Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzinin açılış mərasimində iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı mərkəzin kollektivi, səhiyyə işçiləri böyük hörmətlə qarşıladılar.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.

2006-cı ilin martında Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş, müasir memarlıq görkəmi ilə diqqəti cəlb edən bu səhiyyə ocağı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmişdir. Tikintidə yerli materiallarla yanaşı, Almaniya, İspaniya, Polşa, Türkiyə və digər ölkələrdən gətirilmiş inşaat materiallarından istifadə olunmuşdur.

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda səhiyyənin inkişafı sahəsində gördüyü işləri əks etdirən fotoguşə yaradılmışdır. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verdi ki, 260 nəfərin çalışacağı bu tibb ocağında qəbul, şüa diaqnostikası, hemodializ, anesteziologiya, reanimasiya, konsultativ diaqnostik poliklinika şöbələri, əməliyyat bloku vardır. Hemodializ şöbəsi Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına alınmışdır. Bundan əlavə, mərkəzdə 150 yerlik konfrans salonu, əczaxana fəaliyyət göstərir. Konfrans salonunda quraşdırılmış monitorun köməyi ilə 4 cərrahiyyə otağında aparılan əməliyyatları birbaşa izləmək mümkün olacaqdır. Buradakı avadanlıq Almaniya, Yaponiya və digər inkişaf etmiş ölkələrdən gətirilmişdir. Mərkəzdə tibbi xidmət və müalicə tam pulsuz aparılır. Bütün xərcləri Dövlət Neft Şirkəti ödəyir.

Mərkəzin ayrıca yardımçı stansiyası, qazanxanası, 500 ton tutumu olan su anbarı da vardır. Binada müasir standartlara cavab verən mərkəzləşdirilmiş istilik və havalandırma sistemləri, habelə ABŞ-ın "OTİS" firmasının istehsalı olan 3 ədəd sürətli lift quraşdırılmışdır.

Xəstələrin qidalanmalarına da xüsusi diqqət yetirilir. İki yeməkxanada eyni vaxtda 54 nəfərin qidalanması mümkündür.

Binanın həyətində 6000 kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılmış, müxtəlif ağac və gül kolları əkilmişdir.

Yeni səhiyyə ocağı Bərdə ilə yanaşı, Ağcabədi, Tərtər, Yevlax, Goranboy, Beyləqan, Ağdam və digər rayonların əhalisinə də xidmət göstərəcəkdir.

Prezident İlham Əliyev ayrı-ayrı mərtəbələrdə yerləşən şöbələri, palataları gəzdi, yeməkxanaya, şüa diaqnostikası şöbəsindəki kompüter tomoqrafiyası və rentgen otağında rəqəmsal müayinə aparatlarına baxdı.

Dövlət başçısı reanimasiya şöbəsi, intensiv terapiya palatası ilə də tanış oldu.

Anesteziologiya və reanimasiya şöbələri, əməliyyat otaqları ilə tanışlıq zamanı bildirildi ki, burada quraşdırılmış müasir avadanlıq mürəkkəb əməliyyatların aparılmasına imkan verir.

Sonra Prezident İlham ƏLİYEV mərkəzin kollektivi ilə görüşdü və açılış münasibətilə ən xoş arzularını bildirdi:

 - Sizi bu gözəl Müalicə-Diaqnostika Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox gözəl binadır, həm xarici gözəlliyi ilə fərqlənir, həm də ki, burada ən yüksək tibbi xidmət göstərilməlidir. Əminəm ki, bu mərkəz həm Bərdə sakinlərinə, həm də qonşu rayonlarda yaşayan insanlara ən yüksək səviyyədə xidmət göstərəcəkdir. Burada ən gözəl avadanlıq quraşdırılıb, bunlar dünyanın ən qabaqcıl firmalarının məhsulu olan avadanlıqdır. İndi əsas vəzifə ondan ibarətdir ki, burada işləyən kadrlar o avadanlıqda işləyə bilsinlər, öz bilik səviyyəsini qaldırsınlar. Bir daha demək istəyirəm ki, burada həm Bərdə əhalisi üçün, həm də ki, bütün bu bölgədə yaşayan insanlar üçün ən yüksək tibbi xidmət göstərilməlidir. Bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm.

Əməkdar həkim Zeynəb ƏLİYEVA göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

- Möhtərəm cənab Prezident, qədim, tarixi Bərdə torpağına xoş gəlmisiniz! Rayonumuzun bütün əhalisi böyük sevinc içərisindədir.

Sizin Bərdəyə hər bir səfəriniz rayonumuza yeni bir həyat gətirir. Bu gün də baharın başlanğıcında gəlmisiniz. Bilmirəm hiss etmisinizmi, Siz gələndə günəş də elə bil şüasını daha da isti saçmağa başladı. Hamımızın ürəyinə bir hərarət, bir ilıqlıq, istilik gətirmisiniz.

Böyük qürur hissi ilə bildirmək istəyirəm ki, Bərdə ümummilli liderimiz Heydər Əliyevin qurub-inkişaf etdirdiyi bir rayondur. Ümummilli liderimiz Azərbaycana rəhbərliyi dövründə heç vaxt öz diqqət və qayğısını Bərdədən əsirgəməmişdir. Bərdə həmişə onun nəzarəti altında inkişaf etmişdi, camaatımız daha da yaxşı, firavan yaşamağa başlamışdı. İkinci dəfə rəhbərliyi dövründə isə yenə də qayğı və diqqətini bizdən əsirgəməmişdir. Mən özümü çox xoşbəxt hiss edirəm ki, həmin görüşlərin, o günlərin şahidi olmuşam. Bir də ona görə çox xoşbəxt hiss edirəm ki, ümummilli liderimiz özü mənə "Əməkdar həkim" fəxri adını vermişdir. Mən bununla fəxr edirəm, böyük qürur hissi keçirirəm.

Möhtərəm cənab Prezident, ulu öndərimiz kimi, Siz də Bərdəyə həmişə diqqət və qayğı göstərmisiniz. Sizin fəaliyyətinizin əsasını insan amili, insanlara qayğı təşkil edir. Bunu Qarabağ camaatının hamısı öz üzərində hiss etmişdir və edir. Siz camaatın sağlamlığı keşiyində durursunuz. Bunun da bariz nümunəsi bu gün istifadəyə verdiyimiz bu diaqnostika mərkəzidir. Qarabağ camaatının bu diaqnostika mərkəzinə çox böyük ehtiyacı vardı. Bu ehtiyacı aradan qaldırdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Əvvəllər insanlar müalicə üçün uzaq yol keçib, böyük şəhərlərə getməli olurdular. Artıq indi bunlar olmayacaqdır. Bu da Sizin diqqətiniz sayəsində mümkün olub və buna görə Sizə ürəkdən minnətdarıq.

Möhtərəm cənab Prezident, Siz həmişə demisiniz ki, "mən hər bir azərbaycanlının Prezidenti olacağam". Bu sözlər bizim ürəyimizdə qürur hissi doğurur. Sizin hər bir fəaliyyətinizdə biz bunun şahidiyik. Sizinlə fəxr edirik, Sizinlə qürur duyuruq, ona görə ki, Siz sözü bütöv, vədinə əməl edən bir rəhbərsiniz.

Möhtərəm Prezident, biz kütləvi informasiya vasitələrindən hər gün iqtisadi böhran haqqında eşidirik. Amma maşallah bu, bizim Azərbaycanda heç hiss olunmur. Regionlarda, Bakıda həmişə yeni obyektlər açırsınız, camaatımızı işlə təmin edirsiniz. Bu, Sizin fəaliyyətiniz, uzaqgörənliyiniz sayəsində olur. Buna görə də Sizə dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezident, həmişə sağlamlığın keşiyində durduğunuz üçün, camaatın qayğısına qaldığınıza görə Sizə ürəkdən təşəkkür edirik. Ancaq Mehriban xanımın da burada olmasından istifadə edərək, sözlərimizi demək istəyirik. Qarabağ tarixən musiqi mədəniyyətinin, muğamın mərkəzi olubdur. Mehriban xanım, muğama yeni nəfəs verdiyinizə görə, mədəniyyətimizin inkişafına, səhiyyəyə, təhsilə göstərdiyiniz misilsiz xidmətlərə görə Qarabağ camaatının dərin minnətdarlığını, təşəkkürünü, ehtiramını sizə yetirirəm. Biz sizinlə qürur duyuruq, fəxr edirik.

Möhtərəm cənab Prezident, Sizə Azərbaycanımızın inkişafı naminə bütün işlərinizdə müvəffəqiyyət arzulayırıq, Qarabağ camaatı Sizi çox sevir, Sizinlə fəxr edirik. Allah Sizi qorusun!

İlham ƏLİYEV:

- Mən bu xoş sözlərinizə görə sizə minnətdaram və demək istəyirəm ki, Qarabağ torpağında yenidən olmağımdan çox böyük məmnunluq hissi keçirirəm. Bərdədə olmaq, sizinlə görüşmək mənim üçün həmişə xoş olubdur. Bu gün də çox gözəl bir gündür. Hər dəfə Bərdədə olanda hansısa yeni bir müəssisənin, obyektin açılışında biz bərabər oluruq. Bir neçə il bundan əvvəl, burada olimpiya-idman kompleksi tikilmişdir. Ondan sonra bu gözəl xəstəxananın təməli qoyulmuşdu. Bərdədə həm sosial infrastrukturun, həm də sənaye infrastrukturunun yaradılması prosesi çox sürətlə gedir. Bərdənin siması dəyişilir. Siz - burada yaşayan insanlar bunu çox gözəl görürsünüz, bilirsiniz.

Bərdə Azərbaycanın qədim şəhəridir, qədim torpağıdır və mən çox istəyirəm ki, burada bütün sahələrdə işlər yaxşı getsin. İnsanlar daha da yaxşı yaşasınlar, ən müasir infrastruktur obyektləri tikilsin, insanlara xidmət göstərən bütün müəssisələr yüksək səviyyədə olsun. Bax, deyə bilərəm ki, bu gözəl müalicə-diaqnostika mərkəzi dünyanın ən yüksək standartlarına cavab verir. Dünyanın ən qabaqcıl tibb müəssisələrində quraşdırılmış avandanlıq burada da var. Bəlkə burada daha da müasir avadanlıq quraşdırılıb, çünki bu, yeni bir səhiyyə müəssisəsi, yeni bir diaqnostika mərkəzidir. Bu quruculuq, inkişaf işləri Azərbaycanın hər bir bölgəsində gedir və daha da sürətlə getməlidir.

Ölkədə gedən abadlıq işləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla başa çatması - bütün bunlar Azərbaycanı çox böyük dərəcədə gücləndirir və sizin də qeyd etdiyiniz kimi, dünyanı bürümüş iqtisadi və maliyyə böhranı Azərbaycanda o qədər də hiss olunmur. Yəni insanlar normal yaşayır, müəssisələr işləyir, maaşlar, pensiyalar vaxtlı-vaxtında verilir, bütün infrastruktur, sənaye obyektlərinin tikintisi uğurla gedir.

Bu gün dünyada böyük müəssisələr dayanır, ən inkişaf etmiş ölkələrdə böhran bank sistemində, xidmət sektorunda, xüsusilə sənaye istehsalında özünü büruzə verir. Müəssisələr dayanır, işsizlik yaranır və çox xoşagəlməz hadisələr baş verə bilər. Azərbaycanda isə biz bunun əksini görürük, hətta bu böhranlı günlərdə, aylarda yeni müəssisələr, yeni tibb məntəqələri, məktəblər, zavodlar, fabriklər açılır, sosial obyektlərin tikintisi davam edir.

Bir daha demək istəyirəm ki, biz bundan sonra da sosial məsələlərin həllinə ən böyük diqqət göstərəcəyik. Çünki bu məsələlər insanların gündəlik həyatına təsir edir. Azərbaycan vətəndaşları ən yüksək səviyyədə yaşamalıdırlar. Həm maaşların, həm pensiyaların artırılması, tibbi xidmət, təhsil məsələlərinin həlli davam etməlidir. İndi bütün rayonlarda, o cümlədən Bərdədə yeni məktəblər tikilir. Bu hərtərəfli inkişaf Azərbaycanın uğurlu inkişafının təməlini təşkil edir. Çünki bu olmasa, ölkə inkişaf edə bilməz.

 Hər bir bölgənin, hər bir regionun xüsusi proqramı var, o proqram çərçivəsində işlər aparılır. Həm memarlıq baxımından, həm funksional baxımdan bu gözəl tibb müəssisəsi, eyni zamanda, Azərbaycanın artan qüdrətini göstərir. Biz buna qadirik, biz bunu edirik və paytaxtdan uzaqda yerləşən şəhərlərin abadlaşdırılması üçün işlər görürük.

Mən sizin hamınıza bundan sonra da yeni-yeni uğurlar arzulayıram. Arzu edirəm ki, Bərdə sakinləri həmişə olduğu kimi, yenə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində öz rolunu oynamağa davam etsinlər. Bir daha demək istəyirəm ki, Bərdə Azərbaycanın qədim torpağıdır, eyni zamanda, strateji şəhəridir və onun strateji əhəmiyyəti getdikcə artacaqdır.

Sizə bütün işlərinizdə uğurlar, cansağlığı, həkimlərə isə xəstələrə yaxşı baxmaq arzulayıram. Əminəm ki, siz bu gözəl şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz.

 

* * *

Sonda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin kollektivi ilə xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 mart.-S.1-2.