Sağlam vətəndaş, problemsiz həyat

 

Ölkə əhalisinin sağlamlığının qorunması, vətəndaşların istirahətinin səmərəli təşkili, sosial-məişət problemlərinin yüksək səviyyədə həlli Azərbaycan dövlətinin qarşısında duran prioritet vəzifələrdəndir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirilən uğurlu islahatlar sırasında xalqın sosial problemlərinin tezliklə yoluna qoyulmasını daim önə çəkmişdir. Əhalinin güzəranının yaxşılaşdırılması, sağlam həyat tərzi ulu öndərin sosial yönümlü siyasətinin mühüm tərkib hissəsi olmuşdur.

Bu gün Azərbaycanda kurort-sanatoriya şəbəkəsinin genişləndirilməsi, hərtərəfli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Yaşlı nəslin nümayəndələri ötən əsrin 70-ci illərində Azərbaycanda bu sahədə həyata keçirilən radikal islahatları yaxşı xatırlayırlar. Ümummilli liderin şəxsi təşəbbüsü, cəsarətli və ardıcıl siyasəti nəticəsində SSRİ Nazirlər Soveti 1970-ci il avqustun 27-də "Naftalan", "İstisu" kurortları və Xəzərin qərb sahillərinin kurort zonasına çevrilməsi haqqında" qərar qəbul etmişdi. O vaxtdan təbii zənginlikləri ilə fərqlənən ərazilərdə müxtəlif profilli sağlamlıq ocaqlarının tikintisinə start verilmişdi. 1983-cü ilin aprelində SSRİ Nazirlər Sovetinin "Xəzər dənizinin Azərbaycan SSR-ə aid sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması haqqında" qərarı ölkəmizin geopolitik üstünlüklərinin yüksək qiymətləndirilməsinin və ulu öndərin əsl vətəndaşlığının, görkəmli siyasi xadim kimi fəaliyyətinin əyani ifadəsi idi.

Ölkəmizin kurort-sanatoriya şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirlən səmərəli tədbirlər bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin "Azərbaycan kurortları Dövlət Proqramı haqqında" 2007-ci il 27 fevral tarixli sərəncamı həmkarlar ittifaqları sistemində kurort-sağlamlıq ocaqları şəbəkəsinin genişləndirilməsində mühüm stimul olmuşdur. Bu proqram layihəsinin hazırlanmasında AHİK-nin təklifləri nəzərə alınmışdı.

Azərbaycanın regionlarında təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlıq ocaqlarının və kurortlarının imkanlarının öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi ilə bağlı münasibətləri tənzimləyən "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikası Qanununun təsdiqi və qanunun tətbiqi ilə bağlı Prezident İlham Əliyevin 2008-ci il mayın 7-də imzaladığı fərman təbii ehtiyatlardan istifadə əsasında xəstələrin müalicəsi, profilaktikası və istirahətinin təşkili sahəsində həyata keçirilən elmi-praktik fəaliyyətin istiqamətlərinin müəyyənləşməsində müstəsna rol oynayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkənin sanatoriya-kurort şəbəkəsində nəzərəçarpan inkişafı, əhaliyə daha yüksək səviyyədə xidmətə nail olunmasını dövlət başçısı İlham Əliyevin bu sahəyə yaxından köməyinin və dəstəyinin məntiqi nəticəsi kimi dəyərləndirir:

- Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı və siyasi varisi İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi elə ilk gündən əhalinin sağlamlığının qorunması işini öz fəaliyyətində prioritet hesab etdiyini vurğulamışdır. Hər bir azərbaycanlının prezidenti olacağını bəyan etmiş ölkə rəhbəri uşaqdan böyüyə kimi hamının sağlam olması, heç bir sosial problemlə üzləşməməsi naminə bütün mümkün olan tədbirləri həyata keçirməkdədir. Kurort-sanatoriya şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı atılan rasional addımlar hər bir azərbaycanlının ürəyindəndir. Ölkə başçısının 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" dövlətin kurort işi ilə bağlı ənənəvi siyasətinin davamlı olduğundan xəbər verir. Azərbaycan müstəqillik qazandığı ilk illərdən bu sahədə aparılan uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə kütləvi tələbatı qədərincə ödəyən kurort kompleksinin yaradıldığı barədə bu gün qürur hissi ilə danışmaq olar. Kurort işinin yüksək səviyyədə təşkili iqtisadi və sosial əhəmiyyətli fəaliyyət olaraq regionların inkişafını, infrastrukturun yaradılmasını, əhalinin məşğulluğunu, xidmət sahəsinin genişləndirilməsini təmin etmişdir. Ölkədə yaradılan kurort-sanatoriya sistemi insanların istirahətinin, sağlamlaşdırılmasının və müalicəsinin təşkili baxımından son dərəcə zəruri ümummilli sosial-iqtisadi funksiyaları yerinə yetirməkdədir. Hər il 20 minədək vətəndaşa öz sağlamlığını bərpa etmək üçün yaradılan əla şərait bunun bariz sübutudur.

Dövlət proqramında qeyd edildiyi kimi, keçən əsrin 80-ci illərinin sonunda, 90-cı illərin əvvəllərində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən proseslər kurort kompleksinin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi, insanların müalicəsinin, istirahətinin təşkili, kurort texnologiyalarının tətbiqi kadr təminatı sahəsinə də təsirsiz ötüşməmişdi. Nəticədə, bu sahədə normal fəaliyyət göstərmək mümkün olmamış, ahəngdarlıq pozulmuşdu. Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticəsində vurulmuş böyük ziyanı da unutmaq olmaz. Ölkəmizin işğal olunmuş ərazilərində unikal təbii xüsusiyyətlərə malik kurort yerləri dağıdılmışdır. Doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız hələ sovet dövründə inşa edilmiş sanatoriya-kurort müəssisələrindəki çarpayı fondunun təxminən 50 faizi nisbətində ölkənin digər ərazilərində yerləşən sanatoriya, pansionat və istirahət evlərində məskunlaşmışdır. Ümidvarıq ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi ilə bağlı dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində yaxın vaxtlarda sanatoriya-kurort şəbəkəsinə məxsus tikililərdə müvəqqəti yaşayan soydaşlarımızın hamısı yeni mənzillərlə təmin ediləcəklər. Bu da öz növbəsində sağlamlıq ocaqlarının fəaliyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərəcəkdir.

Səttar Mehbalıyev onu da bildirdi ki, əlillərin, xəstələrin, ekoloji cəhətdən çirkli zonalarda yaşayanların, uşaqların sanatoriya-kurort müalicəsinə daha çox ehtiyacı var. Dövlət proqramında bu məqamlara xüsusi diqqət yetirilmişdir. Əhalinin bu kateqoriyasının tələbatının nəzərə alınması, uşaq sanatoriyaları və istirahət düşərgələri şəbəkəsinin genişləndirilməsi, müasir avadanlıqla təchiz edilməsi, xəstə və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi, psixoloji və sosial reabilitasiyası üçün optimal şərait yaradılması müvafiq qurumların qarşısında təxirəsalınmaz vəzifələr kimi qoyulmuşdur.

Ölkədə sanatoriya-kurort şəbəkəsinin yenidən təşkili və yaradılacaq müəssisələrin fəaliyyətinin müasir beynəlxalq tələblər səviyyəsində qurulması dövlət proqramının mühüm bəndlərindəndir. Təbii müalicə ehtiyatlarına malik, həmin ehtiyatlardan bərpa, profilaktika və müalicə məqsədilə istifadə etmək üçün hər cür zəruri şəraiti olan Azərbaycanda qarşıdakı dövrdə bir sıra təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi gözlənilir. Kurort fəaliyyətində qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsi, kurort müəssisələrinin fəaliyyətinin tənzimlənməsi, bu sahədə özəl sektorun fəallığının dəstəklənməsi, kurort şəbəkəsinin infrastrukturla, ilk növbədə, elektrik enerjisi, qaz, istilik və içməli su ilə təmin edilməsi, kanalizasiya sisteminin yenidən qurulması, kurort zonalarına gedən yolların əsaslı təmiri gündəlikdə duran başlıca vəzifələrdəndir. Kurort müəssisələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, mövcud mütəxəssislərin ixtisasının artırılması, kurortologiya sahəsində elmi-tədqiqat işlərinin genişləndirilməsi, beynəlxalq kurort bazarına çıxışın təmin edilməsi üçün reklam-marketinq və digər işlərin həyata keçirilməsi zəruri tədbirlər sırasındadır.

AHİK "Kurort" Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasıyev də ölkəmizdə kurort-sanatoriya şəbəkəsinin inkişafında, əhaliyə göstərilən xidmətin yaxşılaşdırılmasında dövlətimizin qayğısının, dəstəyinin əvəzolunmaz bir iş olduğunu vurğuladı:

- Son illər bu sahənin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları, ölkə başçısının imzaladığı sərəncamlar əhalinin sağlamlığının qorunmasına, sosial rifahının yaxşılaşdırılmasına güclü təkan vermişdir. Təbii müalicə ehtiyatlarına, səriştəli həkim və mütəxəssis korpusuna malik "Naftalan" kurortunun inkişafı ilə bağlı xüsusi proqramın qəbulu, "Şıx", "Günəşli", "Abşeron", "Bilgəh", "Qaranquş" sanatoriyalarının demək olar ki, yenidən qurulması, müasirləşdirilməsi məhz dövlət qayğısı nəticəsində mümkün olmuşdur. AHİK rəhbərliyinin tövsiyəsi və mövcud normativlər əsasında hazırlanan plana müvafiq olaraq görülən işlər kurort və sanatoriyalara üz tutan vətəndaşlarımızın ürəyincədir. Dövlət başçısının təsdiqlədiyi "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nda irəli sürülmüş vəzifələrin reallaşdırılması bu sahənin beynəlxalq standartlara uyğun inkişafında əsaslı dönüş yaradacaq. Hazırda proqramın müddəaları sanatoriya və kurort şəbəkəsinə daxil olan kollektivlərdə geniş öyrənilir, görüləcək işlər müəyyənləşdirilir.

Ə.Ağasıyev dedi ki, Naftalan, Lənkəran, Qalaaltı, Qəbələ istiqamətlərində yolların əsaslı təmiri başa çatdırıldıqdan sonra səfalı güşələrdə dincəlmək, müalicə olunmaq istəyənlərin sayı xeyli artacaqdır. Kurort-sanatoriya şəbəkəsində özəl sektorun yaxından iştirakı da razılıq doğurur.

Səhmdar cəmiyyətin rəhbəri sanatoriya və kurortların fəaliyyətində birinci, ikinci, beşinci dərəcəli vəzifələrin olmadığını, hər bir xırda məsələyə də diqqətlə yanaşıldığını bildirir:

- Yeməyin keyfiyyəti, çeşidin bolluğu, mebelin təzəliyi, normal sanitar-gigiyenik vəziyyət, həkim və tibb bacılarının yüksək davranış mədəniyyəti, pasientlərlə ünsiyyət yaratmaq qabiliyyəti - bütün bunların hamısı vacib məqamlardır və əməkdaşlarımızın gündəlik fəaliyyət devizidir.

Son illər ölkəmizin sanatoriya və pansionatlarında müalicənin effektinin artırılması, xidmət mədəniyyətinin yüksəldilməsi açıq-aydın müşahidə olunmaqdadır. Müasir müalicə aparatları alınmış, yataq korpusları təmir olunmuş, yeni binalar tikilmişdir. "Qaranquş", "Günəşli" və "Abşeron" sanatoriyalarının birgə diaqnostika mərkəzinin bu günlərdə açılışı gözlənilir. "Abşeron"da yerləşən mərkəzdə bu şəfa ocaqlarında dincələnlərə, habelə yaxın kənd və qəsəbələrin sakinlərinə xidmət göstəriləcək. Sanatoriyaların isti və soyuq su ilə fasiləsiz təchiz edilməsi, "Bilgəh"ə bahalı yollayışlarla gələnlər üçün VİP sistemli yeməkxananın istifadəyə verilməsi də son illərin yeniliklərindəndir.

Ölkənin sanatoriya və kurortlarında yeni istirahət və sağlamlıq mövsümünə ciddi hazırlıq görülür. Yüksək ixtisaslı həkimlər, tibb bacıları, bacarıqlı mədəni-kütləvi işçilər əla təmirli, müasir avadanlıqla təchiz edilmiş müalicə ocaqlarına gələnlərin yolunu gözləyirlər. Abşeronun saf havası, Xəzərin qumlu sahillərini də əlavə etsək, 20 günlük istirahətin və müalicənin hansı təəssürat yaradacağını təsəvvür etmək xeyli asanlaşar.

 

 

Akif Cabbarlı,

 

Azərbaycan.-2009.-12 mart.-S.7.