Qlobal iqtisadi böhrandan qorunmaq üçün Azərbaycan təcrübəsi

 

Qlobal iqtisadi böhranın öz təsir dairəsini genişləndirməsi dünya dövlətləri üçün bu sahədə daha ciddi problemlərin yaranması ilə müşayiət olunmaqdadır. Hətta iş o yerə çatıb ki, Avropa ölkələrində hökumətlərin bazarlara müdaxiləsinin artıq zəruri şərtə çevrildiyi vurğulanır. Almaniyanın federal kansleri Angela Merkel təklif edir ki, iqtisadi təhlükənin qarşısını almaq üçün dünyanın "risqlər atlası" yaradılmalı və böhrandan birgə çıxış yolları axtarılmalıdır. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da etiraf edir ki, iqtisadi böhrandan hər hansı bir ölkənin ayrılıqda xilas olması olduqca çətindir.

 

Qlobal iqtisadi böhran problemi kəskinləşir

 

Böhranla bağlı dünya dövlətlərini narahat edən məqamlardan biri də sosial iğtişaşların meydana gəlməsidir. Artıq dünyanın bir çox ölkəsində, məsələn, Rusiyada, Yunanıstanda, İspaniyada və digər dövlətlərdə belə iğtişaşlar qeydə alınıb. Aparılan mübarizəyə baxmayaraq, iqtisadçı ekspertlər böhranla bağlı hələ də nikbin proqnozlar səsləndirmirlər. Əksinə, bildirilir ki, artıq qlobal iqtisadi böhranın ikinci mərhələsi başlayıb. Belə ki, vəsait çatışmazlığı ilə müşahidə olunan maliyyə böhranı səngiyir və öz yerini daha ağır olan istehsal böhranına verib. Yəni böhran artıq maliyyə sektorundan istehsala keçib ki, bu da daha ciddi problemlər deməkdir. Elə bunun nəticəsidir ki, son vaxtlar dünyanın əksər ölkəsində avtomobil, elektrotexnika, yüngül sənaye müəssisələrinin müflisləşməsi, daşınmaz əmlak bazarında durğunluq yaşanır. Belə vəziyyət isə kütləvi işsizliyə gətirib çıxaran amillər sayılır. Təsadüfi deyil ki, böhran daha çox əməktutumlu sahələrə təsir edir və kütləvi işsizlik qeydə alınır.

Böhranın acı nəticələri təkcə Avropa və Amerikada yox, uzaq Şərqdə də arzuolunmaz fəsadlar yaradıb. Məsələn, Çin iqtisadiyyatı valyuta çatışmazlığı ilə üz-üzədir. Hesablamalara görə, ölkənin 2009-cu il büdcəsindəki kəsir 140 milyard dollar təşkil edəcək. Bu, Çin büdcəçi üçün rekord göstəricidir. Hələlik problemlə daha ciddi mübarizə aparan Amerika hökuməti iqtisadiyyata milyardlarla dollar ayırsa da, ortada arzuolunan nəticələr yoxdur.

Rusiyada qlobal böhran üzündən cari il ərzində iqtisadi inkişaf göstəricilərinin sıfır həddinə enə biləcəyi artıq rəsmi səviyyədə də təsdiq olunub. Baş nazirin müavini İqor Şuvalov iqtisadi artım tempinin mənfi şkalaya keçə biləcəyini də istisna etməyib. Mərkəzi Asiyanın ən böyük ölkəsi sayılan Qazaxıstanda da ümumi daxili məhsulun artım göstəricilərinin 0-1 faiz arasında dəyişməsi gözlənilir.

Dünyanın bəzi ölkələrində isə böhranla bacarmayan hökumətlərin istefaya getmək halları da özünü büruzə verməyə başlayıb. Məsələn, artıq iqtisadi böhran üzündən Latviya hökuməti istefaya gedib. Fevralın 20-də mərkəz-sağçı Baş nazir İvar Qodmanis kabinetinin istefasını elan edib. Bu kabinet 2007-ci ilin dekabrında təşkil olunmuşdu. Latviya Prezidenti Valdis Zatlers bildirib ki, yeni hökuməti formalaşdırmaq üçün gələn həftədən partiya liderləri ilə müzakirələrə başlayacaq.

Bundan əvvəl isə İslandiyanın baş nazirinin istefası rəsmən təsdiqlənib. Baş nazir Qeyr Xorde istefa ərizəsini Prezident Olafuru Raqnaruya təqdim edib. Prezident Baş nazirin istefasını qəbul edib. Həmçinin hökumətin buraxılmasına da razılıq verib. Koalisiya hökümətinin dağılmasına səbəb qlobal maliyyə böhranı nəticəsində İslandiya iqtisadiyyatının tənəzzülə uğraması olub.

 

Azərbaycan böhrandan effektiv şəkildə qoruna bilən nümunəvi ölkəyə çevrilib

 

İqtisadi böhran səbəbindən bu və ya digər formada müxtəlif problemlər yaşayan dövlətlərin siyahısını bir qədər də artırmaq mümkündür. Lakin elə dövlətlər də mövcuddur ki, qlobal iqtisadi böhranın təsirini minimal həddə hiss edir və iqtisadi inkişafda digər dünya ölkələri üçün xarakterik olan ciddi problemlər yaşamır. Belə ölkələrdən danışarkən ekspertlər nümunə kimi daha çox Azərbaycanın adını çəkir və böhrandan qorunmaq üçün Azərbaycan təcrübəsindən istifadəyə çağırırlar. Həqiqətən də qlobal böhranın tüğyan etməsinə baxmayaraq, görülən qabaqlayıcı tədbirlər sayəsində Azərbaycanda bu gün işsizlik problemi yaşanmır, əhalinin real pul gəlirləri artan xətt üzrə inkişaf edir, sənaye, kənd təsərrüfatı və digər sahələrdə istehsal həcmi artır. Növbəti illər ərzində də Azərbaycanda iqtisadi inkişaf dinamikasının yüksək göstəricilərlə ifadə olunacağı proqnozlaşdırılır.

Yaxın günlərdə "Gülüstan" sarayında "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdir: "Bu gün biz tam əminliklə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı artıq oturuşmuş iqtisadiyyatdır və dünyanı bürümüş maliyyə və iqtisadi böhran zamanı Azərbaycanda bu çox az hiss olunur. Biz elə etməliyik ki, böhranın ola biləcək mənfi təsirini maksimum dərəcədə azaldaq və mən şübhə etmirəm ki, buna nail olacağıq...

Növbəti beş il ərzində biz bu istiqamətdə siyasətimizi artıq bu gözəl əsas üzərində davam etdirəcəyik. Bütün iqtisadi, maliyyə böhranlarına baxmayaraq, biz öz siyasətimizi davam etdirəcəyik. Azərbaycanın hərtərəfli inkişafı üçün, ölkəmizin zənginləşməsi üçün, insanların rahat yaşaması üçün öz səylərimizi davam etdirəcəyik".

Azərbaycanın hazırda qlobal böhranın həm birinci, həm də ikinci mərhələsindən etibarlı şəkildə qorunduğu isə nüfuzlu maliyyə qurumları tərəfindən də etiraf olunur. Dünya Bankının Bakı ofisi də dəfələrlə bildirib ki, Azərbaycan iqtisadiyyatı dünya böhranının birinci mərhələsindən kifayət qədər etibarlı qorunub. Bankın ekspertləri Azərbaycan rəsmilərinin qabaqlayıcı tədbirlərinin səmərə verdiyini və bunun davam etdirilməsinin vacibliyini bəyan ediblər.

Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak isə qeyd edir ki, maliyyə problemləri ilə müşahidə olunan böhranın ilk mərhələsi dünya ölkələrinin çoxunda problem yaratsa da, Azərbaycanın maliyyə-bank sektorunda böhranın təsirləri zəif müşahidə olunub. Həmçinin xarici bazarlarda müəssisələrin və bankların borclarının kiçik həcmdə olması ilə ciddi likvidlik problemi yaratmayıb. Nümayəndəliyin rəhbəri hesab edir ki, hazırda Azərbaycan digər ölkələrlə müqayisədə daha əlverişli vəziyyətdədir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Şeqeo Katso isə bildirir ki, qlobal iqtisadi böhran Azərbaycana digər ölkələrdəki kimi təsir etməyib və Azərbaycan bu böhrandan daha az itki ilə ötüşür. Onun sözlərinə görə, bu böhran hətta Azərbaycana yeni imkanlar da yarada bilər: "Belə ki, qeyri-neft sektoru inkişaf etdirilə bilər".

Rusiya, İsveçrə və Anqola banklarında Müşahidə Şurasının müstəqil üzvü olan Ernst Velteke də bildirir ki, dünya maliyyə böhranının Azərbaycandakı banklara təsiri güclü olmayıb: "Azərbaycan Milli Bankı böhran şəraitində ondan tələb olunanı edib. Yəni inflyasiyanın qarşısının alınması və azaldılması, həmçinin yerli maliyyə sisteminin dəstəklənməsi üçün tədbirlər görüb".

E.Velteke Azərbaycan hökumətinin real sektorun kreditləşməsini təmin etmək məqsədilə ölkədəki banklara Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) vəsaitlər ayırmaq planları ilə bağlı niyyətini də yüksək qiymətləndirib: "İnkişaf etməkdə olan ölkələrdə və postsovet dövlətlərində bank sistemindəki səhmdar kapitalı yüksək deyil. Ona görə ARDNF-in vəsaitlərindən istifadə düzgün addımdır".

 

Böhranın təsiri bundan sonra da minimal olacaq

 

Bütün bunların fonunda mütəxəssislər Azərbaycan iqtisadiyyatının böhranın ikinci mərhələsindən qorunduğunu bildirir. Bundan sonra da böhranın təsirinin minimum həddə qalması üçün onun istehsala təsirinin mümkün qədər azaldılmasından ötrü məqsədyönlü iş aparılır. Bu məqsədlə sahibkarlığın inkişafına müvafiq rəsmi dairələr tərəfindən xüsusi diqqət ayrılacaq. Son beş il ərzində bu sahədə daha geniş miqyasda inkişaf qeydə alınıb. Bununla bağlı Prezident İlham Əliyev qeyd edib: "Sahibkarlığın inkişafı son beş il ərzində Azərbaycanda geniş vüsət almışdır. Bu gün Azərbaycan sahibkarları nəinki daxili bazarı təmin edirlər, eyni zamanda, onlar tərəfindən görülmüş işlər nəticəsində çox yaxşı ixrac potensialı yaradılıbdır".

Faktdır ki, ölkə iqtisadiyyatında, həmçinin regionların həyatında mühüm rolu olan sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti yaradılıb. Beş il ərzində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılıb, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilib. Bu layihələrin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür.

Bununla yanaşı sahibkarlara verilən güzəştli kredit faizləri aşağı salınacaq. İqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, indiyə qədər 3 milyon manata kimi kredit ala bilən sahibkar yeni qaydalara əsasən, 5 milyon manata kimi kredit ala biləcək. Amma verilən kredit üzərində nəzarət gücləndiriləcək. 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən 80 milyon manat pul ayrılıb. Vəsaitlər əsasən sənaye, kənd təsərrüfatı, emal və xidmət sahələrinə yönəldiləcək.

Bundan başqa qlobal iqtisadi böhran vəziyyətinə baxmayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrin infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin və xalqın rifah halının daha da yüksəldilməsi üçün konkret addımlar atılmaqdadır. Bu isə qlobal böhranın Azərbaycana təsirinin daha da azalmasında vacib rol oynayır. Digər tərəfdən Azərbaycan həm cari, həm də qarşıdakı illər ərzində iri investisiya layihələrini reallaşdırmaq üçün lazımi qədər valyuta ehtiyatlarına malikdir. Böhran başlandıqdan sonra bir çox dünya ölkəsindən fərqli olaraq Azərbaycanın valyuta ehtiyatlarında nəinki azalma baş verib, əksinə, müəyyən artım da qeydə alınıb. Təkcə bir faktı qeyd edək ki, ixracatı əsasən neft və neft məhsullarından ibarət olan ərəb ölkələri son 4 ayda maliyyə böhranı üzündən 2 trilyon 500 milyard dollar itiribdir. Küveytin xarici işlər naziri Şeyx Məhəmməd əl-Sabah bildirib ki, Fars körfəzində yerləşən ərəb ölkələrində inkişaf layihələrinin əksəriyyəti ya təxirə salınıb, ya da ləğv edilib. Əsas səbəb isə valyuta ehtiyatlarının və neftin satışından əldə olunan gəlirlərin azalmasıdır. Azərbaycanda isə fərqli vəziyyət hökm sürür. Əsas investisiya layihələrinin icrası davam etdirilir ki, bu iqtisadi inkişafı təmin etməklə yanaşı, işsizlik probleminin ləğvində də vacib rol oynayır. Bundan başqa valyuta ehtiyatlarının bir hissəsinin yerli banklarda yerləşdirilməsi üçün görülən tədbirlər bank sektorunun davamlı inkişafını təmin etməklə yanaşı buradan alınan kreditlər sayəsində tikintidə, ticarət obyektlərində və digər sahələrdə aktivliyin yüksək səviyyədə qalmasını təmin edir.

Bütün bunlar qlobal iqtisadi böhranın təsirinin neytrallaşdırılmasında vacib əhəmiyyət kəsb edir ki, nəticədə Azərbaycan dünya dövlətlərinin böyük əksəriyyətindən fərqli olaraq bu problemin yaratdığı fəsadlardan kənarda qalmağı bacarır. Elə buna görə də ekspertlər bir məsələdə yekdil mövqedən çıxış edirlər ki, böhran bundan sonra da davam edəcəyi təqdirdə onun Azərbaycana təsiri minimal və təhlükə yaratmayacaq həddə olacaq.

 

 

R.Bayramov

 

Azərbaycan.-2009.-1 mart.-S.1-3.