Heydər Əliyev Fondu böyük mütəfəkkir Nəsirəddin Tusinin "Əxlaqi-nasiri" kitabını latın qrafikası ilə nəşr etdirmişdir

 

Heydər Əliyev Fondu dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli alim Nəsirəddin Tusinin "Əxlaqi-nasiri" kitabını nəşr etdirmişdir. Əsrlər boyu Orta Yaxın Şərqdə mənəviyyat qaynağı əxlaq dərsliyi kimi məktəblərdə tədris olunan bu kitab latın qrafikası ilə nəşr olunmuşdur.

Böyük elmi miras qoyub getmiş alimin irsinin dərindən öyrənilməsi, əsərlərinin nəşri ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində idi. Mütəfəkkir alimin anadan olmasının 800 illiyi ərəfəsində ümummilli lider 2000-ci il 13 iyun tarixli fərmanı ilə Nəsirəddin Tusinin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə yanaşı, onun çoxşaxəli yaradıcılığının hərtərəfli tədqiqini vacib məsələlərdən biri kimi qeyd etmişdir.

Ulu öndərin önəm verdiyi dahi şəxsiyyətin zəngin irsinə dərin ehtiram əlaməti olaraq nəşr edilən "Əxlaqi-nasiri" kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer almışdır. Əsərin tərcüməsində müəllifin yazı üslubu mümkün qədər qorunub saxlanmışdır.

Bu kitab Heydər Əliyev Fondunun müxtəlif səpkili nəşrlər kolleksiyasını zənginləşdirmişdir. Fond Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsl mahiyyətindən onun yaratdığı humanitar fəlakətdən, erməni təcavüzü nəticəsində dağıdılmış tarixi-mədəni abidələrimizdən bəhs edən müxtəlif dillərdə kitabları nəşr etməklə dünya ictimaiyyətinə obyektiv informasiya çatdırmağa çalışır.

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr olunan kitabları gənc oxucu auditoriyası üçün zəngin mənbə hesab etmək olar. Fond Azərbaycanın klassik yazıçılarının, tədqiqatçı alimlərin əsərlərini müxtəlif dillərdə nəşr etdirir, xarici ədəbiyyat nümunələrini dilimizə çevirərək nəşrinə dəstək verir.

Nəfis tərtibatla, rəngarəng miniatürlərlə nəşr olunmuş bu kitab oxuculara Nəsirəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-10 iyun.-S.6.