Azərbaycan ilə Polşa arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iyunun 10-da nazir Elmar Məmmədyarov Polşanın keçmiş Baş naziri, hazırda bu ölkə senatının üzvü Vloçimej Çimoşeviç ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Polşa arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilmiş, əlaqələrin daha da genişləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadənin məqsədəuyğun olduğu bildirilmişdir.

Bundan əlavə, Azərbaycan ilə Avropa strukturları arasında əlaqələr, bu çərçivədə Azərbaycan-Polşa əməkdaşlığı məsələsi müzakirə olunmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan nazir E.Məmmədyarov müasir dünyada etnik təmizləmə işğala yer olmadığını bildirmiş, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyi barədə qonağa ətraflı məlumat vermişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-11 iyun.-S.4.