İnsan hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmi

 

Müasir dövrdə demokratikləşmə prosesi iqtisadi inkişafla yanaşı, həm də cəmiyyətdə ictimai-siyasi sabitliyin, hüquq qaydalarının, qanunçuluğun möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması ilə şərtlənir. Fəaliyyətində hüququn və qanunun aliliyini rəhbər tutmayan, hansısa siyasi rejimin demokratikliyindən danışmaq da mümkün deyildir. Son 15 ildə Azərbaycan Respublikasında həyata keçirilən çoxşaxəli siyasi-hüquqi islahatların insan və şəxsiyyət amilinə, hər bir fərdin qanuni mənafeyinin etibarlı təminatı məqsədinə hesablanması respublikada demokratik dəyərlərə həssas münasibətin real ifadəsi kimi diqqəti çəkir.

Tarixən konstitusiya hər bir xalqın sabit inkişaf yolunu müəyyənləşdirən ali sənəd olmaqla yanaşı, dövlətin siyasi sisteminin mahiyyətini açmış, insan hüquq və azadlıqlarına, demokratikləşmə proseslərinə münasibəti özündə ehtiva etmiş, milli qanunvericiliyin inkişafında əhəmiyyətli rolu olmuşdur. 12 noyabr 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi - referendumla qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası da dünya ictimaiyyətinin ali dəyər kimi qiymətləndirdiyi beynəlxalq hüquq normalarına, demokratik prinsiplərə əsaslanmaqla, xalqın sivil və hüquqi dövlətdə yaşamaq istəyini təcəssüm etdirir. Konstitusiyanın preambulasında dövlətin müstəqilliyinin və suverenliyinin qorunması, hüquqi, demokratik quruluşa təminat vermək, hüquqi dövlət qurmaq, insan hüquqlarının təminatlı müdafiəsinə, vətəndaş cəmiyyətinə nail olmaq mühüm vəzifələr kimi bəyan edilmişdir.

Konstitusiyanın əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi, beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar dayanmışdır. Əsas Qanunda Azərbaycanın demokratik yolla inkişafının qaçılmaz olduğunu nəzərdə tutan şərt ali hakimiyyətin xalqa məxsus olmasının birmənalı şəkildə təsbit edilməsidir.

Azərbaycan Respublikası Konstitusiyasını səciyyələndirən mühüm cəhətlərdən biri insan və vətəndaş hüquqlarının kifayət qədər əhatəli şəkildə təsbit olunması və bu hüquqları tanımaq, müdafiə və təmin etməyin isə dövlətin əsas məqsədi olduğunun elan edilməsidir.

Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsinə uyğun olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın qəbulundan sonra ölkədə həyata keçirilən çoxşaxəli islahatlar da məhz insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmini məqsədinə yönəlmiş, bu prosesdə vətəndaş cəmiyyəti təsisatlarının rolu genişləndirilmişdir.

İctimai münasibətlərin inkişaf tempi, cəmiyyətin dinamik tərəqqisi ilə bağlı olaraq dövlət idarəetmə sisteminin əsasını təşkil edən mühüm qanunvericilik aktlarının müasirləşdirilməsi bir qayda olaraq sosial tələbat kimi gündəliyə gəlir. Konstitusiya da hər bir dövlətin hüquq sisteminin fundamental əsasını təşkil etdiyindən ölkənin inkişaf xüsusiyyətlərini özündə ehtiva etməli, müasirliyi, demokratikliyi, insan və vətəndaş hüquq və azadlıqlarına etibarlı təminat mexanizmləri formalaşdırması ilə diqqəti çəkməlidir. Konstitusiyanın zamanın ruhu, cəmiyyətin iradəsi ilə uzlaşması, proqressiv yeniliklərə adekvat reaksiya verməsi vacibdir. Bir sözlə, Əsas Qanuna dəyişikliklər əgər tarixi zərurətdən, ictimai tələbatdan irəli gələrək uğurlu nəticələrə yol açırsa, yalnız onun sabitliyini və dəyişilməzliyi fikrini əsas gətirərək islahatlardan imtina etmək düzgün yanaşma deyildir.

2002-ci ilin avqust ayında keçirilən referendumdan sonra ölkədə hüquqi islahatların dərinləşməsi, yeni demokratik-siyasi mühitin formalaşması, Azərbaycanın insan hüquqları sahəsində bir sıra mühüm konvensiyalara qoşulması, iqtisadi islahatların qayəsində məhz insan və vətəndaş amilinin dayanması fonunda Əsas Qanuna yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. 2003-cü ildən Azərbaycanda demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələsinin başlanması, siyasi və iqtisadi islahatların biri-birini tamamlaması, siyasi mədəniyyətin güclənməsi, ictimai institutların hakimiyyətin fəaliyyətinə nəzarət imkanlarının artması, eləcə də vətəndaşların sosial rifah halında müsbət dəyişikliklərin qabarıq duyulması Konstitusiya islahatını obyektiv tələbata çevirir.

"Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin 29 maddəsinə təklif edilən 41 əlavə və dəyişikliyin hər biri Konstitusiyada insan hüquq və azadlıqlarına təminatın gücləndirilməsini, çağdaş dövrün yenilikləri ilə bağlı təşəkkül tapan bir sıra hüquqi normalara konstitusion statusun verilməsini nəzərdə tutmaqla bahəm, dövlətin bu sahədə məsuliyyətini, fəaliyyət istiqamətlərini daha da artırır və dəqiqləşdirir. Əsas Qanunun 12, 15 və 17-ci maddələrinə təklif edilən əlavə və dəyişikliklər Azərbaycanın üstünlük verdiyi sosialyönümlü siyasətin daha dolğun, hərtərəfli təmini, habelə uşaq hüquqlarının qorunması istəyindən irəli gəlir. Məsələn, 12-ci maddəyə təklif olunan dəyişikliyə görə, insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi" də dövlətin ali məqsədi kimi təsdiq edilir. Bu dəyişikliklə Azərbaycan dövlətinin insan və şəxsiyyət amilinin yüksəlişinə, hər bir vətəndaşın layiqli həyat tərzinin, yaşayış səviyyəsinin təminatına yönəlmiş məqsədyönlü və ardıcıl siyasətinə konstitusion status verilir.

Referendum Aktı layihəsində Əsas Qanunun 15-ci maddəsinin II hissəsinə təklif edilən dəyişikliyə görə isə Azərbaycan dövləti bazar münasibətləri əsasında "sosial yönümlü" iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində belə bir müddəanın Konstitusiyada əksini tapması ölkənin həyata keçirdiyi sosialyönümlü siyasətin mahiyyətindən irəli gəlir. Dövlət yalnız insan hüquq və azadlıqlarının təminatı ilə vəzifəsini məhdudlaşdırmır, eyni zamanda, hər kəsin layiqli həyat səviyyəsinin təmin olunmasını, sosialyönümlü siyasətin həyata keçirilməsini bir öhdəlik kimi üzərinə götürür.

17-ci maddəyə təklif edilən əlavə və dəyişikliklər isə uşaq hüquqlarının qorunmasında dövlətin məsuliyyətini və fəaliyyət dairəsini daha da genişləndirir, bu sahədə mövcud normalara konstitusion status verir. Layihədə təklif olunan dəyişikliklərə görə dövlət valideynləri və ya qəyyumları olmayan, valideyn himayəsindən məhrum olan uşaqları himayəsinə götürməlidir. Azərbaycan Respublikasında son illər uşaq hüquqları ilə bağlı çoxlu sayda qanunlar, normativ-hüquqi aktlar qəbul olunmuş, müvafiq komitə yaradılmış, uşaq evlərinə, internat məktəblərinə dövlət qayğısı gücləndirilmişdir. Respublikamız BMT-nin 1988-ci il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmuş, Milli Məclisdə "Uşaq hüquqları haqqında" (1998), "Valideynlərini itirmiş və valideyn himayəsindən mərhum olmuş uşaqların sosial müdafiəsi haqqında" (1999) qanunlar qəbul edilmişdir. Belə olan təqdirdə, uşaq hüquqlarının qorunması ilə bağlı Əsas Qanunda konkret müddəaların əksini tapmaması respublikamızın bu sahədə həyata keçirdiyi siyasətlə qətiyyən uzlaşmır. 17-ci maddədə nəzərdə tutulan digər əlavələrə görə, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək, habelə 15 yaşına çatmamış uşaqları işə götürmək qadağan olunur. Yeni dövrün tələbindən irəli gələn bu məsələlər uşaq əməyinin istismarının qarşısını almaqla yanaşı, onların təhlükəsiz, sağlam həyat tərzinin təmin edilməsi, habelə təhsildən yayınmasının qarşısının inzibati yolla alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Konstitusiyanın 18-ci maddəsinə təklif olunan əlavə və dəyişikliklər vətəndaşların Konstitusiya ilə təsbit edilmiş vicdan azadlığının daha dolğun və keyfiyyətli təminatına xidmət edir. Referendum Aktı layihəsində 18-ci maddədə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərlə yanaşı, "dini cərəyanların" da yayılması və təbliği qadağan edilir. Bu dəyişiklik Azərbaycanda qeyri-ənənəvi dinlərin və dini cərəyanların yayılmasına qarşı etibarlı hüquqi zəmin hazırlamaq məqsədi daşıyır.

Əsas Qanunun 25-ci maddəsinə təklif olunan əlavə və dəyişiklik isə hər kəsin qanun qarşısında bərabərliyi prinsipinin daha dolğun, hərtərəfli ifadəsinə etibarlı hüquqi təminat yaradır. Həmin maddəyə təklif olunan 4-cü hissəyə görə "Heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazların verilməsindən imtina oluna bilməz".

25-ci maddəyə əlavə kimi təklif olunan 5-ci hissədə isə qeyd olunur ki, "Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir". Bu əlavələr Azərbaycan Respublikasının qoşulduğu insan hüquqları üzrə universal beynəlxalq sənədlərdə (İnsan hüquqları üzrə ümumi Bəyannamə, Vətəndaş və siyasi hüquqlar haqqında beynəlxalq Pakt, İrqi ayrı-seçkiliyin bütün formalarının qadağan edilməsi haqqında beynəlxalq Konvensiya, Din və etiqad azadlığı əsasında dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının qadağan edilməsi haqqında Bəyannamə, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası və s.) və yerli qanunvericilik aktlarında (Mülki Prosessual Məcəllə, Dini etiqad azadlığı haqqında, Gender bərabərliyi haqqında və s.) təsbit olunmuş bərabərlik hüququna Konstitusiya təminatını daha da möhkəmləndirir. Əlavə olunması nəzərdə tutulmuş 5-ci hissə xüsusi qaydada hüquq və vəzifələrlə bağlı qərar qəbul edən dövlət orqanları və səlahiyyət daşıyıcıları ilə vətəndaşların hüquqlarını bərabərləşdirir. Eyni zamanda, dövlət orqanları və səlahiyyət daşıyıcılarının üzərinə hər kəsə eyni yanaşmaq, ayrı-seçkiliyə, vəzifədən sui-istifadəyə və digər qanunazidd hallara yol vermədən Konstitusiyaya, qanunlara əsaslanan ədalətli qərarlar qəbul etmək öhdəliyi qoyur.

32-ci maddəyə təklif olunan əlavə və dəyişikliklər respublikamızda hər bir vətəndaşın şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına yönəlməklə, kütləvi informasiya vasitələrinin fəaliyyətində müəyyən hüquqi çərçivələri müəyyənləşdirir. Son illər məhkəmələrdə ictimai-siyasi xadimlərin, dövlət məmurlarının, hətta sıravi vətəndaşların KİV-ə qarşı mülki qaydada qaldırdığı iddiaların böyük əksəriyyəti şərəf və ləyaqətin müdafiəsi, şəxsi toxunulmazlıq hüququnun pozulması halları ilə bağlı olur. Peşə etikasına və qanunlara riayət etmək istəməyən bəzi informasiya vasitələri ölkədə söz və mətbuat azadlığını əsas gətirərək belə məhkəmə iddiaları ilə razılaşmaq istəmirlər. 32-ci maddəyə təklif edilən əlavə nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxiləni qadağan edir. Eyni zamanda, "Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır".

48-ci maddəyə təklif edilən əlavəyə görə isə "Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz". Bu da çağdaş dövrlə səsləşən vacib müddəa olmaqla, respublikada dini tolerantlığın daha da gücləndirilməsinə, bu insan və vətəndaş hüquqları sahəsində dini etiqad azadlığının etibarlı təminat mexanizmlərinin formalaşdırılmasına xidmət edir.

50-ci maddəyə təklif edilən əlavə də mahiyyət etibarilə kütləvi informasiya vasitələrində bəzən təsadüf edilən məqsədli və qərəzli məlumatların yayılmasının qarşısının alınması, sui-istifadə hallarının aradan qaldırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmin maddəyə əlavə edilən III hissədə yer alan prinsipial əlavəyə görə "Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafeyinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir". Məlumdur ki, insanların şərəf və ləyaqətinə toxunan, işgüzar nüfuzuna ləkə gətirən, həqiqətə uyğun olmayan məlumatlar bəzən kütləvi informasiya vasitələrində yayılmasına baxmayaraq, həmin vasitələrdə hüququ pozulmuş şəxsin təkzib vermək, yaxud barəsində səslənən əsassız fikir və yazıları cavablandırmaq hüququ kobud şəkildə pozulur. Bu baxımdan, hər bir vətəndaşın barəsində informasiya vasitələrində yayılmış həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatı təkzib etmək hüququnun konstitusion əsaslarının yaradılması son dərəcə mühüm yenilik kimi vurğulanmalıdır.

Konstitusiyaya əlavə və dəyişikliklər sırasında məhkəmələrin fəaliyyəti ilə bağlı müddəaların yer alması da ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrdə vətəndaşların hüquqlarının etibarlı qorunması baxımından əhəmiyyətlidir. Konkret olaraq 67-ci və 129-cu maddələrə təklif edilən əlavələr məhkəmə praktikası ilə bağlı bəzi hüquqi normalara konstitusion statusun verilməsi baxımından təqdirəlayiqdir. 67-ci maddəyə (Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları) təklif edilən dəyişikliyə görə "ittiham edilənlərin" ifadəsinin "təqsirləndirilən şəxslərin" sözü ilə əvəz edilməsi təqsirsizlik prezumpsiyasının (Konstitusiyanın 63-cü maddəsi) mahiyyətindən irəli gəlir. Konstitusiyanın 65-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. 67-ci maddəyə təklif edilən digər əlavədə göstərilir ki, "Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir". Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 342-ci maddəsində əksini tapmış bu hüququn Konstitusiyada təsbit edilməsi təqsirləndirilən şəxsin hüquqlarının daha etibarlı müdafiəsinə yönəlmiş mütərəqqi yenilikdir.

İnsan hüquq və azadlıqlarının beynəlxalq müqavilələrə uyğun tətbiqi özündə bu hüquqların maneəsiz və hər hansı qanunsuz müdaxilələrdən kənar həyata keçirilməsini nəzərdə tutmaqla yanaşı, həm də demokratik cəmiyyətdə onlara qoyulan zəruri və qanunla nəzərdə tutulmuş məhdudiyyətləri də ehtiva edir. Başqa sözlə, müasir beynəlxalq hüquq insan hüquqlarının ölkənin milli maraqları naminə, digər şəxslərin hüquq və azadlıqlarının qorunması, əxlaq və mənəviyyatın mühafizəsi üçün qanuni və əsaslı məhdudlaşdırılmasını hüquqi dövlətin sabitliyinin ayrılmaz elementi kimi nəzərdən keçirir. Bu baxımdan, 71-ci maddəyə təklif olunan əlavə və dəyişiklik hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini, vəzifələrini, hüquq və azadlıqlarının qanuni çərçivəsini də müəyyən edir. Həmin əlavəyə görə, "Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır". Şübhəsiz, yalnız tam, aydın və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlərin qanunla müəyyənləşdirilməsindən sonra insan hüquqlarının səmərəli reallaşdırılması mümkündür. Bu baxımdan, təklif olunan əlavə də demokratik cəmiyyət quruculuğunun meyarlarına tamamilə uyğundur.

75-ci maddəyə təklif edilən əlavə və dəyişiklik də istər siyasi və mənəvi, istərsə də hüquqi baxımdan yeni müstəqillik əldə etmiş respublikamız üçün müstəsna əhəmiyyətə malikdir. Bu əlavəyə görə, "Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur". Azərbaycan Respublikasının bayrağı, gerbi və himni onun hər bir vətəndaşı üçün müqəddəs, toxunulmazdır. Hər bir azərbaycanlı dövlət rəmzlərini özünün milli heysiyyəti, qüruru, fəxarət yeri sayır. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsində cinayət məsuliyyəti müəyyən olunmuşdur. Nəzərdə tutulan əlavə isə cinayət məcəlləsində əksini tapmış bu müddəaya konstitusion status verir.

Konstitusiyanın 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə müraciət etmək hüququnun verilməsi əhali qruplarının, ümumilikdə, xalqın hüquqi mənafeyinin daha dolğun, etibarlı qorunması baxımından əhəmiyyətlidir. Qüvvədə olan variantda Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. Eyni zamanda, yalnız bu instansiyaların qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququndan istifadə edə bilməsi isə Konstitusiyanın daha da demokratikləşməsi, insan və vətəndaş hüquq, azadlıqlarına əlavə təminat mexanizmlərinin formalaşdırılması istiqamətində atılmış mühüm addımdır.

129-cu maddəyə təklif olunan əlavələr məhkəmə qərarlarının icrasının məcburiliyi ilə bağlı müddəaya konstitusion təminatını gücləndirir. Həmin əlavəyə əsasən, "Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Nəzərdə tutulan dəyişiklik məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin daha yüksək səviyyədə təminatına, məhkəmə qərarlarının icrası sahəsində bəzi problemli məqamların tamamilə aradan qaldırılmasına xidmət edir. Məhkəmə qərarlarının icrası sahəsində bəzi problemlərin mövcudluğu təkcə vətəndaşların deyil, həm də ayrı-ayrı dövlət qurumlarının, hüquqi və fiziki şəxslərin də mənafeyinə toxunur. Bu baxımdan, məhkəmə qərarlarının icrasına konstitusion təminatın gücləndirilməsi yeni dövrün tələbidir.

Referendum Aktı layihəsində Konstitusiyaya təklif edilən hər bir əlavə və dəyişikliklər də respublikamızda həyata keçirilən hərtərəfli islahatların demokratik mahiyyətindən, dövlətimizin konstitusion quruluşunun möhkəmləndirilməsindən, ölkəmizin Avropa məkanına inteqrasiya prosesindən irəli gəlir. Bu əlavə və dəyişikliklər, eyni zamanda, keyfiyyətcə yeni mərhələdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının konstitusion əsaslarının möhkəmləndirilməsinə, ümumilikdə, cəmiyyətin bütün sahələrdə qanunçuluğa əməl edilməsinin gücləndirilməsinə xidmət edir.

 

 

Fazil Həsənəliyev

Bakı şəhər prokurorunun

birinci müavini

 

Azərbaycan.-2009.-5 mart.-S.4.