Azərbaycan Prezidenti İlham Əliyev Hesablayan elektron maşınlar zavodunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir

 

 Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Müdafiə Sənayesi Nazirliyinin Hesablayan elektron maşınlar (HEM) zavodunun yenidənqurmadan sonra açılış mərasimində iştirak etmişdir.

Dövlət başçısı zavodun yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən videokadrlara baxdı, müəssisədə yaradılan Heydər Əliyev Muzeyi ilə tanış oldu. Muzeydə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə tikilən müəssisələrin açılışlarını, ümumən, respublikanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri əks etdirən fotoşəkillər toplanmışdır.

Müdafiə sənayesi naziri Yavər Camalov Prezidentə məlumat verdi ki, 1972-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü səyi nəticəsində əsası qoyulan bu zavod tezliklə o dövrün qabaqcıl müəssisələrindən birinə çevrilmişdi. Həmin illərdə burada müxtəlif növ mülki təyinatlı elektron tipli cihazlar istehsal edilir ittifaqın 100-dən çox müəssisəsinə göndərilirdi. Zavodun yaradılması respublikamızda elektronikanın inkişafının təməlini qoymuş bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına zəmin yaratmışdı. Sovet İttifaqının dağılmasından sonra isə zavodun tənəzzül dövrü başlanmış istehsal tamamilə dayanmışdı. Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında fərmanının icrası ilə bağlı görülən tədbirlər zavoda ikinci həyat verdi.

Dövlətimizin başçısı müəssisədə istehsal olunan məhsulların sərgisinə baxdı.

Müdafiə Sənayesi Nazirliyinin digər müəssisələrində olduğu kimi, HEM zavodunda da əsaslı yenidənqurma işləri aparılmış, inkişaf etmiş ölkələrin ən müasir dünya standartlarına cavab verən yüksək texnologiyaları quraşdırılmışdır.

Prezident İlham Əliyev zirehli maşınların istehsalı sexində olan "Matador" maşınının göstəriciləri ilə tanış oldu. Cənubi Afrika Respublikasının "Paramaunt qrup" şirkəti ilə müqaviləyə əsasən zavodda yığılan bu maşınlar texniki göstəricilərinə görə dünya standartlarına cavab verir. Azərbaycan MDB məkanında bu zirehli texnikanı buraxan yeganə ölkədir. "Paramaunt qrup"un prezidenti məlumat verdi ki, 14 nəfərlik "Matador"un yükgötürmə qabiliyyəti 4500 kiloqramdır. Uzunluğu 6,57 metr, eni 2,47 metr olan "Matador" mailliyi 60 dərəcə olan yoxuşu qalxa bilir.

Dövlətimizin başçısına xatirə hədiyyəsi olaraq "Motodor"un maketi təqdim olundu.

Zavod istehsalın həcmini ildən-ilə 25-30 faiz artırmaqla yeni növ məhsulların buraxılmasını qarşıya məqsəd qoymuşdur. Bu məhsulların xaricə ixracı da nəzərdə tutulmuşdur. Son iki ildə müəssisə öz məhsullarını beynəlxalq sərgilərdə uğurla nümayiş etdirir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 mart.-S.2.