Xalqa və dövlətə şərəfli xidmət missiyası

 

"Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir".

 

İlham ƏLİYEV

 

Xalqa və dövlətə sədaqətlə xidmət edən, milli maraqların və mənafelərin keşiyində layiqincə dayanan, Azərbaycanın təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin, müxtəlif cinayətkar qəsdlərin qarşısının alınmasında əzmkarlıq nümayiş etdirən milli təhlükəsizlik orqanlarının yaranmasının 90-cı ildönümü tamam olur. Ölkəmizdə sabitliyin, qanunçuluğun, hüquq qaydalarının təminatında özünəməxsus rolu və yeri olan bu struktur müstəqil Azərbaycanın milli təhlükəsizliyinin etibarlı təminatçısı olan dövlət orqanıdır.

 

90 İL ÖNCƏ BAŞLANAN TARİX

 

Zəngin və şərəfli ömür yolu milli təhlükəsizlik orqanları ilə sıx bağlı olmuş ümummilli lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" sərəncamı ilə 28 mart hər il milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

90 illik yubileyi respublikanın ictimai həyatında əlamətdar hadisələrdən biri kimi təntənə ilə qeyd olunan milli təhlükəsizlik orqanları ağır, çətin və şərəfli yol keçmişdir.

1919-cu il mart ayının 28-də Hərbi Nazirliyin Baş Qərargahının tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılmışdır. Bölmə məhdud imkanları daxilində həmin dövrdə milli mənafelərə qarşı yönəlmiş təcavüzkar qəsdlərin qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirmişdir.

Lakin 1920-ci ilin aprel işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək səyləri yarımçıq qaldı. Bununla belə, ilk xüsusi xidmət orqanlarımız fəaliyyət göstərdiyi qısa müddətdə təhlükəsizliyin təmin olunması istiqamətində müəyyən tədbirlər həyata keçirmişdir. Bu orqanların təşəkkülündə Əksinqilabla Mübarizə Təşkilatının rəhbərləri - Məmmədbağır Şeyxzamanlı və Nağı Şeyxzamanlının xidmətləri xüsusi qeyd edilməlidir.

Bundan sonra respublikanın digər dövlət qurumları kimi, təhlükəsizlik orqanlarının da fəaliyyəti sovet sisteminin mənafeyinə və ideologiyasına uyğun qurulmuşdur. Azərbaycanda sovetlər rejiminin gücləndirilməsinə xidmət edən Azərbaycan Fövqəladə Komissiyası, bir qədər sonra Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq Daxili İşlər Komissarlığı 1920-1950-ci illərdə yüz minlərlə azərbaycanlını fiziki və mənəvi terrora məruz qoymuşdur.

 

AZƏRBAYCAN NAMİNƏ FƏDAKAR FƏALİYYƏT

 

Ötən əsrin 40-cı illərində xalqına və dövlətinə bağlı olan ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə başlaması isə bu orqanın tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı olmuşdur. Heydər Əliyev xalqına qarşı törədilən haqsızlıqları, başlıcası isə gedən prosesləri, sovet reallıqlarını iç tərəfdən tam aydınlığı, olduğu kimi görmüş, həmin dövrdən də qarşısına yalnız Azərbaycan naminə çalışmaq kimi yüksək məqsəd qoymuş, möhkəm, mətin və sarsılmaz iradəli şəxsiyyət kimi formalaşmışdır.

1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işə başlayan Heydər Əliyev qısa bir zamanda mərkəzi aparatda bölmə rəisi vəzifəsinə təyin edilmiş, 1953-cü ildə əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK sədrinin birinci müavini, 1967-ci ildə isə sədri təyin edilmişdir. Fəxarət doğuran haldır ki, ulu öndər Heydər Əliyev 1930-cu ildən sonra bu yüksək posta layiq görülən ilk azərbaycanlı olmuşdur.

Ümummilli lider Heydər Əliyev daim xalqının mənafeyi naminə çalışmış, milli ruhlu, vətənpərvər insanları repressiyalardan qorumuş, təhlükəsizlik orqanlarının milliləşdirilməsinə çalışmışdır. Ulu öndər burada leytenantdan general rütbəsinədək, əməliyyat müvəkkilindən DTK sədri vəzifəsinədək şərəfli yol keçmişdir.

Heydər Əliyev təhlükəsizlik orqanlarında xidmət etdiyi müddətdə yüksək professionallığı, fenomenal idarəçilik və təşkilatçılıq qabiliyyəti, cəsarəti, qeyri-adi yaddaşı, cazibədar natiqliyi ilə bütün rəhbər və sıravi əməliyyat heyətinin dərin rəğbətini qazanmışdır. Ulu öndər bu orqanda yüksək vəzifələrdə olduğu illər ərzində də əməliyyat tədbirlərinin, çoxgedişli əməliyyat oyunlarının və kombinasiyalarının işlənib hazırlanmasında, həyata keçirilməsində şəxsən iştirak etmişdir. Heydər Əliyevin iştirakı ilə müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilmiş "Duel", "Alagöz", "Duqlas", "Axito", "Naturalist", "İzuver" və bu qəbildən olan digər əməliyyat tədbirləri bu gün nəinki Azərbaycanın, digər ölkələrin də xüsusi xidmət orqanlarının məktəblərində peşəkarlıq nümunəsi olaraq tədris olunur və öyrənilir.

Azərbaycanın xüsusi xidmət orqanlarında milli maraqların ön plana çəkilməsi, milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc işçilərin xüsusi ali təhsil almaq üçün Moskva, Leninqrad, Minsk və digər şəhərlərə göndərilməsi, ümumiyyətlə, orqanlarda milliləşmə prosesinin aparılması məhz ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Heydər Əliyev təhlükəsizlik orqanlarında elə bir iz, elə bir irs qoymuşdur ki, bu, bütöv bir məktəbə çevrilmişdir. Bu məktəbin əsasını millilik, vətənpərvərlik, peşəkarlıq, prinsipiallıq və tələbkarlıq təşkil edir.

Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin hər bir əməkdaşı mənalı və zəngin həyatının 25 ildən artıq bir dövrünü xüsusi xidmət orqanlarına həsr etmiş ulu öndər Heydər Əliyevi özünün əbədi və fəxri rəhbəri sayır.

 

QAYIDIŞDAN BAŞLANAN QURTULUŞ

 

1967-ci ildə ulu öndər Heydər Əliyevin Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə irəli çəkilməsi Azərbaycanın şansına çevrilməklə, milli düşüncənin dirçəlişinə və inkişafına təkan verən amillərdən oldu. Heydər Əliyevin 1969-cü il iyulun 14-də Azərbaycanın rəhbəri seçilməsi isə respublika tarixində yeni siyasi mərhələnin başlanması kimi əlamətdardır. Həmin dövrdə milli maraqlar naminə yüksək prinsipiallıq və qətiyyət nümayiş etdirən Heydər Əliyev qarşıya qoyduğu bir sıra ali məqsədlərə nail olmuşdur.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda sonrakı iki ilə yaxın müddətdə ölkədə vəziyyət son dərəcə pisləşmiş, hakimiyyət boşluğu yaranmışdı. Xaosun, anarxiyanın tüğyan etdiyi belə ağır şəraitdə respublikanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyev idi. 1993-cü ilin iyununda ölkədə yaşanan təlatümlər də təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşunə, müstəsna xarizmaya malik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır missiyanın öhdəsindən uğurla gələ bilər. İyun ayının 9-da xalqın və o zaman çıxılmaz vəziyyətə düşmüş iqtidarın təkidli və israrlı istəyi ilə Bakıya qayıdan ulu öndər fövqəlidarəçilik təcrübəsi ilə Azərbaycanı vətəndaş qarşıdurmasından, müstəqilliyini itirmək təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Beləliklə, tariximizin möhtəşəm mərhələsinin - qayıdışdan başlanan QURTULUŞ dövrünün salnəməsi yazılmışdır!

Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayından etibarən insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə ölçüyəgəlməz xidmətlər göstərmişdir.

 

FƏALİYYƏTDƏ UĞURLU DÖNÜŞ MƏRHƏLƏSİ

 

Təhlükəsizlik orqanlarının yenidən formalaşması dövrü də məhz 1993-cü ildən başlamışdır. Fəaliyyətini xalqın və dövlətin mənafelərinin etibarlı qorunması, dövlətçiliyin təhlükəsizliyinin təmin olunması kimi ali məqsədlər naminə səfərbər etmiş milli təhlükəsizlik orqanlarının yeni dövrün çağırışlarına uyğun olaraq başlıca vəzifələri Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, siyasi, hüquqi, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqları əleyhinə yönəlmiş xarici dövlətlərin xüsusi xidmətləri və təşkilatlarının, cinayətkar qrupların, ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir.

Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Resrublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları, Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi, habelə Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilə və sazişlər təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

Azərbaycanın bu gün Cənubi Qafqaz regionunda müstəqil siyasət yürüdən yeganə dövlət olması, milli təhlükəsizliyini ildən-ilə möhkəmləndirməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji siyasi kursa əsaslanır.

Xalqımız birmənalı olaraq Heydər Əliyev siyasi kursunu dövlətin müqəddəratının əsas təminatçısı, Azərbaycanın qüdrətlənməsinin və inkişafının yeganə rəhni kimi qəbul edir. Ulu öndərin 2003-ü ilin Prezident seçkiləri ərəfəsində "Mən Ona özüm qədər inanıram" - deyə siyasi fəaliyyətinə zəmanət verdiyi cənab İlham Əliyevə olan misilsiz ümummilli etimadın da əsas amili məhz bu kursun davamlılığına olan ictimai zərurət idi. Möhtərəm Prezidentin fəaliyyətə başlayarkən elan etdiyi iki əsas siyasi kredo - "Əsl siyasət real iş və konkret fəaliyyətdən ibarətdir" və "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" fikirləri ötən dövrdə tam əksini tapmış, ölkə rəhbərinə olan sonsuz xalq inamını şərtləndirmişdir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın milli inkişaf konsepsiyasının yeni mərhələsi başlanmış, hərtərəfli tərəqqi və intibah dövrünə qədəm qoyulmuşdur. İqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqedə olan, beynəlxalq birlikdə etibarlı tərəfdaş və strateji müttəfiq kimi qəbul olunan, Avropanın əsas enerji təminatçılarından birinə çevrilən, mühüm qlobal neft-qaz və kommunikasiya kəmər-xətlərinin təşəbbüskarı olan Azərbaycan Respublikasının bugünkü böyük nailiyyətləri məhz Prezident İlham Əliyevin düzgün, məqsədyönlü fəaliyyətinin tərkib hissəsidir.

2003-cü ilin oktyabrından cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət məhz milli dövlətçiliyin möhkəmləndirilməsinə və milli təhlükəsizliyin daha səfərbər təminatına xidmət edir. Azərbaycan Prezidentinin milli təhlükəsizliyin təmin olunması ilə bağlı bizə verdiyi göstəriş və tövsiyələr məhz milli maraqların, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı baxımından dini, siyasi ekstremizmə, təcavüzkar separatçılığa, narkotiklərin, psixotrop, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsinə, insan alverinə, beynəlxalq terrorçuluq kimi qlobal təhlükələrə qarşı effektiv mübarizə tədbirlərinin daha da gücləndirilməsinə yönəlmişdir. Ötən müddətdə ölkə başçısının rəhbərliyi ilə xarici və daxili siyasətin optimal uzlaşdırılması, Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinin qarşısının məharətlə alınması, diaspor və lobbi təşkilatçılığı, ölkəmizin demokratikləşmə, hüquqi dövlət quruculuğu sahəsində qazandığı uğurlarının geniş təbliği, təcavüzkar Ermənistanın bütün səviyyələrdə ifşası istiqamətində atılan kompleks addımlar yalnız bir məqsədə - Azərbaycan xalqının milli təhlükəsizliyinin, maraq və mənafelərinin qorunmasına yönəlmişdir.

Prezident İlham Əliyevin Azərbaycana xidmət fəlsəfəsinin və mahir idarəçilik üslubunun məntiqi nəticəsi olaraq bu gun ölkəmizdə bərqərar olan sabitlik, təhlükəsizlik və vətəndaş həmrəyliyi davamlı, dönməz xarakter almışdır. Milliyyətindən, dilindən, irqindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın, hər bir insanın öz həyati tələbatlarının təmin olunmasına səfərbər olunmuş bu münbit mühit, eyni zamanda, demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin, ən əsası milli təhlükəsizliyin qarantı kimi çıxış edir. Bu ictimai harmoniya mürəkkəb coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini möhkəmləndirmiş, milli maraqların təminatında yeni mərhələnin əsasını qoymuşdur.

Bu yeni mərhələ həm də yeni kadr hazırlığı prosesini zəruri edir. Sovetlər dövründə "hər şeyi kadrlar həll edir" düşüncəsi hakim idi. Bu gün Prezident İlham Əliyevin kadr məsələsinə yanaşması isə belədir: kadrlar bacarıqlı, qabiliyyətli və intellektual olmalı, müasir düşüncə və sivil təfəkkür tərzinə yiyələnməli, qlobal məkanda baş verən bütün prosesləri və tətbiq olunan yenilikləri bilməli, modern texniki hazırlığa sahiblənməli, azərbaycançılıq ideyasına və milli özünəməxsusluğa xüsusi önəm verməlidir.

Təhlükəsizlik orqanları üçün peşəkar milli kadrların hazırlanması məsələsinə xüsusi diqqətlə yanaşan ümummilli lider Heydər Əliyev hələ 10 il öncə - 1998-ci il dekabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə sərəncam imzalamışdır. MTN-in Heydər Əliyev adına Akademiyası son illərdə yeni inkişaf yoluna istiqamət almış, burada irimiqyaslı quruculuq və abadlıq işləri aparılmış, genişmiqyaslı tikinti-inşaat planlarına start verilmişdir.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Akademiya Avropa standartlarına tam cavab verən, müasir infrastruktura malik təhsil müəssisəsinə çevrilmişdir. 2005-ci il dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Akademiyaya ulu öndər Heydər Əliyevin adının verilməsi bu hərbi ali təhsil ocağının tarixində ən unudulmaz anlardan biridir. 2006-cı ildə MTN-in Heydər Əliyev adına Akademiyasına döyüş bayrağının təntənəli təqdim edilməsi mərasimində iştirak edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev "Burada işlər yüksək səviyyədə qurulub, Akademiya ən yüksək dünya standartlarına cavab verir" deməklə əməyimizə yüksək qiymət vermişdir.

Akademiyada ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış "Şöhrət" muzeyi də dövlət və xalq qarşısındakı misilsiz xidmətləri olmuş Heydər Əliyevin zəngin və mənalı həyatının, titanik fəaliyyətinin əbədiləşdirilməsi işinə daha bir ehtiram əlaməti olmuşdur.

 

YENİ DÖVRÜN ÇAĞIRIŞLARINA ADEKVAT TƏHLÜKƏSİZLİK PRİORİTETLƏRİ

 

Cənubi Qafqaz regionunda həyata keçirilən müxtəlif enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsində əsas söz sahiblərindən biri kimi çıxış edən, milli-etnik və dini dözümlülüyün yüksək səviyyəsinə görə fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri qovuşduran Azərbaycan üçün milli təhlükəsizliyin etibarlı təmin olunması məsələsi aktuallığı, eyni zamanda özünəməxsusluğu ilə fərqlənir. Bu, həm də ölkəmizin zəngin təbii resurslara malik olması, əlverişli, lakin həssas coğrafi məkanda yerləşməsi, digər tərəfdən isə Ermənistanın təcavüzü ilə üzləşməsi, müharibə şəraitində yaşaması ilə şərtlənir. Dinamik iqtisadi islahatlar mərhələsini yaşayan Azərbaycan dövləti heç bir xarici müdaxilə və təsir olmadan daxili həyatını qurmaq, idarə etmək, konstitusiya quruluşunu və sabitliyi qorumaq, ölkənin strateji inkişafını səmərəli təmin etmək vəzifəsini uğurla həyata keçirir.

Dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, silahlı separatçılıq və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması və kütləvi miqrasiyası, ətraf mühitin çirklənməsi, ərzaq , enerji problemləri və təhlükəsizliyi kimi faktorlarla üzləşir. Bu amillər hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir. Son illərdə Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmini üçün Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edən qərarlar qəbul olunur.

Azərbaycan milli təhlükəsizlik orqanları hazırda zəngin tarixinin ən məsuliyyətli dövrünü yaşayır. Bu mərhələ ölkə daxilində və onun hüdudlarından kənarda keyfiyyətcə yeni reallıqlar və maraqlar zəminində cərəyan edən proseslərlə bilavasitə bağlı olmaqla, Azərbaycana qarşı daxili və xarici təhdidlərin konkretləşməsi və sistemləşdirilməsi, milli mənafelərin hərtərəfli və etibarlı təmin olunması üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsi ilə səciyyəvidir. Müasir dövr, həmçinin qloballaşma və inteqrasiya proseslərinin dərinləşməsi, dünyanın coğrafi-siyasi mənzərəsində dəyişikliklərin baş verməsi, bütün beynəlxalq aləmi təhdid edən yeni təhlükələrlə xarakterikdir. Artıq dünyada təhlükəsizliyin təmin olunması yollarına və vasitələrinə deyil, həm də bu anlayışın özünün mahiyyətinə baxışda prinsipial xarakterli dəyişikliklər mövcuddur. Bu prizmadan ölkələrin milli təhlükəsizliyin təmin olunması işi hazırda yalnız daxili imkanlar hesabına deyil, həm də bu yönümdə beynəlxalq əməkdaşlıq sayəsində mümkündür.

Müasir və daim dəyişkən dünyada təhlükəsizliyin təmin olunmasının prinsip və istiqamətlərinin konkretləşdirilməsi digər xarici xüsusi xidmət orqanları kimi Milli Təhlükəsizlik Nazirliyinin də qarşısında keyfiyyətcə tamamilə yeni vəzifələr qoyur. Bu, ilk öncə regionda və dünyada gedən proseslərlə ayaqlaşmaq üçün qabaqlayıcı məlumatların əldə edilməsi, üsul və metodlarının təkmilləşdirilməsi, təhlil-proqnoz işinin gücləndirilməsi ilə XXI əsrin qlobal tələblərinə cavab verə biləcək bir təşkilata çevrilməkdən ibarətdir. Milli Təhlükəsizlik Nazirliyinin strateji vəzifəsi dünyanın əksər regionlarında təhlükəsizliyə qarşı olan təhdidlərin miqyasının genişləndiyi bir vaxtda Azərbaycan dövlətinin və cəmiyyətinin sabit demokratik inkişafı üçün daha təhlükəsiz şəraiti təmin etməkdir.

Hazırkı mərhələdə respublikanın iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında Milli Təhlükəsizlik Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür. Milli Təhlükəsizlik Nazirliyi son illərdə bu istiqamətdə ciddi tədbirlər həyata keçirmiş, cəmiyyətin maddi rifahının inkişafı üçün təhlükəli olan iqtisadi cinayətkarlıq və korrupsiya hallarının, maliyyə maxinasiyalarının ifşa olunmasında fəallıq göstərmişdir.

Xəzərin Azərbaycan sektorunda həyata keçirilən böyük neft və qaz layihələrinə qarşı terror-təxribat niyyətlərinin qarşısının alınmasında, neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsində Milli Təhlükəsizlik Nazirliyi öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirir. Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini uğurla gerçəkləşdirən, Nabukko layihəsinin əsas təşəbbüskarlarından birinə çevrilən respublikamız nəinki özünün enerji müstəqilliyini təmin edir, eyni zamanda boru kəmərlərinin şaxələndirilməsi siyasətinə üstünlük verməklə Avropanın enerji təhlükəsizliyində aparıcı dövlətlərdən birinə çevrilir. Enerji layihələrinin təhlükəsizliyinə qarşı yönəlmiş təxribatların vaxtında aşkarlanaraq qarşısının alınması, mümkün risklərin müəyyən edilməsi, əməliyyat şəraitinin proqnozlaşdırılması və digər tədbirlərin görülməsi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılan kompleks işlərin tərkib hissələridir.

Nəqliyyat sistemində təhlükəsizliyin təmin olunması da milli təhlükəsizlik orqanlarının fəaliyyət sferasının ayrılmaz hsssəsidir. Ölkəmizin müharibə şəraitində olması, xüsusən də, Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın nəqliyyat infrastrukturlarında vaxtilə törədilən terrorçuluq cinayətləri və bu cəhdlərin səngimədiyi barədə daxil olan əməliyyat məlumatları milli təhlükəsizlik orqanlarını daim ayıq-sayıq olmağa, zəruri tədbirlərin görülməsinə səfərbər edir.

Azərbaycanın coğrafi-strateji mövqeyi və həssas regionda yerləşməsi, respublikanın hərbi-siyasi vəziyyəti və eyni zamanda, ölkəmizin həyat əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində bilavasitə iştirakı ciddi və kompleks təhlükəsizlik tədbirlərinin görülməsini vacib edir. Bu baxımdan dövrümüzün ən aktual problemlərindən sayılan transmilli mütəşəkkil cinayətkarlığa aid edilən terrorçuluq, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz silah-sursat ticarəti, qeyri-leqal miqrasiya, insan alveri və digər bu kimi bəlalara qarşı daha effektiv mübarizə təşkil etmək milli təhlükəsizlik orqanlarının fəaliyyətinin prioritet vəzifələrindəndir.

Son zamanlar xarici ölkə vətəndaşlarının bilavasitə iştirakı ilə ölkəmizdə terror aktları planlaşdıran və xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmaqla Azərbaycanda təxribat aksiyaları hazırlayan silahlı birləşmələr, digər dövlətlərdə hərbi təlimlər keçən terrorçu qruplar, radikal dini-ekstremist qruplar, həmçinin onların beynəlxalq maliyyə qaynaqlarının emissarları və digər cinayətkar ünsürlər milli təhlükəsizlik orqanlarının və müvafiq aidiyyəti dövlət qurumlarının birgə səyləri ilə ifşa olunaraq zərərsizləşdirilmiş, onlardan külli miqdarda silah-sursat götürülmüşdür. Qeyd edim ki, bu qruplar ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasını, dünyəvi və demokratik quruluşa qarşı silahlı müqavimət təşkil etməyi planlaşdıraraq, beynəlxalq terrorçu şəbəkələrlə əlaqəli fəaliyyət göstərmişlər.

Azərbaycan Respublikasının antiterror koalisiyasının ən fəal üzvlərindən biri kimi tanınmasında mühüm rolu olan milli təhlükəsizlik orqanları son beş ilə yaxın müddət ərzində önəmli nailiyyətlər əldə etmişdir. Keçirilmiş tədbirlər nəticəsində "Əl-Qaidə", "Əl-Cihad" kimi beynəlxalq terrorçu qurumlarla əlaqələrə malik, həmçinin əməllərində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, ümumən dövlətin əsaslarının sarsıdılmasına yönələn cinayətlərin tərkibi olan əməlləri törətmiş, terrorçu və dini radikal-ekstremist 9 təhlükəli silahlı dəstə zərərsizləşdirilmişdir. Onların tərkibinə daxil olan 140 nəfərə yaxın şəxs cinayət məsuliyyətinə cəlb olunmuş, milli təhlükəsizlik orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyinə görə isə bu qəbildən olan 4 nəfər məhv edilmişdir.

Milli Təhlükəsizlik orqanlarının xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat əməllərinə qarşı əks-kəşfiyyat və kəşfiyyat fəaliyyət istiqaməti üzrə də önəmli uğurlar qazanılmışdır. Son beş ilə yaxın müddət ərzində 60 nəfərdən çox şəxs dövlətə xəyanət və casusluq etdiklərinə, 10 nəfər dövlətə xəyanət etmiş şəxslərlə bu və ya digər formada əlaqəli olduqlarına, 50-dən artıq şəxs isə digər qanunsuz hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə bəşər qarşısında duran çox mühüm məsələlərdəndir. Ən mənfəətli kriminal sahələrdən olan narkobiznesdən əldə edilən gəlirlərin digər transmilli cinayətlərin, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi, habelə milli genefonda vurduğu zərər onun təhlükəlilik dərəcəsini daha da artırır. Son illər milli təhlükəsizlik orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə, onların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi və respublikanın ərazisindən tranzit kimi istifadə olunması hallarına qarşı mübarizə daha da gücləndirilmiş, narkotiklərin qanunsuz daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son beş ilə yaxın müddət ərzində ölkə ərazisindən tranzit daşınması planlaşdırılan 2 tondan artıq ağır tərkibli müxtəlif növ narkotiklər (heroin, həşiş, tiryək və s.) aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır. Bu illər ərzində 70 cinayət işi başlanmış, ümumilikdə 240 nəfər, o cümlədən 25 xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətindəki fəaliyyətimizdə qeyri-leqal miqrasiya ilə əlaqəli cinayətlərin aşkarlanması və qarşısının alınması da vacib yer tutur. Qeyri-leqal miqrantların terrorçuların təsiri altına düşmələri, onlardan insan alveri, qanunsuz silah-sursat ticarəti və narkobiznesdə istifadə olunması kimi faktlar da nəzərdən qaçırılmır.

Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin olunmasında hüquq- mühafizə orqanlarının düzgün və əlaqələndirilmiş məqsədyönlü fəaliyyəti də xüsusi qeyd edilməlidir.

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır fəsadlarından biri də minlərlə vətəndaşımızın düşmən tərəfindən əsir və girov götürülməsi, savaş dövründə itkin düşməsidir. Taleləri hələ də müəmmalı olan həmvətənlərimizə dövlət səviyyəsində sahib çıxmaq məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ilin 1 mart tarixində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmışdır. Ümummilli lider Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü iş aparmağı Dövlət Komissiyası qarşısında əsas vəzifə kimi müəyyənləşdirmişdir. Son illərdə bu yönümdə görülən işlərin, aparılan fəaliyyətin nəticələri cəmiyyətdə yüksək təqdir edilir, hətta düşmənlərimiz tərəfindən də etiraf olunur.

 

YÜKSƏK QAYĞI NAİLİYYƏTLƏRİN RƏHNİDİR

 

Bu gün müstəqil Azərbaycanın təhlükəsiz inkişafında, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında Milli Təhlükəsizlik Nazirliyinin müstəsna xidmətləri, yeri və rolu vardır. Milli Təhlükəsizlik Nazirliyinin hər bir əməkdaşı Azərbaycan dövlətinin möhkəmlənməsində, milli maraqların qorunmasında fəal və mübariz mövqe tutur.

17 mart 2005-ci ildə nazirliyin yüksək rütbəli zabit heyətini qəbul edən Ali Baş Komandan cənab İlham Əliyev ölkənin milli təhlükəsizlik maraqlarının təminatı, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin daha da genişləndirilməsi baxımından təhlükəsizlik orqanlarının fəaliyyətinin müstəsna əhəmiyyətini bir daha önə çəkmişdir: "Ölkəmizin coğrafi-siyasi vəziyyətini, təbii ehtiyatlarını və ərazimizdən keçən neft-qaz kəmərlərini, nəhəng enerji layihələrinin Azərbaycanda həyata keçirildiyini nəzərə alsaq, görərik ki, müxtəlif dairələrin diqqəti Azərbaycana yönəlmişdir. Biz buna hazır olmalıyıq. Yeni zəmanənin çağırışlarına hazır olmalıyıq və bu baxımdan Milli Təhlükəsizlik Nazirliyinin müstəsna əhəmiyyəti var. Mən çox şadam ki, bu funksiya uğurla icra edilir və bu gün nazirlik ən yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirir".

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə (2007-2011-ci illər üçün) Dövlət Proqramı"nda milli təhlükəsizlik orqanları əməkdaşlarının sosial təminatının gücləndirilməsi, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılması, Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi vacib məsələlər əksini tapmış, indiyədək proqramın icrası sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyevin böyük qayğı və diqqəti sayəsində Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının, demək olar ki, yenidən qurulması, möhkəmləndirilməsi və zənginləşdirilməsi prosesi geniş vüsət almışdır. Milli təhlükəsizlik orqanlarının hər bir əməkdaşının sosial müdafiəsinin normal səviyyədə təşkili, iş şəraitinin yaxşılaşdırılması kimi məsul vəzifələr prioritet qəbul edilir.

Bu il martın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissəsinin Döyüş Bayrağını şəxsən təqdim etməsi, burada ümummilli lider Heydər Əliyevin abidəsinin, habelə paytaxtın mərkəzində yüksək zövqlə təmir və bərpa olunmuş MTN-in Mədəniyyət Mərkəzinin açılışında iştirakı Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyinə böyük töhfə olmuşdur.

İki gün öncə cənab Prezidentin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının dövlət mükafatları ilə təltif edilməsi və ali hərbi rütbələrinin verilməsi isə fəaliyyətimizə növbəti dəfə verilən yüksək qiymətdir. Həmçinin ölkə rəhbərinin milli təhlükəsizlik orqanlarının şəxsi heyətinə ünvanladığı təbriki əməkdaşlarımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmış, təbrikdə səslənən dəyərli tövsiyələr fəaliyyət proqramı kimi qəbul olunmuşdur. Azərbaycanın sabit, iqtisadi cəhətdən qüdrətli, təhlükəsiz ölkəyə çevrilməsinə, bütün sahələrdə qanunçuluğun möhkəmləndirilməsinə, cinayətkarlığın bütün forma və təzahürlərinə, milli maraqları təhdid edən təxribat-pozuculuq cəhdlərinə, terrorçuluğa və digər hallara qarşı ciddi mübarizə aparan milli təhlükəsizlik orqanları 90 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd edir, dövlət səviyyəsində fəaliyyətinə göstərilən diqqəti, etimadı doğrultmağa çalışır.

Azərbaycanın hər bir vətəndaşı əmin ola bilər ki, Milli Təhlükəsizlik Nazirliyi onun qanuni maraq və mənafeyinin, təhlükəsizliyinin qorunması naminə bundan sonra da bütün zəruri tədbirləri həyata keçirəcəkdir. Hər bir əməkdaş dövlətçilik maraqlarının keşiyində layiqincə dayanaraq ölkənin milli maraqlarını, təhlükəsizliyini təhdid edən bütün neqativ təzahürlərə qarşı mübarizədə daim fədakarlıq göstərəcəkdir.

Möhtərəm Prezidentin milli təhlükəsizlik orqanlarına və şəxsi heyətimizə qayğısı, himayəsi, diqqəti çox böyükdür və bu dəstək fəaliyyətimizdə qazandığımız bütün uğurların əsası, qarşıdakı nailiyyətlərimizin isə təminatıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstəriş və tövsiyələri əsasında fəaliyyətini zamanın çağırışlarına uyğun olaraq daha da təkmilləşdirən və gücləndirən Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan dövlətinə və xalqına şərəfli xidmət missiyasını bundan sonra da layiqincə davam etdirəcək, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə bütün qüvvəsini, imkanını və gücünü səfərbər edəcəkdir!

 

 

Eldar Mahmudov,

milli təhlükəsizlik naziri,

general-leytenant

 

Azərbaycan.-2009.-30 mart.-S.4.