Əməkdaşlığa dair müqavilə imzalanmışdır

 

Rusiyanın Elm və Xalq İşçiləri Həmkarlar İttifaqının əməkdaşları Azərbaycana gəlmişlər.

Qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülmüşdür.

Şəhidlər xiyabanında ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş Vətən övladlarının xatirəsi də anılmışdır.

Sonra iki ölkənin müvafiq qurumları arasında keçirilən görüşdə qarşılıqlı əlaqələrin vəziyyəti müzakirə edilmiş və dörd il müddətinə nəzərdə tutulan əməkdaşlıq haqqında yeni müqavilə imzalanmışdır.

Müqavilə iki ölkənin elm və təhsil işçilərinin sosial-iqtisadi, əmək hüquqlarının qorunmasında, eləcə də əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır. Sənəddə, həmçinin təbii fəlakət və digər fövqəladə hallar zamanı qarşılıqlı yardımın göstərilməsi nəzərdə tutulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 iyun.- S. 3.