Eltun mərd oğul idi

 

Xəbər verildiyi kimi, iyun ayının 18-də Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki şəxsin dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərməsinin qarşısı alınmışdır. Onlar sərhəd naryadına qarşı iki ədəd əl qumbarası atmaqla silahlı müqavimət göstərmişlər.

Hadisə zamanı əsgər Eltun İsgəndərov silahlı quldurlara layiqli cavab verdi, öz bədəni ilə qumbaranın üstünü örtüb digər sərhədçi yoldaşlarının həyatını xilas etdi. Özü həlak oldu, iki sərhədçi zabit isə ağır yaralandı.

Quldur dəstə onlara yol göstərənlər ifşa olundu. Sərhəd pozucularının "Meşə qardaşları" kimi tanınan qanunsuz silahlı qruplaşmanın üzvləri Azər Misirxanov "Əbdüləziz" ləqəbli Elşən adlı şəxslərlə yaxın əlaqədə olduqları müəyyən edildi.

Bəs qəfil döyüşün ən gərgin anında mərdlik mübarizlik göstərən Eltun İsgəndərov kimdir? 1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olub. Erkən yaşlarından zəhmətə alışıb. Hər gün dərsdən sonra atası ilə birlikdə təsərrüfatda çalışıb. Boylu-buxunlu, sağlam, yaraşıqlı gənc idi.

2008-ci il oktyabrın 22-də Samux Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidməti - Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edirdi. Öz bacarığı, intizamı, işgüzarlığı ilə çoxundan fərqlənirdi.

Dövlət Sərhəd Xidməti Şəxsi heyət üzrə Baş İdarə tərəfindən Eltunun valideynlərinə göndərilən təşəkkür məktubunda deyilir: "Eltun İsgəndərovun əziz valideynlərinə! Siz intizamlı, hünərvər, çalışqan oğlunuzla fəxr edə bilərsiniz. Sərhədçi çox şərəfli bir o qədər məsuliyyətli peşədir. Vətənimizin təhlükəsizliyi hər bir əsgərin ayıq-sayıqlığından, yüksək peşəkarlığından, xüsusən mənəvi-psixoloji durumundan asılıdır. Bu baxımdan sərhədlərimizin keşiyində duran vətən oğullarına dayaq olmaq hər bir valideynin müqəddəs borcudur. Ümidvar olduğumuzu bildiririk ki, siz övladınızı dövlət sərhədlərimizin etibarlı mühafizəsinə daha da ruhlandırmaqla bizə yaxından yardımçı olacaqsınız".

Xidmət etdiyi müddətdə Eltun İsgəndərov dəfələrlə komandanlığın tapşırığını şərəflə yerinə yetirib. Qulluq etdiyi hərbi hissənin komandiri polkovnik Zəki Cəlilovun imzaladığı bir əmrdə deyilir: "10 may 2009-cu il tarixində dövlət sərhədinin mühafizəsi zamanı xidməti vəzifəni layiqincə yerinə yetirdiyinə, sayıqlıq peşəkarlıq göstərərək sərhəd zastavasının xidməti ərazisindən - İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində narkotik vasitənin keçirilməsinə cəhdin qarşısının alınmasında fəallıq göstərdiyinə görə əsgər Eltun Xaləddin oğlu İsgəndərov "Xidmətdə fərqlənmiş sərhədçi döş nişanı" ilə təltif edilsin".

Eltun İsgəndərov, bax, belə bir oğul idi!

Bu cəsur əsgərin yas mərasiminə getdik. Valideynlərilə görüşdük. Kənd sakinləri ilə söhbət etdik, Əhmədbəyli orta məktəbində olduq. Hər yerdə hamıdan Eltun İsgəndərov haqqında yalnız yalnız xoş sözlər eşitdik.

Bu yerlərdə hamı Samux torpağının yetirməsi Eltun İsgəndərovla öyünür, fəxr edir. Rayonun hərbi komissarı Sərdar Həsənov deyir ki, samuxlular həmişə dövlətin, dövlətçiliyin keşiyində ayıq-sayıq dayanırlar, vətənin ağır günlərində 74 şəhid verilib. Həsən Atakişiyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Biz gəncləri məhz bu cür hünərvər insanların nümunələri ilə tərbiyə edirik.

 

P.S. Qəzet çapa hazırlanarkən xəbər gəldi ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Eltun Xaləddin oğlu İsgəndərova döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2009.- 26 iyun.- S. 13.