Böyük quruculuq dövrü

 

Muxtariyyət statusunun 85 illik yubileyinə hazırlaşan Naxçıvan heç vaxt indiki qədər sürətlə inkişaf etməyib. Bu inkişafı tam duymaq və qiymətləndirmək üçün regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramı çərçivəsində inşa olunan dünya standartlarından geri qalmayan Naxçıvan Müalicə-Diaqnostika Mərkəzini, Duzdağ Fizioterapiya Mərkəzini, Şərur və Culfa rayonlarındakı mərkəzi xəstəxana komplekslərini, Naxçıvan Dövlət Universitetinin tədris korpuslarını, orta təhsil ocaqlarını, neçə-neçə sənaye müəssisələrini misal göstərmək olar.

Prezident İlham Əliyev muxtar respublikaya səfəri çərçivəsində burada görülən işləri, həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Şərur Rayon Mərkəzi Xəstəxanasının açılış mərasimində "...belə gözəl xəstəxanalar dünyanın inkişaf etmiş ölkələrinin iri şəhərlərində də tikilmir" - deyib. Dövlətimizin başçısı Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusu barədə isə fikrini belə açıqlayıb: "Bu gün açılışına toplaşdığımız yeni konservatoriya binası, deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir".

Cari ilin birinci rübünün yekunları da uğurlu olub. Qış mövsümünün çətinliklərinə baxmayaraq bir çox obyektlərdə tikinti-quruculuq işləri davam etdirilib. Üç ay ərzində bölgədə 58,2 milyon manat həcmində investisiyanın 49,9 milyon manatı tikinti-quruculuq işlərinə sərf olunub. Əvvəlki illə müqayisədə bu sahədə 38,6 faiz artım qeydə alınıb. Sonrakı aylarda isə tikinti-quruculuq işlərinin həcmi daha da çoxalıb. Muxtar respublika Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, hazırda 230-dan artıq obyektdə tikinti-quraşdırma işləri aparılır. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində isə daha böyük infrastruktur tədbirləri həyata keçirilir.

Təbii ki, ulu Yaradan Naxçıvana sərt və kontinental iqlim bəxş edib. Yayda və qışda baharı xatırladan hər növ həmişəyaşıl ağaclar burada bitmir. Hətta qışın sərt şaxtalı günlərində burada Eldar şamı, ardıc və Şərq tuyyaları adlı həmişəyaşıl ağacların yarpaqları öz rənglərini, boyalarını qoruyub saxlaya bilmir. Buna baxmayaraq bölgədə yaşıllığa xüsusi diqqət yetirilir. Naxçıvan şəhərinin gözəl və yaraşıqlı görünməsində yeni tikilən müasir tipli obyektlərlə yanaşı, salınan park və xiyabanlar, yaşıllıq zolaqları əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev regiona səfəri çərçivəsində keçirdiyi görüşlərin birində bununla bağlı deyib: "Mən hər il Naxçıvana gəlirəm, burada böyük dəyişikliklər görürəm. Bəlkə də siz, burada yaşayanlar bunu görmürsünüz... Şəhərdə gedən quruculuq-abadlıq işləri, yeniləşmə, infrastruktur layihələri - bütün bunlar məni çox sevindirir".

Şəhərdə yaşıllıq sahələrinin çox olmasını buraya yolu düşənlər də etiraf edirlər. Burada elə bir park və xiyaban tapmaq olmaz ki, orada gülzarlıqlar olmasın. Son illərdə tikilib istifadəyə verilən sosial obyektlərin hər birinin həyətində də xeyli yaşıllıq və abadlıq işləri görülüb. O cümlədən, Duzdağ massivində 50 hektar sahədə salınan yeni bağ öz görkəmi ilə diqqəti cəlb edir.

Ümumiyyətlə, təkcə ötən il şəhərdə 51 hektar sahədə meşəsalma və meşəbərpa işləri görülüb. Cari il ərzində isə 37 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçiriləcəkdir. Naxçıvan-Tumbul avtomobil yolunun kənarında 16,5 hektar sahədə yeni meyvə bağı salınıb. Nuh peyğəmbərin məzarüstü türbəsinin ətrafında, Köhnə Qala deyilən ərazidə salınan 2 hektarlıq yaşıllıq zolağı da göz oxşayır. Naxçıvan şəhər qəbiristanlığı ərazisində aparılan yaşıllaşdırma tədbirləri də sakinlərin ürəyincə olub.

Şəhərin abadlığı və təmizliyi, ətrafı yaşıllıqlara qərq olan küçələri adamlarda xoş övqat yaradır. Burada səkilərə asfalt-beton örtüyü verilmir. Həmin yerlər dekorativ səki və sal daşlarla bəzədilir.

Dediyim odur ki, Naxçıvan şəhəri bu il də böyük quruculuq meydanına çevrilib. Müasir layihə əsasında inşa olunan obyektlərdən biri doğum mərkəzidir. Avropa standartlarına uyğun tikilən bu mərkəz bölgədə analoqu olmayan səhiyyə müəssisəsi olacaqdır. Burada inşaat işlərinin təməli ölkə başçısı cənab İlham Əliyevin ötən il iyun ayının əvvəllərində Naxçıvana səfəri çərçivəsində qoyulub.

Aparılan əsaslı təmir və yenidənqurma işləri Heydər Əliyev adına Sarayın simasını tamamilə dəyişib. 1050 və 340 yerlik iclas-tamaşa zallarından əlavə, sarayda qonaq otağı ilə birlikdə 50-yə qədər məşq otağı da yaradılıb. Hər bir zal və məşq otağı dünyanın qabaqcıl ölkələrindən alınan texnoloji avadanlıqlarla təmin olunub.

Sarayda müxtəlif dövlət tədbirləri keçiriləcək, tanınmış sənət adamlarının qastrol tamaşaları, konsertlər və müsabiqələr təşkil olunacaqdır. Bir sözlə, indi bu saray Naxçıvan şəhərinin ən gözəl və əzəmətli binalarından birinə çevrilib.

Yaxın günlərdə Naxçıvan şəhərində istifadəyə veriləcək obyektlərdən biri avtovağzal kompleksi olacaqdır. Bu obyektdə də müasir layihə əsasında təmir və yenidənqurma işləri aparılır. Burada sərnişinlərə normal xidmət göstərilməsi üçün infrastruktur tədbirləri də həyata keçirilib. 2 mərtəbədən ibarət olan avtovağzal binasının birinci mərtəbəsində bilet satışı kassaları ilə bərabər, gözləmə salonları yaradılıb. Qəzet-jurnal köşkü və valyuta- dəyişmə məntəqəsi sərnişinlərə xidmət göstərəcəkdir. İkinci mərtəbədə ana-uşaq otaqları, məişət xidmət sahələri fəaliyyət göstərəcəkdir. Beşmərtəbəli mehmanxanada hər biri iki və üç nəfərlik olan 24 otaq istifadəyə verilib. Mehmanxananın xidmətindən eyni vaxtda 61 nəfər istifadə edə biləcəkdir. Digər ikimərtəbəli korpus ticarət-iaşə obyektləri üçün ayrılıb.

"Gəmiqaya" MMC-nin inşaatçıları bu obyektdə də inşaat-tikinti işlərini yüksək keyfiyyətlə aparıblar.

Naxçıvan şəhərində istifadəyə veriləcək obyektlər sayca çoxdur. Heydər Əliyev adına Uşaq-Gənclər Sarayı, Yeni Azərbaycan Partiyası muxtar respublika təşkilatı, "Badamlı" istehsal müəssisəsi, şahmat mərkəzi, 8 və 4 nömrəli orta məktəb binaları bu qəbildəndir. 1050 şagird yerlik olan 5 mərtəbəli orta məktəb binası əsaslı təmir və yenidənqurma işlərindən sonra yenidən istifadəyə verilib. 4 nömrəli orta məktəb binasında aparılan əsaslı təmir və yenidənqurma işləri isə artıq başa çatmaq üzrədir.

Naxçıvan şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisinə də başlanılıb. Hazırda şəhərin 57-ci məhəlləsində çoxmərtəbəli üç bina tikilir. Bunların hər biri 12 mərtəbəli olacaqdır.

Sovet dönəmində tikilən çoxmərtəbəli binalarda aparılan əsaslı təmir və yenidənqurma işləri də diqqəti cəlb edir. Heydər Əliyev prospektində yerləşən və 3 korpusdan ibarət olan doqquzmərtəbəli binada aparılan işlər ona yeni görkəm verir. Binanın fasad hissəsindəki qapı və pəncərələrin eyni üslubda, ölçüdə, rəngdə hazırlanması göz oxşayır. Başqa sözlə, "Dizayn" MMC-nin inşaatçıları burada əsaslı təmir və yenidənqurma işlərini yüksək zövqlə həyata keçirməyi bacarıblar.

"Cahan" MMC-nin inşaatçıları şəhərin 57-ci məhəlləsində yerləşən çoxmərtəbəli binalarda əsaslı təmir və yenidənqurma işlərini davam etdirirlər. Yüksək zövqlə görülən işlər şəhərin ümümi gözəlliyinə yeni çalarlar gətirib. Bir sözlə, muxtar respublika böyük quruculuq dövrü yaşayır.

 

 

Məmməd Məmmədov

 

Azərbaycan.-2009.-9 iyun.-S.4.