Ömür keçdi

 

Rejissor Ramiz Həsənoğlunun ideya quruluşunda xalq yazıçısı Anar haqqında "Anarın anları" adlı tammetrajlı sənədli film çəkilmişdir. Yeni ekran əsərinin ssenari müəllifi Yusif Şeyxov, operatoru Eldar Məmmədovdur.

İnsan həmişə gözəl, poetik bir illüziya arzusundadır. O arzunun isə səsi, sözü, qoxusu, olayları var. Xalq demişkən: "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim". Sənət adamları bu hissi başqalarına nisbətən daha niskilli, daha kövrək keçirirlər. Bəlkə daha əzabla yaşayırlar? Bir sözlə, zaman qürbətinə düşənləri öz vaxtına çatdırmaq mümkün deyil... Amma sən demə, keçmişə qayıtmaq mümkünmüş. Kino sənətinin ecazkar gücüylə, müasir texniki imkanlarıyla! Ramiz Həsənoğlu da bu imkandan məharətlə bəhrələnib. Zamanın qürbətinə düşmüş Anarı - qəhrəmanını ötən günlərinə qaytarır.

Qəhrəmanın müasir kadrlarını təxəyyül yoluyla, vaxtsa çəkilmiş, gənclik dövrünün xronikal kadrları bədii əsərlərindən alınmış fraqmentlərlə üzvi surətdə bağlayır - zamandan-zamana keçidlə paralel bir yaşamı təqdim edir bu süjet xətti real görünür. Eyni zamanda, sənədli filmin prinsiplərini, tələblərini saxlamaqla, bədiiliyi, poetikanı gücləndirir. Təxəyyülün illüziyası reallaşır. Keçmişi görürük.

Bəzən rejissor, hətta bədii filmlərin kadrlarına, dialoqlara belə, məharətlə müəyyən əlavələr eləyir. Bu da portretin formalaşmasına təsirini göstərir. Məsələn, "Cavid ömrü" filmində yazıçının bədii əsərinin qəhrəmanının söylədiyi fikirlər birbaşa Anarın öz sözü kimi səslənir.

Filmin aparıcı bölmələrindən biri dostların, mənən, ruhən yaxınların Anarın şəxsiyyəti, xarakteri, yaradıcılığı ilə bağlı deyimləridir. Şərti desək - "Sinxron bloku". Çingiz Aytmatovun, Oljas Suleymenovun, İvan Draqın, eləcə bizim görkəmli sənətkarlarımızın sayqılı fikirləri! Geniş tamaşaçı oxucu kütləsinə məlum olmayan məlumatlar. Bu deyimlər portretin daha tutumlu, qabarıq, xarakterik alınmasına xidmət edir. Rejissor bu deyimləri film boyu səpələməklə dinamikanı gücləndirir, müxtəlif dövrlərə aid məqamları tamaşalardan, filmlərdən alınmış parçalarla bağlayaraq vahid bir süjet yaradır. Sənətkarın, şəxsiyyətin portretinin cızılması, təkcə, bilavasitə onun özüylə bağlı olmur. Burda müxtəlif amillər nəzərə alınır. Filmin yaradıcılarının Rəsul Rza dühasına, Nigar Rəfibəyli ruhuna, ümumiyyətlə, Anarın soy kökünə - Azərbaycan tarixində müstəsna xidməti olmuş Rəfibəylilər fenomeninə müraciəti, Anarın bu irsə sədaqəti, onların layiqli davamçısı olmasının təqdimi, özü onun portretinə maraqlı əlavədir.

Şəkillər - dondurulmuş anlar, məqamlardır. Ömrün, yaşanan həyatın zərrəcikləridir. Filmin "Anarın anları" adlandırılması təsadüfi deyil; düşünülmüş prinsipdir. Həmin o anların bir növ "kollaj" şəklində təqdimi əsaslandırılmış üslubdur. Film boyu bu üslubun bir neçə dəfə təkrarlanması - yığılıb-dağılma prosesi, zərrəciklərə dönüb səpələnməsi yaşanmış ömrə işarədir, həm yeni bir fikrə, dövrə, bölməyə keçidə işarədir.

Adətən, filmin ictimai baxışından sonra müəlliflərə - yaradıcı heyətə minnətdarlıq söylənilir, onlara sayqı göstərilir. Bu, etik normadır. Gözləmək olardı ki, Anar da bu ənənəni pozmayacaq. Elə pozmadı da. Amma fikrini, sayğısını özünəməxsus tərzdə çatdırdı. Alqışlar altında ayağa qalxıb: "Mən bu filmdən sonra özümü sevdim" dedi. Zarafatla, ərklə səmimi deyilmiş bu sözlər maraqlı çoxmənalıydı. Bu, ilk növbədə, o deməkdir ki, onun özü haqda təsəvvürü bu yeni ekran obrazıyla üst-üstə düşür. özünün bu tərzdə, bu formada təqdimi onun üçün məqbuldur. Məncə, filmə verilən ən dəqiq qiymət elə budur... Gəlin, bu fikirlə razılaşaq ki, doğrudan da, ömür keçdi, onun haqqında danışmaq məqamıdır.

 

 

Camal Yusifzadə

 

Azərbaycan.-2009.-1 mart.-S.11.