Strasburqda Heydər Əliyev Fondunun xeyriyyəçiliyi ilə bağlı tədbir keçirilmişdir

 

İyunun 22-də Strasburqun mərkəzində yerləşən Notr-Dam kilsəsinin təmiri ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə göstərilən maliyyə yardımının təqdimat mərasimi keçirilmişdir.

Strasburqun meri senator Rolan Ris, şəhərin baş yepiskopu və dini qurumlarının nümayəndələrinin, Alzas regionunun prefektinin, yerli özünüidarə orqanlarının məsul şəxslərinin, Fransa Mədəniyyət Nazirliyinin Alzas bölgəsi üzrə Baş İdarəsinin rəhbəri və əməkdaşlarının, Azərbaycan Milli Məclisinin deputatlarının, Türkiyənin Avropa Şurası yanındakı nümayəndəliyinin rəhbəri və Strasburqdakı baş konsulunun, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin əməkdaşlarının, universitet ziyalılarının, diasporumuzun təmsilçilərinin iştirak etdiyi mərasimi açmış Notr-Dam kilsəsi fondunun rəsmi nümayəndəsi Remi Bodrü xeyriyyəçilik işinin müxtəlif xalqların və ölkələrin yaxınlaşmasında mühüm rolunu qeyd etmiş, 1500 kvadratmetrlik sahəni əhatə edən və Xl əsrə aid qədim tarixi abidənin təmiri məqsədi ilə Heydər Əliyev Fondunun göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişdir.

Fondun departament direktoru, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropanın rəmzi paytaxtı sayılan Strasburqda belə bir tədbirin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, mərasimi Fransa ilə Azərbaycan arasında bütün sahələrdə uğurla davam edən ikitərəfli münasibətlərin daha da dərinləşməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburqda Azərbaycanla bağlı bir sıra mədəni tədbirlərin keçirildiyini xatırladan deputat belə layihələr çərçivəsində Azərbaycan uşaq xoru və simfonik orkestrinin ötən il mayın 28-də Respublika günü münasibətilə bu kilsədə konsert verməsini diqqətə çəkmiş, kilsədə konsert proqramı ilə çıxışa müstəsna hallarda icazə verildiyini qeyd etmişdir. Q.Paşayeva belə müqəddəs yerdə gənc azərbaycanlı istedadların çıxışına şərait yaratmış şəhər bələdiyyə idarəsinin addımını yüksək qiymətləndirmiş, ilk dəfə olaraq müsəlman ölkəsinin nümayəndələrinın kilsədə konsert verməsini xüsusi vurğulamışdır.

Heydər Əliyev Fondunun məqsədlərindən danışan deputat 2004-cü il mayın 10-da fəaliyyətə başlayan fonda Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyini, fondun Azərbaycanın inkişafı naminə, müxtəlif sahələr üzrə irimiqyaslı proqram və layihələr həyata keçirdiyini, bir çox beynəlxalq qurumlarla əməkdaşlıq etdiyini və dünyanın bir neçə ölkəsindəki nümayəndəliklərinin uğurlu fəaliyyətini xüsusi vurğulamışdır.

Q.Paşayeva fondun mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsindəki fəaliyyəti və təcrübəsi barədə məlumat vermiş, Mehriban xanım Əliyevanın təkcə Azərbaycan ictimai-siyasi həyatında deyil, həmçinin beynəlxalq mədəni proseslərdə fəal iştirak etdiyini, mədəniyyətlərarası dialoqla bağlı təşəbbüslərə xüsusi diqqət yetirdiyini bildirmişdir.

Mehriban Əliyevanın qayğısı və təşəbbüsü ilə mədəni müxtəlifliyə, mədəniyyətlər və dinlərarası dialoqa həsr edilmiş mötəbər beynəlxalq konfransların təşkil edildiyini, xüsusilə qadınların belə dialoqda rolunun artırılmasına dair Bakıda keçirilmiş konfransın dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini, bugünkü tədbirin də fondun mədəniyyətlər və dinlərarası dialoqa verdiyi önəmin bariz nümunəsi olduğunu qeyd etmişdir.

Heydər Əliyev Fondunun ölkəmizdə də dini abidələrin qorunması və bərpasına yardım etdiyini vurğulayan Qənirə Paşayeva, fondun dəstəyi ilə Bakıdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmasından, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verməsindən söhbət açmışdır.

Q.Paşayeva fondun, həmçinin Fransanın Versal sarayında nümayiş etdirilən iki abidənin təmirinə kömək göstərdiyini bildirmişdir.

Strasburq şəhərinin meri Rolan Kis Heydər Əliyev Fondunun Strasburqdakı kilsənin təmirinə yardımını Azərbaycanın Avropaya, onun mədəni irsinə verdiyi töhfə kimi qiymətləndirmişdir. Avropa Şurasının üzvü olan Azərbaycan öz mədəni irsinə xüsusi diqqət göstərir, Avropa mədəni irsinə də qayğı ilə yanaşır. Strasburqdakı kilsə də Avropa mədəni irsinin bir abidəsidir. Mədəniyyət sahəsində böyük xidmətlər göstərən Heydər Əliyev Fondu beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına və təşviqinə ciddi diqqət göstərir. Bu, təqdirəlayiq haldır.

Azərbaycanla bağlı birgə bir sıra mədəni tədbirlərin həyata keçirildiyini xatırladan şəhər bələdiyyə idarəsinin rəhbəri azərbaycanlı uşaqların konsertinin sakinlərdə unudulmaz izlər buraxdığını bildirmiş və Strasburqda ənənəvi olaraq keçirilən Yeni il yarmarkasında Azərbaycanın fəxri qonaq statusunda iştirak etmək arzusunun nəzərdən keçirildiyini və bununla bağlı layihənin gerçəkləşməsinə çalışdığını, 2010-cu ildə keçiriləcək Yeni il yarmarkasında məsələnin baş tutacağına ümidvar olduğunu qeyd etmişdir.

Sonda mer Heydər Əliyev Fondunun prezidentinə, Azərbaycan rəhbərliyinə və xalqımıza bu xeyirxah aksiyaya görə dərin təşəkkür etmişdir.

Alzas regionunun prefekti Pyer-Etyen Biş, Strasburqun baş yepiskopu Jan-Pyer Orale Heydər Əliyev Fondunun kilsənin təmirinə göstərdiyi qayğını yüksək qiymətləndirmiş və fondun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissini ifadə etmişlər. Regionun prefekti Fransanın mədəniyyət və kommunikasiya naziri xanım Kristin Albanelin adından fondun prezidenti Mehriban Əliyevaya təşəkkür etmişdir.

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov bu tədbirin Heydər Əliyev Fondunun mədəniyyətlər və dinlərarası dialoqa, eləcə də dünya mədəni irsinə layiqli töhfəsi olduğunu vurğulamışdır. Strasburqun Azərbaycanla bağlı bir sıra tədbirlərə ev sahibliyi etdiyini xatırladan səfir, şəhərin meri Rolan Risə göstərdiyi diqqətə görə təşəkkürünü bildirmişdir.

Mərasimin sonunda Q.Paşayeva və Arif Məmmədov Heydər Əliyev Fondu adından kilsənin təmiri üçün nəzərdə tutulmuş hədiyyə çekini, habelə fond tərəfindən nəşr edilən "Qarabağ xanəndələri" və qurumun beşillik fəaliyyətinə dair kitabları merə təqdim etmişlər.

Hədiyyələrin təqdimatı zamanı mer Rolan Ris beş il əvvəl Fransa Senatının nümayəndə heyətinin tərkibində Azərbaycana səfəri zamanı ölkəmizin qədim tarixi, zəngin mədəni irsi ilə yaxından tanışlığın onda böyük təəssürat yaratdığını qeyd etmişdir.

Səfir Arif Məmmədov və şəhər meri Rolan Ris tədbirlə bağlı nüfuzlu Frans-3 televiziya kanalına, "Frans Blö" radiosuna, "Alzasın son xəbərləri", "Alzas" və "20 dəqiqə" qəzetlərinə müsahibə vermişlər. Bu müsahibələrdə Heydər Əliyev Fondunun fəaliyyətindən, Mehriban xanım Əliyevanın mədəni irsin qorunması və bərpası sahəsində xidmətlərindən söhbət açılmışdır.

Tədbir barədə Parisdə nəşr olunan "L'Express" qəzetinin 22 iyun tarixli nömrəsində yazı dərc edilmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2009.- 24 iyun.- S. 3.