Sözdən, sənətdən güc alan Gəncə

 

Bu qədim şəhərin ədəbi mühitinin tarixi minilliklərə gedib çıxır. "Kitabi-Dədə Qorqud" kimi 1300 yaşı olan möhtəşəm ədəbi abidəmizdə də Gəncənin adı çəkilir. Bizim eranın XII yüzilliyində burada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaşayıb-yaratmışdı. Doğma yurdunun adını özünün soyadına çevirən belə böyük söz dühasını ərsəyə yetirən Gəncə əvvəlki əsrlərdən üzü bəri davam edən intellektual təcrübə, mədəniyyət və mənəviyyat ənənələri ilə təşəkkül taparaq Nizaminin yaşayıb-yaratdığı və məhz onun sənəti ilə naxışlanan intibah dövründə daha zəngin ədəbi poetik potensiala malik olub. Gəncənin şəhərləşməsinin ötən illərdə 2500 illiyinin təntənə ilə qeyd edilməsi təsadüfi deyildi.

Bu payız yaradılmasının 75 illiyi təntənə ilə qeyd ediləcək Azərbaycan Yazıçılar Birliyinin uğurlarında Gəncə bölməsinin özünəməxsus payı var. AYB-nin regionlarda ilk köklü qurumlarından biri sayılan Gəncə bölməsi böyük bir tarixi olan ədəbi mühitin keşiyində dayanaraq sözün əsl mənasında şərəfli bir yol keçib. XII əsrdən üzü bəri Azərbaycan ədəbiyyatına, poeziyasına, mədəniyyətinə böyük dühalar bəxş edən Gəncənin hər daşında, qayasında şərəfli bir tarix yatır. Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin hazırkı sədri, əməkdar incəsənət xadimi Məmməd Alimdir. Şair, dramaturq, tərcüməçi, publisist, ictimai xadim Məmməd Alim 16 kitabın müəllifidir. Onun dramları teatrlarda tamaşaya qoyulub, əsərləri müxtəlif dillərə tərcümə edilib. Gənc ədəbi qüvvələrin inkişafında, Gəncəbasar ədəbi mühitinin canlandırılmasında böyük xidmətləri var. Məmməd Alim qədim Gəncə ədəbi məclislərini bərpa edib dirçəltməklə yeni, müasir ədəbi məclislərin yaradıcısı və rəhbəridir.

Şeirlərinə onlarca kantata, romans və mahnılar bəstələnmişdir. Bu il 60 illiyi tamam olan şairin həyat və yaradıcılıq yolu haqqında dövlət sifarişi ilə "Yuva qurdun söz içində. Məmməd Alim" televiziya filmi çəkilmişdir. 2009-cu ildən Prezident təqaüdçüsüdür. Onunla Gəncə ədəbi mühitinin tarixi və bugünü ilə bağlı söhbətləşdik.

- Tarixi mənbələrdən bəllidir ki, XI əsrdə Gəncə Yaxın Şərqin ədəbi mərkəzlərindən biri idi.

- Azərbaycanın məşhur klassik şairi Qətran Təbrizi cavanlığında yurdumuzu gəzib-dolaşarkən məhz Gəncəni daha çox bəyənmiş, bir müddət burada yaşamışdır. O, yerli şairlərlə görüşərək şeir məclislərinin fəal iştirakçısı olub. Qətran Təbrizi məhz Gəncədə şair kimi formalaşdıqdan sonra Təbrizə qayıdıb. Ahıl yaşlarında ikinci dəfə Gəncəyə yolu düşən Qətran Təbrizinin belə bir rübaisi var:

 

Ey türk, necə oldun Gəncəyə mehman,

ürək fərəhləndi, rahatlandı can.

Mənə sərxoş ikən bir busə verdin,

həmişə kefi çağ, sərxoş olasan.

 

Həyat və yaradıcılığı XI yüzilliyin sonuna, XII yüzilliyn əvvəllərinə aid olan məşhur rübai ustası Məhsəti Gəncəvi və Raziyə Gəncəvi kimi qadın şairlərimizin yetişməsi ovaxtkı Gəncə ədəbi mühitinin nə qədər ümumbəşəri fikir və duyğularla səciyyələndiyini göstərir. Məhsəti xanımın vətəni ilə bağlı bir rübaisi də maraqlıdır:

 

Yetməzmi qəribə verdin işgəncə,

cəfanın hüdudu olmazmı səncə?

Demişdin: Gəncədə kama yetərsən,

indi bu mən, bu sən, bax bu da Gəncə!

 

XII əsrdə yaşayıb-yaradan, Xaqani Şirvaninin qayınatası olan, ona elə Xaqani təxəllüsünü verən və şeir yazmağı tövsiyə edən Əbül-Üla Gəncəvi kimi şairlər Gəncənin söz sənətini zaman-zaman şöhrətləndiriblər.

- Səsi-sorağı Avropanı bürümüş, şeirləri alman səyyahları tərəfindən aparılaraq öz adlarına çıxarılmış Mirzə Şəfi Vazeh də Gəncədə doğulub.

- Elədir. Şərqşünas Fridrix Bodenşted Mirzə Şəfinin nəğmələrini mənimsəyərək başqa ad altında nəşr etdirmişdir. Amma yaxşı ki, uzun müddətdən sonra Azərbaycan şairinin şeirləri öz halal müəllifini tapmışdır. Gəncə ədəbi mühitinin yetirməsi olan Mirzə Şəfi öz doğma şəhərinə onlarca nəğmə qoşub. Onun əsasını qoyduğu ədəbi məktəbin ənənələri uzun illər ardıcılları tərəfindən davam etmişdir. Peşəkar ədəbiyyatçı maarifçilərdən Mirzə Məhəmməd Axundzadə, Abdulla Sur, "Molla Nəsrəddin" jurnalının fəal əməkdaşlarından Əli Nəzmi və Əli Razi Gəncə ədəbi mühitində nüfuz sahibi idilər. XX əsrin birinci rübündə mətbuatda poetik-publisistik yazıları ilə çıxış edən gəncəli şair Əli Şövqinin bu misraları xüsusilə diqqət çəkir:

 

Dörd Əli yetirdi Gəncə torpağı:

Ruhi, Nəzmi, Razi, Şövqiyi bimar.

 

Adları çəkilən insanlar Gəncə ədəbi mühitinin aparıcı qüvvələrindən sayılırdı.

- O vaxt Gəncəyə Azərbaycanın başqa bölgələrindən gələn şairlər olurdumu?

- Əlbəttə, Gəncə ədəbi mühiti bütün Azərbaycan üçün cəlbedici idi. Acı taleli, romantik şair Məhəmməd Hadinin və Abbas Səhhətin nakam ömürlərinin son çağları Nizami yurdunda keçmişdir. İndi hər ikisinin ziyarətgaha çevrilən qəbirüstü abidələri Gəncədədir. Səməd Vurğun və Əhməd Cavad kimi görkəmli sənətkarlar vaxtilə Gəncə ədəbi mühitinin fəal iştirakçıları olub, burada müəllimlik ediblər. Unudulmaz şairimiz Mikayıl Müşfiq gəncəli qızı Dilbər Axundzadə ilə ailə həyatı qurmuş, dəfələrlə Gəncəyə gəlmişdir. Xalq şairi Rəsul Rzanın həyat yoldaşı, şair Nigar Rəfibəylinin uşaqlıq və gəncliyi Gəncədə keçmişdir. O, repressiya qurbanı olan Xudadat bəyin qızı idi.

- Repressiyadan söz düşmüşkən, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə ədəbi mühitində nə baş verdi?

- Başqa bölgələrdə, eləcə də paytaxtda olduğu kimi, Gəncədə də ədəbi mühit bolşevik-kommunist ideologiyasının təsiri altında formalaşmağa başladı. Ötən əsrin əvvəllərində Bakıda fəaliyyətə başlayan "Qızıl qələmlər" ədəbi cəmiyyətinin digər iri şəhərlərimizlə yanaşı, Gəncədə də şöbəsi yaradıldı. Bu ədəbi qurumun ətrafına əsasən gənc yazıçı və şairlər toplaşdılar. Bəllidir ki, Azərbaycan Yazıçılar İttifaqı 1934-cü ildə təsis edildi. Eyni zamanda da Gəncədə bu qurumun filialı fəaliyyətə başladı. Qurumun inkişafında şərəfli yaradıcılıq yolu olan ədəbiyyatşünas alimlərin, yazıçı və şairlərin böyük xidmətləri olub. Biz bu gün də onları ehtiramla xatırlayırıq. Səməd Vurğun, Mir Cəlal, Həmid Araslı, Əbülhəsən, Əhməd Cəmil, Mikayıl Rzaquluzadə, Ələkbər Ziyatay, Zeynal Xəlil və başqalarının ilk gənclik illəri Gəncə ilə bağlı olubdur.

AYB Gəncə bölməsi ilə əlaqədar arxiv sənədlərini araşdırarkən mərhum yazıçı, tərcüməçi, publisist Cahanbaxş Cavadzadənin ötən əsrin 20-ci illərində Gəncə ədəbi mühiti ilə bağlı qələmə aldığı xatirələri oxudum. O, oktyabr inqilabının 10 illiyi münasibətilə 1927-ci ildə Gəncədə köhnə ərəb əlifbası ilə nəşr edilmiş ictimai-siyasi məcmuənin materiallarını belə şərh edirdi: "O zaman mən şeir yazmaqla məşğul idim. Mir Cəlal da, Həmid Araslı da şeir yazardılar. Amma bizim öz jurnalımız bu kitabçadan sonra nəşrə başlamışdır. "Qızıl Gəncə" jurnalı artıq bizim filialın - Gəncə filialının rəsmi orqanı idi və buna Məmməd Kazım Ələkbərli rəhbərlik edirdi.

Mətləbə qayıtsaq, bildirməliyəm ki, bu kitabçada mənim ilk şeirim çap olunmuşdur. Məmməd Kazım Ələkbərlinin təşviqi ilə biz materialları yığır, səliqəyə salır, mətbəəyə göndərir, çapında, korrekturasında iştirak edirdik. Gəncədə Azərbaycan Yazıçılar İttifaqının Gəncə filialının yaradılmasından söhbət açılırdı. Bu zaman artıq Səməd Vurğun da Gəncəyə gəlmişdi.

Biz şəhərdən gənc qələmləri bir araya yığdıq. Maarif xadimi Məmməd Cuvarlinskinin iştirakı ilə yerli filialı təşkil etdik. O zaman bu yoldaşlar filialın fəal üzvləri idilər: Fərrux Həsənli, Mir Cəlal, Cahanbaxş, Əhməd Cəmil, Balabəy Fərzayi, Allahverdi Verdiyev, Manaf Quliyev, Həmid Araslı... sonralar isə Məmməd Kazım Ələkbərli, Mikayıl Quluzadə, Seyfulla Şamilov və Səməd Vurğun təşkilatda çalışdılar, yüksəldilər..."

- Azərbaycan Yazıçılar İttifaqının Gəncə bölməsinin ilk rəhbəri kim olub?

- Gəncə filialının məsul katibi Əli Razi Şamçızadə seçilib. O bu vəzifəni cəmi üç il yerinə yetirə bilib. Ölkəni bürüyən repressiyanın qara caynaqları onu da aparıb. Əli Razi 1938-ci ildə güllələnib. Ondan sonra Gəncə filialının məsul katibi, yazıçı-publisist Oruc Qoşqarlı seçilib.

Mətbuatı vərəqlədikcə 1938-ci ildən onun imzasını görmək olur. 1941-ci ilin sentyabrından filiala şair Ələkbər Ziyatay rəhbərlik edib. O, on il bu vəzifəni yerinə yetirmişdir. 1950-ci ildə növbəti rəhbər Əli Xeybər olub. İki il sonra isə filiala rəhbərlik Rüfət Quliyevə tapşırılıb. 1950-1952-ci illərdə filialın işi bir qədər zəiflədi, hətta dayanmaq dərəcəsinə çatdı. Bu zaman Bakıda yazıçılar bir araya gələrək Gəncə filialının fəaliyyətini canlandırmaq üçün tədbirlər planı hazırladılar. Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Əli Vəliyev, Süleyman Rəhimov və Əhməd Cəmilin iştirakı ilə keçirilən iclasda Gəncə filialının Fəridə Əliyarbəylidən, Nazim Axundovdan, Nəriman Həsənzadədən ibarət bürosu təsdiq edildi. Fəridə Əliyarbəyli həmin iclasda filialın məsul katibi seçildi. Arada iki il bu quruma Müzəffər Piriyev rəhbərlik edib. Fəridə xanım isə yenidən qurumun rəhbərliyinə qayıdaraq təqaüdə çıxanadək Yazıçılar Birliyinin Gəncə şöbəsinin məsul katibi olmuşdur. Görkəmli Azərbaycan yazıçısı, dramaturq və ədəbiyyatşünas alim Altay Məmmədov bölmənin işində yaxından iştirak edərək ədəbi mühitin daha da qaynar olmasına böyük əmək sərf etmişdir.

- Siz 20 ildir ki, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə rəhbərlik edirsiniz. Gəncə ədəbi mühitində pərvəriş tapmış söz-sənət sahibləri haqqında nə deyə bilərsiniz?

- AYB-nin Gəncə bölməsi ətrafında son illərdə yüz nəfərdən çox yazar toplaşıb. Onlardan 25-i Azərbaycan Yazıçılar Birliyinin, qalanları isə bölmənin üzvləridir. Hər həftənin cüməsi gənclər günü elan olunub. Həmin gün ədəbi məşğələlərimizi gənc istedadlara həsr edir, qələm təcrübələrini müzakirəyə çıxarır, tövsiyələrimizi veririk. Bölməmizin həyatında fəal iştirak edən qələm sahibləri müxtəlif janrlarda əsərlər yaradırlar. Nəsr, poeziya, dramaturgiya, bədii tərcümə və publisistika üzrə peşəkar üzvlər öz təcrübələrini gənclərə ötürməyə çalışırlar. Son illərdə Gəncə müəlliflərinin 100-dən çox kitabı işıq üzü görüb, əsərləri qəzet və jurnal səhifələrində, almanax və antalogiyalarda çap olunub, xarici dillərə tərcümə edilibdir. Gəncə bölməsi 1979-cu ildən Nizami poeziya bayramını, 1998-ci ildən isə Nigar Rəfibəyli poeziya gününü uğurla davam etdirir. Çox sevindirici haldır ki, Gəncədə yaşayıb-yaradan qələm sahiblərini respublikamızın çox yerində tanıyırlar. Ədəbiyyatşünas alimlərdən Bağır Ulduz, Xəlil Yusifli, Sədnik Paşa Pirsultanlı, Sadıq Şükürov və başqaları təkcə Gəncədə deyil, bütövlükdə respublikada məşhur olan imza sahibləridir. Yazıçı-publisistlərdən Qərib Mehdi, Əhməd İsayev, Sabir Hacıyev kimi yaşlı nəslin nümayəndələri ədəbi aləmdə kifayət qədər nüfuza malikdirlər. Şairlərdən Bahadur Fərman, Rübail artıq poeziyada öz sözünü demiş insanlardır.

İstedadlı qadın yazıçı-publisistlərdən Nüşabə Məmmədli, Rəfiqə Sadıqova, Ünbülbanu, Kübra İbrahimqızı, Fərruxə Pərişan, şairlərdən Xəzangül, Aləmzər Əlizadə, Rəna Teymurqızı və başqalarının yaradıcılığı üslub rəngarəngliyi ilə seçilir. Aydın Murovdağlı, Mahir Rəfizadə, Sahib İbrahimli, Hüseyn Hatəmi, İnqilab İsaq bədii axtarışlarında uğurlar qazanan şairlərdir. Gənclərdən İradə Aytelin, Səbuhi Rəfizadənin çapdan çıxan kitabları onların gələcəyinə ümidlə baxmağa əsas verir. Gəncə ədəbi mühitinin yetirmələrindən Məzahir Hüseynzadənin (Şəmkir), Ələsgər Əlioğlunun (Goranboy) və respublikanın ayrı-ayrı bölgələrində, eləcə də Bakıda yaradıcılıqlarını davam etdirən dostlarımızın uğurları bizi sevindirir.

- Gəncə ədəbi mühiti XII əsrdə dünya ədəbiyyatına Nizami kimi bir dahini töhfə verdi.

Gəncə sözü ucaltmaqla özü də ucaldı.

- Bu anlarda ürəyimdən öz misralarım dilə gəlir:

 

Sözdən güc alan Gəncə,

Sözlə ucalan Gəncə.

Hər gün sözlə gəncləşən,

Sözlə qocalan Gəncə.

 

Hərdən öz-özümə pıçıldayıram: Məmməd Alim, əlinə qələm aldın Gəncədə sən. Öyün ki, köksündə bir şeir düyünçəsi var.

- Çox gözəl, Gəncədə yaşayan bütün qələm sahiblərinə böyük uğurlar arzulayırıq.

 

 

F. XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 13 iyun.- S. 6.