Aşıq Avdı Qaymaqlı anılır

 

Bu il aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Avdı Qaymaqlının anadan olmasının 100 ili tamam olur. O, həmişə özünəməxsus ifa tərzi, xoş avazı ilə sevilib seçilib, toylarda, şadlıqlarda, el şənliklərində ürəkləri fəth edib.

Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə "Avdı Mehriban" dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən "İncəgülü" saz havası yaradıb.

O, 1909-cu ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Aşıqlıq dərsini dövrünün ustad sənətkarı sayılan Aşıq Sadıqdan almış, görkəmli saz-söz ustaları Mikayıl Azaflı, Dərya Məhəmməd, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Aşıq Cəlal, Kərəm İncəli ilə dostluq etmişdir.

Aşıq Avdı sənəti sazsevərlər tərəfindən bu gün yüksək qiymətləndirilir, haqqında məqalələr yazılır, kitabı nəşrə hazırlanır, irsi tədqiq olunur. Şair Rəfail İncəyurdun Aşıq Avdının 100 illiyi münasibəti ilə çap etdirib oxuculara çatdırdığı plakat sazsevərlərin ürəyindən olmuşdur. Plakatın rəssamı Məmməd Dəmirçioğludur. Plakatda aşığın məşhur "Yalvarır" şeiri verilmişdir:

 

Bir gün durdum çıxdım gülşən seyrinə,

Gördüm ki, bülbüllər gülə yalvarır.

Bənövşə boynunu büküb nərgizə,

Nərgiz özü şirin dilə yalvarır.

 

 

Eldar Nəsibli

 

Azərbaycan.-2009.-17 mart.-S.10.