Azərbaycanda Qətər Dövlətinin mədəniyyət günlərinin açılış mərasimi olmuşdur

 

İyunun 9-da Muzey Mərkəzinin qarşısında Azərbaycanda Qətər Dövlətinin mədəniyyət günlərinin rəsmi açılış mərasimi keçirilmişdir.

Burada ənənəvi Qətər çadırları qurulmuş, gəmiqayırma və xınaçılıq peşələri nümayiş etdirilmiş, milli şirniyyatlar hazırlanmışdır. Qətərdən gəlmiş 58 nəfərdən ibarət nümayəndə heyəti bu ölkənin özünəməxsus mədəniyyət nümunələrini, qədim adət-ənənələrini paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına nümayiş etdirmişdir.

Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu möhtəşəm gün münasibətilə bütün iştirakçıları təbrik edərək vurğulamışdır ki, belə tədbirlər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə təkan verəcəkdir.

2009-cu ilin Bakının İslam Mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilən belə tədbirlərin əhəmiyyətindən danışan nazir bildirmişdir ki, Azərbaycan ilə Qətər arasında qədim tarixə malik siyasi, iqtisadi, mədəni əlaqələr bu gün də uğurla davam etdirilir.

Əbülfəs Qarayev son illərdə Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini diqqətə çatdıraraq demişdir ki, tarixi abidələr yenidən bərpa edilir və ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir. Görülən işlərin nəticəsində cari ildə Azərbaycan bir çox mühüm əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

Qətərin Mədəniyyət, İncəsənət və İrs Milli Şurasının baş katibi Mübarək bin Nasir əl-Xəlifə demişdir: "İslam mədəniyyətinin paytaxtı Bakı şəhərində olmağımızdan qürur duyuruq. Biz qətərlilər İslam Konfransı Təşkilatı tərəfindən bu seçimin edilməsini müvəffəqiyyətli bir addım olaraq qiymətləndiririk. Azərbaycanlılar əsrlər boyu bir müsəlman xalqı olaraq müştərək keçmişimizin yazılmasına öz töhfələrini vermişlər".

Natiq vurğulamışdır ki, Doha şəhəri 2010-cu il üçün Ərəb Dövlətləri Liqası və İSESKO tərəfindən ərəb mədəniyyətinin paytaxtı elan edilmişdir. Bu seçim Qətər dövlətinin mədəniyyət, incəsənət və bəşəri biliklərin inkişafında oynadığı rolun nəticəsində mümkün olmuşdur.

Mədəniyyət günlərinin Qətər və Azərbaycan xalqları arasında əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini söyləyən nümayəndə heyətinin başçısı demişdir ki, mədəniyyət bu gün millətləri yaxınlaşdırmaq, gərginlik, çarpışma səbəblərinin aradan qaldırılması, barış və sülh prinsiplərini bərqərar etmək üçün səmərəli vasitədir.

Sonra Mübarək bin Nasir əl-Xəlifə nazir Əbülfəs Qarayevə xatirə hədiyyələri təqdim etmişdir.

Əbülfəs Qarayev Qətər mədəniyyətinin müxtəlif forma və üslublarını əks etdirən nümunələrlə tanış olmuş və nümayəndə heyəti tərəfindən hazırlanmış şirniyyatlardan dadmışdır.

Sonra nazir kitab və tətbiqi incəsənət sərgisinin açılışında iştirak etmiş, Qətər və onun adət-ənənələri haqqında qısametrajlı sənədli filmə baxmışdır.

Elə həmin gün R.Behbudov adına Dövlət Mahnı Teatrında qətərli incəsənət ustalarının konserti və folklor rəqs qrupunun çıxışı olmuşdur.

Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında doktor Xalid Yusif ər-Dərbəştinin Qətərdə investisiya imkanları barədə mühazirəsi dinləniləcəkdir.

Bundan əlavə, nümayəndə heyətinin iyunun 10-da Mərdəkan qəsəbəsinə, ayın 11-də isə Suraxanı rayonuna səfərləri planlaşdırılmışdır. Səfər çərçivəsində burada Qətəri təmsil edən rəqs qrupunun çıxışı, sənədli filmlərin nümayişi, sərgi, xınaçılıq, gəmidüzəltmə sənətlərinin və xalq şirniyyatı növlərinin nümayişi olacaqdır.

Qətər Dövlətinin mədəniyyət günlərinə iyunun 12-də yekun vurulacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-10 iyun.-S.6.