Siyasi diaqnoz

 

Azərbaycan Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyev belə hesab edir ki, beynəlxalq münasibətlərdə ikili standartlar bəsit siyasi modeldən daha çox formalaşmaqda və inkişaf etməkdə olan azad dünya düzəninə qarşı sərt və pərdələnmiş siyasi və diplomatik təzyiqlər sistemidir. "Azərbaycan" qəzetinə müsahibəsində B.Əliyev ikili yanaşmaların tətbiq edilməsinin Qafqazda və bütün dünyada inkişaf etməsi vacib olan sülh prosesləri üçün ciddi maneələr yaradacağını bildirir.

- Bəxtiyar müəllim, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı inkişaf etmiş dövlətlərin böyük əksəriyyətinin ikili standartlar deyilən münasibətlər sistemi ilə üzləşirik. Azərbaycan təcavüzə məruz qalmasına, ərazilərinin zəbt olunmasına baxmayaraq, işğalçı dövlətlə kompromislərə nə üçün sövq edilir?

- Belə düşünürəm ki, ikili standartlar sistemini yalnız Dağlıq Qarabağ problemi və ya Xocalı soyqırımına tətbiq edilən məhdud siyasi münasibətlər modeli kimi nəzərdən keçirmək düzgün deyil. Məsələni qloballaşan və bütün prosesləri sürətlə hərəkət edən müasir dünyanın siyasi müstəvisində nəzərdən keçirəndə ikili standartların Azərbaycana qarşı yalnız Dağlıq Qarabağ münaqişəsində deyil, bütün yanaşmalarda tətbiq edildiyi aydın sezilir.

Məsələ burasındadır ki, Azərbaycan müstəqil dövlət kimi qısa müddət ərzində çox böyük uğurlar əldə edib. Avropa Birliyi və dünyanın bir çox ictimai-siyasi qurumlarının gəldiyi son qənaət belədir ki, Azərbaycan yalnız Cənubi Qafqazda deyil, ümumiyyətlə, Avropada sülhün, sözün, sabitliyin və enerji təhlükəsizliyinin qarantı olan bir dövlətə çevrilmişdir. Ölkədə formalaşan vətəndaş cəmiyyəti birmənalı şəkildə insanların əsas azadlıq haqlarını qoruyan müasir, sivil münasibətlər sistemidir. Yadınızdadırsa, Azərbaycan Prezidenti İlham Əliyev Davos forumundakı çıxışlarından birində Qərbin demokratik proseslərə qiymət verərkən başqa dövlətlərə nisbətən Azərbaycana qarşı daha kəskin dəyərləndirmələrin tətbiq etdiyini irad tutmuşdu. Bu o deməkdir ki, ikili yanaşma konkret münaqişələrdən başqa bir diplomatik vasitə kimi daha geniş miqyasda bir neçə dövlətə və ya dövlətlər birliyinə qarşı münasibətlərdə tətbiq olunur. Məsələn, dünya birliyi eyni bir siyasi prosesə görə bir dövlətə göz yumur, digərini isə ittiham edir.

- Sizin fikrinizcə, ikili yanaşma hansı maraqlara xidmət edir?

- Müəyyən güc mərkəzləri dünya xəritəsində yeni bir qüvvənin meydana gəldiyini görürlər. Bu yeni qüvvə tarixən formalaşmış digər güc mərkəzlərindən fərqli olaraq bəşəriyyətin sivil inkişafına və Qafqazda sülhün bərqərar olmasına ciddi maraq göstərən Azərbaycandır. Azərbaycan bir dövlət kimi tarixən bütün müharibələrin əleyhinə olub, bu dövlətin adından heç vaxt heç bir dövlət üçün hərbi təhlükələr yaranmayıb və heç bir dövlətə qarşı işğalçı müharibə aparılmayıb. Azərbaycan insan haqlarının pozulmasının əleyhinədir. Azərbaycan hamının birgə yaşayışına, dinlərin və mədəniyyətlərin qovuşmasına, bütünlükdə bəşəriyyətin inkişafına təkan verməyə xidmət edir. Azərbaycan Qərb və Şərq mədəniyyətlərinin qovuşuğunda yerləşən dövlət kimi özünün müstəqil siyasətini həyata keçirir, heç bir hərbi bloka və birliklərə qoşulmur. Sülhə, əmin-amanlığa, sabitliyə və insan haqlarının qorunmasına xidmət edən bütün məsələlərdə Azərbaycan öndədir.

Digər tərəfdən məsələyə qlobal yanaşdıqda belə nəticəyə gəlmək olur ki, Dağlıq Qarabağ məsələsinin həllinin uzanması bir milyondan artıq qaçqın və məcburi köçkünün bütün insani hüquqlarının pozulması ilə nəticələnir və eyni zamanda Azərbaycan kimi müstəqilliyini yeni elan edən dövlət üçün ciddi problemlər yaradır. Azərbaycanda torpaqların özəlləşdirilməsi prosesi getdi. Ermənistandan və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarından qovulan bir milyondan artıq qaçqın və məcburi köçkünlər isə haradasa məskunlaşmalıdırlar. Onların başqa yolu yoxdur, havada yaşamaq mümkün deyil, hüquqları pozulmuş bu insanlar yerin üstündə kiminsə pay torpaqlarında məskunlaşmalıdırlar ki, bu da qismən başqalarının hüquqlarının pozulmasına səbəb olur. Amma beynəlxalq ictimaiyyət buna göz yumur və Qafqazda işğalçılıq aktlarının ağır nəticələri, yüz minlərlə insanın faciəsi diqqət mərkəzindən kənarda qalır. İkili yanaşma belə problemlərin üstündən asanlıqla keçməyə imkan verir.

İndi başqa bir məqama fikir verək: insanların azad seçmək və seçilmək kimi hüququ var. Məcburi köçkünlər də ən ağır və çətin şəraitdə yaşamalarına baxmayaraq, Azərbaycan vətəndaşı kimi bu hüquqa malikdirlər. Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonların işğalı nəticəsində həmin rayonların heç birində bələdiyyə seçkiləri keçirilməmişdir. Deməli, bu insanların seçmək və seçilmək hüquqları pozulmuşdur. Bir çox dövlətlərdə yalnız məhbuslar seçki hüququndan məhrum edilirlər. Bizdə isə bu qisməti məcburi köçkünlər yaşayır. Beynəlxalq ictimaiyyət isə susmaqda davam edir. İkili standartlar belə məqamları da pərdələməyə, görməməyə imkan yaradır.

- Həm də bir sıra dairələrin problemin dondurulmasına, münaqişələrin həllinin əsrdən-əsrə ötürülməsinə maraq göstərdiklərini müşahidə etmək çətin deyil. Bununla hansı maraqlar təmin olunur?

- Həm Xocalı soyqırımı, həm də ki, ərazilərimizin Ermənistan tərəfindən işğalı baş verəndə bəşəriyyətin bu faciələrə bir təpkisi oldu, hətta BMT səviyyəsində işğal olunmuş ərazilərin boşaldılmasını tələb edən qətnamələr qəbul edildi. Lakin həmin məsələdə bundan uzağa gedilmədi. Fakta münasibətin bildirilməsi və ona qiymət verilməsi ilə bağlı tədbirlərin görülməsi yarımçıq qaldı. Niyə? Ona görə ki, bu məsələ dünyanın siyasi tribunasına müzakirə obyekti kimi çıxarılsaydı, Ermənistanın təcavüzkarlıq aksiyasına qiymət verilməli idi. Görünür, Azərbaycanın əl-qolunun açılması, onun demokratiya yolunda, azadlıq yolunda daha böyük imkanlar əldə etməsi bəzi güc mərkəzlərinin ortaq maraqlarına və siyasi kurslarına dividend gətirmir. Yenə Davos Beynəlxalq İqtisadi Forumundan bir məqamı xatırladım. Azərbaycan Prezidenti İlham Əliyev Davosda dünyanın bütün aparıcı KİV-nin diqqət mərkəzində idi. Forumun sonuna kimi ən məşhur telekanallar, agentliklər və qəzetlər Azərbaycan Prezidentinin çıxışlarını izləyir, ona istinad edir və müsahibələr alırdılar. Halbuki ora 2500-dən artıq nüfuzlu nümayəndə - prezidentlər, baş nazirlər, iqtisadiyyat nazirləri və biznes elitasından ibarət nəhəng bir komanda yığılmışdı. Belə irimiqyaslı forumda Prezident İlham Əliyevin dünya mətbuatının diqqət mərkəzində olması onu sübut edir ki, Azərbaycan artıq real bir qüvvə kimi siyasi arenada özünü təsdiq etmişdir. Bu münasibətlərin fonunda ikili standart bəsit siyasi modeldən daha çox formalaşmaqda və inkişaf etməkdə olan azad dünya düzəninə qarşı sərt və pərdələnmiş siyasi və diplomatik münasibətlər sistemidir.

- Qonşu dövlətdə baş verən hərbi hadisələrin bütün kolleksiyası: monoetnik dövlətin yaradılması, qonşu dövlətin ərazilərinin işğal edilməsi, milli mənsubiyyətinə görə insanların öldürülməsi, kənd və şəhərlərin dağıdılması və nəhayət, Xocalı soyqırımı faşizmin kamil çələngini xatırladır. Siz necə fikirləşirsiniz, bu gün dünyada, ümumiyyətlə, faşist ideologiyasının baş qaldırması halları mövcuddurmu və əgər belədirsə, nə üçün həyəcan təbili vurulmur?

- Şübhəsiz ki, belə sualın verilməsini zaman artıq tələb edir. Mən bir faktı qeyd edərdim ki, 2002-ci ildə Fransadakı prezident seçkilərində faşizmi, irqçiliyi təbliğ edən "Milli Cəbhə" partiyasının lideri Jan Mari Le Pen namizədliyini irəli sürdü. Əslində bu hal nəinki Fransa, hətta bütün Avropa üçün təhlükəli məqam idi. Çünkü ötən əsrin ikinci rübündə Adolf Hitleri də hakimiyyətə belə azad seçkilər gətirmişdi. Fransada seçkilərdə Le Penin tərəfdaşlarının xüsusi fəallığı onun seçilmə ehtimalını reallaşdıranda ziyalılar və ictimaiyyətin tərəqqipərvər nümayəndələri "Biz hara və nəyə gedirik?" sualı ilə xalqa müraciət etdilər. Bu seçkilərin nəticələrinin yalnız Fransa üçün yox, bütünlükdə Avropa üçün təhlükəyə səbəb ola bilməsi açıqlandı, fransız xalqı ayıqlığa və öz seçimində yanılmamağa, faşizmi dəstəkləməməyə çağırıldı. Bir sözlə, bütün ölkə ikinci turda Jak Şirakın qalib gəlməsindən daha çox Le Penin məğlubiyyəti üçün ayağa qalxdı. Xalq faşizmə yox dedi. Le Penin faşist lideri kimi siyasi arenaya çıxmasına əsas səbəb odur ki, uzun müddət bu ölkələrdə faşizmin üzə çıxan çalarlarına və deyimlərinə göz yumulub və müəyyən rəğbət qazandırılıb.

- 1929-cu ildə Amerikada baş verən Böyük tənəzzül Birləşmiş Ştatların sərhədlərini aşmasa da, İkinci Dünya müharibəsi ilə nəticələndi...

- Burada ABŞ-dakı tənəzzülün Avropada siyasi potologiyanın yeni bir forması kimi cücərməsindən söhbət gedə bilməz. Faşizm Almaniyada qələbə çaldıqdan sonra Amerikanın birbaşa dəstəyi ilə Hitler hakimiyyəti 6 illik plan işlədilər, çox güclü modern bir iqtisadiyyat qurdular, tank və aviasiya sənayesini sürətlə inkişaf etdirdilər. ABŞ bunların nə ilə bitəcəyini çox yaxşı bilirdi və SSRİ-yə - "kommunizmin Avropaya yayılan kabusuna" qarşı güclü bir dövlətin yaranmasının marağındaydı. Almaniya bütün iqtisadiyyatı qaldıraraq hərbi relslərə keçirdi. Yalnız İkinci Dünya müharibəsinə bir neçə il qalmış bu yardımların ardı Amerika iqtisadiyyatında yaşanılan bəzi çətinliklərlə bağlı kəsildi. Ruzvelt 1938-ci il noyabrın 4-də çıxış edərək: - "Amerika demokratiyası canlı bir qüvvə kimi inkişafdan dayansaydı, faşizmin təsiri bizdə şübhəsiz ki, artardı" - deyəndə artıq gec idi. Əslində Almaniyaya bu yardımlar edilirdisə və faşizmin hakimiyyətdə güclənməsinə iqtisadi dəstək verilirdisə, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi və hansı fəsadlaşmalara gətirəcəyi görünən və dərk olunan idi. Amma bu tarixi baxımdan unudulması qeyri-mümkün olan ibrətamiz bir faktdır ki, Almaniyada faşizmin hakimiyyətə gəlməsində və güclənməsində, əsasən Amerika Birləşmiş Ştatlarının, bu dövlətin işgüzar dairələrinin yardımları və maliyyə dəstəyi aparıcı rol oynayıb. SSRİ-nin də Almaniyaya münasibətdə əks cəbhədə olmasına baxmayaraq, faşizmin hakimiyyətə gəlməsinə, güclənməsinə müəyyən səyləri olub. Bu səylər bəşər tarixində maşınların, tankların, təyyarələrin və zirehlərin bir-birinə çırpılaraq 70 milyona yaxın insanın ölümü ilə nəticələnən ən faciəvi müharibə kimi qaldı.

- Bəşəriyyət bu faciələrin təkrarlanmasının marağındadırmı?

- Bu gün dünyanın başqa bir bölgəsində faşizmə dəstək verilirsə, ona gizlədilmədən böyük məbləğdə silahlar ötürülürsə, bir dövlətin ərazisində əsrlər boyu kök salan pərdələnmiş faşizmə qəyyumluq edilirsə düşünürəm ki, bunun sərt əks-zərbəsinin bumeranq kimi hara və kimə ünvanlanacağını görməmək mümkün deyil. Hansı dövlət alman faşizmini dəstəkləyirdisə, sonda onunla cəbhə xəttində üzləşməli oldu.

- İndiki qlobal tənəzzül bütün inkişaf etmiş dövlətləri cənginə alıb. Maliyyə böhranı iqtisadi böhranla əvəz olunur. Necə fikirləşirsiniz, bəşəriyyət üçün real təhlükələr varmı?

- Üçüncü Dünya müharibəsinin adı çəkilməsə də İkinci Dünya müharibəsindən sonra Əfqanıstanda, İraqda baş verən müharibələr və planetin digər bölgələrindəki onlarla münaqişə ocaqları bütünlükdə elan olunmamış müharibə prosesi kimi gedir. Ən başlıcası, bu müharibələrin marağında olmayan, dinclikdə, sülhdə və əmin-amanlıqda yaşamaq istəyən milyonlarla günahsız insan - qadın, uşaq və qoca müharibənin qurbanlarına çevrilir, ev-eşiklərini itirir, əlil olur, öldürülürlər. Burada çox ciddi bəşəri ədalətsizliklər ortaya çıxır: kütləvi surətdə baş verən insan qırğınlarına nə ad verilsə də, necə don geyindirilsə də buna haqq qazandırmaq mümkün deyil. Bütünlükdə dünyada gedən bu proseslərə qiymət verilmirsə, müəyyən siyasi ambisiyalara görə göz yumulursa bəşəriyyət üçün narahatlıqlar doğuran təhlükəli bir vəziyyət yaranır. Dünyada gedən qlobal böhranla lokal müharibələrin və münaqişələrin üst-üstə düşməsi siyasi-iqtisadi gərginliyi son həddə çatdırıb. Hadisələrin bu məcrada inkişafı yolverilməzdir. Artıq bütün dünyada sülhün və humanist prinsiplərin bərqərar olmasına hamı öz dəstəyini verməlidir.

"Demokratik dəyərlərin bərqərar olduğu Avropa" işlək ifadəsini mən tam məsuliyyəti ilə "demokratiyaya meyilli Avropa dövlətləri" ifadəsi ilə əvəz edərək bildirmək istəyirəm ki, Qərb ciddi seçim qarşısındadır. Tabloda ağ rəngi qaradan ayırmaq nə qədər asandırsa, bu siyasətdə bir o qədər çətindir. Əgər inkişaf etmiş dövlətlər ikili standartları beynəlxalq münasibətlərə bu minvalla tətbiq etməkdə davam etsələr, bu ölkələrin özlərində ciddi problemlərin yaşanılması qaçılmazdır. Qlobal böhran buz dağı kimi gələcək təhlükələrin suyun üzündə görünən hissəsidir.

- Biz atəşkəs rejimində yaşayırıq. Bu savaşın sükutunda münaqişənin həllində iştirak edən müxtəlif dövlətlərin və sülhməramlı missiyaların təmsilçilərindən ən çox eşitdiyimiz: - "Dağlıq Qarabağ probleminin həllində sülhdən başqa alternativ yoxdur" - ifadəsidir...

- Sülhə alternativ yoxdur məsələsini biz düz başa düşməliyik. Əgər deyilirsə ki, müharibə yolverilməzdir, mən bu fikirlə razıyam. Söhbət işğalçı müharibənin davam etdirilməsindən gedirsə, bu əlbəttə ki, yolverilməzdir. Digər tərəfdən, Azərbaycan torpaqları işğal altındadır, bir milyondan artıq qaçqın və məcburi köçkünlə yanaşı, həmçinin Dağlaq Qarabağın ərazisində də əvvəldən bu torpaqlarda Azərbaycan vətəndaşı kimi yaşayan və erməni hərbi maşınının zorakılıqlarından əziyyət çəkən girovlar var. Ölkə ictimaiyyəti erməni faşistləri ilə Qarabağda bu faşizmin qurbanları arasındakı fərqi aydın görür. Azərbaycandakı bir milyondan artıq qaçqın və məcburi koçkünlərlə birlikdə Dağlıq Qarabağ ərazisindəki girovların haqlarının bərpa edilməsini, işğal altındakı ərazilərin geri qaytarılmasını bizim Konstitusiyamız tələb edir.

Bu gün Azərbaycan dövləti Avropa Birliyinin və beynəlxalq qurumların tövsiyələrinə hörmətlə yanaşaraq atəşkəsə əməl edir və işğalçı Ermənistanın Azərbaycan ərazilərini tərk etməsini gözləyir. Azərbaycan ordusunun inkişaf etməsi, güclənməsi və müdafiə qüdrətini artıraraq qısa bir müddət ərzində işğal altında qalan əraziləri azad etməsi iqtidarında olması qoy heç kimdə şübhə yaratmasın. Bu hüququ Azərbaycan xalqının əlindən kimsə ala bilməz və kimsə də insanların hüquq və azadlıqlarının təmin edilməsi baxımından buna mane olmaq gücündə deyil. Amma işğalçı müharibənin davam etdirilməsi yolverilməzdir. Beynəlxalq hüquq normaları da bu aktı dəstəkləmir. Prezident İlham Əliyev müasir diplomatiyanın bütün imkanlarını tətbiq edərək Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətində səylərini əsirgəmir. Bu məqsədlərin reallaşması üçün hərbi gücün tətbiq edilməsi də istisna olunmur. Hər bir Azərbaycan vətəndaşı əmin olmalıdır ki, bu gücün qarşısında heç kim dayana bilməyəcəkdir.

 

 

Bahadur İmanquliyev

 

Azərbaycan.-2009.-14 mart.-S.3.