Qax rayonu hərtərəfli inkişaf edir

 

Hər dəfə Bakı-Zaqatala magistral avtomobil yolundan Qaxın mərkəzinə tərəf dönəndə təxminən eyni hisslər keçirirəm: buraların nə gözəl və təmiz təbiəti var?! Yol boyu baş-başa verən, çiyin-çiyinə dayanan hündur çinarlar, qollu-budaqlı ağaclar, onları əhatə edən yaşıllıqlar insanın yorğunluğunu unutdurur, əsrarəngiz təbiət gözəlliyinin sehrinə, ovsununa düşürsən. Qaxa gələn qonağın ilk təəssüratı bu gözəlliklərdən başlanır. Şəhərin mərkəzinə gedən avtomobil yolunun rahatlığı, yol qırağı səliqə-sahman bir daha xatırladır ki, bütün bunlar abadlığın, quruculuğun ilk görüntüləridir.

Qaxın insanları sakit və səmimidir. İlk müşahidədən belə qənaətə gəlmək olur ki, rayonda görülən işlər qaxlıların ürəyincədir. Əmin-amanlıq, sakit və işgüzar həyat tərzi xoş ovqat yaradır. Hərə bir işin qulpundan yapışıb, gündəlik qayğıları ilə məşğuldur. Başlıca qənaətlərdən biri də budur ki, təbiət öz gözəlliyini burdakı insanlardan əsirgəməyib. Həm bu amil, həm də dövlətin yaratdığı şərait qaxlıların sağlam həyat tərzini formalaşdırır.

Rayonda çox iş görülüb. Respublikanın regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramına uyğun olaraq rayonun iqtisadiyyatı xeyli inkişaf etdirilmiş, yeni iş yerlərinin açılması əhalinin həyat səviyyəsini yüksəltmişdir. Dövlət proqramının icra müddəti ərzində Qaxda 422-si daimi olmaqla, 950 yeni iş yeri açılmışdır.

Ötən il rayon telekommunakasiya qovşağının maddi-texniki bazası xeyli möhkəmlənmiş, Güllük, Cəlayir, Marsan və Qaçqaçay kəndlərində yeni elektron ATS-lər quraşdırılmışdır. Qovşağın montaj tutumu 9948 nömrəyə çatdırılmışdır ki, bunun da 6544 nömrəsi kəndlərin payına düşür. Elektrik və qaz istehlakçılarının fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi, itkilərin qarşısının alınması və istehlakçıların sayının artırılması istiqamətində görülən işlər son dövrlər daha da gücləndirilmişdir.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə söhbət zamanı bildirdi ki, əhalinin içməli su ilə təmin edilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Rayonun su-kanal idarəsi tərəfindən şəhər əhalisini içməli su ilə təmin etmək üçün Qum kəndindən 9 kilometr uzunluğunda su xəttinin çəkilişi başa çatdırılmış, su mənbələri təmizlənmiş, Qax şəhərində Qum, Ləkit, İlisu, Qaçqaçay və Zərnə kəndlərində su xətləri təmir edilmiş, həmçinin 2008-ci ildə rayonun kəndlərində respublika Meliorasiya və Su Təsərrüfatı ASC-nin xəttilə 8 ədəd, "Azərsu" Səhmdar Cəmiyyətinin xəttilə 4 ədəd su artezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Görüləcək işlərlə bağlı ümidli olduğunu bildirən RİH başçısı M.Əhmədzadə qeyd etdi ki, taxılçılıqda məhsuldarlıq əvvəlki illə müqayisədə orta hesabla 8,7 sentner artmış, 2008-ci ildə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə sahibkarlara dövlət tərəfindən maliyyə yardımlarının göstərilməsi təmin edilmiş, bitkiçilik məhsulları istehsalçılarına 533 min manat yardım verilmişdir. Nəticədə ötən il bitkiçilik sahəsində 19262 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 7498 min manat çoxdur.

Rayonda diqqət yetirilən məsələlərdən biri də yeni təhsil müəssisələrinin tikilməsi və təmir edilməsidir. Rayonun Baydarlı kəndində dövlət vəsaiti hesabına 360, Almalı kəndində 480 şagird yerlik orta məktəb binalarının tikintisi davam etdirilir. Şəhər 2 saylı orta məktəb-liseyin binasının əsaslı təmiri başa çatdırılmış, şəhər 2, 4, 5 saylı orta məktəblərin istilik sistemləri yenidən qurulmuş, ekoloji tərbiyə və təcrübə, texniki yaradıcılıq mərkəzləri, uşaq-gənclər idman məktəbinin güləş zalı təmir olunmuşdur. Cari dərs ilində rayonun bütün ümumtəhsil məktəblərində şagirdlərin hamısı məktəbli forması ilə tam təmin edilmişdir.

Qax rayonunda 23 mədəniyyət evi, 17 klub, 3 muzey, 64 kitabxana, rəsm qalereyası, incəsənət məktəbi, kinoteatr və kinovideo zalı, İlisu tarix və mədəniyyət qoruğu, abidə mühafizəçiləri qrupu fəaliyyət göstərir. Bütün bu təşkilatlarda 507 işçi çalışır. Rayondakı Heydər Əliyev muzeyinin açılışında ölkə Prezidenti İlham Əliyev iştirak etmişdir.

Qax həm də abidələr yurdudur. Rayondakı mövcud tarixi abidələrin araşdırılması, mühafizəsi istiqamətində bir sıra işlər görülmüşdür. Qaxda 68 tarix və mədəniyyət abidəsi qeydiyyatdadır. Qeydiyyata alınmamış 142 abidə haqqında məlumat isə respublika Nazirlər Kabinetinə göndərilmişdir.

Zəngin turizm potensialına malik Qaxda bir mehmanxana, "Şəfa" istirahət və müalicə ponsionatı, "İlisu" ponteonatı, "Yaşıl park", "Ulu", "İmproteks", "Ballı bulaq", "Qafqaz", "Eden", "Ulu dağ" turizm mərkəzləri turistlərin xidmətindədir.

Qaxda respublikanın regionlarının sosial inkişafına dair Dövlət Proqramının icrasına uyğun olaraq genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri görülmüşdür. Qaxlılar üçün fərəhli haldır ki, Olimpiya İdman Kompleksinin təməlini bölgəyə səfəri çərçivəsində Qax rayonunda olarkən ölkə Prezidenti İlham Əliyev qoymuşdur.

Rayon sahibkarları bir çox tikinti-quruculuq, təmir işlərində yaxından iştirak edirlər. Tezliklə müasir tələblərə cavab verən Qonaq evi - hotel də istifadəyə veriləcəkdir. Ümumiyyətlə, Qax şəhərində görülən işlərin miqyası çoxəhatəlidir. Belə ki, şəhərdə Heydər Əliyev muzeyi tikilmiş, şəhərin giriş hissəsinin yol kənarında aşınma zonalarının bərpası başa çatdırılmış, yeni yaşayış massivində yollar açılmış və həmin yollara çınqıl tökülmüşdür.

Heydər Əliyev küçəsində 480 kvadratmetr divar çay daşı ilə üzlənmiş, evlərin fasadları və dam örtükləri təmir edilmiş, rayon icra hakimiyyətinin inzibati binasının qarşısındakı meydana 200 kvadratmetr mozaik beton tökülmüş, hər birinin diametri 5 metr olan 3 fəvvarə tikilmiş və qranit plitələrlə üzlənmişdir. Fəvvarələrin ətrafına 60 kvadratmetr mərmər, 100 kvadratmetr metlax döşənmişdir. Heydər bulağının əsaslı təmiri yekunlaşmış, meydandakı yaşıllıqlara 1000 ədəd dekorativ, 50 ədəd bəzək ağacı və gül əkilmiş, 200 kvadratmetr sahəyə qazon döşənmişdir. Meydanda 11 ədəd küçə işıqlandırma dirəyi quraşdırılmış, 25 min kvadratmetr asfalt örtük salınmışdır.

Şəhər parkında ulu öndər Heydər Əliyevin qranit postamentli abidəsi qoyulmuş, heykəlin ətrafında 650 kvadratmetr sahə qranit plitələrlə üzlənmiş, müasir səviyyədə işıqlandırma sistemi quraşdırılmışdır. Parkda Veteranlar evinin tikintisi başa çatdırılmış, hər biri üç hissədən ibarət 2 fəvvarə tikilərək qranit plitələrlə üzlənmiş, parkın kənarında səkilərə 800 kvadratmetr plitə döşənmişdir.

Parkda olan uşaq kitabxanası əsaslı təmir edilmiş, sahəsi 500 kvadratmetr olan rəsm qalerayasının binası tamamilə yenidən tikilmiş, parkın ətrafına hündürlüyü 2,2 metr, uzunluğu 200 metr olan dekorativ hasar ucaldılmış, parkın girişində 3 tağlı qapı tikilərək üzlük daşı ilə üzlənmişdir.

İkinci dövlət proqramında da Qax rayonu üçün bir çox tədbirlər tikinti-abadlıq və quruculuq işləri nəzərdə tutulmuşdur. Hazırda 2009-cu ildə bir sıra tikililərin aparılması üçün lazım olan sənədləşmə işləri başa çatmışdır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin köməyi ilə İlisu kəndində sahilbərkitmə bəndlərinin və körpünün tikintisinin smeta dəyəri 17 milyon manata yaxındır. 2009-cu ildə Qax rayonunda 40-a yaxın əsaslı obyektin təhvil verilməsi və təməlinin qoyulması gözlənilir.

 

 

Telman Nəzərli

 

Azərbaycan.-2009.-9 iyun.-S.4.