Mərkəzi Seçki Komissiyası referenduma hazırlıq işlərini təqvim planına uyğun olaraq uğurla başa çatdırmışdır

 

Dünən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 18 mart ümumxalq səsverməsinə (referendum) hazırlıq mərhələsinin yekunlarına dair mətbuat konfransı keçirdi. Referendum Aktı layihəsinin Milli Məclis tərəfindən təsdiq edildiyini xatırladan Məzahir Pənahov bildirdi ki, Mərkəzi Seçki Komissiyası özünün vəzifə borcuna əsaslanaraq 30 dekabr 2008-ci ildə iclas keçirərək ümumxalq səsverməsinin keçirilməsi ilə bağlı bütün fəaliyyət addımlarını təqvim planının tələblərinə uyğun qurmuşdur. Referendumla bağlı fəaliyyət bir neçə istiqamətdə həyata keçirilmişdir.

Ümumxalq səsverməsinin əsas subyektləri olan təşəbbüs qrupları tərəfindən Mərkəzi Seçki Komissiyasına qeydiyyata alınmaq üçün 14 müraciət daxil olmuşdur. Müvafiq mərhələdən sonra təşəbbüs qruplarının yalnız 13-ü sənədlərini Mərkəzi Seçki Komissiyasına qaytarmışdır. 4 təşəbbüs qrupu sənədlərindəki qüsurlara görə qeydiyyata alınmamış, 9 qrup təşviqat qrupu kimi qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Həmin qruplara referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq hüququ verilmişdir.

Məzahir Pənahov bildirdi ki, təşviqat qruplarının yerlərdə seçicilərlə görüşləri, kütləvi informasiya vasitələrində, dövri nəşrlərdə materiallarını ödənişsiz dərc etdirmək, ictimaiyyətə çatdırmaq üçün efirə çıxmaq imkanları yaradılmışdır. Təşviqat qruplarının hesabına Mərkəzi Seçki Komissiyası vasitəsilə dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti köçürülmüşdür. Təşviqat qrupları referenduma hazırlıq dövründə yüksək fəallıq nümayiş etdirmişdi.

Ümumxalq səsverməsinin hazırlanıb keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının ikinci fəaliyyət istiqaməti aşağı seçki komissiyaları və seçicilərin maarifləndirilməsindən ibarət olmuşdur. Qurum bununla bağlı xüsusi plan hazırlamışdır. Mərkəzi Seçki Komissiyasının üzvləri bu plandan istifadə edərək aşağı seçki komissiyalarının üzvlərini və seçiciləri maarifləndirmək istiqamətində çalışmışdır. Teleradio efirlərindəki 100-ə qədər çıxışlar, müsahibələr, dövri nəşrlərində dərc olunmuş 120-dən artıq məqalə bu qəbildəndir. Referenduma çıxarılan məsələlərlə bağlı maarifləndirmə yalnız təşəbbüs qrupları deyil, mütəxəssislər tərəfindən də ictimaiyyətə geniş çatdırılmışdır.

Mərkəzi Seçki Komissiyası bu müddət ərzində hüquqi sənədlərin üzərində də kifayət qədər iş aparmış və təlimatlar qəbul etmişdir. Təlimatlar böyük tirajla nəşr edilərək aşağı seçki komissiyaları və təşəbbüs qrupları üzvlərinə çatdırılmışdır. Qurum referenduma start verildikdən dərhal sonra ümumxalq səsverməsinə çıxarılan məsələlərin müqayisəli mətnini hazırlayaraq milyonlarla tirajla dərc etmiş, ölkə ərazisindəki bütün ünvanlara çatdırmışdır. Müqayisəli mətnin ali və orta məktəblərə, xəstəxanalara, yerlərdə fəaliyyət göstərən dövlət qurumlarına və qeyri-hökumət təşkilatlarına çatdırılması təmin edilmişdir. Bu istiqamətdəki çalışmalarda təşəbbüs qrupları da xüsusi fəallıq göstərmişdir. Onlar seçicilərlə görüşlərində, efir çıxışlarında bundan geniş yararlanmışdılar.

Məzahir Pənahov qeyd etdi ki, mövcud şərait Azərbaycanda azad, şəffaf və demokratik səsvermənin keçirilməsinə imkan verir. Ölkəmizdə ictimai-siyasi stabillik mövcuddur, vətəndaş qarşıdurması yoxdur. Azərbaycanda siyasi mübarizə sivil müstəvidə aparılır. Respublikamızdakı mövcud durum referendumun demokratik və şəffaf keçirilməsinə imkan yaradır.

Referendumun şəffaf keçirilməsi üçün ciddi əhəmiyyət kəsb edən məsələyə müşahidəçilik missiyasına gəlincə, Mərkəzi Seçki Komissiyasının sədri dünya praktikasında referenduma münasibətin prezident, parlament seçkilərinə münasibətdə fərqli olduğunu dedi. Bütün bunlara baxmayaraq, bir sıra beynəlxalq təşkilatlar Mərkəzi Seçki Komissiyasına referendumu müşahidə etmək üçün müraciət edib. Eyni zamanda qurum özü də bir sıra təşkilatlara ümumxalq səsverməsinin müşahidəsi üçün dəvətnamələr göndərmişdir. Artıq 172 beynəlxalq müşahidəçi qeydə alınıbdır. Onlar 24 təşkilatı və 23 ölkəni təmsil edirlər. Avropa Şurasının Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyası və Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyası referendumu müşahidə etmək üçün rəsmi şəkildə dəvət olunmuş beynəlxalq təşkilatlardır. Həmçinin Avropanın inkişaf etmiş demokratik ölkələri - Böyük Britaniya, Fransa, İspaniya, Almaniya, Finlandiya, Bolqarıstan, İtaliya, Portuqaliya, Estoniya, Ukrayna, Belçika parlamentlərinin nümayəndələri referendumu müşahidə edəcəkdir.

Mərkəzi Seçki Komissiyasına müraciət etmiş beynəlxalq miqyasda tanınmış 20-dən çox kütləvi informasiya vasitəsinə - "Röyter" (6 nəfər), "Frans-Press" (2 nəfər), "Le Fiqaro" (1 nəfər), "İhlas haber Ajansı" (1 nəfər), "Əl-Cəzirə" (1 nəfər), "BBC" (1 nəfər), "TRT" (3 nəfər), EPA agentliyi (2 nəfər), "Blumberq" (1 nəfər), "Anadolu Ajansı"na (2 nəfər) və digərlərin ümumxalq səsverməsinin gedişini öz auditoriyalarına çatdıra bilmələri üçün geniş şərait yaradılmışdır. Məzahir Pənahov bildirdi ki, yerli kütləvi informasiya vasitələrinin əməkdaşlarının referendumu müşahidə etmələri üçün heç bir məhdudiyyət mövcud deyil. Jurnalistlər referendumu bütün seçki məntəqələri üzrə ətraflı işıqlandıra biləcəklər.

Xarici ölkələrin respublikamızdakı səfirliklərinin, diplomatik korpuslarının nümayəndələri də bu gün keçiriləcək referendumu müşahidə etməkdə maraqlıdırlar. ABŞ-ın ölkəmizdəki səfirliyinin 19, Rusiya Federasiyasının 18, Böyük Britaniyanın 14, Norveçin 6, İtaliyanın 3, Almaniyanın 3, Bolqarıstanın 2, Fransanın 2, Polşa səfirliyinin 1 müşahidəçisi ümumxalq səsverməsini izləyəcəklər. Mərkəzi Seçki Komissiyasının əməkdaşlıq etdiyi IFES təşkilatının müşahidəçiləri də referendumu müşahidə edəcək qurumlar sırasındadır.

Respublikamızın bütün ərazisini əhatə edən 500 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu, bütün ölkə üzrə seçki məntəqələrinin 9 faizini təşkil edir. Mərkəzi Seçki Komissiyasının internet saytına daxil olmaqla dünyanın istənilən ölkəsində səsvermənin təşkilini əvvəldən axıra qədər izləmək mümkün olacaqdır. Mərkəzi Seçki Komissiyasının sədri qeyd etdi ki, ümumxalq səsverməsini Avropa standartlarına uyğun, demokratik prinsiplərlə keçirmək üçün bütün addımlar atılıbdır. Məzahir Pənahov referendum aktının layihəsinin müqasiyəli mətninin milyonlarla nüsxədə çap olunub paylanılması ilə yanaşı 400 minə yaxın referenduma çağırış plakatlarının tərtib olunaraq bütün bölgələrə paylanıldığını da əlavə etdi.

Məzahir Pənahov bildirdi ki, komissiya üzvlərinin müşahidələrinə görə referenduma maraq kifayət qədər yüksəkdir. Azərbaycan vətəndaşları ölkədə baş verən ictimai-siyasi proseslərə, xüsusilə də Konstitusiya ilə bağlı məsələlərə biganə deyillər. Hər kəs müstəqil dövlətin vətəndaşı olmaq məsuliyyətini getdikcə daha dərindən dərk edir. Geniş ictimai marağı nəzərə alaraq Mərkəzi Seçki Komissiyası referendumla bağlı bütün məlumatları Seçkilər İnformasiya Mərkəzinin internet saytında yerləşdirmişdir.

Referendum günü 35 seçki məntəqəsi respublikamızın hüdudlarından kənarda fəaliyyət göstərəcəkdir. Seçici siyahıları yüksək səviyyədə tərtib olunmuşdur. Bu və ya digər səbəbdən adları seçici siyahılarına düşməyən vətəndaşların adlarının əlavə seçici siyahılarına daxil edilmələri üçün şərait yaradılacaqdır. Əlavə seçici siyahılarının blankları Mərkəzi Seçki Komissiyası tərəfindən çap olunaraq paylanılmışdır. Bütün məntəqələr üzrə əlavə blanklar mövcuddur. Vətəndaşları maraqlandıran sualların cavablandırılması məqsədilə "Qaynar xətt" fəaliyyət göstərir.

Məzahir Pənahov dedi ki, Azərbaycan vətəndaşlarının konstitusion hüququ olan səsvermə hüququnun təmin edilməsindən ötrü bütün addımlar atılıbdır. Bu gün bütün seçki məntəqələrinin qapısı saat 8-də seçicilərin üzünə açıq olacaqdır. Vətəndaşların seçki məntəqələrindəki fəaliyyətləri Mərkəzi Seçki Komissiyasının səsvermə günü üçün hazırladığı yaddaş kitabçasında əks olunmuşdur. Yaddaş kitabçası Azərbaycan və ingilis dillərində çap olunaraq bütün məntəqələrə paylanılmışdır.

Referendumu 47 mindən artıq yerli müşahidəçi izləyəcəkdir. Müşahidəçilər üçün 3 dildə yaddaş kitabçaları hazırlanmışdır. Yaddaş kitabçalarında müşahidəçilərin hüquqları, məntəqələrdə baş verə biləcək anlaşılmazlığın aradan qaldırılması üçün zəruri olan işlərin həyata keçirilməsi əks etdirilmişdir. Məzahir Pənahov qeyd etdi ki, heç bir komissiya üzvünün müşahidəçinin hüququna müdaxilə etmək səlahiyyəti yoxdur. Mərkəzi Seçki Komissiyasının sədri belə hallara yol verən şəxslərin ciddi cəzalandırılacağını bildirdi. Komissiya üzvləri müşahidəçilərin qanunda nəzərdə tutulmuş fəaliyyətlərini məhdudlaşdıra bilməz. Lakin heç bir müşahidəçi də məntəqə seçki komissiyası üzvünün hüquqlarını pozmaq, fəaliyyətinə mane olmaq, məntəqədə istədiyi kimi davranmaq səlahiyyətinə malik deyildir.

Mərkəzi Seçki Komissiyası referendum günü hər hansı problemin ortaya çıxmaması üçün bütün normativ hüquqi aktların qəbul edilməsinə və ictimailəşdirilməsinə çalışmışdır. Subyektlərin seçki məntəqələrində normativ hüquqi aktlarla tanış olmaları üçün şərait yaradılmışdır. Qurumun diqqət mərkəzində olan əsas məsələ səsvermənin qanunun tələblərinə uyğun keçirilməsindən ibarətdir. Mərkəzi Seçki Komissiyası təqvim planına uyğun olan bütün addımları atmışdır.

 

 

Anar Rasimoğlu

 

Azərbaycan.-2009.-18 mart.-S.4.