Azərbaycan xalçaları

 

Xalçaçılıq sənəti hələ tunc dövrünə, yəni, 5 min il bundan əvvələ gedib çıxır. Bu sənət özündə ölkənin təbiətini, tarixini və həyat tərzini əks etdirir. Tarixi mənbələrə görə, Azərbaycan orta əsrlər dövründə Şərqdə xovlu və evdə toxunan xalçaların istehsalına görə mühüm mərkəzlərdən biri olub. Qədim sənət nümunəsi kimi Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Tədqiqatlar göstərir ki, Azərbaycanın şimal-şərq hissəsi V-VII əsrlərdə yüksək keyfiyyətli xalça istehsalına görə mərkəz olub. Orta əsrlərdən başlayaraq bütün dünyada ticarət vasitəsi rolunu oynayıb. Bu gün də ölkədə müxtəlif toxunuş və ornamentlərlə zəngin olan saysız-hesabsız xalça növləri mövcuddur.

Bu qiymətli xəzinə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin nadir toplusudur. Bu muzeydə Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin daşıyıcısı olan, əsrlər boyu yaratdığı qədim, əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri də toplanmışdır. Muzey dünyada xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir.

Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont kimi antik tarixçilərin, eləcə də orta əsr ərəb tarixçilərinin və Azərbaycan şairlərinin Nizaminin (XII əsr), Xaqaninin (XII əsr) əsərlərində məlumat verilmişdir.

XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində öz əksini tapmışdır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə" xalçası, alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir. Azərbaycan el sənətkarlarının yaratdıqları xalça sənəti inciləri yüzilliklər boyu dünyanın bir çox muzeylərini: Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Sankt-Peterburqun Ermitaj, Parisin Luvr və s. bəzəmişdir. Eləcə də, bu gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində bu sənət incilərinin nadir nümunələri ilə tanış olmaq olar. Muzeyin ekspozisiyasında Azərbaycanın Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus olan xalçalar öz kompozisiya və ornament quruluşlarına, eləcə də rəng həllinə görə diqqəti cəlb edir. Qubada toxunan xalçalardan - "Pirəbədil", "Qımıl", "Sırt-Çiçi" zərifliyi, rəsm və naxış elementləri ayrıntılarının nəcibliyi, səthə taxılmış kimi görünən - toxunması belə, hiss olunmayan elementləri, xırdalanmış cizgi rəsmi, yığcam rəng qammaları ilə insanı heyran edir. Şirvan xalçalarından - "Muğan", "Şilyan" bir növ, ilk qədim xalçalarımıza oxşayır. Bu xalçalarda qədim xalça kompozisiyaları ciddi ritmlə realizə edilir, sakit kolorit üstündür. Qarabağ xalçaları - "Xanlıq", "Malıbəyli", "Ləmpə"də yüksək kompozisiya ustalığı, ağlasığmaz fantaziya, kolorit əlvanlığı ön planda dayanır. Bakıda hazırlanan xalçalardan - "Xilə - Buta"nın, "Novxanı"nın, "Fatmayi"nin zərif cizgi rəsmi, mürəkkəb ornamentləri vardır. Olduqca böyük şərtiliyə əsaslanan "Faxralı", "Şıxlı", "Borçalı", "Qaçağan", "Qədim Göyçə", "Dəmirçilər" kimi Gəncə və Qazax məktəblərinə aid xalçalarda əsasən naxışların həndəsi üslubuna daha çox üstünlük verilir. Təbriz xalçalarından - "Sərabi", "Əfşan", "Ləçək - Turunc"da dairəvi və ya spiralvari plastik formaların dekoru, dünyanın əbədiliyi, gözəlliyi və həyat ritmi haqqında təsəvvür yaradır. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Azərbaycanın məhz belə nadir sənət nümunələrini öz kolleksiyasında toplamışdır. Muzeyin ekspozisiyasında toxuculuğun müxtəlif üsullarını, 10-dan artıq toxunma növünü, onun sirlərini öyrənmək və əyani tanış olmaq mümkündür.

Qeyd edək ki, muzeyə hazırda sənətşünaslıq doktoru Röya Tağıyeva rəhbərlik edir. İndi muzeyin beynəlxalq miqyasda tanınması üçün bir sıra işlər aparılır. Muzeyin zəngin maddi və elmi bazası əsasında 1983-1988-ci və 2003-cü illərdə "Şərq xalça sənəti", "Azərbaycan xalça sənəti" və "Azərbaycan xalçası və xalq tətbiqi sənəti" mövzularında I, II və III beynəlxalq simpoziumlar keçirilmişdir. 14 fevral 2007-ci il tarixində Parisdə YUNESKO-nun iqamətgahında Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan xalçası, sənəti" mövzusunda IV beynəlxalq simpozium və "Azərbaycan xalçası" sərgisi olmuşdur.

Azərbaycanın mədəni irsinin uzaq və yaxın xaricdə təbliğ edilməsi məqsədilə muzey respublikada və 30-dan artıq xarici ölkədə xalça və xalq tətbiqi sənətinə aid sərgilər təşkil etmişdir. Bunların sırasında Fransa, Avstriya, İsveç, Danimarka, Belçika, Hindistan, Yaponiya, İsrail, Böyük Britaniya, Kuba, İran, Hollandiya, Kamboca, Madaqaskar, Türkiyə və s. ölkələri göstərmək olar.

Xalça toxuma ənənələrinin incəliklərinin öyrədilməsi məqsədilə muzey təhsil proqramı hazırlamış və bu proqram əsasında da məktəblilərlə iş aparır. Muzeyin Şuşa filialı Şuşanın işğalından sonra, 1992-ci ildən etibarən öz fəaliyyətini burada davam etdirir.

Təəssüflər olsun ki, 14-dən çox xalçaçılıq sexində qalan Qarabağ xalçalarının naxışlarını ermənilər özününküləşdirib. Qarabağın ən gözəl çeşidləri olan "Xanlıq", "Şuşa", "Nəlbəki gül", "Ağ çiçəklər" və digər xalçaları ermənilər toxuyaraq Avropanın bir çox ölkələrində erməni xalçası kimi satırlar, sərgilərə çıxarırlar.

Qarabağ xalçaçılıq sexləri XVIII əsrdə fərdi şəkildə evlərdə qurulub. 1939-cu ildən isə Ağdamda Qarabağ Xalçaçılıq Zavodu yaradılıb. Zavodda 500 nəfər işçi çalışıb. 1956-ci ildən isə hazırda ermənilərin işğal altında olan Ağdam, Şuşa, Xankəndi, Zəngilan, Xocalı, Cəbrayıl, Laçın rayonlarında da Qarabağ xalçaları toxunurdu.

 

Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur

 

Azərbaycanın cənub - qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl - Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxça, Tuğ, Tuğlar, Hadrut kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Oz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran", "Bağçadagüllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Ləmbərani", "Muğan", "Talış", "Ləmpə", "Malıbəyli", "Xanqərvənd", "Xanlıq", "Xantirmə", "Çələbi", "Şabalıdbuta", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı - gəbələr geniş yayılmışdır.

1750-ci illərin əvvəllərində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyalarının üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng - boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir.

Xanlıq Azərbaycanın ən tanınmış xalçatoxuma məntəqəsidir. XIX əsrdə Cəbrayılda, xüsusilə də, Mirzəcanlı, Əfəndilər, Daşkəsən, Süleymanlı kəndlərində istehsal olunan xalçalar dünya bazarına və yarmarkalarına ixrac olunan xalçalardan daha gözəl hesab olunurdu. XIX əsrdə şairə Xurşudbanu Natəvanın müşayiəti altında xalq arasında "xan qızı" kimi tanınan "Xanlıq" xalçası toxunmuşdur.

"Qasımuşağı" xalçasınını adı indiki Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Qurtaslı, Corman və Şevna kəndinin əhalisinin adı ilə bağlıdır. Qasım bir vaxtlar burada yaşayan hörmətli şəxs olub. Bu kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal olunurdu.

Füzuli rayonunda yerləşən Böyük Bəhmənli kəndinin adı ilə bağlı olan "Bəhmənli" xalçasınını orta kompozisiyası bir-birinin ardınca düzülmüş orijinal formalı fiqurlar təşkil edir. Belə bir nəticəyə gəlinir ki, heyvan fiquruna bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan çanaqlı bağanın təsviri ilə bağlıdır.

Göründüyü kimi, bütün tarixi mənbələr bu xalıların ulu nənələrimizin yadigarı olduğunu sübut edir. Ermənilər isə hər məqamda olduğu kimi, xalqımıza məxsus nəcib ənənələrdən bəhrələnmək istəyirlər. İndi milli sərvətimizə sahib çıxmaq, düşmənlərə qarşı hər mənada mübariz olmaq bizdən sadəcə olaraq vətəndaşlıq borcu tələb edir.

 

 

Zəkurə Quliyeva

 

Azərbaycan.-2009.-1 mart.-S.11.