Sosialyönümlü siyasət strategiyası

 

Hər bir inkişaf etmiş dövlətdə bazar münasibətlərinin inkişafı, iqtisadi sərbəstlik, azad sahibkarlıq və özəl mülkiyyətçilik şəraitində sosial hüquqların təminatı xüsusi aktuallıq kəsb edir. Vətəndaşların sosial və iqtisadi təminat hüquqlarının reallaşdırılması demokratik inkişaf yolu tutmuş bütün dövlətlər üçün mühüm vəzifələrdən sayılır. Son illərdə ölkədə ciddi elmi əsaslar üzərində gerçəkləşdirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas qayəsində də məhz bu prinsip dayanmışdır.

Azərbaycanın bu sahədə əldə etdiyi zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün də model rolunu oynaya bilər. Bu modelin unikallığı məhz ondan ibarətdir ki, yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Aztəminatlı təbəqənin maraqları mütləq nəzərə alınır və ölkədə özəl sektorun daha da güclənməsi üçün atılan hər bir addımın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir.

Azərbaycanın elmi əsaslara söykənən davamlı və sabit inkişaf strategiyası insan və şəxsiyyət amilinin yüksəlişinə xidmət edən islahatları keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması və iqtisadi münasibətlərin hazırkı inkişaf tendensiyası vətəndaşların sosial müdafiə və əmək hüquqlarının təminatı sisteminin müasirləşdirilməsinə də əsaslı zəmin formalaşdırmışdır. Azərbaycan Respublikasının sosialyönümlü siyasəti son nəticədə insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bu siyasət elmi əsaslara söykəndiyindən, bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlir.

Ötən il dövlət büdcəsindən sosial məqsədlər üçün ayrılmış vəsaitlər 2 milyard 312 milyon manat təşkil etmiş, bu da 2007-ci illə müqayisədə 38,4 faiz və ya 642 milyon manat çox olmuşdur. Dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial müdafiə və sosial təminat xərcləri 42,2, səhiyyə xərcləri 34,6, təhsil xərcləri 35,5, mədəniyyət, incəsənət, informasiya, idman xərcləri 47,1 faiz artmışdır.

Dövlət başçısı İlham Əliyev dəfələrlə ölkə vətəndaşlarının sosial müdafiə tədbirlərinin 2009-cu ildə də prioritet məsələ kimi gündəlikdə olacağını demiş, bu sahədə qarşıda duran vəzifələrdən söz açmışdır. "Biz öz sosial siyasətimizi bundan sonra da uğurla davam etdirəcəyik. Bütün sosial proqramlar icra olunur. 2008-ci ildə minimum əməkhaqqı və minimum pensiyaların baza həddi 50 faiz artırılmışdır və indi Azərbaycanda orta əməkhaqqı 335 dollar, orta pensiya 120 dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir. Ancaq, əlbəttə ki, növbəti illərdə bizim iqtisadiyyatımız artdıqca bütün sosial məsələlər daha da uğurla icra olunacaqdır. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir və 2009-cu ildə davam etdirilməlidir. Bütövlükdə 2009-cu ilin vəzifələri haqqında biz hələ danışacağıq. Amma bütövlükdə demək istəyirəm ki, 2009-cu ildə bütün sosial proqramlar yüksək səviyyədə icra edilməlidir və əminəm ki, belə də olacaqdır" - deyən dövlət başçısı həyata keçirilən tədbirlər nəticəsində yoxsulluğun səviyyəsinin 2003-cü ildəki 44,7 faizdən 13,2 faizə enməsini də ciddi uğurlardan biri kimi səciyyələndirmişdir.

Dövlət başçısının imzaladığı sərəncamlarla elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrində, habelə dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışanların aylıq əməkhaqları orta hesabla 50 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində çalışanların əməkhaqları 50 faiz, ali təhsil müəssisələrində çalışanların əməkhaqları iş stajından və tələbələrin sayından asılı olaraq 50 faizdən 2 dəfəyə qədər, aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləği orta hesabla 40 faiz artırılmışdur. Eləcə də minimum aylıq əməkhaqqının, əmək pensiyalarının baza hissəsinin məbləği 50 faiz artırılaraq 75 manata çatdırılmış, məcburi köçkünlərə verilən aylıq müavinətin məbləği 50 faiz artırılmışdır. İnflyasiya 20 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirlərinin 36 faiz artması, ÜDM-in adambaşına düşən nominal həcmi 2003-cü ilə nisbətən 5 dəfə artaraq 4440 manata yüksəlməsi də ötən ilin həlledici uğurları sırasındadır.

Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzlu siyasi lider kimi özünü qabarıq göstərən və rəğbətlə qarşılanan ən mühüm keyfiyyəti verdiyi hər bir vədi praktik həyatda gerçəkləşdirmək üçün əzmlə çalışmasıdır. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər, qaçqınlar lazımi şəraitlə təmin olunmalıdır. Azərbaycanda bir dənə də olsun, çadır düşərgəsi qalmamalıdır" - deyən Prezident İlham Əliyev humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan bu siyasəti daim davam etdirir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" əsasında məcburi miqrasiya subyektlərinin yeni qəsəbələrə köçürülməsini təmin etmişdir. Dövlət proqramı əsasında 2007-ci ilin dekabrında sonuncusu olmaqla, ümumilikdə 12 çadır şəhərciyi ləğv edilmişdir. Bu məqsədlə son beş ildə Dövlət Neft Fondundan 464 milyon manatdan çox vəsait xərclənmiş, 54 yeni qəsəbə salınmaqla 15 mindən çox ev tikilmişdir. Təkcə 2008-ci ildə məcburi köçkünlərin yeni, hər cür sosial infrastruktura malik qəsəbələrə köçürülməsi məqsədilə 145 milyon manat vəsait sərf olunmuşdur.

Hökumətin 2008-ci ildə də sosial-liberalizm xəttinə üstünlük verdiyini "Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın yekunlarına həsr olunmuş konfrans da birmənalı təsdiqləyir. Məlumdur ki, son illərə qədər Azərbaycan regionlarının qeyri-bərabər inkişafı, paytaxtla bölgələr arasındakı fərqin kəskin duyulması təkcə iqtisadi deyil, həm də sosial və mənəvi-psixoloji problemlərlə müşayiət olunmuş, iri şəhərlərə axını - urbanizasiya prosesini sürətləndirmişdir. Bu baxımdan 2004-cü il 11 fevral tarixdə imzalanmış Dövlət Proqramı regionların tarazlı və davamlı inkişafına, sosial infrastrukturun yenidən qurulmasına, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksəlişinə etibarlı zəmin yaratmışdır. Əhatə dairəsinə, miqyasına və aktuallığına görə ölkə başçısının indiyə qədər imzaladığı sənədlər sırasında müstəsna əhəmiyyət kəsb edən bu proqramın dəyərini onun icrasına başlandığı son 5 il ərzində qazanılmış makroiqtisadi nəticələr baxımından qiymətləndirmək olar. Dövlət proqramının uğurla həyata keçirilməsi ictimai həyatın butun sahələrində sürətli inkişafa yol açmış, ölkədə tarazlı və davamlı inkişaf təmin olunmuş, əyalətlərdə canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2004-2008-ci illərdə rayonlara 130-dək səfər etmiş, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş, yerlərdə görülən işlərlə, xalqın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, ölkənin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Bu səfərlərin nəticəsi kimi Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 17 sərəncam imzalanmış, dövlət proqramında nəzərdə tutulmayan bəzi mühüm tədbirlər həyata keçirilmişdir.

Bölgələrin inkişafına xidmət edən bu və digər dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində əhalinin, xüsusən də regionlarda yaşayan əhalinin məşğulluq səviyyəsi yüksəlmiş, 27 min 500 yeni müəssisə yaradılmış, 766 min 300 iş yeri açılmışdır. Bir sıra inkişaf etmiş dövlətlərdə qlobal maliyyə böhranı ilə bağlı işsizlərin sayı artmış, Azərbaycanda isə 2008-ci ildə 120 min yeni iş yeri açılmışdır. Bu, ölkənin uğurlu iqtisadi siyasətinin nəticəsidir.

Hər bir dövlətdə iqtisadi inkişafın mühüm göstəricilərindən biri də adambaşına düşən milli gəlirin səviyyəsidir. Əgər 2003-cü ildə ölkədə adambaşına düşən milli gəlir cəmi 880 ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 6000 dollara yüksəlmişdir. Beynəlxalq təşkilatların məruzələrinə görə, Azərbaycan rəqabətə davamlılıq baxımından nəinki regionda liderdir, hətta postsovet məkanında rəqabətə davamlı əsas dövlətlər sırasındadır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, qarşıdakı 6 ildə Azərbaycanda adambaşına gəlir dünyada ən yüksək sürətlə (252,6 faiz) artacaq, Azərbaycan adambaşına ÜDM üzrə BVF-nin hesabatında təmsil olunmuş 181 ölkə arasında 56-cı yeri tutacaqdır. Beləliklə, Azərbaycan sıyahıda yalnız Avropa İttifaqı ölkələri, Şimali Amerika və Asiyanın inkişaf etmiş ölkələri və Yaxın Şərqin neft hasil edən ölkələrindən sonra gələcəkdir.

Ümumiyyətlə, ölkədə həyata keçirilən sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir. Sosial islahatların uğurla aparılması bu sahədə yeni, əhalinin sosial müdafiəsində keyfiyyətcə fərqli yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi baxımından müvafiq qanunvericilik aktlarının və dövlət proqramlarının qəbul olunmasını zəruri etmişdir.

Təcrübə göstərir ki, bazar iqtisadiyyatı seçmiş bir çox dövlətdə sosial müdafiə məsələlərinə xüsusi diqqət yetirilmir. İnkişaf etmiş dövlətlərin bir çoxunda təhsil, səhiyyə və digər sahələr Azərbaycandakı kimi dövlət büdcəsi hesabına maliyyələşmir. Eyni zamanda dövlət əhalinin sosial problemlərini əsas götürərək milyardlarla dollar tələb edən infrastruktur layihələrini dəstəkləmir. Bu baxımdan Azərbaycanda sosialyönümlü siyasətlə bazar iqtisadiyyatı prinsiplərinin uğurlu kombinasıyası özünü tam doğruldur. Ölkə büdcəsinin ildən-ilə artımı isə gələcəkdə sosial məsələlərin həllinə daha böyük diqqət ayrılacağına ciddi əminlik yaradır.

 

 

S.Elmanoğlu

 

Azərbaycan.-2009.-18 mart.-S.1.