Azərbaycan fotojurnalistikasının fədaisi

 

40 gündür ki, Oqtay Aydınoğlu sıralarımızı tərk edib. Hələ ki, gözlər yollarda, qulaqlar səsdədir. Doğmaları, iş yoldaşları onun yoxluğuna inana bilmir. Oqtay tez-tez xarici ölkələrdə səfərdə olduğundan ailə üzvlərinə elə gəlir ki, o, yenə səfərdədir, qayıdıb gələcək. AzərTAc-dakı iş yoldaşları hələ də fotoxronika şöbəsindən gələn telefon zənglərində onun səsini eşidəcəklərini zənn edirlər. İllərin vərdişini bu tezlikdə yadırğamaq olmur. Azərbaycanda fotojurnalistika sahəsində öz məktəbini yaratmış olan həmkarımız Oqtay Aydınoğlu ömrünün son gününə, son anına qədər sevimli peşəsindən ayrılmadı. İş başında dünyasını dəyişdi. Son nəfəsini verəndə əlində az öncə Şəhidlər xiyabanında çəkdiyi sonuncu şəkillərin yazıldığı disk varıydı. 20 Yanvar faciəsinin 19-cu ildönümü qeyd edilən gün Oqtayın ömür salnaməsindən son yarpaq qopdu.

O, təbiət aşiqiydi. Hər gülə, çiçəyə diqqət yetirər, təbiətin zərif gözəllərinə baxmaqdan doymazdı. Hər yerdə - idarələrinin qarşısında, Hövsandakı bağında, küçələrdə ağaclar əkərdi. Dənizi çox sevərdi. Kim bilir, bəlkə də üzgüçülük üzrə idman ustası olduğundan neft qoxulu Xəzərə belə bağlanmışdı. Doğulub boya-başa çatdığı Bakının vurğunuydu. Axşamlar işdən çıxanda Şəhidlər xiyabanına qalxar, şəhərin ən hündür nöqtəsindən paytaxtın gecə mənzərəsini seyr edərdi. Maraqlı hobbilərindən biri ovçuluq idi. Hərdən Ələt tərəfə quş ovlamağa gedərdi. Muğamı çox sevərdi. İctimai TV-dəki "Ovqat" verilişinə həvəslə baxardı. Heydər Əliyev Fondunun Azərbaycan muğamları ilə bağlı layihələrindən milli təəssübkeşliklə danışardı. Oqtayın həyat eşqi çox güclüydü. Ömrünü dolu-dolu yaşayırdı. Mehriban ailə başçısıydı. Qəfil ölümə tuş gələcəyini bilməsə də, söhbətlərində ata öyüdünü oğluna çatdırmışdı: "Aydın, həyatdır, mənə bir şey olsa, kişi ol, ağlama! Evin dayağı sənsən!"

Oqtay Aydınoğlu sənətində, işində, ailəsində sayılıb-seçilən şəxsiyyət idi. Müasir Azərbaycan dövlətçiliyinin, müstəqillik dövrünün sənədli xronikasını yaradanlar sırasında Oqtay Aydınoğlu lentin yaddaşına həkk etdiyi təkrarsız görüntülərlə imzasını tarixin səhifəsinə yazmış, sənətilə ölümsüzlük qazanmışdı. Fotomüxbir kimi fəaliyyəti, peşəkarlığı ölkə rəhbərliyi tərəfindən yüksək dəyərləndirilmişdi. Ulu öndər Heydər Əliyev tərəfindən "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmişdi. Azərbaycan Fotoqraflar Birliyinin müsabiqələrində Oqtay Məmmədov "İlin ən yaxşı siyasi fotomüxbiri" mükafatının qalibi olmuşdu.

Oqtay yalnız yaxşı fotojurnalist deyildi, həm də lazımi anda kömək əlini uzatmağa hazır olan etibarlı dost, dövlətinə və rəhbərinə sadiq vətəndaşıydı. Onun çəkdiyi şəkillərə həm ölkə daxilində, həm xaricdə böyük tələbat vardı. Bir epizodu qeyd etməyim yerinə düşər. Ötən il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi və ölkə parlamentinin 90 illik yubileyi münasibəti ilə Milli Məclisdə kitab hazırlanırdı. Elə AzərTAc-a ilk rəsmi müraciətdəcə bu qurumun Fotoinformasiya baş redaksiyasının baş redaktoru Oqtay Məmmədov həvəslə işə qoşuldu, arxivləri səliqə ilə araşdıraraq dövlət rəsmilərinin müvafiq fotolarını tapıb təqdim etdi. O, dövlətçiliyimizin təbliği sahəsində yorulmadan çalışır, əlindən gələn köməyi əsirgəmirdi. "Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir" kitabında dərc olunmuş fotoların böyük qismi məhz "Oqtay Aydınoğlu" imzasına məxsusdur.

Peşəsinə qəlbən bağlanan, hadisə yerində bütün varlığıyla işinə səfərbər olan, çəkdiyi hər şəklə yaradıcı təfəkkürlə yanaşan, ən maraqlı məqamı, ən xarakterik anı "tutmağa", lentin yaddaşına həkk etməyə çalışan həmkarımız onu tanıyanların qəlbində dərin izlər qoymuşdur. Mərdliyi, insanpərvərliyi, səmimiyyəti, yaltaqlığa və ikiüzlülüyə dözümsüzlüyü ehtiramla anılır. Doğma kollektivində hələ də Oqtayın sözü-söhbəti gedir. Ən yorğun vaxtlarında belə Oqtayın şən zarafatları, incə yumoru, şirin söhbətləri ətrafındakılara xoş ovqat bəxş edərdi. Təbiətən nikbin adam olduğundan həmsöhbətlərinə də yüksək əhval-ruhiyyə aşılayardı. Oqtay belə Oqtay idi.

AzərTAc-ın Baş direktoru Aslan Aslanovun dediklərindən:

- Oqtay Məmmədov Azərbaycan mətbuatının görkəmli nümayəndələrindən idi. Fotojurnalistikada öz sözünü deyən, iz qoyan peşəkar bir insan kimi uzun illər onun yeri görünəcəkdir. Xalqını, Vətənini, Azərbaycan dövlətçiliyini ürəkdən sevən vətəndaş, fotojurnalist kimi Oqtay Məmmədovun həyatı bugünkü gənclər üçün əsl nümunədir, örnəkdir. 1993-cü ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin çoxsaylı xarici səfərlərində, respublikada keçirdiyi tədbirlərdə Oqtay Məmmədovla birgə AzərTAc-ı təmsil etmişik. Sonrakı illərdə isə o, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səfərlərinin işıqlandırılmasında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. O bu sənətlə yaşayırdı. Çəkiliş anında Oqtayın fikrini, diqqətini yayındırmaq onunçün az qala əsl faciəydi. Çox gərginliklə gözlədiyi anın əldən çıxması ona sanki ağır zərbə olurdu. Çünki Oqtay Məmmədov kimi və nəyi çəkdiyini, işinin məsuliyyətini yaxşı dərk edirdi. Çox gözəl bilirdi ki, onun çəkdiyi adi şəkillər deyil, Azərbaycan tarixinin sabahkı salnaməsinin illüstrasiyalı səhifələridir. İyirmi ilə yaxın bir yerdə işlədiyimiz dövrdə Oqtay Məmmədov ən çətin, məsuliyyətli tapşırıqların öhdəsindən ləyaqətlə və yüksək peşəkarlıqla gəlib. O, hətta çoxlarına çarəsiz görünən vəziyyətlərdən də çıxış yolu tapırdı. Həyatının son günündə də öz vəzifəsini vicdanla yerinə yetirdikdən sonra bu dünya ilə vidalaşdı. Oqtay Məmmədovun vəfatı Azərbaycan mətbuatı üçün çox böyük itkidir. Onun mətbuatımızdakı xidmətləri əvəzsizdir!

Oqtay Aydınoğlu daxilən intizamlı adamıydı. İşini yüksək səviyyədə icra etməkçün canını əsirgəməzdi. AzərTAc-ın kollektivi onu belə tanıyırdı. Çoxları üçün əziz dostuydu, xatirəsi qəlblərdə əbədi yaşayacaq insan! Həssaslığı, xoşuna gəlməyən sözə, hadisəyə çılğınlıqla etiraz etməsi də unudulmayan keyfiyyətləri sırasındadır. İş yoldaşlarından AzərTAc-ın Baş direktor müavini Dağbəyi İsmayılovla söhbətimiz də kövrək notlar üzərində qurulmuşdu:

- Mənimçün Oqtay əvəzsiz insan, sədaqətli dost idi. Onu tanıyandan üzündə nur, təbəssüm görmüşəm. Ən gərgin anlarında da belə olub. Bu da onun daxili zənginliyindən, mənəvi aləminin gözəlliyindən, insanlığından xəbər verirdi. O, küçədə, bağçada, xiyabanda gül görəndə ürəkdən sevinirdi. Gözəllikdən zövq alırdı. Baxıb-baxıb qürurla deyirdi ki, mənim bağımda bundan da gözəl güllər var... Oqtay işində son dərəcə peşəkar idi. Azərbaycanda fotojurnalistika sahəsində öz məktəbini yaratmışdı. Oqtay Aydınoğlunu tanıdığım illərdə onun Azərbaycan dövlətinə, dövlətçiliyinə sədaqətinin tükənməz olduğunun şahidiyəm. Ötən 40 gündə hələ inanmıram ki, Oqtay aramızda yoxdur. Fotoxronika şöbəsindən telefon zəngi gələndə elə bilirəm ki, Oqtayın səsini eşidəcəyəm...

Bacılarının böyüyü Şərqiyə xanım deyir ki, valideynlərim Oqtayı həkim görmək istəyirdilər. Ancaq peşəkar boksla məşğul olan, reqbi və üzgüçülük üzrə SSRİ və respublika miqyaslı yarışlarda uğurlar qazanan qardaşım "mən idmançıyam" deyib, həyat yolunu özü seçdi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil oldu. Taleyi uğurlu gəldi. Xoş xasiyyəti, işgüzarlığıyla hər yerdə özünə hörmət qazanan Oqtay yaxşı yerlərdə işlədi. Həyatının son iyirmi ilini bağladığı Azərinform (indiki AzərTAc) Oqtayın fəaliyyət meydanının zirvəsi oldu. Ulu öndərimiz Heydər Əliyev kimi fenomenal şəxsiyyəti, Azərbaycan Prezidenti İlham Əliyevi, ölkənin birinci xanımı Mehriban Əliyevanı xarici səfərlərdə müşayiət etdi. Fəxr duyduğu işindən, peşəsindən çox razıydı. Canıyla-qanıyla bağlanmışdı fotomüxbirliyə. Oqtay altı bacının güvənc yeriydi, hamımız yeganə qardaşımızı çox sevirdik. İndi on altı bacıuşağının dilindən "dayı" sözü çıxdı... Keçən il Oqtayla Gülnarənin "gümüş toy"larını qeyd etdik, ailə qurmalarının 25 ili tamam oldu. Uşaqlarını yaman çox istəyərdi, onlarla həm ata, həm də dost kimi davranardı. Heyf, övladlarının toyunu görəmmədi, bilirsən necə sevinərdi...

Bu da nisgilli söhbətimizin sonu. Ömrünü ləyaqətlə yaşamış insan hansı yaşda dünyadan köçməsindən asılı olmayaraq həmişə rəğbətlə xatırlanacaq, yeri görünəcək. Qəbrin nurla dolsun, Oqtay Aydınoğlu! Rahat uyu, sənətini yetirmələrin davam etdirir. İnanırıq ki, yerində-yurdunda qoyub getdiyin oğlun "Aydın Oqtayoğlu" imzasının məsuliyyətini ləyaqətlə daşıyacaq.

 

 

Mənzərə Sadıqova

filologiya elmləri namizədi

 

Azərbaycan.-2009.-28 fevral.-S.8.