İnformasiya texnologiyalarının tətbiqi daim diqqət mərkəzindədir

 

Dünən Sumqayıt "Kimyaçı" Mədəniyyət Sarayında şəhər icra hakimiyyəti və təhsil şöbəsinin birgə təşəbbüsü ilə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan "Gənc informatiklər - 2009" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

İnternet səhifələrinin və təqdimat işlərinin hazırlanması, mətn yığıcılığı istiqamətləri üzrə keçirilmiş müsabiqədə münsiflər heyəti tərəfindən 14 müxtəlif nominasiya müəyyən edilmişdir. Qaliblər mövzu orijinallığına, ən yaxşı dizayna və məzmununa görə qiymətləndirildi. İbtidai sinif şagirdləri arasında təşkil olunan mətn yığıcılığı yarışında isə ilin vunderkindi, ən çevik, ən səliqəli və ədib informatiklər mükafatlandırıldı.

Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Rabitə və İnofrmasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Rüfət Gülməmmədov, Təhsil Nazirliyinin məsul işçisi Samir Məmmədov, habelə müxtəlif şirkətlərin nümayəndələri iştirak edirdilər. Yeri gəlmişkən, bu tədbir artıq ikinci ildir ki, keçirilir.

Mərasimdə qaliblərə müsabiqənin əsas mükafatı olan "Rəqəmsal dünya" heykəlciyi və digər hədiyyələr verildi. Müsabiqəyə HP şirkətinin və "Microsoft-Azərbaycan" korporasiyası, "Aztelekom" İstehsalat Birliyi və "DNS Computers" MMC sponsorluq edir. Bu tədbir Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunmuşdu.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi AMEA İnformasiya Texnologiyaları Universiteti, Qafqaz Universiteti, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan İnternet Forumu və Sumqayıt Tələbələr İttifaqı gənc informatiklər layihəsinə dəstək göstərirlər.

Tədbirdən sonra Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasının rəsmi açılışı oldu. Bu akademiyanı yaratmaqda məqsəd informatika və kompüter elminin inkişafına, ümumtəhsil müəssisələrində İKT-nin tətbiqinə, dövlət proqramlarına dəstək və əhalinin maarifləndirilməsindən ibarətdir.

Kitabxana və elektron resurs mərkəzindən, təlim otaqlarından, konfrans zalından ibarət İKT akademiyasında yaxın vaxtlarda müxtəlif layihələrin icrasına başlanacaqdır.

 

 

Akif  ƏLİYEV

 

Azərbaycan.- 2009.- 25 iyun.- S. 8.