla əlaqədar deyib: "Biz ənənəvi olaraq beynəlxalq təşkilatlarda bir-birimizi müdafiə edirik, bir-birimizi dəstəkləyirik və mən əminəm ki, bu qarşılıqlı dəstək gələcəkdə də davam etdiriləcəkdir".

Azərbaycan ehtiyac yarandığı təqdirdə, humanitar sahədə də daim Gürcüstana yardım etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib. Məsələn, ötən ilin avqustunda Gürcüstanda baş verən münaqişə nəticəsində yaranmış dərman çatışmazlığı problemini nəzərə alaraq Prezidenti İlham Əliyev qonşu ölkəyə humanitar yardım etmək üçün Səhiyyə Nazirliyinə tapşırıq verib. Bu tapşırıq əsasında Gürcüstanın Səhiyyə Nazirliyinə 400 adda dərman preparatları və tibbi ləvazimatlarla yüklənmiş 5 maşın göndərilib. Təxminən 400 min manat dəyərində olan 25 tonluq humanitar yardım, əsasən, reanimasiya, travmatologiya, cərrahiyyə sahələrinə aid dərmanlardan ibarət olub.

Bütün bunlar Azərbaycan və Gürcüstan arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini göstərməklə yanaşı, ölkəmizin qonşu dövlətlə əsas tərəfdaş olduğunu göstərir.

 

 

R.İslamoğlu

 

Azərbaycan.-2009.-9 iyun.-S.1.