Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşü keçirilmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

 

- Hörmətli cənab sədr, əziz dostlar!

Bir daha sizin hamınızı ürəkdən salamlayır və bildirmək istəyirəm ki, son üç il ərzində Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafı üçün öz səylərini göstərmişdir. Biz təşkilatdakı fəaliyyətimizə çox böyük önəm veririk. Hesab edirik ki, təşkilatın güclənməsi, bölgədə və dünyada mövqelərinin möhkəmlənməsi hər bir üzv ölkə üçün əlavə fayda gətirə bilər.

Biz son illər ərzində regional əməkdaşlıq məsələlərinə çox böyük əhəmiyyət vermişik. İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan ölkələri birgə tarix birləşdirir, mədəniyyət birləşdirir. Bizim aramızda ənənəvi olaraq, çox güclü əlaqələr mövcud olmuşdurindiki mərhələdə, xüsusilə dünyanı iqtisadi və maliyyə böhranı bürüdüyü bir vaxtda regional əməkdaşlıq, iqtisadi təşəbbüslər, inteqrasiya məsələləri xüsusi önəm daşıyır. Biz öz tərəfimizdən bu istiqamətdə addımlarımızı davam etdirməyə hazırıq və xüsusilə siyasiiqtisadi sahələrdə əməkdaşlığın genişlənməsində maraqlıyıq. İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan ölkələr arasında siyasi əlaqələr çox yüksək səviyyədədir və elə etməliyik ki, üzv ölkələr iqtisadi sahədə də bizim potensialımızdan maksimum dərəcədə istifadə edə bilsinlər. Azərbaycan öz tərəfindən bu istiqamətdə önəmli addımlar atır. Son üç il ərzində bizim sədrliyimiz altında İqtisadi Əməkdaşlıq Təşkilatında müxtəlif təşəbbüslər irəli sürülmüşdür. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə bölgədə enerji, nəqliyyat və digər sahələrdə çox önəmli addımlar atılmışdır. Azərbaycan enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verməkdə davam edir. Bizim təşəbbüsümüzlə bölgədə yaradılmış yeni enerji infrastrukturu enerji təhlükəsizliyi məsələlərinə, ikitərəfli və çoxtərəfli əlaqələrin güclənməsinə xidmət göstərir. Bu baxımdan biz həm neft-qaz kəmərlərini sadalaya bilərik, eyni zamanda elektrik enerjisi sahəsində qonşu ölkələrlə çox uğurlu və qarşılıqlı surətdə faydalı layihələrin gerçəkləşməsini qeyd edə bilərik. Enerji məsələləri bu gün dünya miqyasında gündəliyin ön sıralarındadır. Bizim ölkələrimizdə mövcud olan böyük təbii enerji resursları dövlətlərimizin milli maraqlarına xidmət göstərməlidir. Ölkələrimizin milli maraqlarını müdafiə etməlidir və əlbəttə ki, regional əməkdaşlıq məsələlərinə də bunun çox böyük təsiri olmalıdır. Biz bu sahədə öz səylərimizi əlaqələndirilmiş şəkildə davam etdirməliyik.

Nəqliyyat sahəsində Azərbaycanın və bizimlə qonşu ölkələrin təşəbbüsü ilə çox önəmli dəmir yolu layihəsi icra olunur. Tikilən bu dəmir yolu Avropanı Asiya ilə birləşdirəcəkdir. Hazırda Türkiyə, Gürcüstan və Azərbaycan birlikdə bu layihəni icra edir, ancaq şübhə etmirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə başlayandan sonra regionun digər ölkələri də bu imkanlardan istifadə edəcəklər. Çünki bu, həm iqtisadi cəhətdən çox sərfəlidir, eyni zamanda bizim aramızda olan dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcəkdir.

Bütövlükdə biz iqtisadi sahədə üzv ölkələrin potensialından maksimum dərəcədə səmərəli istifadə etməliyik. Qarşılıqlı ticarəti təşviq etməliyik. Elə etməliyik ki, öz ticarət əməliyyatlarımızı daha çox üzv ölkələrlə aparaq. Azərbaycan bu istiqamətdə öz səylərini göstərir.

Deyə bilərəm ki, ölkəmiz son beş il ərzində iqtisadi inkişaf baxımından çox uğurla addımlamışdır. Son beş ildə Azərbaycanda ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artmışdır. Bu nailiyyətlər bizə imkan verib ki, yoxsulluğun səviyyəsini kəskin şəkildə aşağı salaq. Beş il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enmişdir. Biz növbəti illərdə də çalışacağıq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal rolumuzu davam etdirək və əminəm ki, gələcəkdə biz bunun gözəl nəticələrini görəcəyik.

Bütün vacib olan investisiya, inteqrasiya, iqtisadi əməkdaşlıq, regional əməkdaşlıq məsələlərini daha da uğurla həll etmək üçün bölgədə sülh, əmin-amanlıq olmalıdır. Əfsuslar olsun ki, biz bunu hələ ki, görmürük. Müxtəlif təhlükələr, müxtəlif risklər, çağırışlar mövcuddur və bəzi hallarda onlar nəinki azalmır, hətta artır. Eyni zamanda Azərbaycanın son 20 il ərzində üzləşdiyi böyük problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətidir. Bu siyasət nəticəsində və Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qovularaq qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altına düşmüşdürbu işğal indidavam edir. Bu, həm Azərbaycan üçün böyük problemdir, həm də bölgədə təhlükəsizlik tədbirlərinin güclənməsinə böyük maneçilik törədir. Eyni zamanda, bu, böyük ədalətsizlikdir. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi müdafiə olunur, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqqında 4 qətnamə qəbul edilmişdir. Ancaq Ermənistan buna məhəl qoymur. Düz bir il bundan əvvəl BMT-nin Baş Məclisində Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyətlə bağlı qətnamə qəbul edilmişdir. İslam Konfransı Təşkilatı çərçivəsində çox mühüm və ədalətli qərarlar qəbul olunmuşdur. Həmçinin digər təşkilatlarda da. Ancaq əfsuslar olsun ki, bu diplomatik səylər hələ ki, nəticəyə gətirib çıxarmır. Biz bu ədalətsizliklə barışa bilmərik. Mən xüsusilə bütün səsvermələrdə Azərbaycan mövqeyini, haqq-ədaləti dəstəkləyən bütün ölkələrə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu münaqişə öz həllini tapandan sonra bölgədə tamamilə yeni vəziyyət yaranacaq, əməkdaşlıq üçün, işbirliyi üçün yeni imkanlar açılacaqdır.

Eyni zamanda, biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan digər ölkələrin üzləşdiyi problemlərə də çox fəal münasibətimizi bildirməliyik. Azərbaycan beynəlxalq tədbirlərdə üzv ölkələrin milli maraqlarının müdafiəsi üçün həmişə öz səsini ucaldıb, səsvermədə həmişə həmrəylik göstəribdir. Həm İqtisadi Əməkdaşlıq Təşkilatı, həm də İslam Konfransı Təşkilatı çərçivəsində həmrəylik məsələlərinə həmişə böyük həssaslıqla yanaşıbdır. Azərbaycan bundan sonra da həmişə dost, qardaş ölkələrə siyasi dəstəyini göstərməkdə davam etməyə hazırdır.

Mən bu fürsətdən istifadə edərək bütün üzv ölkələrin dövlət, hökumət başçılarına, nümayəndə heyətlərinin başçılarına bir daha hörmət və ehtiramımı bildirmək istəyirəm. Əziz dostum, qardaşım, İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədinejada növbəti illərdə təşkilatın idarə edilməsində uğurlar arzulayıram. Əminəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatı gələcək illərdə öz mövqelərini daha da möhkəmləndirəcəkdir və bu, bilavasitə hər bir üzv ölkənin milli maraqlarına cavab verir.

Sağ olun.

 

***

Pakistan Prezidenti Asif Əli Zərdari İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrdə 800 milyon əhalinin yaşadığını xatırladaraq müxtəlif məsələlərin həllində bu potensialdan səmərəli istifadə etməyin əhəmiyyətindən danışdı. O, dünya maliyyə böhranının üzv ölkələrə təsirini azaltmaq məqsədilə ticarət əlaqələrinin gücləndirilməsini və təşkilat çərçivəsində vahid bank sisteminin yaradılmasını təklif etdi.

Tacikistan Prezidenti Emoməli Rəhmon qlobal böhran şəraitində keçirilən sammitin xüsusi əhəmiyyəti olduğunu vurğuladı, problemin həlli üçün görülməsi vacib olan tədbirlərdən danışdı. Tacikistanın dövlət başçısı azad ticarət zonalarının yaradılması təklifi ilə çıxış etdi.

Türkiyə Prezidenti Abdullah Gül təşkilat çərçivəsində səmərəli işbirliyinin iqtisadi böhranın yaratdığı çətinliklərin aradan qaldırılmasına kömək göstərə biləcəyini dedi. Abdullah Gül üzv ölkələrin fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayaraq Azərbaycanın sədrliyi dövründə İƏT ölkələri arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün çox böyük addımlar atıldığını, eyni zamanda bu cür tədbirlərin davam etdirilməsinin zəruriliyini bildirdi.

Türkiyə Prezidenti dedi ki, Dağlıq Qarabağın işğalı nəticəsində yaranan terror, silahların və narkotik maddələrin qeyri-qanuni ticarəti, insan alveri kimi problemlər regional əməkdaşlığa əngəl törədir, bölgədə və dünyada sülhə təhlükə yaradır.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov üzv ölkələrin enerji sahəsində əməkdaşlığını genişləndirmək zərurətindən danışdı.

Qazaxıstanın Baş naziri Kərim Məsimov, Qırğızıstanın Baş nazirinin birinci müavini Omurbek Babanov, Özbəkistan Senatının sədri İlgizar Sabirov üzv ölkələrin tərəqqisi naminə təşkilatın fəaliyyətini daha da təkmilləşdirmək barədə fikirlərini söylədilər.

Zirvə görüşündə qonaq qismində iştirak edən İraq Prezidenti Cəlal Tələbani, Suriyanın vitse-prezidenti Faruk Şəraa, Qətər Dövlətinin əmiri Həməd bin Xəlifə Al Tani İqtisadi Əməkdaşlıq Təşkilatının fəal rolundan və ölkələrinin bu quruma üzv dövlətlərlə əlaqələri genişləndirməkdə maraqlı olduqlarını bildirdilər.

BMT Baş Məclisinin sədri Migel d'Eskoto Brokkmanİslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə uğurlar arzuladılar.

İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti zirvə görüşünün iki ildən sonra Pakistanda keçirilməsi qərara alındı.

Zirvə görüşünün yekunlarına dair Tehran Bəyannaməsi qəbul olundu.

 

***

Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də vətənə qayıtmışdır.

Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-12 mart.-S.1-2.